95 il elm və təhsilin
xidmətində
Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır.
Heydər ƏLİYEV
Azərbaycan
xalqının, Azərbaycan Respublikasının milli sərvəti,
milli iftixarı (Heydər Əliyev) olan Bakı Dövlət
Universitetinin 95 yaşı tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan Bakı Dövlət Universiteti olduqca
böyük keşməkeşli, daşlı-kəsəkli
bir yol keçmiş, hər cür çətinliklərə
baxmayaraq öz müqəddəs amalına doğru irəliləmiş,
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin yolunu
işıqlandırmış, öz elmi-intellektual
potensialı ilə ölkəmizdən çox-çox
uzaqlarda da tanınmış, böyük beynəlxalq nüfuz
qazanmışdır.
1919-cu il sentyabr
ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti uzun və çətin müzakirələrdən
sonra Bakı Dövlət Universitetinin təsis edilməsi
haqqında qanun qəbul etdi. Bu qərarı səbirsizliklə
gözləyən universitetin ilk rektoru V.İ.Razumovski
yazırdı: "Azərbaycan öz maarif
ocağını yaratdı. Türk xalqının tarixinə
yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın
qovşağında yeni məşəl yandı. Bu
böyük tarixi hadisənin şahidləri kimi biz
özümüzü olduqca xoşbəxt hiss edə bilərik". Bu xeyirxah
rus aliminin dediklərində böyük həqiqət və uzaqgörənlik var idi.
Universitetin yaranması bütün Şərqdə
mühüm hadisə olmaqla, Azərbaycan xalqının mədəni
həyatında parlaq səhifənin başlanğıcı
kimi onun gələcək inkişafının əsas amili
idi.
Bakı
Dövlət Universitetinə, onun xalqımız, dövlətimiz
qarşısında xidmətlərinə yüksək qiymət
verən, universitetin dünyaşöhrətli məzunu, ulu
öndər Heydər Əliyev universitetin açılması
haqqında yazır: "Əsrin əvvəllərindən bu
günə kimi Azərbaycan elminə və maarifinə
çıraq tutan
universitetimizin yaradılması xalqımızın tarixində
ən əlamətdar hadisədir."
1919-cu
ilin sentyabrında 4 fakültəsi: Şərq şöbəsi
olan tarix-filologiya fakültəsi, fizika-riyaziyyat fakültəsi,
hüquq fakültəsi və tibb fakültəsi olan Bakı
Dövlət Universiteti fəaliyyətə başladı. 1919-cu il
noyabrın 15-i universitetdə ilk dərs günü elan edildi.
Azərbaycan hökuməti 20-ci illərdə
respublikada xalq maarifinin olduqca acınacaqlı vəziyyətdə
olmasını, milli kadrların
çatışmamasını nəzərə alaraq milli
kadrların yetişdirilməsinə xüsusi diqqət
yetirirdi. O dövrdə Bakı Dövlət Universiteti
milli kadrlar hazırlayan yeganə ali məktəb olduğundan
onun inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi,
tələbə kontingentinin artırılması, tədrisin təşkilinin daha
da təkmilləşdirilməsi ön plana çəkilmişdi.
Xüsusilə xalqımızın görkəmli
ziyalıları universitetin milliləşdirilməsini, tələbə
və müəllim kadrları içərisində azərbaycanlıların
sayının artırılmasını zəruri hesab edirdilər.
Artıq 20-ci illərin əvvəllərində
universitet yeni bina ilə təmin edilmiş, tədrisin təşkili
üçün auditoriya fondu genişlənmişdi. 1920-ci ildə
universitetin elmi kitabxanası fəaliyyətə
başlamış, zəngin kitabxana fondu
yaradılmışdı.
1922-ci ildə SSRİ yaradıldıqdan dərhal
sonra Bakı Dövlət Universitetinin adı dəyişdirilərək
Azərbaycan Dövlət Universiteti adlandırıldı. 1924-cü ildə
V.İ.Leninin vəfatından sonra onun adını əbədiləşdirmək
məqsədilə yenidən Azərbaycan Dövlət
Universitetinin adı dəyişdirilərək V.İ.Lenin adına Azərbaycan Dövlət Universiteti
adlandırıldı.
