İşə yeni qəbul
olunmuş müəllimlər bu məqsədlə
keçirilmiş
müsabiqəni yüksək dəyərləndirirlər
Yeni dərs ilində
ümumtəhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulu
üzrə müsabiqəyə yekun vurulub. Müsabiqədə
təklif olunmuş 2975 vakant yerdə işləmək
üçün 17962 müəllim müraciət edib.
Onlardan 1304 nəfəri
müsabiqə mərhələlərini uğurla keçirərək
yeni dərs ilindən təhsil müəssisələrində
işləmək hüququ qazanıb. Bu barədə
açıqlanan statistikadan görünür ki, ən çətin mərhələ test imtahanları olub. Belə ki,
imtahanlarda iştirak etmiş 13544 nəfərdən cəmi
1837-si növbəti müsabiqə mərhələsinə keçə
bilib.
Bu il müəllimlərin
işə qəbulu üzrə müsabiqə bir sıra
nüansları ilə əvvəlki illərdəkindən fərqli
olub. Belə ki, o, daha qısa müddətdə
yekunlaşıb: imtaham mərhələsi 1 həftə,
müsahibə isə 3 gün çəkib. Şəffaflıq
təmin olunub, ədalət prinsipi gözlənilib. Bəs,
görəsən, işə yeni qəbul olunan müəllimlər
bu haqda nə fikirdədirlər? Onlar işə qəbul
üzrə müsabiqəni necə dəyərləndirirlər?
Bu sualları müsabiqədə yüksək bal toplayaraq
paytaxtın bir sıra ümumtəhsil müəssisələrində
işə qəbul olunmuş müəllimlərə
ünvanladıq. Aşağıda onların
cabvablarını təqdim edirik:
Müsabiqədə
ən yüksək bal
toplayaraq
birinci yeri tutdum
Nigar QULUZADƏ,
Bakıdakı 130 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi
1987-il sentyabrın 8-də
Cəbrayıl şəhərində ziyalı ailəsində
anadan olmuşam. Hazırda Suraxanı rayonu Yeni Günəşli
qəsəbəsində yaşayıram. 2004-cü ildə
Bakı şəhəri 75 nömrəli tam orta məktəbi
bitirmişəm. Elə həmin il Azərbaycan
Dillər Universitetinə daxil olmuş, 2008-ci ildə həmin
universiteti bitirərək, ingilis dili müəllimi
ixtisasına yiyələnmişəm. 2010-cu ildə Azərbaycan Dillər
Universitetinin magistratura pilləsində təhsilimi davam
etdirmişəm. 2012-ci ildə magistraturanı fərqlənmə
diplomu ilə bitirmişəm. 2009-cu ildən "Zəfər" kurslarında ingilis
dili müəllimi işləyirəm.
2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin
işə qəbulu üzrə müsabiqədə iştirak etdim və 36.44 bal
toplayaraq müsabiqə iştirakçıları arasında
1-ci yeri tutdum. Bu uğurum məni çox
sevindirir. Yeni tədris ilindən Sabunçu rayonu 130 nömrəli
tam orta məktəbdə müəllimlik fəaliyyətimi
davam etdirəcəyəm.
Müəllimlərin işə qəbulunun
mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə
həyata keçirilməsi çox müsbət haldır. Mən də özümü sınamaq
üçün bu müsabiqəyə qoşuldum. Müsabiqədə iştirak etməyimin səbəbi
dövlət müəssisəsində işləmək istəyimdir.
Müsabiqə 3 mərhələdən
ibarət idi. 1-ci mərhələdə ərizə
qəbulu zamanı problemlə üzləşmədim. 2-ci mərhələdə imtahan obyektiv keçdi.
Sualların çətinlik dərəcəsi
normal idi. Və imtahanın gedişi məni
qane etdi. 3-cü mərhələdə isə
yenə heç bir çətinlik olmadan seçdiyimiz məktəblərə
yerləşdirildik.
Ötən illərə nisbətən bu il müəllimlərin
işə qəbulu
prosesinin tez başa
çatması da təqdirəlayiqdir. Daha
savadlı müəllimlərin işə qəbulunu təmin
etmək üçün müsabiqənin böyük əhəmiyyəti
var.
