"Bakı Dövlət Universiteti mənim ikinci
evimdir"
Müsahibimiz
BDU-nun cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor
Firudin Səməndərovdur
Firudin
Yusif oğlu Səməndərov 1939-cu il aprelin 12-də Saatlı
rayonunun Molday kəndində anadan olub. 1948-ci ildə
S.Vurğun adına Saatlı qəsəbə
orta məktəbində birinci sinfə gedib. 1958-ci
ildə həmin məktəbi gümüş medalla başa
vurub. 1958-1961-ci illərdə ordu
sıralarında hərbi xidmətdə olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) hüquq fakültəsinə daxil olub.
1966-cı ildə ali təhsilini başa
vurduqdan sonra elə həmin fakültədə cinayət
hüququ kafedrasında aspirant saxlanılıb. 1970-ci
ildə namizədlik, 1995-ci ildə doktorluq
dissertasiyalarını müdafiə edib. 1969-cu
ildən ADU-nun cinayət hüququ kafedrasında müəllim,
dosent vəzifələrində çalışıb. 1997-ci ildən həmin kafedranın professorudur.
1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin
dekanı, 1992-1993-cü illərdə BDU-nun rektoru olub.
Ailəlidir, iki övladı, iki nəvəsi var. 10-dan artıq dərsliyin,
dərs vəsaitinin və monoqrafiyanın, 60-dan artıq elmi məqalənin
müəllifidir. 1995-ci ildən Azərbaycan
Respublikası Prezidenti yanında Hüquqi islahatlar
komissiyasının, eyni zamanda Respublika Ali Məhkəməsi
yanında Elmi Məsləhətlər
Şurasının, Respublika
Prokurorluğu yanında Elmi-metodik Şuranın
üzvüdür, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin hüquq üzrə Elmi-Metodiki Şurasının sədridir.
- Tərcümeyi-halınızdan məlum olur ki, sadə
ailədə böyümüsünüz. Bəs sizi elmə, təhsilə kim həvəsləndirib?
- İlk növbədə, müəllimlərim. İnanın ki, mənim o dövrdəki müəllimlərim,
yəni əllinci illərin müəllimləri müqəddəs
insanlar idi. Çox vaxt o müəllimlərimi mən göz
yaşlarımla xatırlayıram. O nəsil təmənnasız
bir nəsil idi, dünyaya gəldilər və silinməz izlərini
yaddaşlarımıza yazıb getdilər. Bu gün də hər
il mart ayının on yeddi-on səkkizi gedirəm rayona,
doğmalarımın, müəllimlərimin
hamısının məzarlarını bir-bir ziyarət edirəm,
üstünə gül qoyuram. Çünki, o
müəllimlər qeyri-adi insanlar idi.
- Əvvəldən hüquqşünas
olmağı qərarlaşdırmışdınız?
- Xeyr. Arzum jurnalist olmaq idi, 1958-ci ildə
orta məktəbi gümüş medalla bitirib jurnalistika
fakültəsinə imtahan verdim. Dedim, gənclik
arzularımdır da, imtahan verirəm, ya qismət. Qiymət aldım, kəsilmədim, amma müsabiqədən
keçə bilmədim. Sonra
çıxdım getdim orduya.
- Uşaqlıq illərinizi necə
xatırlayırsınız?
- 1958-ci il idi. Mən də
müharibənin şinelindən çıxmış adamam.
Gözümü dünyaya açar-açmaz
müharibə gördüm, faciə gördüm, dəhşətlər
gördüm. Bundan başqa bir şey
görmədim. Atam fin müharibəsində iştirak
edib, xəstə olduğu üçün dörd aydan sonra tərxis
olunmuşdu. 1941-ci ilin yanvarında xəstəlikdən
rəhmətə getdi.
Atam vəfat edəndə bacım
anamın bətnində olub, atamın ölümündən
bir neçə ay sonra doğulub. Bacım
da, mən də qalmışıq ana ümidinə. Anam çox mərdanə bir qadın idi.
