"Ən böyük arzum
xaricdə təhsil almaq idi"
Birləşmiş Krallığın
Queens Universitetində təhsil alan Fəridə Əsədullayeva
ilə söhbət
Fəridə Alim qızı Əsədullayeva 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Mehman və Müşfiq Nəbiyev qardaşları adına 51 nömrəli tam orta məktəbdə alıb. 2007-ci ildə 645 balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub. Bakalavr pilləsində oxuduğu dövrdə müxtəlif kurslarda xarici dili yüksək səviyyədə mənimsəyib. 2011-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra ADİU-nun beynəlxaq iqtisadi münasibətlər fakültəsində xüsusi istedadlar qrupu (XİQ) bölməsi üzrə ingilis dilində magistr təhsilini davam etdirib.
Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallığın Belfast şəhərindəki Queens Universitetində mühasibat uçotu və maliyyə işi ixtisası üzrə ikinci magistr təhsili alır. Artıq ilk semestr imtahanlarını uğurla vermiş Fəridə ilə söhbətimizə orta məktəb illərindən başladıq:
- Orta
məktəb illərində bütün
fənlərdən əla qiymətlərlə oxumuşam. Dərslərimlə yanaşı, məktəbin bir sıra ictimai tədbirlərində
də fəal iştirak etmişəm. Təhsil
dövründə rayon və şəhər
üzrə keçirilən
müxtəlif fənn
olimpiadalarında iştirak edərək
dəfələrlə birincilik
qazanmışam. Orta məktəb illərində
ən böyük arzum
xaricdə təhsil almaq idi.
- 2013-2014-cü tədris
ili üçün tələbələrin
seçim prosesi
yaddaşınızda necə qalıb? Proqrama qəbul olunmağınız barədə
xəbəri necə qarşıladınız?
- Deyə bilərəm
ki, tələbələrin
seçim prosesi yüksək obyektivlik
şəraitində, şəffaf keçdi.
Müsahibə mərhələsinin əvvəlki
illərə nisbətən daha təkmilləşdirilmiş
formada aparılması, tələbələrin
çoxsaylı sual və müraciətlərinə
Təhsil Nazirliyinin nümayəndələri
tərəfindən təmkinlə yanaşılmasını xüsusi qeyd edərək
seçim prosesini çox müsbət qiymətləndirirəm.
Mənim fikrimcə, əgər göstəriciləriniz
müsabiqə şərtlərinə kifayət qədər uyğundursa və müsahibə zamanı öz maraq və hədəflərinizi
düzgün şəkildə ifadə edə
bilirsinizsə, onda prosesin
nəticələri ilə bağlı hər hansı
narahatçılıq keçirmək üçün
heç bir əsas
yoxdur. Müsabiqənin sonuncu
mərhələsindən sonra istər-istəməz
insanda proseslə bağlı müsbət fikir
formalaşır.
2013-cü
il sentyabrın 13-də "Azərbaycan
müəllimi" qəzetində Dövlət Proqramına qəbul
olunmuş tələbələrin
siyahısında öz adımı
görəndə sevincimin hədd-hüdudu
yox idi. Əlbəttə
ki, ailəmizin, eləcə də mənə
dərs demiş müəllimlərimin də
sevinci böyük idi. Bu xoşbəxtliyə
görə mən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə, Təhsil Nazirliyinə,
müəllimlərimə və valideynlərimə minnətdaram.
- Artıq bir müddətdir ki, vətəndən
uzaqdasınız. Birləşmiş Krallıqdan baxdıqda təhsilimizin
vəziyyətini necə görürsünüz?
- Birləşmiş
Krallığın təhsil sistemi ən son texnologiya və avadanlıqlarla təmin olunub. Hər iki ölkənin təhsil sistemlərinin müqayisəsini
aparmaq mənim üçün
bir az çətindir.
Lakin son illərdə
Azərbaycanın təhsil sistemində Avropaya
inteqrasiya yolunda bir sıra ciddi islahatlar həyata
keçirilir, keyfiyyət dəyişiklikləri baş verir.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" və "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" kimi proqramlar, eləcə də Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata
keçirilən bir çox
yeniliklər, Avropanın müxtəlif təhsil müəssisələri ilə
aparılan tələbə mübadiləsi və sıx əməkdaşlıq sayəsində mövcud
problemlərin aradan qaldırılması istiqamətində uğurlu
addımlar atılmaqdadır.
