"Yaşıl məktəb" gələcəyin məktəbidir

 

Müasir həyatı enerjisiz təsəvvür etmək mümkün deyil. İnsan fəaliyyətinin bütün sahələri enerji ilə əlaqədardır. Sənayenin, nəqliyyatın və bir sıra sahələrin inkişafı enerjiyə olan tələbatı daha da artırmışdır. Lakin enerji inkişafımıza xidmət etsə də onun istehsalı və istifadəsi ətraf mühitə ağır zərbə vurur.

Planetimizi qorumaq, onu gələcək nəsillərə sağlam çatdırmaq üçün qeyd edilən problemlərə yol açan səbəbləri mümkün qədər aradan qaldırmaqda iştirak etmək hamımızın borcudur. Hər birimiz üzərimizə düşən vəzifəni dərk edərək, enerjidən daha qənaətlə istifadənin yollarını tapmalıyıq.

Ekoloji böhran barədə dünyanın bir çox nüfuzlu təşkilatları hər il çoxlu sayda tədbirlər həyata keçirirlər. Bu tədbirlərin əsas ideyası müasir cəmiyyətin bütün sahələrində enerjidən daha qənaətlə, məqsədyönlü istifadənin yollarını araşdırmaq və ekoloji fəlakətə səbəb olan faktorları minimuma endirməkdən ibarətdir. Bu məqsədlə son illər ayrı-ayrı təşkilatlar, cəmiyyətlər tərəfindən məktəbli layihələri də həyata keçirilir. Belə layihələrdən biriNorveç Təbiəti Mühafizə Cəmiyyətinin  EnerjiResurslardan İstifadə üzrə Beynəlxalq Məktəbli Proqramı (SPARE - School Project for Application of Resources and Energy) layihəsidir. Rayonumuz 2007-ci ildən SPARE məktəbli layihələrində iştirak edir. Ekoloji fəlakətə səbəb olan faktorlar barədə şagirdlərə məqsədyönlü, elmi surətdə əsaslandırılmış məlumatlar verir, onlarda enerjidən qənaətlə istifadə, mühüm həyat amilləri olan torpağın, suyun və havanın çirklənməsinə səbəb olan fəaliyyət növlərini minimuma endirmək vərdişləri aşılayırıq.

Ekoloji problemləri törədən səbəblər, onların fəsadları, insanın sağlamlığına mənfi təsirləri və həmin fəsadların qarşısının alınması işində hər bir müəllimin, məktəblinin görə biləcəyi işlər barədə maarifləndirici tədbirlər, aksiyalar keçiririk.

2007-ci ildən rayonumuzun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri müxtəlif nominasiyalarda layihələr işləmiş, diplomlar və qiymətli hədiyyələr qazanmışlar.

Ucar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Cəlil Hüseynli 2007-2008-ci dərs ilində hazırladığı maraqlı modelə görə Beynəlxalq müsabiqə qalibi, şəhər 1, 2, 4, 5 nömrəli, Qazyan kənd 2 nömrəli tam orta məktəbləri isə SPARE proqramının fəal layihəçi məktəbləri siyahısına daxil olmuşdur. Bundan başqa 2011-ci ildə rayonun Qazyan kənd 2 nömrəli tam orta məktəbində SPARE proqramı çərçivəsində "İstiliyin qorunması, enerjiyə qənaət" məqsədilə məktəbin damı izolyasiya edilmiş, sinif otaqlarının xarab olmuş qapı-pəncərələri dəyişdirilərək yeniləri ilə əvəz edilmiş, sobaların boruları bacalardan çıxarılmışdır. Hazırda qış mövsümündə həmin sinif otaqlarında yanacaq əvvəlkindən az sərf olunur, istilik isə uzun müddət qalır.

Ötən dərs ilində şəhər 2 nömrəli tam orta məktəbdə 2 sinif otağının dam örtüyü dəyişdirilmiş, istiliyin saxlanması məqsədiylə lazımi işlər görülmüşdür.