Ən azı beş qadının işini
görərdi. Bir də
görürdük, beş kiloqram arpa və ya buğda anama mükafat veriblər. Yadıma düşür ki, anam bir
dəfə çox qiymətli bir qolbağını,
acından ölməyək deyə, beş
kiloqram arpaya dəyişdi. Səkkiz-doqquz il
olar ki, anam dünyasını dəyişib. Həmişə
mənə elə gəlir ki, nə anama, nə də nənəmə
heç nə eləyə bilməmişəm. Anam mənim ona qayğı göstərməyimə
də qıymırdı. Deyirdi ki, ailən
var, uşaqların var, mənə etmək istədiyini ailən
üçün elə. Hər il
rayona gedib anamın da, nənəmin də məzarlarını
ziyarət edirəm.
Atam dünyasını dəyişəndən sonra əmim bizi
çəkib qanadına. 1945-ci ilə qədər
o baxıb bizə. Mən çox sonralar
bildim ki, o mənim babam yox, əmimdir.
Dünyasını dəyişənə qədər mən
ona əmi yox, baba dedim. Onu da
deyim ki, mənim çox gözəl bir nənəm vardı.
Adı Qumru xanım idi. Qeyri-adi
insan idi, nənəm-əslində baba dediyim əmimin həyat
yoldaşı idi. O qədər mehriban, gözəl
insandı ki... Mən onun himayəsi altında
böyüdüm. İndi də nənəmi gözümün
qarşısına gətirəndə kövrəlirəm. Nənəm 70-ci illərin ortalarına qədər
yaşadı.
Vəziyyət o qədər ağır idi ki...
Rayonumuzda 1943-1944-cü illərdə uşaq evi açmışdılar. Kənddə
80-90 ev vardı. Onun
altmışının, yetmişinin qapısı sahibsizlikdən
bağlanmışdı. Çünki evlərdəki
başıpapaqlılar həlak olmuşdular. Analar, uşaqlar isə aclıqdan, məhrumiyyətdən
bir-bir qırılırdı. Rayonda uşaq evinin açılması
kimsəsiz uşaqlar üçün böyük
bir xilas yolu oldu. Onların geyimi,
qidalandırılması bizlərdən çox fərqli idi.
Hətta biz ev uşaqları hərdən
onlara həsəd də aparardıq.
Bir gün anama dedim ki, ana, onsuz da dolana bilmirik, məni də
apar qoy uşaq evinə. Anam çox fikirləşdi,
götürdü apardı məni uşaq evinə.
Qapını döydü, açan olmadı. Anam
qayıtdı dedi ki, bala, bilirsən nə var, mən qəti olaraq
istəmirəm səni uşaq evinə verim, acından ölsən
də, mənimlə birgə öləcəksən. Beləcə, anam qaytardı gətirdi məni evə.
Mən Qumru nənəmə "ana"
deyirdim. Öz anam isə bir dəqiqə dayanmaq
bilmirdi, elə gecə-gündüz hey
çalışırdı ki, bizi dolandıra bilsın,
ehtiyaclarımızı ödəsin. Kişi
qohumlarımızdan kənddə demək olar ki, heç kim qalmamışdı. Ya
müharibədə idilər, ya da həlak olmuşdular.
Altı-yeddi yaşım olardı. Bir gecə təzə yatmışdım. Bir də gördüm, qoca nənəm gəldi ki,
dur gedək, baban səni istəyir. Mənim
atam dünyasını dəyişəndə əmim ona
deyibmiş ki, rahat uyu, nə qədər canımda can var, mən
qoymayacam ki, sənin o bircə dənə nişanən yetimçilik
çəksin, mən onu böyüdəcəyəm. Nə isə. O gecə nənəm məni
oyadıb apardı babamın yanına. Babam məni
aldı qucağına. Gördüm babam həm
xırıldayır, həm də od kimi
yanır. Dedi, ay Qumru, bu uşaq bizim nəslin sonbeşiyidir,
ondan başqa heç kəsimiz yoxdur. Səni
Allaha tapşırıram, onu da sənə. Sən Allah bu uşaqdan muğayat ol. Sonra da
dedi ki, mən Yusifə söz vermişdim ki, qoymayacam Firudun
yetim kimi böyüsün. Amma
görünür taleyin məsləhəti beləymiş.
