Lisey və gimnaziyalarda
istiqamət
(təmayül) üzrə təhsil özünü
doğruldurmu?
Ali məktəblərə
qəbul imtahanlarının və beynəlxalq olimpiadaların
nəticələrinin təhlili nələri üzə
çıxardı?
Ümumi təhsil sistemində təlimin təmayüllər üzrə təşkili müxtəlif fənlər üzrə xüsusi istedad və qabiliyyətə malik uşaqların daha da inkişaf etdirilməsi, onlara seçilmiş istiqamətlər üzrə dərin biliklərin verilməsi məqsədinə xidmət edir. Təmayül fənləri üzrə dərinləşdirilmiş proqramlarla tədrisin aparıldığı belə təhsil ocaqları adi ümumtəhsil məktəblərindən bir sıra üstünlüklərə malikdir. Belə ki, təmayüllü lisey və gimnaziyalara şagirdlər xüsusi seçim prosedurları vasitəsi ilə qəbul olunur, onların maddi-texniki bazası daha yüksəkdir, təmayül fənlərinin tədrisinə çox vaxt (saat) ayrılır. Eyni zamanda belə məktəblərə yüksək hazırlıqlı və ixtisaslı müəllimlər cəlb olunur. Təbii ki, bu üstünlüklərinə görə cəmiyyətin təmayüllü məktəblərdən gözləntiləri də çoxdur. Onların məzunları daha hazırlıqlı, seçilmiş təmayül fənləri üzrə yüksək bilikli olmalıdırlar.
Bəs, görəsən, bizim
lisey və gimnaziyalarda
vəziyyət necədir? Onlar öz profillərini doğrulda bilirlərmi? Suallarımıza
cavab tapmaq üçün son 5 ildə
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının həyata
keçirdiyi qəbul
kampaniyalarının və
beynəlxalq fənn olimpiadalarının nəticələri
ilə bağlı açıqlanmış rəsmi
statistik təhlillər
əsasında Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan iki lisey və
bir gimnaziya üzrə araşdırma
apardıq.
Fizika, riyaziyyat, informatika, yoxsa
coğrafiya, ingilis dili təmayüllü lisey?!
Araşdırmalarımızdan
məlum oldu ki, fizika, riyaziyyat,
informatika təmayüllü
liseydə vəziyyət
xüsusilə acınacaqlıdır. Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının ali
məktəblərə qəbul
imtahanlarının nəticələri
üzrə apardığı
və bu qurumun İnternet saytında da yerləşdirilmiş statistik
təhlilə əsasən
demək olar ki, son 5 ildə liseyin məzunları bilavasitə təmayül
fənləri hesab olunan fizika və
riyaziyyatdan heç də yüksək nəticələr göstərməyiblər.
Əksinə olaraq, onların
digər fənlərdən,
xüsusən də coğrafiya və ingilis dilindən nəticələri daha yüksək olub. Fikrimizin sübutu üçün
qəbul kampaniyasının
nəticələri ilə
bağlı bu liseyin məzunlarının
imtahan fənlərindən
cavablarını əks
etdirən cədvəllərə
nəzər salmaq kifayətdir. Məzunların
ayrı-ayrı fənlər
üzrə bilik səviyyələrini xarakterizə
edən və onların sayını, liseyin ortastatistik məzununun verdiyi düzgün cavablarının
faizi və cari qəbul kampaniyasında liseyin fənlər
üzrə reytinqi haqqında məlumatı özündə əks etdirən həmin cədvəllərdən aydın
olur ki, liseyin 2009-cu il məzunları ən yaxşı nəticələri coğrafiya fənnindən göstəriblər:
bu fəndən ortastatistik məzun test tapşırığının 63,42 faizinə düzgün cavab verib. Liseyin
əsas profil fənni olan riyaziyyat və fizikadan isə göstəricilər müvafiq
olaraq 51,24 və 52,04 faiz olub.
2010-cu və 2011-ci illərdə
də liseyin məzunları analoji olaraq, ən yaxşı nəticələri
coğrafiya fənnindən göstərmişlər.