Yüksək
səviyyəli məktəbdə
işləmək qürurvericidir
Vüsalə ASLANOVA,
BSU nəzdində
Məktəb-Lisey
Kompleksinin
tarix müəllimi
1978-ci ildə Naxçıvan şəhərində
anadan olmuşam.1984-1994-cü illərdə Vəli Zeynalov adına 3 nömrəli rus məktəbində
oxumuşam. Təhsilimi əla qiymətlərlə
başa vurmuşam.1995-1999-cu illərdə Naxçıvan
Dövlət Universitetinin tarix fakültəsində təhsil
almışam.
Hazırda Naxçıvan Dövlət
Universitetində ən yeni tarix ixtisası üzrə
magistratura təhsili alıram.15 ildən artıqdır ki,
pedaqoji fəaliyyətlə məşğulam. İndiyədək
Çeşməbasar kənd, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəblərində
işləmişəm, Naxçıvan şəhər 3
nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri
üzrə direktor müavini olmuşam.
Azərbaycanda gedən islahatlar,
qloballaşma prosesi təhsil sahəsində də
özünü göstərir. Bunun bariz nümunələrindən
biri də Təhsil Nazirliyinin müəllimlərin vakant
iş yerlərinə qəbulu
üçün keçirdiyi müsabiqədir. Müsabiqə yüksək səviyyədə təşkil
olunmuşdu. Heç bir maneə olmadan dəqiq
işə salınmış mexanizmlə, yüksək səviyyədə
peşəkarlıqla reallşdırılır. Bununla
da təhsil sahəsində Dövlət Strategiyasının əsas istiqamətlərindən
biri olan peşəkar təhsilverənlərin
formalaşması həyata keçirilir. Zənnimcə,
müsabiqənin ən böyük əhəmiyyəti onun
şəffaf, ədalətli həyata keçirilməsidir.
Sevindirici haldır ki, yüksək səviyyəli
kadrların işlə təmin olunması artıq
günümüzün reallığına çevrilib. Bu isə, mənim fikrimcə, ölkə
Prezidentinin təhsilə göstərdiyi diqqət və
qayğının nəticəsidir.
Mən bu diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımı
bildirirəm. O da təqdirəlayiq haldır ki, az müddət
ərzində təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi
ilə təhsil
sahəsində bir sıra nailiyyətlər əldə
edilib. Bütün bunlar bir Azərbaycan
müəllimi kimi
məni sevindirir və daha yaxşı işləməyə
ruhlandırır.
Mən tarix fənnindən Slavyan
Universitetinin nəzdində Məktəb-Lisey Kompleksindəki
vakant yeri tutmaq hüququ qazanmışam. Bu təhsil
ocağını seçmə səbəbim buranın Azərbaycan
miqyasında aparıcı və özünəməxsus təhsil
ocaqlarından biri olmasıdır. Mənim
üçün qürurverici və sevindirici haldır ki, belə
yüksək səviyyəli təhsil müəssisəsində
xalqımızın gələcəyi və yüksəlişi
naminə çalışmaq hüququ qazanmışam.
İşə
qəbulun musabiqə yolu
ilə
aparılması yaxşı haldır
Məharət QARAYEV,
Bakı
şəhəri, akademik Zərifə
Əliyeva
adına liseyin
kimya müəllimi
Artıq
ikinci dəfədir ki, Təhsil Nazirliyinin işə qəbulla
bağlı keçirdiyi müsabiqədə iştirak edirəm.
1986-cı ildə Ucar rayonunun Məlikballı
kəndində müəllim ailəsində doğulmuşam. Atam
Nağı Qarayev həmin kənddəki məktəbin riyaziyyat, anam Rəna Şərifova isə fizika-riyaziyyat müəllimidir.
Təbii ki, ilk təhsilimlə valideynlərim məşğul
olub.1992-ci ildə birinci sinfə getmiş, 2003-cü ildə
isə məktəbi əla qiymətlərlə bitirmişəm.
9-cu sinfə qədər riyaziyyata meylim olsa da həmin il məktəbə
gələn kimya müəllimim Elsevər Nizamov məndə bu sahəyə maraq
yaratdı.Yeri gəlmişkən, üzərimdə əməyi
olan bütün müəllimlərimə təkrar-təkrar
təşəkkür edirəm.Valideynlərim başda olmaqla
məhz müəllimlərimin
sayəsində orta məktəbi bitirən il yüksək
balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil
oldum. Səylə çalışaraq 2007-ci ildə
kimya-biologiya fakültəsini əla qiymətlərlə
bitirdim. 2010-cu ildə isə Bakı
Dövlət Universitetində magistraturanı fərqlənmə
diplomu ilə başa vurdum.