- Bir
qədər oxuduğunuz ali
məktəb və seçdiyiniz ixtisas barədə...
- Universitet
seçimi ərəfəsində çox qərarsız olmağıma və
çətinliklərlə üzləşməyimə baxmayaraq indi
düşünürəm ki, verdiyim ən düzgün
qərarlardan biri elə məhz bu universitetdə təhsil
almağımdır. Təhsil aldığım Queens Universitetinin əsası 1845-ci ildə qoyulub. Ali məktəb seçdiyim
ixtisas, yəni mühasibat
uçotu və maliyyə üzrə Birləşmiş
Krallığın ən qabaqcıl universitetlərindən biridir. Universitet
"QS World
Rankgins" jurnalının 2013-cü il dünya reytinq
cədvəli üzrə ilk sıralarda yer alıb. Həmçinin dünya
üzrə ən çox beynəlxalq tələbəsi olan ilk 100 universitet
sırasında 23-cü yerdədir. Məhz buna görə şəhərdə gəzərkən
bəlkə də yerli əhalidən daha çox başqa millətlərin nümayəndələrinə
rast gəlmək olur.
Öz sahəsində kifayət qədər
yüksək biliyə və təcrübəyə malik professorlar tələbələri
müvafiq iş
imkanlarından yararlanmaq üçün
məlumatlandırır və onlar üçün hər cür
şərait yaratmağa səy göstərirlər.
Seçdiyim ixtisasa gəldikdə, deməliyəm
ki, mühasibat uçotu və maliyyə ixtisasını
müvəffəqiyyətlə bitirməyim mənə beynəlxalq səviyyəli ACCA
mühasibatlıq imtahanlarının ilk fundamental səviyyələrindən
("F1"-"F4") və "P4" imtahanından avtomatik azad olma şansı verir.
- Universitetdə imtahan
sessiyası necə təşkil olunur?
- Universitetdə imtahanlar
ildə iki dəfə, məsələn,
magistratura pilləsində
yanvar və aprel (may) ayları
təşkil olunur. İmtahan sessiyasının
başlanmasından xeyli
əvvəl imtahanın
keçiriləcəyi yer
və vaxtı universitetin saytında elan olunur ki,
bu da öz
növbəsində tələbələrin
öz vaxtlarını
səmərəli bölüşdürməsi
və planlaşdırması
məqsədi daşıyır.
İmtahan prosesinin gedişinə anonimlik
məqsədilə tamamilə
fərqli sahə üzrə təcrübəyə
malik şəxslərdən
ibarət qrup nəzarət edir. İmtahan kodlaşdırılma vasitəsilə
həyata keçirilir.
Bu kod vasitəsilə
hər bir tələbə öz imtahan
nəticələrini öyrənə
bilir. Həmçinin
keçmiş imtahan suallarının və bəzən də cavablarının onlayn əldə edilməsinin mümkünlüyü də
imtahana hazırlaşma
prosesini müəyyən
qədər rahatlaşdırır.
- Birləşmiş Krallığın ali təhsil sistemində hansı maraqlı məqamları qeyd edə bilərsiniz?
- Təhsil aldığım
bu bir il ərzində Britaniya ali təhsil
sisteminin bir sıra üstünlükləri
ilə tanış oldum. İlk növbədə, qeyd etmək istərdim ki, professorlar və tələbələr arasında
müəyyən hüdud
çərçivəsində çox gözəl dialoq mövcuddur. İstər professorlar, istər universitetin digər heyəti hər bir tələbənin fikir və təkliflərini
nəzərə almağa
çalışır ki,
bu da sağlam
qarşılıqlı münasibətin
təməlini qoyur.
Bununla yanaşı, öyrəndiklərinin
real hadisələr üzərində
tətbiq etmə imkanının yaradılması
və təhsil sisteminin əsasən akademik esse üzərində
qurulması tələbələrin
analiz etmə bacarıqlarını daha
da təkmilləşdirir.
Bundan başqa, təqdimat işlərinə və kiçik qruplarla layihə işlərinə
üstünlük verilməsi
bizim həm akademik, həm də sosial cəhətdən inkişafımızı
təmin edir.