2012-ci ilin qəbul kampaniyasında məzunların
ən yüksək nəticələr göstərdikləri
fənn dəyişsə
də (ingilis dili - 64,14%), əsas profil fənlər olan riyaziyyat və fizika üzrə göstəricilər əvvəlki
ildəkindən xeyli azalaraq müvafiq şəkildə 50,14 və
46,34 % olub.
2013-cü ilin qəbul
kampaniyasını isə
məzunlarının qəbul
imtahanlarında əldə
etdikləri nəticələrə
görə bu liseyin tarixində bəlkə də, ən uğursuz il hesab
etmək olar. Belə ki, ötənilki
qəbul imtahanlarında
liseyin məzunlarının
ən pis nəticələri riyaziyyat
fənni üzrə qeydə alınıb (45,55%). Fizika üzrə
göstərici də
son 5 ilin ən aşağı göstəricilərindən
olub (47,75%). Məzunların ən yüksək
nəticələri isə
yenə də, qeyri-ixtisas fənni olan ingilis dili
fənnindən olub.
Bu göstəriciləri nəzərə alsaq, lisey fizika-riyaziyyatdan daha çox coğrafiya, ingilis dili təmayüllü lisey təsiri bağışlayır.
Bəlkə, ana dili, biologiya
və coğrafiya təmayüllü lisey?
Təhsil
Nazirliyinin tabeliyindəki
kimya və biologiya təmayüllü
liseyin analoji göstəricilərinə nəzər
saldıqda isə bir qədər fərqli mənzərənin
şahidi olduq. Belə ki, araşdırma
apardığımız 5 illik
müddətin son 3 ilində
(2011-2013-cü illər) liseyin
məzunlarının biologiya
fənni üzrə nəticələri qənaətbəxş
olsa da, onlar kimya fənnindən
olduqca aşağı
nəticələr göstəriblər.
2009 və 2010-cu illərdə
isə lisey məzunlarının ən
yaxşı nəticələri
coğrafiya və ana dili fənlərindən
olub. Lakin burada da düşündürücü məqam var. Axı bu lisey, adından
göründüyü kimi,
həm də kimya təmayüllüdür.
Liseyin
son 5 ildəki nəticələrinə
nəzər salsaq görərik ki, məzunlar kimya fənnindən, konkret desək, heç bir nailiyyət əldə edə bilməyiblər. Ötən
il isə liseyin məzunları kimya fənni üzrə 50,79 faiz nəticə göstəriblər.
Hətta bu nəticə müəssisənin
profilindən uzaq olan bir fəndən
- ana dilindən (51,42 faiz) də
aşağı olub.
Məncə,
bu məsələ üzərində də düşünmək lazımdır.
Coğrafiya yenə də birincidir
Araşdırmaya cəlb
etdiyimiz üçüncü
təhsil ocağının
- Təhsil Nazirliyinin tabeliyindəki S.Bəhlulzadə
adına xarici dillər təmayüllü gimnaziyanın
müvafiq göstəriciləri
də bizi məyus etdi.
Belə ki,
gimnaziyanın məzunları
son 5 ildə qəbul imtahanlarında profil fənni üzrə yalnız bir dəfə ən yaxşı nəticə göstəriblər: 2012-ci ildə
ortastatistik məzun ingilis dili fənni
üzrə test tapşırığının
61,83%-nə düzgün cavab verib. Qalan illərdə isə
məzunlar ən yaxşı nəticələri
iki dəfə ana dilindən və hərəsi bir dəfə olmaqla tarix və
coğrafiya fənlərindən
göstəriblər.
Hər
üç müəssisənin
imtahan nəticələrinin
təhlili göstərir
ki, bu məktəblərin
məzunlarının qəbul
imtahanlarında təmayül
fənlərindən orta
göstəriciləri hətta
nadir hallarda belə 70
faizə çatıb. Son 5 ilin statistikasına
baxsaq, bu göstəriciləri ölkənin
ucqar bölgələrində
yerləşən, lazımi
təhsil şəraiti
olmayan yüzlərlə
adi məktəbin nəticələrində də
görə bilərik.
