"Vaxtımın
çoxunu əlavə
materiallar oxumağa sərf edirəm"
Böyük Britaniyanın Edinburq
Universitetində magistr
təhsili alan
Nərgiz Abdullayeva ilə söhbət
Nərgiz Abdullayeva 1992-ci ildə
Bakı şəhərində
anadan olub. 2009-cu ildə 214 nömrəli
tam orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan
Dövlət İqtisad
Universitetinin maliyyə
fakültəsinə daxil
olub. 1-ci akademik ili başa
vurduqdan sonra universitetdə beynəlxalq
iqtisadi münasibətlər
fakültəsi nəzdində
fəaliyyət göstərən
Xüsusi İstedadlar
Qrupuna daxil olub. 2011-ci ilin may ayında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
"Elektron bələdiyyə"
layihəsi üzrə
mütəxəssis vəzifəsinə
seçilib və həmin ilin noyabr ayınadək orada fəaliyyət göstərib. Həmçinin, 2011-ci ilin iyun
ayından etibarən
2 ay müddətində "Azercell" şirkətinin
Biznes Planlaşdırma
və İnkişaf Departamentində təcrübə
keçib. 2011-ci ilin
noyabr ayında dünyanın 4 ən böyük audit şirkətlərindən
biri olan "Pricewaterhouse Coopers Azerbaijan" şirkətinə təcrübəçi
kimi seçilib. Təcrübə proqramını müvəffəqiyyətlə
bitirdikdən sonra həmin şirkətdə
vergi məsləhətçisi
vəzifəsində çalışmaq
təklifini qəbul edib. Bununla yanaşı, Azərbaycan
Dövlət İqtisad
Universitetində Xususi
İstedadlar Qrupuna hazırlıq kurslarının
təsisçisi olub və könüllü olaraq ingilis dili və iqtisadiyyat
fənlərindən şagirdlər
və tələbələr
üçün təlimlər
keçib. Hazırda "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" çərçivəsində
Edinburq Universitetinin Biznes Məktəbində magistr pilləsi üzrə təhsil alır.
- Xaricdə təhsilə nə vaxtdan qərar verdiniz?
- Ailəmizdə təhsilimə
həmişə çox
böyük diqqət
yetirilib. Nənəm və babam rus dili, ədəbiyyat
müəllimləri olduqlarından
uşaqlıqdan kitablar
arasında böyümüşəm.
Çalışqanlıq və liderlik
xüsusiyyətlərim, anamın
qiymətlərimə qarşı
ciddi yanaşması və tələbkarlığı
sayəsində bütün
fənlərdən qiymətlərim
əla olub. Lakin riyaziyyat və xarici dillər daha çox diqqətimi çəkirdi.
2007-ci ildə ingilis dili fənn
olimpiadasında şəhər
üzrə birinci yerə layiq görüldüm. Universitet həyatı
başlandıqdan sonra
daha da aktiv
oldum. Xüsusi İstedadlar Qrupuna
(XİQ) qəbul olmağım
ictimai fəaliyyətimdəki
fəallığa böyük
təkan verdi.
Burada biz
müxtəlif müsabiqələrdə,
seminarlarda, yerli və beynəlxalq layihələrdə mütəmadi
olaraq iştirak edirdik. Məsələn, Latviyanın Baltika
Universitetində "Beynəlxalq
idarəetmə" sahəsi
üzrə yay məktəbində və
Çexiya Respublikasının
Charles University-də "Maliyyə
və mühasibat uçotu" üzrə
qış məktəbində
uğurla iştirak etmişəm. Təhsilim daha
çox biznes sahəsi ilə bağlı olduğundan, burada vacib amillərdən
biri akademik biliklərlə yanaşı
praktiki biliklərdir.
Bunun üçün bakalavr təhsili dövründə
müxtəlif təcrübə
proqramlarından yararlanmağa
çalışırdım.
Müəllimlərimizin dünyagörüşü, tədris
etdikləri materiallar və bölüşdükləri
təcrübə mənə
təhsilimi xaricdə
davam etməyə çox böyük motivasiya verirdi. Həmçinin, ən əsas məqsədlərimdən
biri dünya səviyyəli mütəxəssis olmaq üçün xaricdə təhsil almaq idi.