Magistraturanı qiyabi oxuya-oxuya universitetin
təyinatı ilə 2007-2010-cu illərdə Şamaxı
rayonunun Qızmeydan kəndində işlədim. Daha sonra
internet saytlarından və KİV-dən Təhsil Nazirliyinin işə
qəbulla bağlı keçirdiyi
imtahan barədə eşitdim. 2010-cu ildə imtahan verərək
yüksək nəticələrlə Sabunçu rayonunun
Ramana qəsəbəsindəki E.Ağayev adına 198 nömrəli
tam orta məktəbə işə qəbul olundum. 3 il orada çalışdıqdan
sonra yaşayış
yerimə uzaq olduğu üçün məktəbdən
ayrıldım.
Başqa bir təhsil müəssisəsində
işə qəbul olmaq istəyir və mütəmadi olaraq Təhsil
Nazirliyinin rəsmi internet saytını izləyirdim. Bu il akademik Zərifə
Əliyeva adına liseydə ixtisasım üzrə vakant
yerin olması məni sevindirdi. Bu məktəb
haqqında, onun yüksək nəticələri barədə
məlumatım vardı və liseydə potensialın yüksək
olduğunu bilirdim. Ona görə də tərəddüd
etmədən akademik Zərifə Əliyeva adına
liseyi seçdim.
İmtahana gəlincə, çox rahatlıqla nazirliyin
rəsmi saytında elektron ərizəni doldurdum, qısa
müddət ərzində şəxsi səhifəmə ərizənin
təsdiqi və imtahanın yeri, tarixi barədə məlumat gəldi.
İyulun 25-də
imtahanda iştirak etdim. İmtahan çox rahat keçdi, hər
kəs öz biliyini rahatca nümayiş etdirdi. Suallar və verilən vaxt
normal idi. Elə həmin gün saat 18:00-da nəticələr
açıqlandı və yüksək balla qəbul
olduğumu gördüm. Avqustun 1-də müsahibə mərhələsindən
də uğurla keçdim və bir neçə gün sonra
adım rəsmən nazirliyin internet səhifəsində qəbul
olunmuşların siyahısında açıqlandı.
Müəllimlərin
işə qəbulunun
müsabiqə yolu ilə aparılması sevindirici
haldır. Bu, savadlı müəllim kontingentinin artmasına,
bu da öz növbəsində, savadlı şagirdlərin
yetişdirilməsinə və intellektual gəncliyin
formalaşmasına gətirib çıxarır. Dövlətimizin,
bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
də uğurlu islahatlar aparması bizi sevindirir. Mən bu
işin bütün təşəbbüskarlarına təşəkkürümü
bildirirəm.
İlk yazdığım vakant yerə
yüksək balla qəbul olundum
Nigar İMANOVA,
Bakıdakı 21 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi
1985-ci ildə Bakı
şəhərində anadan olmuşam. Yasamal
rayonundaki 286 nömrəli tam orta məktəbdə təhsil
almışam. 2003-cü ildə ADPU-nun ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsinə 530 balla
daxil olmuşam. 2007-ci ildə oranı bitirib, elə həmin
il eyni ixtisasa universitet üzrə
ən yüksək bal toplayaraq, yəni 85 balla magistraturaya qəbul olmuşam. Universiteti fərqlənmə
diplomu ilə bitirmişəm. Təhsilin müxtəlif məsələlərindən
bəhs edən bir neçə məqalənin, 2-ci sinif riyaziyyatdan qiymətləndirmə
vəsaitinin müəllifiyəm. Özəl məktəbdə
işləmişəm.
Bu il Təhsil
Nazirliyinin saytında vakant yerlər arasında 21 nömrəli
məktəbin adını görəndə özümü
imtahanda sınamaq qərarına gəldim. Çünki
buranın həmişə qabaqcıl məktəblər
siyahısında olduğunu bilirdim. Bu məktəbdə işləmək
arzumu reallaşdırmaq istədim. Və imtahana
qatıldım. Elə birinci yazdığım yerə, 21
nömrəli məktəbə ibtidai sinif müəllimləri
arasında ən yüksək balla
qəbul oldum.
Müsabiqə
çox şəffaf və obyektiv keçdi. Cavabların iki
günə çıxması alqışlanası bir hal idi.
