Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə
daxil olan ümumi
təhsil müəssisələrində
və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji
kadrların yerdəyişməsi və işə qəbulu
QAYDALARI
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
21.04.
2014-cü il tarixli 445 nömrəli əmri
ilə təsdiq edilib
1.
Ümumi müddəalar
1.1. "Azərbaycan
Respublikası Təhsil
Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində
və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi
və işə qəbulu Qaydaları" (bundan sonra -
Qaydalar) "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq
olunmuş "Korrupsiyaya qarşı mübarizəyə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili
müəssisələrini bitirmiş və ümumi təhsil
müəssisələrində işə başlamış
gənc mütəxəssislər üçün əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlərin
müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il
tarixli 67 nömrəli, "Təhsil müəssisələrinin
pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında"
24.11.2010-cu il tarixli 215 nömrəli, "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları" və "Elektron xidmət növlərinin
Siyahısı"nın təsdiq edilməsi haqqında"
24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına uyğun
olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar təhsil sisteminə daxil olan ümumi təhsil
müəssisələrində (ibtidai, ümumi orta və tam
orta məktəblərində, ümumtəhsil internat məktəblərində
və istedadlı şagirdlər üçün məktəblər,
gimnaziyalar, liseylərdə) və peşə liseylərində
(bundan sonra - müəssisə) müəllimlərə tələbatın
müəyyənləşdirilməsini, müəllimlərin,
digər pedaqoji işçilərin daimi və ya müddətli
əmək müqaviləsi ilə işə qəbulunu və
yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili
idarəetmə orqanları, müəssisə rəhbərlərinin
səlahiyyət və vəzifələrini müəyyən
edir.
1.3. Müəssisələrdə daimi işləyən
müəllimlərin bir rayondan (şəhərdən)
başqa rayona (şəhərə) yerdəyişməsi və
ixtisaslı müəllim kadrlarının işə qəbulu
Təhsil Nazirliyi tərəfindən elektron texnologiyalar tətbiq
olunmaqla və şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə həyata keçirilir.
1.4. Müəllimlərin yerdəyişməsi və
işə qəbulu üçün Təhsil Nazirliyində müsabiqə
komissiyası və apelyasiya komissiyası yaradılır.
1.5. Müəssisələrdə digər pedaqoji
kadrların (müəllim köməkçiləri, tərbiyəçilər,
defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik
psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliyi təşkilatı
rəhbərləri, bilavasitə pedaqoji proseslə məşğul
olan mühəndis-texniki, tədris-köməkçi
işçilər, kitabxana müdiri və
kitabxanaçılar) işə qəbulu tabelik üzrə təhsili
idarəetmə orqanının razılığı əsasında
müəssisələrin rəhbərləri tərəfindən
həyata keçirilir.
1.6. Müəssisələrdə vakant olan gənclərin
çağırışaqədərki
hazırlığı üzrə rəhbər vəzifəsinə
işə qəbul Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Rayon Dövlət
İdarəsi və tabelik
üzrə təhsili idarəetmə orqanı ilə
razılaşdırılmaqla müəssisə rəhbəri
tərəfindən həyata keçirilir.
1.7. Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi
təhsil müəssisələrinə (xüsusi məktəblər
və xüsusi internat məktəbləri, sağlamlıq
imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər
və internat məktəbləri, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün müəssisələr,
cəzaçəkmə müəssisələrindəki
ümumtəhsil məktəblərinə) müəllimlərin
və digər pedaqoji işçilərin işə qəbulu
tabelik üzrə təhsili idarəetmə orqanının
razılığı əsasında müəssisələrin
rəhbərləri tərəfindən həyata
keçirilir.
1.8. Məhkəmənin qərarına əsasən,
yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət
göstərməsi qadağan olunan şəxslər pedaqoji
işdə çalışa bilməzlər. Həmin
kateqoriyadan olan şəxslər müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə buraxılmırlar.
1.9. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil
alaraq təhsil sənədinin tanınmasına dair şəhadətnamə
almayan şəxslərin müəllim vəzifəsinə
işə qəbuluna icazə verilmir.