Mən babamın bu söhbətindən
heç nə başa düşmədim. Nənəm
məni apardı uzandırdı yerimə. Səhər
oyananda gördüm
həyətdə çoxlu adamlar var, heç demə,
babam gecə rəhmətə gedib. Babam hörmətli
kişiydi. Kənddə kim vardısa
hamı, eşidən-bilən tökülüb gəlmişdi.
Yerimdən qalxıb qaçdım babamın
yatdığı otağa. Gördüm
babam yoxdu. Oturdum yatağın bir tərəfində,
başladım ağlamağa. Nənəm
gəldi. Qucaqladı məni, dedi ki, bala, təmkinli, ol,
hamımız nə vaxtsa öləcəyik.
- İkinci Dünya müharibəsindən az qala 70 il ötüb keçsə də, siz
sanki hələ də o müharibənin əzablarından
qurtulmamısınız.
- Doğrudan da elədir. Üstəlik ən
zəif yerim uşaq evləridir. Bayramlarda
həmişə sovqat aparırdım o uşaqlara. Az qala oradakı uşaqların hər birinin tərcümeyi-halını
bilirdim. Sonra 2012-ci ildə Təbrizdə qəzaya
uğradım, uzun müddət Bakıda xəstəxanada
yatdım.
- Quş qanadlı arzular...
- Müharibə illərində o qədər yoxsulluq
içində yaşamışam ki, istəyirəm vətəndaşı
olduğum respublikada bir nəfər belə yoxsul, imkansız adam olmasın. Mənim
uşaqlığım olmayıb. Çətin
illər idi. Hərə bir ovuc duzu götürüb
çıxardı çölün düzünə, ot-əncər,
yemlik, gəlinbarmağı yığıb yeyərdi... Gözümün qabağına gələn ən
böyük faciə qadınların bitib-tükənməyən
əziyyətləri idi. Bütün kişiləri
müharibəyə getmiş kəndin qadınları yer
şumlayırdılar, taxıl əkirdilər, ən ağır işlər onların
çiyinlərində idi.
- Kəndinizdə məktəb var idi?
- Öz kəndimizdə məktəb yox idi. Elə həsrət çəkirdim ki, kaş məni
də məktəbə aparan olaydı. Düz
səkkiz yaşım olanda birinci sinfə getmişəm.
Qonşu Saatlı kəndində böyük
klub vardı, onun binasını məktəb eləmişdilər,
mən o məktəbdə oxumuşam. Ordudan
qayıdanların əksəriyyəti müəllimlik edirdi.
Mən onda gördüm ki, onlar necə
vicdanlı adamlar idi. Ancaq əsas peşəkar,
ixtisaslı müəllim nəsli əllinci illərdən
sonra gəldi. 1954-1955-ci illərdə məktəbə
elə insanlar gəldi ki, bizim
dünyagörüşümüz dəyişdi,
baxışlarımız dəyişdi...sanki qeyri-adi aləmə
düşdük. Çox tələbkar
müəllimlər idi, amma çox da ədalətli idilər.
Bir riyaziyyat müəllimimiz vardı- Məmməd
müəllim. Onun yaşadığı kəndlə məktəbimizin
arasındakı məsafə beş kilometr
idi. O hər gün
yay-qış sübh tezdən durub o yolu piyada məktəbə,
dərs deməyə gələrdi. Bir dəfə
də olsun biz onu dərsə gecikən görmədik. Bir Əliağa müəllimimiz vardı, məktəbimizin
direktoru idi. Özü Azərbaycan Dövlət
Universitetini bitirmişdi. Ənvər Məmmədxanlının
"Buz heykəl" hekayəsini necə
danışmışdısa, səsi bu gün də
qulağımdadır. Nizaminin "İskəndərnamə"sini
elə danışırdı ki, biz sanki, əsrlərin əvvəlinə
qayıdıb o aləmə düşürdük. Bir gün bizə "Payız" şeirini əzbərləməyi
tapşırmışdı. Hamımız
dərsə hazırlıqlı gəlmişdik. Şeiri əzbərdən söyləsək də,
müəllim heç birimizdən razı qalmadı.