20-ci illərdə universitetin həyatında
baş verən diqqətəlayiq hadisələrdən biri də
tədrisin tədricən Azərbaycan dilinə keçməsi
olmuşdur. Azərbaycan dilində tədrisin
aparılması, hər şeydən əvvəl, Azərbaycan
dilində dərs deyə biləcək milli kadrlarla əlaqədar
idi. Belə kadrların olmaması bu sahədə
böyük çətinliklər yaratmışdı. Ancaq demək olar ki, fədakar universitet kollektivi və
Azərbaycan hökuməti bu işin öhdəsindən gələ
bildi. Böyük çətinliklə
olsa da Azərbaycan dilində dərs deyən milli kadrlar korpusu
formalaşdı.
1920-ci ildən humanitar fakültələrdə
qismən, təbiət fakültələrində isə
1922-ci ildən Azərbaycan dilində mühazirələr
oxunmağa başlandı. Dövlət
dilində dərslərin aparılması mühüm mədəni
hadisə olmaqla bərabər həm də siyasi hadisə idi.
20-ci illərdə universitet respublikada
sürətli inkişaf edən elm, təhsil, mədəniyyət
və xalq təsərrüfatının böyük sahələrini
yüksək ixtisaslı mütəxəssis kadrlarla təmin
etməli idi. Bu mühüm dövlət vəzifəsini həyata
keçirmək üçün universitet yeni-yeni ixtisaslar
açmağa, tələbə qəbulunu ilbəil atırmağa
müvəffəq oldu. Rəqəmlərə diqqət yetirək:
Əgər 1919/1920-ci tədris ilində universitetə 1094 tələbə
qəbul edilmişdisə, 1928-1929-cu illərdə qəbul
edilən tələbələrin sayı 1925 nəfərə
çatmışdı. 1922-ci ildə
universitetin tibb fakültəsində ilk buraxılış
oldu. Tibb fakültəsini 30 nəfər
bitirdi.
Demək olar ki, universitet çətinliklə
də olsa özünün şərəfli ilk on illiyini
böyük müvəffəqiyyətlə başa vurdu. Respublikamız üçün 1154 nəfər
yüksək ixtisaslı kadr hazırlamağa müvəffəq
oldu.
20-ci illərdə Bakı Dövlət Universiteti
ölkəmizdə milli şüurun, milli özünüdərkin,
milli ideologiyanın
formalaşmasında soy-kökümüzə, tarixi, milli ənənələrimizə
qayıtmaq, milli-mənəvi dəyərlərimizi qoruyub
saxlamaq, daha da inkişaf etdirmək işinə böyük
töhfələr vermiş, milli kadrların yetişdirilməsində
əvəzsiz xidmətlər göstərmişdir. Bakı
Dövlət Universitetinin yetirmələri olan milli kadrlar,
respublika təhsilinin, maarifinin, elm və mədəniyyətin
bütün sahələrinin milli bünövrə üzərində
formalaşmasının əsasını qoymuş, elm, təhsil,
mədəniyyət və demək olar ki, xalq təsərrüfatının
bütün sahələri üçün yüksək
ixtisaslı kadr hazırlığının məbədgahı
olmuşdur.
Elm, təhsil və mədəniyyətimizin
ilk atributları, forma və metodları Bakı Dövlət
Universitetində yaradılmış, formalaşmış, təkmilləşmiş
və bütün respublika miqyasında geniş
yayılmışdır.
Hər şeyin ilki, hər bir işin
birincisi olmaq, əsasını qoymaq, bünövrə qurmaq,
dünyanın görkəmli mütəxəssisləri tərəfindən
yüksək qiymətləndirilmişdir. Bu baxımdan
Azərbaycanın ilk ali məktəbi, elm,
təhsil və mədəniyyət məbədgahı olan
Bakı Dövlət Universitetinin üzərinə olduqca
çətin, məsuliyyətli və şərəfli bir vəzifə
düşmüşdür. Bakı Dövlət Universiteti
özünün 95 illik bir fəaliyyəti dövründə
bu vəzifələrin öhdəsindən şərəflə
gəlmiş, elmimizin, təhsilimizin və mədəniyyətimizin
yolunu işıqlandırmış, həmişə
birinciliyi əlində saxlaya bilmiş, respublikamızda elmə,
təhsilə və mədəniyyətə yeni ideyalar, nəzəriyyələr,
elmi kəşflər, ixtiralar vermiş, elmin və təhsilin
olduqca səmərəli idarəçilik ənənələrini
və inkişaf istiqamətlərini yaratmağa müvəffəq
olmuşdur.