1.10. İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş
və sonradan 3 ildən az müddətə işdən
ayrılmış şəxslərin yenidən işə qəbulu
Təhsil Nazirliyinə müraciət əsasında həyata
keçirilir. Müraciət etmiş hər bir
şəxslə müsahibə aparılır və nəticələrə
əsasən müvafiq qərar qəbul edilir. Belə
müraciətlərə müəllimlərin işə qəbulu
üzrə mərkəzləşdirilmiş müsabiqənin
keçirildiyi dövr istisna olmaqla, dərs ili
ərzində baxılır.
1.11. Müəllimlərin yalnız fakültativ, fərdi
və qrup, dərsdənkənar məşğələlər,
eləcə də dərnək məşğələləri
üçün ayrılmış saatlara işə qəbuluna
icazə verilmir.
1.12. İnzibati və cinayət məsuliyyətinə cəlb
edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış
müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə
mövcud qanunvericilik və bu Qaydalar əsasında
baxılır.
1.13. İşə qəbul olunan və işdən azad
edilən müəllimlər haqqında məlumatlar ən
geçi 15 gün müddətində müəssisələrin
və idarəetmə orqanlarının "Milli Təhsil Məlumat
Bazası"na daxil edilir.
2. Müəssisələrdə
müəllimlərə
tələbatın müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə işləyən müəllimlər
arasında dərs bölgüsü Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin
pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında"
24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına uyğun
aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi
tərəfindən müəyyənləşdirilir.
2.2. Dərs bölgüsü aparılarkən müəssisələrdə
işləyən müəllim üçün həftəlik
1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs
yükü 3 (üç) stavkadan çox olmamalıdır)
müəyyənləşdirilir. 12 saatdan az
dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin
müəllimləri arasında, müəyyənləşdirilmiş
yuxarı hədd gözlənilməklə
bölüşdürülür. Müəssisədə hər
hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris
planına əsasən müəyyənləşdirilmiş
həftəlik dərs yükü 6-11 saat olduğu halda digər
müəssisələrdən əvəzçiliklə
müəllim dəvət olunması məsələsinə
baxılır, bu mümkün olmadıqda həmin dərs
saatları vakant hesab edilir və müsabiqəyə
çıxarılması üçün təqdim edilir.
2.3. Çalışmanın son yaş həddinə
çatmış müəllimlərin dərs yükü
onlarla bağlanmış müqavilə müddətində
vakant yerlərin müəyyənləşdirilməsi
zamanı nəzərə alınmır.
2.4. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil
müəssisələrinə sosial məzuniyyət yerinə
müəllimlərin işə qəbulu Nazirliyin, digər
müəssisələrə isə təhsili idarəetmə
orqanlarının razılığı ilə ən
çoxu 3 il müddətinə əmək müqaviləsi
bağlanılır və əmrlə rəsmiləşdirilir.
Sosial məzuniyyətdə olan müəllimlərə
hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində
həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.
Sosial məzuniyyətdə olan müəllimin
yerinə müddətli əmək müqaviləsi ilə
işə götürülən işçilərə həmin
dərs yükü verilir və tarifləşmə cədvəlində
qeyd edilir. Müddətli
əmək müqaviləsi bağlanmış işçi
ilə əmək müqaviləsi sosial məzuniyyətdə
olan müəllim işə qayıtdığı gündən
ləğv edilir.
2.5. Ümumi təhsil müəssisələrinin ibtidai
siniflərində müəllimlərin iki sinif komplektində
dərs aparmasına yol verilmir. Zəruri ehtiyac
olduqda təhsil müəssisələrinin təqdimatına əsasən
ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində
dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən
razılıq verilir.
2.6. İbtidai siniflərdə fiziki tərbiyə,
musiqi, texnologiya və təsviri incəsənət dərsləri
ibtidai sinif müəllimlərinin özləri tərəfindən
tədris edilir. İbtidai sinif müəllimlərinin
yazılı razılığı əsasında həmin dərslərin
ixtisas müəllimləri tərəfindən tədrisinə
icazə verilir.
İbtidai siniflərdə xarici dil və
informatika fənləri ixtisaslı kadrlar tərəfindən
tədris edilir. Kadr olmadığı
halda, informatika fənninin ibtidai sinif müəllimi tərəfindən
tədrisinə icazə verilir.