Dedi ki, hamınız bir şeyi unutmusunuz. Bu
"Payız"da incə bir kədər var. Siz heç
biriniz o kədəri duymamısınız. Sanki şeirdə təbiət də İskəndərə
yas tutur.
- O illərdən ən çox nə qalıb
yadınızda?
- 1950-ci illər idi. Anam möhkəm xəstələnmişdi.
O vaxt kolxoz işindən qalmaq cinayət sayılırdı.
Ona görə də həm anamın yerinə
çalışır, həm də dərslərimə ciddi
fikir verirdim.
Bir gün kolxoz üçün səhərə qədər
ot daşıdıq. Birdən
ayaqlarıma gürzə dolaşdı. Çox
möhkəm qorxdum. Yaxınımda da kimsə
yoxdu. Hava şehli idi. Deyirlər,
hava şehli olanda ilanlar mürgülü olurlar.
Doğrudan da ilan ayağımdan açılıb getdi...
- Sizi hüquq fakültəsinə gətirən amillər?
- Hərbi xidmətdə olanda fəlsəfə kursuna
getməyim dünyagörüşümün zənginləşməsində
çox mühüm rol oynadı. Nümunəvi
xidmətimə görə məni ordudan iki ay tez buraxdılar
evə. İki yoldaş idik. Mən Azərbaycan Dövlət Universitetinə
imtahan verdim. O biri yoldaşım isə tibb universitetinə.
Əynimizdə əsgər paltarı. Özümüz də hərbiçilərin
gözləmə zalında gecələyirdik. 524 nəfər sənəd verən abituriyentdən
25 nəfər qəbul edildi. Onun biri mən
idim. Həmişə deyirəm ki, o tələbə ki,
ali təhsil almağın həsrətini
çəkir, onun gələcəyi var. Kimsə kiminsə
xatirinə ali təhsil alırsa, çətin ki, o elm
adamı ola. Ali məktəbə qəbul
olunanların siyahısında öz adımı görəndə
çox təsirləndim. İllərlə
həsrətini çəkdiyim arzuma artıq
çatmışdım. Sevindiyimdən
ağladım. Universitetdən
yavaş-yavaş piyada düşdüm Bakı Sovetinə
sarı. Bir də gördüm arxadan kimsə bir adam məni səslədi. Baxıb
gördüm ki, orta məktəb müəllimimdi. Məni evinə qonaq apardı.
- Tələbəlik illəriniz necə keçdi?
- İlk semestrdə bir qədər
çətinliyim oldu. Çünki təqaüd
almırdım. Hələ əsgər
paltarımı da soyunmamışdım...Bir müddət gecələr
gözətçi işlədim.
O illərdə təqaüdümüzün məbləği
18 manat idi. Amma deyim ki, bu 18 manat çox bərəkətli
pul idi. Pul təzə dəyişmişdi,
əməlli-başlı dəyəri vardı. Hər şey çox ucuz idi.
İkinci kursdan vəziyyətim
yaxşılaşdı. Çünki yaxşı
oxuduğum üçün əlaçı təqaüdü
alırdım, onun da məbləği 70 manat idi.
- Bəs necə oldu ki, həyatınızı
ömürlük BDU-ya bağladınız?
- Ali təhsilimi bitirdikdən sonra aspirantura təhsili
almaqdan ötrü getdim Moskvaya. İl yarım orada oxudum, sonra qayıtdım
Bakıya, elmi işimi müdafiə elədim. 1969-cu
ilin dekabrından bu günə kimi mən Bakı Dövlət
Universitetinin divarları arasındayam. Bakı
Dövlət Universiteti mənim ikinci evimdir. Yəni
cavanlığım da burada keçib, gəncliyim də,
qocalığım da... İndi də
üzü səksənə yol gedirəm.
- Müəllimlik ən şərəfli bir işdir deyənlər
yanılmır...