20-ci illərdə respublikamızda milli kadrların
hazırlanmasında mühüm xidmətləri olan Bakı
Dövlət Universiteti elmin, mədəniyyətin, təhsil
sisteminin təşkilati məsələlərinə, ali məktəbin
atributlarının yaranmasına, təhsil sisteminin forma
və
metodlarının müəyyənləşdirilməsinə
də xüsusi töhfələr vermişdir.
1920-ci ildə ali məktəblərdə
təhsil sisteminin və elmin əsası olan kafedralar, tədris
və elmi laboratoriyalar, ilk fənn kabinetləri
yaradılmışdır. 20-ci illərdə həmçinin
Bakı Dövlət Universitetində universitet elminin əsası
qoyulmuş ilk elmi tədqiqat mərkəzləri, elmi cəmiyyətlər,
elmi birliklər yaranmış, 1929-cu ildə ilk aspirantura
açılmışdır. Universitet həmçinin
ilk elmi əsərlərin, elmi topluların müəllifi kimi
çıxış etmiş, ilk dəfə olaraq 1921-ci ildə
universitet xəbərlərində ayrı-ayrı fakültələrin
elmi əsərlərini nəşr etməyə
başlamışdır.
Beləliklə, 20-ci illərin
axırında Bakı Dövlət Universiteti böyük elmi
potensiala malik yüksək ixtisaslı kadr hazırlayan təhsil
və elm məbədgahına çevrilmiş, Azərbaycan təhsilinin,
elminin, mədəniyyətinin inkişafında həlledici rol
oynamağa başlamışdı. Məhz
buna görədir ki, universitetin 10 illik yubileyinin qeyd
olunması haqqında qərar qəbul olunmuşdur.
Yubiley 1930-cu il yanvarın 12-də Bakı
Opera və Balet Teatrında keçirildi. Təntənəli
yubiley iclasında Azərbaycan Dövlət Universitetinin on il müddətində respublikanın təhsil,
elm və mədəni həyatında böyük xidmətləri
qeyd edildi. Xüsusilə yüksək
ixtisaslı mütəxəssis kadrların
hazırlanmasında əldə etdiyi nailiyyətlər
haqqında məruzələr dinlənildi. Universitetin bir çox əməkdaşları
yüksək dövlət mükafatlarına layiq
görüldü.
Ancaq çox təəssüflə qeyd etmək
lazımdır ki, Avropa və Asiyanın qovşağında məşəl
kimi yanan bu elm və təhsil məbədgahı öz
inkişafının çiçəkləndiyi dövrdə
Moskvanın göstərişi ilə 1930-cu il iyunun 19-da Azərbaycan
Xalq Komissarları Sovetinin qərarı ilə fəaliyyəti
dayandırıldı, onun fakültələri
ayrı-ayrı institutlara çevrildi. Onun əmlakı
və 100 min nüsxədən artıq kitab fondu olan
kitabxanası yeni yaradılan institutlar arasında
bölüşdürüldü. 1934-cü
ildə universitet yenidən bərpa edildi.
Artıq 1935-ci ildə universitetdə 13
kafedrası olan 4 fakültə fəaliyyət göstərirdi. Universitetin inkişafına xüsusi diqqət
yetirildiyindən 30-cu illərdə universitetin həyatında
yeni mərhələ başlandı. Onun
fakültələrinin, tələbə kontingentinin və
professor-müəllim heyətinin sayı durmadan artmağa
başladı. Universitetin elmi potensialı əsaslı
surətdə gücləndi.
Artıq son beş ildə universitetdə
500-ə yaxın yüksək ixtisaslı kadr
hazırlanmışdı. 1939-cu ildə universitetdə 300-ə
yaxın professor-müəllim heyəti fəaliyyət
göstərirdi ki, bunlardan da 17 nəfəri elmlər doktoru,
54 nəfəri elmlər namizədi, dosent idi.