Azərbaycan Gənclər İttifaqının, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi və Norveç Təbiəti Mühafizə Cəmiyyətinin dəstəyi ilə həyata keçirdiyi "Yaşıl məktəbim" layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəb administrasiyası üçün 2013-cü ilin noyabr ayında Bakı şəhərində "Məktəblərdə enerji effektivliyinin təşkili; nəzəriyyədən praktikaya" adlı təlim keçilmişdir. Həmin təlimdə rayonumuzun Ucar şəhər 2 və 4 nömrəli tam orta məktəblərin direktorları, təsərrüfat işləri üzrə məsul şəxslər və rayon təhsil şöbəsinin əməkdaşı iştirak etmişlər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının 2013-cü ilin dekabr ayında rayonun "Yaşıl məktəbim" layihəsi iştirakçıları ilə Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində görüşü keçirilmişdir. Görüşdə rayonun Qazıqumlaq kənd 2 nömrəli, Məlikballı, Qaradağlı, Çiyni kənd tam orta məktəblərinin müəllim və şagirdləri, rayon təhsil şöbəsinin əməkdaşları da iştirak etmişlər.

Görüşdən sonra hər iki məktəbdən 2 müəllim və 10 şagird olmaqla təlim keçirilmiş, layihələr yazılmışdır. Hər məktəbdən 2 layihə olmaqla 4 layihə münsiflər heyətinə təqdim olunmuşdur. Şəhər 2 nömrəli tam orta məktəbdən 2, şəhər 4 nömrəli tam orta məktəbdən isə 1 layihə qalib olmuşdur. Layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş işlər başa çatdıqdan sonra 21 fevral 2014-cü il tarixdə şəhər 2 nömrəli tam orta məktəbdə qalib layihələrin təqdimatı keçirilmişdir. Təqdimatda şəhər 1, 2, 3, 4, 5 və 6 nömrəli, Qazıqumlaq kənd 1 və 2 nömrəli, Rəstəcə, Qarabörk, Qazyan kənd 1, 2 və 3 nömrəli tam orta; Ə.Məmmədxanlı, Ramal kənd ümumi orta məktəblərinin direktorları, bir qrup müəllim və şagird olmaqla 60 nəfər iştirak etmişdir.

Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri Afaq Cəfərova "Yaşıl zona, təmiz qida", Mehriban Qasımova "İşıq həyatdır, həyatımızı qoruyaq"; şəhər 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Mətanət Hüseynova "Əşyaların ikinci həyatı" adlı layihələrinin təqdimatını etmişlər. Toplantı iştirakçıları çıxış edərək ekoloji problemlərin həllində belə layihələrin əhəmiyyətindən danışmışlar.

Təqdimatdan əvvəl Azərbaycan Gənclər İttifaqının SPARE Məktəbli Proqramının Tətbiqi Layihələri üzrə koordinatoru Mir Abbas Məmmədov qalib layihələr çərçivəsində görülmüş işlərlə tanış olmuş, şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin "Enerjini qoru!", "Planeti qoru!" adlı rəsm sərgisinə baxmışdır.

Bu nailiyyətlər bizi hədsiz sevindirir və gələcək uğurlarımıza stimul yaradır.

Təqdimatlarda tullantı materiallarının çeşidlənməsi, təkrar istehsalı, məişət tullantılarının təbiətə vurduğu ziyan, insan sağlamlığına ciddi təhlükəsi barədə video çarxlardan istifadə edərək, müəlliflər maarifləndirici fikirlərini iştirakçılarla bölüşmüşlər.

Cari dərs ilinin əvvəlindən SPARE Proqramı çərçivəsində Ucar şəhər 4 və 5 nömrəli, Qazıqumlaq kənd 2 nömrəli tam orta, Ramal və Ə.Məmmədxanlı kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri müxtəlif nominasiyalarda "Enerjini qoru!", "Planeti qoru!" müsabiqəsində iştirak etdilər. Müsabiqənin yekununda Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Xəyalə Məmmədova və rayonun Ramal kənd ümumi orta məktəbinin informatika müəllimi Mətanət Məmmədova müsabiqənin diplomlarını, qiymətli hədiyyələr, digər iştirakçılar isə həvəsləndirici sertifikatlar qazanmışlar.

Müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədilə rayon təhsil şöbəsində keçirilmiş görüşdə RTŞ müdiri Fuad İsrəfilov SPARE məktəbli müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin yaxından iştirak etməsini, onların diplomlara layiq görülməsini yüksək qiymətləndirmiş, gələcəkdə də bu layihə və müsabiqələrdə davamlı iştirak etmələrini arzulamışdır. 

 

Rəna QASIMOVA,

Ucar RTŞ-ın metodisti

 

Azərbaycan  müəllimi.- 2014.- 25 aprel.- S.9.