2.7. Müəllimlərin yeni tədris ili
üçün dərs yükü müəssisə rəhbəri
tərəfindən müəllimlər əmək məzuniyyətinə
çıxanadək müəyyənləşdirilir və
onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs
yükü tədris ili ərzində, bir
qayda olaraq, sabit saxlanılır.
2.8. Yerli təhsili idarəetmə orqanları və
müvafiq təhsil müəssisələrinin rəhbərləri
hər il may ayının 15-dək yeni tədris
ili üçün vakant yerlər barədə məlumatı
müəyyənləşdirilmiş forma üzrə Təhsil
Nazirliyinə təqdim edir (kağız və elektron variantda).
2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun
olaraq kənd rayonlarında yerləşən ümumi təhsil
müəssisələrinə gənc mütəxəssislərin
işə cəlb olunmasının
stimullaşdırılması məqsədi ilə müvafiq
həvəsləndirmə tədbirlərinin tətbiq
olunduğu nəzərə alınaraq həmin
vakant yerlərin
qarşısında xüsusi (H-1)1 və (H-2)2 işarələr yazılaraq məlumata
daxil edilir. Kənd məktəblərinə işə qəbul
üçün nəzərdə tutulmuş həvəsləndirmə
tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini
pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc
mütəxəssislərə şamil olunur.
Həvəsləndirmə tədbirləri
tətbiq olunan vakant yerləri müəyyənləşdirərkən
həmin vakant yerə ixtisaslı müəllim kadrlarına
ciddi ehtiyac olması, tələbatın əvvəlki illərdən
yaranması və təmin olunmaması, vakant dərs
yükünün əvəzçilik və saathesabı
qaydada aparılmasının qeyri-mümkünlüyü kimi
tələblər gözlənilməli və rayon mərkəzindən
olan məsafə dəqiq göstərilməlidir.
2.10. Dərs bölgüsü hər il
sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə cədvəli tabelik üzrə
idarəetmə orqanlarının təsdiqinə təqdim
olunanadək müəssisə üzrə kadr məsələlərinin
tənzimlənməsi təmin olunmalı və vakant dərs
saatları cədvəldə göstərilməlidir.
3. Müəllimlərin
yerdəyişməsi
üzrə müsabiqənin keçirilməsi
3.1. Müəssisələrdə daimi işləyən
müəllimlərin bir rayon (şəhər) daxilində
yerdəyişməsi yerdəyişmə həyata
keçiriləcək müəssisənin direktorunun rəyi
nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə
orqanı tərəfindən həyata keçirilir. Qərar qəbul olunduqdan sonra müəllimin yerdəyişməsi
müvafiq müəssisə rəhbərləri tərəfindən
əmrlə rəsmiləşdirilir.
3.2. Müəssisələrdə daimi işləyən
müəllimlərin bir rayondan (şəhərdən)
başqa rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş
qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron
ərizədəki göstəricilərin qiymətləndirilməsi
və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata
keçirilir.
3.3. Həvəsləndirmə tədbirləri tətbiq
olunan kənd məktəblərində işləyən gənc
mütəxəssislər nəzərdə tutulmuş
müddət başa çatanadək iş yerini dəyişmək
üçün müraciət edə bilməzlər. Xüsusi hallarda (səhhəti, ailə vəziyyəti
və s.) məsələyə fərdi qaydada Təhsil
Nazirliyi tərəfindən baxılır.
3.4. Müəllimlərin yerdəyişməsini həyata
keçirmək üçün Təhsil Nazirliyinin rəsmi
İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin
işə qəbulu" səhifəsində bu Qaydalar,
"Vakant yerlər barədə məlumat", "Elektron ərizə",
"Yerdəyişmə üçün vakant yerlərin
seçilməsi və elektron ərizənin doldurulmasına dair
təlimat", "Müsahibə proqramı" və
"Şəxsi səhifə" yerləşdirilir.
3.5. İş yerini dəyişmək istəyən
müəllimlər Təhsil Nazirliyinin İnternet saytında
(www.edu.gov.az) "Müəllimlərin işə qəbulu"
səhifəsinə daxil olub elektron ərizə
doldurmalıdırlar. Elektron ərizələrin qəbulu
vaxtı hər il Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilir və elan edilir.