- Tələbə həyatınız
necə keçir?
- Tələbə həyatım
kifayət qədər
maraqlı keçir. Bəzən isə maraqlı olduğu qədər gərgin və yorucu olur. Çox zaman, xüsusən
də sessiya müddəti ərzində
günümüzün əksər
hissəsini kitabxanada keçirməli oluruq.
Onu da etiraf etməliyəm
ki, qrupda demək olar ki, hər kəsin
daha çox çalışmağa və
öyrənməyə can atması
biz tələbələrdə istər-istəməz məsuliyyət
hissi yaradır. Asudə vaxtımı da
maksimum dərəcədə
səmərəli keçirməyə
çalışıram. Boş vaxtlarımızda bəzən yaxın dostlarımızla bir araya gəlib qonaqlıq təşkil edir, kinoteatra və ya muzeylərə
baş çəkir,
müxtəlif şəhərdaxili
və ya şəhərətrafı məkanları
gəzirik. Daha çox musiqiyə
qulaq asmağa, kitab oxumağa və ya təmiz
havada gəzməyə
üstünlük verirəm.
Həmçinin idmanla məşğul
olmağı sevirəm.
- Yaşadığınız şəhər haqqında
nə deyə bilərsiniz?
- Təhsil aldığım
universitet Şimali İrlandiyanın paytaxtı
sayılan Belfast şəhərində
yerləşir. İnsanlarının
istiqanlılığı və
öz yaşıllığı
ilə hər kəsi valeh edən Belfast Birləşmiş
Krallığın ən
təhlükəsiz və
sakit şəhərlərindən
biri sayılır. Xüsusən də, əgər
tələbəsənsə, o zaman yaşayış üçün bura ən ucuz şəhərlərdən
biridir. Təbiətlə
şəhər həyatının
tam harmoniyasını təcəssüm
etdirən Belfast nisbətən
soyuq olmasına baxmayaraq insanlarının
xoş davranış və mülayimliliyi ilə hamını isidir. Bununla belə, şəhərin
kiçik və komfortlu olması paytaxtın istənilən
vacib nöqtəsinə
qısa müddət ərzində çatmağa,
biz tələbələrə vaxt itkisinə yol verməməyə kömək edir.
- Azərbaycan diasporası
ilə əlaqələriniz
varmı?
- Əlbəttə ki,
burada təhsil alan digər
azərbaycanlı tələbələrlə
birlikdə ölkəmizi
layiqincə təmsil etməyə çalışırıq.
İstər tariximizi,
ölkəmizlə bağlı
həqiqətləri, istərsə
də milli mətbəximizi, bayramlarımızı
həm yerli, həm də digər ölkələrdən
olan tələbələrə
çatdırmaq üçün
əlimizdən gələni
edir, müxtəlif tədbirlər keçiririk.
- İrlandiyalıların ölkəmizə, mədəniyyətimizə
münasibəti barədə
nə deyə bilərsiniz?
- Azərbaycan kiçik
və nisbətən yeni müstəqillik əldə etmiş bir ölkə olmasına baxmayaraq müşahidə edirəm
ki, irlandiyalılar ölkəmiz haqda daha çox məlumat əldə etməyə, mədəniyyətimizlə
daha yaxından tanış olmağa
can atırlar. Təbii olaraq
biz də istər adət-ənələrimizin, istərsə
də tarixi gerçəkliklərimizin dünyaya
çatdırılması istiqamətində bacardığımızı
əsirgəmirik. Hətta
bu il
Bakıda Novruz bayramı ilə əlaqədar keçirilən
beynəlxalq festivalda Şimali İrlandiyadan bir neçə tələbə iştirak
etdi ki, bu da ölkəmizə,
mədəniyyətimizə olan marağı göstərir.
- Gələcək planlarınız?
- Gələcək planlarıma
gəldikdə isə
ilk növbədə buradakı
təhsilimi müvəffəqiyyətlə başa
çatdırıb vətənə
qayıtmaq və əldə etdiyim bu uğurlu təcrübəni karyera həyatımda tətbiq etməyə çalışıb
uğurla irəliləməkdir.
- Biz də sizə təhsilinizdə uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 25 aprel.- S.7.