- Dövlət Proqramında iştirakınızı
necə xatırlayırsınız?
- Ümumiyyətlə, xaricdə
təhsil üzrə Dövlət Proqramı Azərbaycan gənclərinin
inkişafına böyük
təkan verir. Seçim prosesinə gəldikdə isə, bu proses tamamilə
şəffaf və
professional şəkildə keçirilir. Təhsil Nazirliyinin əməkdaşlarının
tələbələrin çoxsaylı
sual və müraciətlərinin hər
birinə təmkinlə
yanaşmaları və
tez bir zamanda
həll etmələri
təqdirəlayiqdir. Bundan əlavə,
sənəd qəbulunun
sistemləşdirilmiş şəkildə
təşkili, hər
bir namizəd üçün sənəd
qəbulu və müsahibə üçün
xüsusi vaxt ayrılması və ümumi prosesin Proqramın elektron saytında aydın şəkildə təsviri
bu prosesi daha da asanlaşdırır.
Müsahibə zamanı verilən
suallar professional və
aydındır.
- Məşhur
Edinburq Universiteti və ixtisasınız barədə nə deyə bilərsiniz?
- Edinburq Universiteti
1583-cü ildə yaradılıb
və dünyanın
6-cı ən qədim
universiteti hesab olunur. Böyük Britaniyanın
"QS World Universities Rankings" jurnalının
2013-cü ildə apardığı
dünya universitetlərinin
reytinqinə əsasən,
Edinburq Universiteti 100 ən yaxşı ali məktəb
arasında 17-ci yerdə
və Global Employability University Ranking jurnalının apardığı
dünya universitetlərinin
işə qəbul üzrə reytinqinə əsasən 15-ci yerdə
sıralanıb. Edinburq
Universiteti Britaniyanın
tədqiqat universitetlərini
birləşdirən "Russell Qrupu"na, eləcə
də "21 universitet"
adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına
daxildir. Burada illərlə əsası
qoyulmuş güclü
təhsil sistemi var. Universitet məzunu olan Nobel mükafatçıları,
siyasi liderləri, filosofları və alimləri ilə məşhurdur. Edinburq
Universitetinin məşhur
məzunları sırasına
Adam Smith, John Russell, Arthur Konan Doyle və bu il
"Hiqqs mexanizmi"
üzrə Nobel mükafatı
laureatı olan Edinburq Universitetinin professoru Peter Hiqqs daxildirlər.
Seçdiyim ixtisasa gəldikdə isə, biznes sahəsində işləmək
mənim uşaqlıq
arzum olub. Atamın həkim
olduğuna və anamın həmişə
həkim olmağımı
istədiyinə baxmayaraq,
risk etmək qərarını
verdim və arzumun arxasınca getdim. Edinburq Universitetində maliyyə
sahəsi çox yüksək səviyyədə
tədris olunur. Burada empirik analizə və akademik araşdırmaların tədrisinə
çox böyük əhəmiyyət verilir.
Bundan əlavə, tələbələrdən
müasir maliyyə və statistik proqram təminatlarından
istifadə edərək
qabaqcıl araşdırmaların
aparılması tələb
olunur.
- Universitetdə tədris prosesi necə qurulub?
- Universitetdə tədris prosesi çox işgüzardır. Müəllimlər və tələbələr
arasında münasibətlər
azad və eyni zamanda qarşılıqlı
hörmət əsasında
qurulub. Tələbələr dərs zamanı
rahat şəkildə
öz suallarını,
eləcə də irad və təkliflərini
müəllimlərə və
professorlara yönəldə
bilərlər. Əlavə etmək
istərdim ki, bu hal nəinki
müəllimlər tərəfindən
neqativ münasibət
yaratmır, əksinə,
müsbət qarşılanır
və mövzunun müzakirəsinin genişləndirilməsinə
və dərsin daha da maraqlı
olmasına səbəb
olur.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğrultdumu?