3.6. Yerdəyişmə üçün elektron ərizə
verən müəllim ixtisası üzrə ən çoxu 8
(səkkiz) vakant yer seçə bilər. Qarşısında
(H-1) və (H-2)
işarəsi olan vakant yerlər kənd məktəblərində
həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə
tutulan yerlərdir. Yerləşdirmə
seçim ardıcıllığı gözlənilməklə
aparılır.
3.7. "Müəllimlərin yerdəyişməsi
üzrə müsabiqədə iştirak edən namizədlərin
elektron ərizələri əsasında təhsil və nailiyyət
göstəricilərinin qiymətləndirilməsi
meyarları" əsasında müsabiqənin birinci mərhələsində
elektron proqram təminatı vasitəsilə hər bir namizədin
qiymətləndirməsi aparılır.
3.8. Elektron ərizələrin qəbulu başa
çatdıqdan 3 (üç) təqvim günü sonra yerdəyişmə
aparılır. Ərizəsi
təsdiqlənmiş namizədlər üçün yerdəyişmənin
nəticəsi və müsahibənin keçirilmə
vaxtı və yeri barədə məlumatlar onların
"Şəxsi səhifə"sində yerləşdirilir.
3.9. Müəllimlərin
yerdəyişməsi
üzrə müsabiqənin ikinci mərhələsində Təhsil
Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə
müsahibələr keçirilir. Bu məqsədlə
müsahibə komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə həyata
keçiriləcək müəssisənin direktoru da daxil
edilir.
3.10. Müəllimlərin yerdəyişməsi üzrə
müsabiqənin II mərhələsinə
buraxılmış namizədlər
"Şəxsi səhifə"də qeyd olunan tarixdə
şəxsi işini (elektron ərizənin surəti,
diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil
alanlar diplomla yanaşı təhsil sənədlərinin
tanınmasına dair şəhadətnamə), şəxsiyyət
vəsiqəsi, əmək kitabçasının surətini
və elektron ərizəsində
göstərilən məlumatları təsdiq edən digər
sənədlərin əslini və ya notarial qaydasında təsdiq
olunmuş surətini) müsabiqə komissiyasına təqdim
edirlər.
3.11. Yerdəyişməyə namizədlər
müsahibənin başlanmasına 1 (bir) saat qalmış
qeydiyyatdan keçməlidirlər. Bunun
üçün şəxsiyyət vəsiqəsinin əsli
təqdim edilir. Şəxsiyyəti təsdiq
edən sənəd təqdim olunmadıqda, namizəd
müsahibəyə buraxılmır.
3.12. Müsahibə mərhələsindən əvvəl
namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların
düzgünlüyü sənədlərin əsli ilə
yoxlanılır. Elektron ərizədəki məlumatlarla
təqdim edilən sənədlər arasında uyğunsuzluq
halları aşkarlandıqda, həmin namizəd müsahibəyə
buraxılmır.
3.13. Müsahibə zamanı yerdəyişmə
üçün namizədin peşə kompetensiyaları,
pedaqoji fəaliyyəti dövründə əldə etdiyi
nailiyyətləri və peşəkar inkişafı beş ballıq şkala üzrə qiymətləndirilir.
3.14. Hər hansı ixtisas üzrə bir vakant yerə
yerdəyişmə üçün iki və daha artıq
namizəd olduqda, müsabiqə komissiyası təhsil və
peşəkarlıq səviyyəsini, digər zəruri
halları (hərbçi ailəsi, azyaşlı
övladları olması, xəstə ailə üzvünə
qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə
və s.) araşdırmaqla müvafiq qərar qəbul edir. Müsabiqənin I və II mərhələləri
üzrə qiymətləndirmənin nəticələri nəzərə
alınmaqla namizədlərin yekun qiymətləndirilməsi,
nəticələr barədə məlumat hər bir namizədin
"Şəxsi səhifə"sinə göndərilir.
3.15. Müsabiqənin yekun nəticələrinə əsasən
iş yerini dəyişən müəllimlərin
siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir,
müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti
təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa
tabeliyində olan müəssisələrə göndərilir.