Bakı Dövlət Universiteti Böyük Vətən
müharibəsi illərində də olduqca böyük
çətinliklərə baxmayaraq respublikada aparılan təhsil
islahatlarının başında durmuş, universitetdə birləşən
ali məktəblərin işini tənzimləmiş,
kadr hazırlığını davam etdirmiş, 4 ildə 719
nəfər yüksək ixtisaslı kadr hazırlaya
bilmişdi. Müharibə illərində hər
cür çətinliyə baxmayaraq universitet elmi kadrların
hazırlanmasını ön plana çəkmiş, aspirant
hazırlığını davam etdirmişdir. 1941-1945-ci illərdə 211 aspirant öz təhsilini
başa vuraraq namizədlik dissertasiyaları müdafiə
etmişdir.
1941-1945-ci illərdə universitetin elmi
şurasında 13 doktorluq və 118 namizədlik dissertasiyası
müdafiə edilmişdi. Müharibə
illərinin axırlarında universitetin kadr potensialı xeyli
güclənmişdi. 1945-ci ildə universitetdə
professor-müəllim heyətinin sayı 331-ə
çatmışdı ki, bunların da 29 nəfəri elmlər
doktoru, professor, 107 nəfəri elmlər namizədi, dosent, 195
nəfəri isə müəllim idi.
Müharibədən sonrakı illərdə
respublika hökuməti universitetdə yeni fakültələrin,
laboratoriyaların, yeni ixtisasların açılmasına
xüsusi diqqət yetirirdi. 1946-1947-ci
tədris ilində universitetdə 8 fakültə - fizika-riyaziyyat,
kimya, biologiya, geoloji-coğrafiya, filologiya, tarix, hüquq, şərqşünaslıq
fakültələri fəaliyyət göstərirdi. 1945-1947-ci illərdə təkcə filologiya
fakültəsinin yanında jurnalistika, incəsənətşünaslıq,
məntiq-psixologiya və kitabxanaçılıq şöbələri
yaradılmışdı.
50-60-cı illərdə universitetin elmi və
tədris həyatında böyük inkişaf baş
vermişdir. Artıq 60-cı illərin
axırında universitetdə 12 fakültə fəaliyyət
göstərirdi. Son illərdə 4 yeni fakültə:
şərqşünaslıq, kitabxanaçılıq,
jurnalistika və xarici tələbələr fakültəsi
açılmışdı.
Azərbaycanın müasir tarixinə
dönüş mərhələsi kimi daxil olan 70-80-ci illər
Bakı Dövlət Universitetinin həyatında da əlamətdar
illər olmuşdur.
1969-cu ildə ulu öndər Heydər
Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan
özünün həqiqi inkişaf yolunu tapdı. 60-cı illərdə baş verən sosial-iqtisadi
böhran aradan qaldırıldı. Bu dövrdə
respublika ali məktəblərinin
bayraqdarı olan Bakı Dövlət Universiteti Heydər
Əliyevin qayğısı sayəsində böyük
uğurlar əldə etdi. 1969-cu ildə
universitetin 50 illik yubileyi böyük təntənə ilə
dövlət səviyyəsində keçirildi. Yubiley iclasında yubiley komissiyasının sədri
kimi Heydər Əliyev çıxış etdi. Bu tarixi çıxış universitetin həyatında
çox əlamətdar hadisə kimi qiymətləndirildi.
Çünki universitetin yarım əsrlik
yubileyində onun dünya şöhrətli məzunu Heydər
Əliyevin çıxış etməsi çoxminli
universitet kollektivinin böyük fəxri və iftixarı idi.
Heydər Əliyevin indiyə qədər
mövcud ənənələrin əksinə olaraq Azərbaycan
dilində çıxış etməsi xalqımız tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanmaqla milli
şüurun formalaşmasına, Azərbaycan dilinin statusunun
möhkəmlənməsinə əhəmiyyətli təsir
göstərdi. Heydər Əliyev bu parlaq nitqində
universitetin 50 illik inkişaf və tərəqqi yolunu yüksək
qiymətləndirərək deyirdi: "Bu gün Azərbaycan
Dövlət Universitetinin keçdiyi yarım əsrlik yola
yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu
böyük ada layiq olduğunu özünün bütün fəaliyyəti
ilə sübut etmişdir".