- Xaricdə təhsil almağın ən vacib üstünlüklərindən
biri müstəqil və sərbəst şəkildə yaşamağı
öyrənməkdir. Bu, tələbələrə məsuliyyəti
hiss etmək imkanı
yaradır, onları yetkinlik dövrünə hazırlayır və bu dövrdə üzləşə biləcəyi
çətinlikləri sərbəst
şəkildə aradan
qaldırmağı öyrədir.
Bundan əlavə, xarici ölkədə təhsil almaq dünyagörüşünü artırmaq, yeni mədəniyyətlərlə, adətlərlə tanış olmaq, çoxlu dostlar əldə etmək, yeni biliklər və təcrübəyə
yiyələnmək və
innovativ ideyalara sahib olmaq deməkdir. Hazırkı qloballaşan dünyada
bütün bu amillər karyera və fərdi inkişaf üçün
çox əhəmiyyətlidir.
- Universitetdə imtahan sessiyası necə keçir?
- Magistr dərəcəsi üzrə tədris ili 3 semestrdən
ibarətdir. İki semestrin hər
birində 4 fənn tədris olunur. Mühazirələrdə iştirak etmək
hər bir tələbənin şəxsi
seçimidir. Hər bir
fənnin qiymətləndirilməsi
iki hissədən ibarətdir (faiz nisbəti fəndən asılı olaraq fərqlənir). Öncə semestr
ərzində hər bir fəndən komanda və yaxud fərdi şəkildə layihə
işi olur. Adətən
layihə işi müvafiq mövzunu araşdırmaqla bağlı
olur. İmtahan sessiyası hər
semestrin sonunda baş tutur. Bu proses tamamilə anonim şəkildə keçirilir. Suallar yazılıdır və hər imtahana 2 saat vaxt verilir. 3-cü semestr isə on beş min sözdən
və empirik analiz əsasında qurulmuş dissertasiya işindən ibarətdir.
- Azərbaycanlı bir tələbə kimi ölkəmizi, mədəniyyətimizi
təbliğ edə bilirsinizmi?
- Edinburq Universitetində azərbaycanlıların sayı elə də çox deyil. Əksəriyyətini buraya gəlməmişdən öncə və ya təhsil aldığım, yaxud işlədiyim yerdən tanıyıram. Bu səbəbdən asudə vaxtlarının əsas qismini bir yerdə keçiririk. Böyük Britaniya tolerant və çoxmillətli ölkədir. Burada müxtəlif mədəniyyətlərə, dinlərə və adətlərə böyük hörmətlə yanaşırlar. Əcnəbilərin Azərbaycan mədəniyyətinə, yeməklərimizə, adətlərimizə və dəyərlərimizə olan münasibəti çox müsbətdir. Fevral ayında burada Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirdik. Aksiya zamanı ictimaiyyət arasında Xocalı faciəsini əks etdirən mindən artıq məlumatlandırıcı buklet payladıq. Yerli əhaliyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və xüsusilə Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar verdik.
- Dərsdən əlavə
vaxtlarınız necə keçir?
- Seçdiyim ixtisas çətin olduğu üçün çox mövzular mənim üçün tamamilə yenidir. Bu cür çətinlikləri aradan qaldırmaq üçün asudə vaxtımın çoxunu əlavə materiallar oxumağa sərf edirəm. Lakin bayramlar və tətillər zamanı bütün asudə vaxtımı Edinburq və Böyük Britaniyanın digər şəhərlərini, xüsusilə Londonu gəzməyə sərf edirəm. Bundan əlavə, universitetimizdə təşkil olunan müxtəlif maraqlı tədbirlərə qatılıram. Məsələn, "JP Morgan", "Barclays, Citi group", "BP" kimi şirkətlərin menecerleri tərəfindən keçirilən biznes seminarlarında, debatlarda və tələbələrarası müsabiqələrdə fəal iştirak etməyə çalışıram.
- Gələcək
planlarınız?
- Hazırda əsas məqsədim dissertasiyamı müvəffəqiyyətlə bitirib Azərbaycana qayıtmaqdır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan
müəllimi".-2014.-1 avqust.-S.3.