3.16. Nazirliyin göndərişi əsasında təhsil
müəssisəsinin rəhbəri ilə müəllim
arasında əmək müqaviləsi bağlanılır və
əmrlə rəsmiləşdirilir.
3.17. Hər hansı bir səbəbdən göstərilən
vaxtda müsahibədə iştirak etməyənlər
üçün təkrar müsahibə keçirilmir.
3.18. Müəllimlərin yerdəyişməsi üzrə
müsabiqənin nəticələri ilə bağlı
apelyasiya şikayətlərinə müsabiqə başa
çatdıqdan sonra bir həftə ərzində
baxılır.
3.19. Müəllimlərin yerdəyişməsi üzrə
müsabiqə başa çatdıqdan sonra qalan, eləcə
də yerdəyişmə ilə əlaqədar yeni yaranan
vakant yerlər müəllimlərin işə qəbulu
üzrə müsabiqəyə çıxarılır.
3.20. Müəllimlərin işə qəbulu üzrə
müsabiqə keçirilən müddətdə yerdəyişmə
üzrə müraciətlərə baxılmır. İşə qəbul üzrə müsabiqə
başa çatdıqdan sonra və yerdəyişmə
üzrə növbəti müsabiqəyədək olan
müraciətlərə fərdi qaydada baxılır.
4. Müəllimlərin
işə qəbulu
üzrə müsabiqənin keçirilməsi
4.1. Təhsil Nazirliyi sisteminə daxil olan
müəssisələrə müəllimlərin işə
qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli
müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi, test imtahanı və müsahibə)
elektron proqram təminatı tətbiq olunmaqla həyata
keçirilir.
4.2. Ali və
orta ixtisas təhsili müəssisələrini pedaqoji
ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli
təhsil sənədi (diplom) almış, hazırda işləməyən,
müvəqqəti əmək
müqaviləsi ilə işləyən müəllimlər
müəssisələrə işə qəbul üzrə
müsabiqədə iştirak edə bilərlər.
4.3. Müəllimlərin işə qəbulunu həyata
keçirmək üçün Təhsil Nazirliyinin rəsmi
İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin
işə qəbulu" səhifəsində bu Qaydalar,
Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu
qaydalarının tətbiqini tənzimləyən sənədlər
toplusu ("Vakant yerlər barədə məlumat",
"Elektron ərizə", "İşə qəbul
üçün vakant yerlərin seçilməsi və
elektron ərizənin doldurulmasına dair təlimat", "Test
suallarının cavablandırılmasına dair təlimat",
"Boş qalan yerlərə əlavə yerləşdirmə
üçün müraciətə dair təlimat") və
"Şəxsi səhifə" yerləşdirilir.
4.4. Müsabiqədə iştirak etmək
üçün Təhsil
Nazirliyinin rəsmi İnternet saytında (www.edu.gov.az) "Müəllimlərin işə
qəbulu üzrə müsabiqə" səhifəsinə
daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin
qəbulu vaxtı hər il Təhsil
Nazirliyi tərəfindən müəyyənləşdirilir
və elan edilir.
4.5. Müsabiqə yolu
ilə müəllimlərin işə
qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər
toplusuna daxil olan "Namizədlər tərəfindən
vakant yerlərin seçilməsi və elektron ərizənin
doldurulmasına dair təlimat"a uyğun olaraq müsabiqədə
iştirak üçün elektron ərizə doldurulur.
Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər
kənd məktəblərində həvəsləndirmə tədbirlərinin
tətbiqi nəzərdə tutulan yerlərdir.
4.6. Hər bir namizəd ixtisası üzrə ən
çoxu 8 (səkkiz) vakant yer seçə bilər.
İmtahanın nəticəsi əsasında
namizədlərin vakant yerlərə yerləşdirilməsi
seçim ardıcıllığı gözlənilməklə
aparılır.
4.7. Elektron ərizələrin qəbulu başa
çatdıqdan 5 (beş) təqvim günü sonra ərizəsi
təsdiqlənmiş namizədlər üçün
müsabiqəyə buraxılma, test imtahanının
keçirilmə vaxtı və yeri barədə məlumatlar
onların "Şəxsi səhifə"sində yerləşdirilir.