Universitetin tarixində yeni mərhələ - Heydər
Əliyevin mərhələsi kimi qiymətləndirilən
70-80-ci illərdə Bakı Dövlət Universitetinin
maddi-texniki bazası möhkəmləndirilmiş, yeni tədris
korpusları tikilmiş, yeni avadanlıqla təmin edilmiş,
yeni fakültələr, yeni ixtisaslar açılmış,
universitet elmi böyük inkişaf yoluna qədəm
qoymuşdu. Məhz bu illərdə universitetin tələbə
kontingentinin sürətlə artımında böyük tərəqqi
əldə edilmiş, tələbələrin sayı 13425 nəfərə
çatmışdı. 70-80-ci illərdə
universitetin əldə etdiyi ən böyük nailiyyət
universitet təhsilinin və elminin əsas aparıcı
qüvvəsi olan kadr potensialının daha da möhkəmlənməsi
olmuşdur. Rəqəmlərə diqqət yetirək:
1970/71-ci tədris ilində universitetdə 710 nəfər
professor-müəllim heyəti fəaliyyət göstərirdi.
Bunların 56 nəfəri professor, 223 nəfəri
dosent, 240 nəfəri baş müəllim, 191 nəfəri
müəllim idi. 1988/89-cu dərs ilində
professor-müəllim heyətinin sayı 1137-yə,
professorların sayı 170, dosentlərin sayı 442, baş
müəllimlərin sayı 342, müəllimlərin
sayı 198 nəfərə çatmışdı. Yəni
on ildə müəllimlərin sayı 427 nəfər,
professorların sayı 114 nəfər, dosentlərin sayı
219 nəfər, baş müəllimlərin sayı 102 nəfər,
müəllimlərin sayı 7 nəfər
artmışdı.
Beləliklə, yuxarıdakı rəqəmlər
bir daha təsdiq edir ki, 70-80-ci illər universitetin tarixində
Heydər Əliyev mərhələsinin təntənəsi
illəri olmuşdur.
Bakı Dövlət Universitetinin 95 il müddətində
əldə etmiş olduğu böyük tarixi nailiyyətlərdə
universitetə 95 ildə rəhbərlik etmiş, böyük
vətəndaş, görkəmli elm və təhsil təşkilatçıları,
elm və təhsil xadimləri olan rektorların böyük
xidməti danılmazdır. Universitetin 95 illik
yubileyinin qeyd edildiyi bu bayram günlərində onların
adlarını böyük minnətdarlıq hissi ilə yad
etmək yerinə düşərdi. Bakı
Dövlət Universitetinin fəaliyyət göstərdiyi 95
ildə ona 24 rektor rəhbərlik etmişdir. Bütün dünyada klassik universitet rektoru olmaq ən
şərəfli vəzifə hesab edilmiş, dünyanın
qabaqcıl ölkələrində rektor vəzifəsinə ən
böyük yaradıcı alimlər, böyük nüfuz
sahibləri, elm və təhsil təşkilatçıları,
cəmiyyət tərəfindən qəbul edilən, xalq tərəfindən
tanınan ziyalılar başçılıq etmişlər.
Ötən əsrin 20-80-ci illərində Bakı Dövlət
Univeristetinə V.L.Razumovski, T.A.Şahbazi, Ə.M.Əliyev,
A.İ.Qarayev, C.Z.Hacıyev, Y.H.Məmmədəliyev,
Ş.F.Mehdiyev, M.S.Əliyev, F.M.Bağırzadə, M.N.Ələsgərov,
Y.C.Məmmədov, C.B.Quliyev, M.G.Qasımov və
başqaları rəhbərlik etmişlər. Dünyasını
dəyişmiş, ancaq qəlblərdə yaşayan bu
böyük tarixi şəxsiyyətlərə Allahdan rəhmət
diləyir və onların müqəddəs ruhları
qarşısında baş əyirəm. Universitetə
son zamanlar rəhbərlik edən professor M.C.Mərdanov və
akademik A.M.Məhərrəmovun böyük təşkilatçılıq
fəaliyyəti universitet kollektivi tərəfindən yüksək
qiymətləndirilir.