Əvvəlki dönəmlərdəki kimi günlərlə
həyəcan içərisində cavabları gözləmək
lazım gəlmədi. Nəticəsinin az və ya çox
olmasından asılı olmayaraq, imtahan həyəcanı hər
bir insanda olur. Mən öz nəticəmin yüksək
olduğunu bilsəm də bu həyəcan məni də tərk etmirdi.
Ümumiyyətlə, əksər müəllimlərin imtahan
nəticələrinin aşağı olması qabaqcıl bir
müəllim kimi məni çox narahat edir. Məktəbə
ilk dəfə qədəm basan uşaqların təməlini
qoyan müəllim geniş dünyagörüşünə,
hərtərəfli elmi biliyə və güclü metodikaya
malik olmalıdır. Çünki müəllim necədirsə,
elə də şagird yetişdirir. Hazırda savadlı kadrlar
yetişdirmək ölkəmizin
təhsil sisteminin qarşısında duran ən önəmli
vəzifələrdən biridir.
Bu vəzifənin yerinə yetirilməsi isə, ilk
növbədə, biz müəllimlərdən
asılıdır.
İmtahan
yüksək səviyyədə və obyektiv keçdi
Sevinc MƏMMƏDOVA,
Bakıdakı 254 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi
1976-cı il yanvarın 8-də
Naxçıvan MR Ordubad rayonunun Bist kəndində anadan
olmuşam. İlk təhsilimi Naxçıvan
şəhər 12 nömrəli orta məktəbdə
almışam.1993-cü ildə əla qiymətlərlə məktəbi
bitirmişəm. Hələ uşaq
yaşlarından məndə müəllimlik peşəsinə
böyük maraq var idi. Elə bu səbəbdən
1994-cü ildə Y.Məmmədəliyev adına
Naxçıvan Dövlət Universitetinin pedaqogika və ibtidai
təhsilin metodikası fakültəsinə daxil oldum. 1998-ci
ildə universiteti bitirdikdən sonra Naxçıvan şəhər
İslam Səfərli adına 1 nömrəli
orta məktəbdə əmək fəaliyyətinə
başladım.
Mən uşaqlarla işləməyi
çox sevdiyim üçün ibtidai sinif müəllimi
olmaqdan qürur duyuram. 2009-cu ilə qədər
bu məktəbdə müəllim vəzifəsində
işlədim. Daha sonra Bakı şəhərinə
köçdük. Burada mən peşəmi
davam etdirmək qərarına gəldim. Üzrlü səbəblərdən
bir neçə il müəllimlərin
işə qəbulu üzrə müsabiqədə iştirak
edə bilmədim. Nəhayət, bu il sənədlərimi
elektron ərizə vasitəsilə Təhsil Nazirliyinə təqdim
etdim və müsabiqədə iştirak etmək hüququ
qazandım. Müsabiqədə test üsulu ilə imtahana 35
sual salınmışdı. Suallar çox
maraqlı və düşündürücü idi. İmtahan yüksək səviyyədə və
obyektiv keçdi. Mən elə həmin gün
imtahanın nəticələrini bildim.Yüksək bal (35,19) topladığım üçün
növbəti mərhələyə keçdim. Həmin mərhələ müsahibə üsulu ilə
keçirildi. Bu mərhələdən də
yaxşı rəy aldım və ərizəmdə ilk qeyd
etdiyim 254 nömrəli tam orta məktəbə müəllim
təyin olundum. Bu məktəbə təyin
olunduğum üçün çox şadam. Çünki 254 nömrəli məktəb rayonun
nümunəvi məktəblərindən biridir. Üstəlik də mənim yaşadığım əraziyə
yaxın yerdə yerləşir.
Biz ibtidai sinif müəllimlərinin
üzərinə böyük məsuliyyət
düşür. İlk dəfə balaca əllərinə
qələm alan şagirdlərə "vətən",
"ana" kəlmələrini yazdırmaq şərəfli bir vəzifədir.
Şagirdlərin vətənimizə, elimizə layiqli övladlar kimi
yetişməsində biz müəllimlərin rolu
böyükdür.
Müəllimlərin işə
müsabiqə yolu ilə qəbulunu mən də
alqışlayıram. Çünki bu yolla daha
bilikli və hazırlıqlı müəllimlər məktəblərə
gəlirlər.
Azərbaycan
müəllimi.- 2014.- 15 avqust.- S.5.