4.8. Müsabiqənin birinci mərhələsində hər
bir namizədin qiymətləndirməsi "Müəllimlərin
işə qəbulu üzrə müsabiqədə iştirak
edən namizədlərin elektron ərizələri əsasında
təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi
meyarları" əsasında elektron proqram təminatı
vasitəsilə aparılır.
4.9. Müəllimlərin işə qəbulu üzrə
müsabiqənin ikinci mərhələsində test
imtahanının keçirilməsi üçün Təhsil
Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə
işçi qrupları yaradılır və "Test
bankı" hazırlanır.
4.10. Müsabiqə iştirakçıları
imtahanın
başlanmasına 1
(bir) saat qalmış qeydiyyatdan keçməlidirlər.
Bunun üçün şəxsiyyət vəsiqəsinin
əsli təqdim edilir. Şəxsiyyəti
təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd
imtahana buraxılmır.
4.11. Hər hansı bir səbəbdən göstərilən
vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar
imtahan keçirilmir.
4.12. İmtahanda iştirak edən hər bir namizədə
fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə
ümumtəhsil məktəbləri üçün fənn
proqramının məzmununa aid 25 test, metodika və təlim
strategiyalarına aid 5 test, məntiq və ümumi
dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35
sual təqdim edilir. Sualların
cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır.
4.13. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir
və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra
düzgün cavabların sayına uyğun
topladığı bal kompüterin
ekranında göstərilir.
4.14. Test tapşırıqlarının 80 və daha
yüksək faizinə, yəni 28 və daha çoxuna
düzgün cavab vermiş namizədlər keçid
balını toplamış hesab olunurlar. Həvəsləndirmə
tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər
üçün test tapşırıqlarının 60 faizinə,
yəni 21 və daha çoxuna düzgün cavab keçid
balı hesab olunur.
4.15. İşə qəbul üzrə müsabiqənin
I və II mərhələləri üzrə qiymətləndirmənin
nəticələri nəzərə alınmaqla namizədlərin
yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və
seçim ardıcıllığına uyğun hər bir
ixtisas üzrə ən yüksək bal toplamış namizəddən
başlayaraq yerləşdirmə elektron proqram təminatı
vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir
və nəticələr barədə məlumat hər bir
namizədin "Şəxsi səhifə"sinə göndərilir.
4.16. Müsabiqənin I və II mərhələləri
üzrə qiymətləndirmənin yekununa uyğun
topladığı ümumi bal və III mərhələsində
iştirak barədə məlumat hər bir namizədin
"Şəxsi səhifə"sinə göndərilir.
4.17. Müsabiqənin III mərhələsinə
buraxılmış namizədlər
"Şəxsi səhifə"də qeyd olunan tarixdə
şəxsi işini (elektron ərizənin surəti,
diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil
alanlar diplomla yanaşı təhsil sənədlərinin
tanınmasına dair şəhadətnamə), şəxsiyyət
vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək
kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən
məlumatları təsdiq edən digər sənədlərin
əsli və ya notarial qaydasında təsdiq olunmuş surəti)
müsabiqə komissiyasına təqdim etməlidirlər.
4.18. Müsahibə mərhələsindən əvvəl
namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların
düzgünlüyü sənədlərin əsli ilə
yoxlanılır. Elektron ərizədəki məlumatlarla
təqdim edilən sənədlər arasında uyğunsuzluq
halları aşkarlandıqda, o cümlədən təhsil sənədi
dövlət nümunəli olmadıqda və ya hazırda
müəllim işlədiyi məlum edildikdə həmin namizəd
müsabiqədən kənarlaşdırılır.
4.19. Hər hansı ixtisas üzrə bir vakant yerə
iki və daha artıq sayda eyni bal
toplamış namizəd olduqda, müsabiqə komissiyası təhsil
səviyyəsi və seçdiyi vakant yerin yaşayış
yerinə yaxın olmasını araşdırmaqla müvafiq qərar
qəbul edir.
4.20. İşə qəbul üzrə müsabiqənin
nəticələrinə görə hər bir ixtisas üzrə
boş qalan yerlər barədə məlumatlar "Müəllimlərin
işə qəbulu üzrə müsabiqə" səhifəsində
"Şəxsi səhifə" daxilində yerləşdirilir.