Bakı Dövlət Universiteti 95 il
müddətində elm, texnika, iqtisadiyyat, mədəniyyət
və xalq təsərrüfatının müxtəlif sahələri
üzrə 130 mindən artıq yüksək ixtisaslı kadr
hazırlamışdır. Böyük iftixar
hissi ilə demək olar ki, universitetin
hazırladığı kadrlar təkcə ölkəmizdə
deyil, dünyanın bir çox ölkələrində
müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Bakı Dövlət Universitetinin çoxminli kollektivi
böyük iftixar hissi ilə fəxr edir ki, görkəmli dövlət xadimi,
Azərbaycan milli dövlətçiliyinin xilaskarı,
müstəqil Azərbaycan Respublikasının memarı,
xalqımızın ümummilli lideri Heydər Əliyev
Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunudur.
Ulu öndər universitetin məzunu
olması ilə fəxr etdiyini dəfələrlə
bildirmiş və universitetə, onun xalqımız
qarşısında göstərdiyi böyük xidmətlərə
yüksək qiymət vermişdir. O demişdir:
"Bakı Dövlət Universitetinin 80 illik fəaliyyəti
dövründə Azərbaycan həyatının
bütün sahələrinə güclü təsir edərək
xalqımız
qarşısında əvəzsiz xidmətlər
göstərmişdir. Əslində
universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin
inkişafı tarixidir". Ulu öndərin
Bakı Dövlət Universitetinə verdiyi bu qiymət
universitetin çoxminli kollektivinin fədakar əməyinə
verilən yüksək qiymətdir.
Bakı Dövlət Universiteti respublikamızın ilk
elm və təhsil ocağı olduğundan hər cür
çətinliyə baxmayaraq, respublikamızda elm və təhsilin
inkişafına böyük töhfələr vermiş, ilk
milli kadrların yetişdirilməsinin əsas bazası rolunu
oynamış, ali təhsil sisteminin yaradılmasını təmin
etmiş, ali məktəb şəbəkəsinin
formalaşmasında yaxından iştirak etmişdir. Bilavasitə
BDU-nun köməyi
və iştirakı ilə Azərbaycanda onlarla ali
məktəb yaranmışdır.
Bakı Dövlət Universiteti həmçinin
respublikada elmi, elmi-tədqiqat müəssisələrinin
formalaşmasında yaxından iştirak etmişdir. Azərbaycanın ilk milli alimlər nəslinin
yetişməsində mühüm rol oynayan Bakı Dövlət
Universiteti Azərbaycan Milli Elmlər Akademiyasının
yaranmasında elmi baza rolunu oynamışdır. Akademiya universitet alimlərinin bazasında
yaradılmışdır.
Bakı Dövlət Universitetinin 95 ildə keçdiyi yolun əsas,
olduqca mühüm mərhələsi Azərbaycan
Respublikasının öz dövlət müstəqilliyini bərpa
etdikdən sonrakı mərhələdir. Məhz bu mərhələdə
universitet tarixində böyük izlər qoymuş, Azərbaycan
təhsili sistemində mühüm islahatlar
aparılmış, universitet təhsili və elmi beynəlxalq
arenaya çıxmağa, beynəlxalq standartlara cavab verən bir mərhələyə
yüksəltməyə müvəffəq olmuşdur. Bu mərhələdən danışarkən
universitetin son illərdəki fəaliyyəti "intibah
dövrü, böyük müvəffəqiyyətlər
dövrü", böyük axtarışlar dövrü
kimi də nəzər-diqqəti cəlb edir.
Son illərdə BDU elm və tədris sahəsində
qazandığı mühüm nailiyyətlərinə
görə dünyanın qabaqcıl ali təhsil
ocaqları arasında özünəməxsus yer tutmuşdur.
Hazırda BDU-da 18 mindən artıq tələbə təhsil
alır, 17 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat institutu, 4
elmi-tədqiqat mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası
fəaliyyət göstərir. Universitetin strukturuna daxil olan bu
elmi qurumlarda 3 min nəfərə yaxın əməkdaş,
kafedralarda 300 nəfərdən artıq elmlər doktoru,
professor, 900 nəfərdən artıq fəlsəfə
doktoru, dosent çalışır. Onlar
müasir elmin nailiyyətlərindən istifadə etməklə
universitet elminə öz töhfələrini verirlər.