- Mən ilk dəfə müəllim kimi fəaliyyətə
başlayanda auditoriyalarımız Nizami küçəsi, 49
ünvanında yerləşirdi. Böyük
arzu ilə müəllimlik etmişəm. Tələbələrim
mühazirəmə qulaq kəsiləndə, zəhmətimin
hədər getməməsinə sevinmişəm. 46 ildir ki, auditoriyada tələbə
qarşısındayam. Tələbələrim
çoxdur. 47 nəfər elmlər namizədi,
3 nəfər elmlər doktoru yetirməm var.
- Bu divardakı şəkillər kimlərdir?
- Burada mənə dərs deyən müəllimlərimin
şəkillərini divara vurdurmuşam. Başda Vahid Qəhrəmanov,
Tofiq Qafarov olmaqla, Allah hamısına qəni-qəni rəhmət
eləsin. Həmişə onların xatirəsini
böyük ehtiramla yad edirəm.
- Bir an belə
unutmadığınız müəlliminiz?
- Qələm tutmağı, yazı yazmağı mənə
öyrədən ilk müəllimim Qəmbər müəllim
olub. Mən onu bu
gün də unutmuram.
- Deyəsən, təbiətcə çox kövrəksiniz...
- Elədir. Bu kövrəklik də mənə
çətinliklə keçən uşaqlıq illərimdən
yadigardır.
- Tələbələrlə münasibətinizi
hansı prinsiplər üzərində qurursunuz?
- Tələbələrimlə elə münasibət
qurmuşam ki, məni pedaqoq kimi yox, bir valideyn kimi qəbul
edirlər. Əsl müəllim əslində tələbə
üçün ikinci valideyndir.
- Azərbaycanda hüquqşünaslıq...
- Dünya sivilizasiyasında hüququn əsas iki sahəsi
var: Biri mülki hüquqdu, o biri cinayət hüququdur. Cinayət hüququ vətəndaş hüququdur.
O ölkədə ki cinayət az baş
verir, o ölkədə əmin-amanlıqdır, xalqın rifahı
yaxşıdır.
Mən sabaha həmişə ümidlə
baxıram ki, hər halda hər şey yaxşı olacaq. Ölkə rəhbərliyinin son iyirmi ildə
götürdüyü xətt dinc yaşamağımıza
imkan yaradır. Amma bizi istəməyən qüvvələr
də az deyil. Qarabağ
probleminin kökündə məkrli planlar dayanır. 1992-1993-cü illərdə əyani şöbədə
oxuyan tələbələrimdən hər ay 30 nəfər
Qarabağa döyüşə göndərilirdi. Mən
hərbi kafedranın rəhbərinə göstəriş
verdim ki, hərbi hazırlıq keçməyən heç kim cəbhəyə göndərilməsin. Tələbələrimi ön cəbhəyə
yola salandan sonra oturub uşaq kimi ağlayırdım. O
illərdə səkkiz nəfər tələbəm
qayıtmadı, şəhid oldu, onların xatirəsi hər
zaman ürəyimi göynədir. Hamısı əyani
şöbənin tələbələri idi. Deyirdilər ki, vətənimizi dardan qurtaraq, təhsili
ondan sonra da gəlib ala bilərik.
- Firudin müəllim! "Azərbaycan müəllimi"
redaksiyasının kollektivi adından sizin 75 illik yubileyinizi təbruk
edirik, sizə sağlam ömür arzulayırıq.
- Çox sağ olun, minnətdaram.
Mənə olan bu diqqətə görə həm Təhsil
Nazirliyinin rəhbərliyinə, həm də qəzetinizin
kollektivinə təşəkkür
edirəm.
Bu 75 illik ömür əslində mənim
cəmiyyətə verdiyim bir hesabatdır.
Yaşadığım ömrün 50 ilinin hesabatı: mən
bu əlli ildə nə işlər görmüşəm, cəmiyyətə
hansı xeyri vermişəm. Ömür
karvanı mənzil başına yaxınlaşdıqca,
düşünürəm ki, ömrümün ən
işıqlı səhifələri tələbələrimdir.
Söhbəti
yazdı:
Ellada
UMUDLU
Azərbaycan
müəllimi.- 2014.- 25 aprel.- S.6.