Bəs onda bu fənn
təmayüllü liseylər
nə üçündür?
Beynəlxalq olimpiadaların
nəticələrinin təhlili
daha acınacaqlıdır
Hər
üç tədris ocağının fənn
olimpiadaları üzrə
nəticələri ilə
də maraqlandıq. Beynəlxalq fənn olimpiadalarının
obyektivliyinə heç
kimin şübhə etmədiyini əsas götürüb son 5 ildəki
nəticələri nəzərdən
keçirdik.
Təhsil
Nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumatdan aydın oldu ki, burada da
nəticələr acınacaqlıdır. Belə ki, "istedadlarla" işləyən,
öz profilləri üzrə ən istedadlı şagirdləri
seçib götürən
və bu istedadları daha da "inkişaf" etdirən hər üç təhsil ocağı üzrə bir şagirdin belə adı beynəlxalq olimpiadaların qalibləri
sırasında yoxdur.
Nəticələrə baxdıqca bizdə maraq doğuran suallar yarandı. Əgər Sumqayıtda yerləşən
adi bir məktəbin
(22 nömrəli məktəbin)
2 şagirdi beynəlxalq
olimpiadanın qalibi olursa, onda istedadlarla
işləyən bu lisey və gimnaziyaların
heç bir yetirməsinin bu mühüm yarışlarda
nəticə əldə
edə bilməməsini
necə qiymətləndirmək
olar? Əgər
ölkənin təhsil
infrastrukturunun paytaxtla
müqayisədə aşağı
olduğu Lənkəran,
Quba, Şəki kimi bölgələrindəki
məktəblərdən son 5 ildə beynəlxalq olimpiadaların 20-yə yaxın
qalibi olursa, ölkənin mərkəzində,
hər cür maddi-texniki avadanlıqlarla
təchiz olunmuş təmayüllü məktəblərin
bu istiqamətdə fəaliyyətsizliyini nə
ilə izah etmək olar?
Nəzərə alsaq
ki, təhlil kifayət qədər böyük müddət
(son 5 il) üzrə aparılıb
və bu müddət ərzində
lisey və gimnaziyalarda təmayül fənlərindən göstəricilər
yüksək olmayıb,
onda onların profili üzərində düşünməyə əsas
yaranır.
Əlbəttə,
bu nəticələr
hər birimizi məyus edir. Xüsusilə də, övladlarını
fizika, riyaziyyat, kimya, biologiya və xarici dil fənləri
üzrə yetişdirmək istəyi ilə bu
təhsil müəssisələrinə üz
tutacaq valideynləri. Amma
yəqin ki,
mütəxəssislər bu barədə
düşünməli, müəyyən tədqiqat, təhlillər
aparmalı, bunun əsil səbəblərini
aydınlaşdırmalıdırlar.
Bu
gün Təhsil Nazirliyinin
ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi
üzrə genişmiqyaslı iş
apardığı, keyfiyyətə ciddi nəzarət
olunduğu bir
dövrdə təhsil müəssisələri öz üzərlərinə düşən
vəzifələri daha məsuliyyətlə
yerinə yetirməli, yüksək təlim nəticələri əldə etməlidirlər.
Riyaziyyat, fizika, informatika, kimya, biologiya fənləri üzrə beynəlxalq olimpiadalara, bilik
yarışlarına hazırlıq mərkəzi kimi fəaliyyət göstərməli olan bu liseylərin
hazırkı durumu və nəticələri
isə yalnız təəssüf doğurur.
Yəqin ki, təhsilimizin
inkişafı ilə bağlı Təhsil Nazirliyinin
atdığı sərt və cəsarətli addımlar bu müəssisələrə rəhbərlik
edənləri də qəflət yuxusundan
ayıldacaq. Axı dövlət bu müəssisələrdə
istedadlı uşaqların inkişafı üçün
hər il milyonlarla vəsait
xərcləyir!
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 25 aprel.- S.7.