"Azərbaycan Respublikasında təhsilin inkişafı

üzrə Dövlət Strategiyası"nın əsas hədəflərinin

ictimaiyyətə çatdırılmasında KİV-in rolu"

mövzusunda jurnalist yazıları

müsabiqəsinin qalibləri mükafatlandırılıblar

 

Qəzetimizin iki əməkdaşı da qaliblər sırasındadır

 

Aprelin 19-da "Hyatt Regency" mehmanxanasında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda jurnalist yazıları müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir.

Müsabiqə Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, ayrı-ayrı kütləvi informasiya vasitələri rəhbərlərinin, jurnalistlərin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında" 2013-cü il 24 oktyabr tarixli sərəncamının əhəmiyyətindən danışmışdır. Nazir müavini müvafiq Dövlət Strategiyasının gələcək üçün təhsilin əsas prioritetlərini müəyyən edən mühüm sənəd olduğunubu sənəd üzrə geniş tədbirlər həyata keçiriləcəyini diqqətə çatdırmışdır.

Ölkəmizdə təhsilə xüsusi önəm verildiyini xatırladan C.Bayramov bu sahənin inkişafı üzrə reallaşdırılan tədbirlərdən bəhs etmişdir.

Cəmiyyətdə kütləvi informasiya vasitələrinin mühüm rolundan və KİV-lə təhsilin əlaqələrindən danışan nazir müavini bildirmişdir ki, Azərbaycan maarifinin tarixi milli mətbuatımızın tarixi ilə daim vəhdət təşkil etmişdir. C.Bayramov, eyni  zamanda,  təhsilimizdə  gedən  proseslərin  KİV-lərdə  daha  geniş  işıqlandırılmasının  xüsusi  əhəmiyyətini  xatırlatmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu qurum tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermiş, müsabiqənin əhəmiyyətini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, 5 istiqamət üzrə keçirilən müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilmiş, onlardan 25-i uğur qazanmışdır.

Qalibləri təbrik edən Vüqar Səfərli onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov Dövlət Strategiyasının əsas hədəflərinin ictimaiyyətə daha geniş çatdırılmasının əhəmiyyətindən və bu sahədə KİV-in rolundan bəhs etmişdir.

Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın kəmiyyətdən keyfiyyətə keçid üçün mühüm sənəd olduğunu vurğulamışdır. Azərbaycanın mətbuat və maarifçilik tarixindən, onların inkişaf mərhələlərindən danışan alim maarifçilik ideyalarının geniş yayılmasında milli mətbuatımızın əvəzsiz xidmətlərini xatırlatmışdır.

Müasir dünyada təhsilin mühüm önəm kəsb etdiyini qeyd edən Ş.Hüseynov bu sahənin inkişafında təkcə təhsil müəssisələrinin deyil, həm də cəmiyyətin xüsusi rolunu diqqətə çatdırmışdır.

Sonra müsabiqənin qaliblərinə diplomlarpul mükafatları təqdim olunmuşdur. 

 

Azərbaycan müəllimi.- 2014.- 25 aprel.- S.5.