Bütün ixtisaslar üzrə müsahibə mərhələsi
başa çatdıqdan sonra, müsabiqənin nəticəsinə
görə keçid balı toplayaraq seçdiyi vakant yerə
işə qəbul oluna bilməyən namizədlər Təhsil
Nazirliyi tərəfindən müəyyənləşdirilmiş
müddətdə "Şəxsi səhifə"sindən
boş qalan yerlər haqqında məlumatla tanış olub
uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçərək
əlavə yerləşdirmədə iştirak edirlər.
4.21. Əlavə yerləşdirmə üçün
boş qalan yerlərin seçimi bitdikdən sonra müsabiqədə
ən çox bal toplayandan başlayaraq
yerləşdirmə elektron proqram təminatı vasitəsilə
həyata keçirilir və nəticələr namizədlərin
"Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar müsahibə
qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə
müsahibədən keçirilir. Müsahibə
mərhələsindən əvvəl namizədin elektron ərizəsində
qeyd olunmuş məlumatlar sənədlərin əsli ilə
tutuşdurularaq təsdiqlənir. Müsahibə
zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə
"uyğundur" və ya "uyğun deyil" qeydlər
edilir, ümumi dünyagörüşü, peşə
kompetensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir.
4.22. Müsabiqənin yekun nəticələrinə əsasən
işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən
sonra onların siyahısı Nazirliyin İnternet saytında
yerləşdirilir, müvafiq siyahılar göndərişlə
aidiyyəti üzrə təhsili idarəetmə
orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə
göndərilir.
4.23. Nazirliyin göndərişi əsasında təhsil
müəssisəsinin rəhbəri ilə müəllim
arasında əmək müqaviləsi bağlanılır,
işə qəbul əmrlə rəsmiləşdirilir.
4.24. Yerli təhsili idarəetmə orqanları
müsabiqə nəticəsində vakant yerlərə, o
cümlədən həvəsləndirmə tədbirləri
tətbiq olunan yerlərə işə qəbul olunanların
pedaqoji fəaliyyətə başlamaları barədə məlumatı
sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər.
4.25. Müsabiqənin nəticələri ilə
bağlı apelyasiya şikayətinə bütün ixtisaslar
üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə
ərzində baxılır.
4.26. Müəllimlərin işə qəbulu üzrə
müsabiqə başa çatdıqdan sonra, hər bir ixtisas
üzrə keçid balını toplayıb, lakin işə
qəbul olunmayanların siyahısı müsabiqə
komissiyası tərəfindən təsdiq olunur. Tədris ili ərzində yaranan vakant yerlər barədə
məlumatlar Təhsil Nazirliyində mütəmadi olaraq
toplanılır, təhlil edilir və keçid balını
toplamış müsabiqə iştirakçılarına
elan edilir. Elanda göstərilən müddətdə
elektron seçim etmiş müsabiqə
iştirakçıları üçün əlavə yerləşdirmə
qaydalarına uyğun işə qəbul aparılır.
4.27. Müsabiqə başa çatdıqdan sonra vakant
qalan, eləcə də dərs ili ərzində
yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək,
saathesabı və ya əvəzçilik qaydasında əmək
müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən
ixtisaslı müəllimlərin işə qəbuluna icazə
verilir.
4.28. Ümumtəhsil məktəblərinin tədris
planında "İctimai fənlər" bölməsində
nəzərdə tutulan fənlərin tədris edilməsi
üçün xarici ölkələrdə təhsil
almış müəllimlərin saathesabı, əvəzçilik
qaydasında və ya müvəqqəti əmək müqaviləsi
ilə işə qəbulu qadağandır.
5. Qaydaların pozulmasına görə məsuliyyət
Müəllimlərin
işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət
edilməsi və kadrlarla iş sahəsində yol verilən
nöqsanlara görə müvafiq təhsil orqanlarının
və təhsil müəssisələrinin rəhbərləri,
habelə müsabiqə komissiyalarının üzvləri
qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Ətraflı məlumat üçün:
www.edu.gov.az
1. Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunur:
* yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım;
* 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi.
2. Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı hər ay əməkhaqqına 70 (yetmiş) manat əlavə olunur.
Azərbaycan
müəllimi.- 2014.- 25 aprel.- S.10.