Mən bu müvəffəqiyyətlərin əldə
edilməsində, universitetin bir qocaman professoru kimi universitetə
son 15 ildə başçılıq etmiş akademik, Milli Məclisin
deputatı Abel Məhərrəmovun böyük əməyini
qeyd etmək istərdim.
1999-cu ildə ulu öndər Heydər
Əliyev Abel Məhərrəmovu universitetin rektoru vəzifəsinə
təyin etdi. Abel Məhərrəmovun rektor
kimi yaradıcı fəaliyyəti bu təyinatın olduqca
uğurlu olduğunu təsdiq etdi. Abel Məhərrəmov
rektor təyin edildiyi ilk gündən bütün bilik və
bacarığını, daxili enerjisini və potensial
imkanlarını doğma universitetin tərəqqisinə, təhsil
sisteminin yüksəldilməsinə və təkmilləşdirilməsinə
istiqamətləndirdi, bu təhsil ocağını beynəlxalq
standartlara cavab verən dünya universitetləri
sırasına çıxara bildi. Abel Məhərrəmov
sözün əsl mənasında çoxsaylı universitet
kollektivini vahid bir orqanizm kimi hərəkətə gətirdi.
Bütün professor-müəllim heyətini bir nəfər
kimi universitetin tədris metodiki və elmi-tədqiqat işinə
cəlb etməyə nail oldu. Müstəqillik illərində
elm və təhsil sahəsində başlanan islahatların
başa çatdırılmasında, yeni
yaradıcılıq zirvələrinin əldə edilməsində,
universitetdə böyük quruculuq işlərinin
aparılmasında, universitet kollektivi tərəfindən "qurucu rektor" kimi qəbul
edilən Abel Məhərrəmovun gördüyü işlər
təqdirəlayiqdir. Son illərdə akademik Abel Məhərrəmovun
düzgün və məqsədyönlü rəhbərliyi
sayəsində BDU-nun maddi-texniki bazası möhkəmlənmiş,
universitet binaları əsaslı təmir edilmiş, geniş universitet
şəhərciyi, böyük idman korpusu tikilmiş,
universitetin yeni tədris korpusu istifadəyə verilmişdir.
Tədris prosesində aparılan islahatlar,
Bolonya prosesinə keçid, tədris prosesinin daha da təkmilləşməsinə,
keyfiyyətinin yüksəlməsinə, tədris prosesində
kompüter texnologiyalarından istifadə edilməsinə, yeni
dərslik və dərs vəsaitlərinin yaradılmasına
geniş şərait yaradılmışdır.
Universitet elminin inkişafı sahəsində
də mühüm işlər görülmüş,
kafedraların elmi fəaliyyəti güclənmiş, elmi-tədqiqat
planları müasir dövrün tələblərinə
uyğunlaşdırılmış, yeni elmi-tədqiqat
laboratoriyaları yaradılmış, onlar müasir
avadanlıqla, cihazlarla təchiz edilmişdir. Yeni elmi layihələrin işlənməsi
universitet elminin daha da yüksəlməsinə, beynəlxalq
arenaya çıxmasına səbəb olmuşdur.
Universitetin son illərdə əldə etdiyi bu böyük
nailiyyətləri yüksək qiymətləndirən
möhtərəm Prezidentimiz İlham Əliyev demişdir:
"Bakı Dövlət Universiteti Azərbaycanın
aparıcı təhsil ocağıdır. Burada
çox güclü professor-müəllim heyəti vardır
və bütün dövrlərdə universitet Azərbaycanda
peşəkar kadrların hazırlanması işində
çox böyük işlər görmüşdür.
Bu gün isə universitet inkişafının
yeni mərhələsini yaşayır".
Beləliklə, doğma universitetimiz
öz tarixi 95 illik keşməkeşli yolunu böyük qürurla
keçərək Azərbaycan xalqının elm və təhsil
məbədgahına çevrilmişdir. Mən
universitetin məzunlarından və qocaman professorlarından
biri kimi hazırda öz inkişafının yeni mərhələsini
yaşayan bu doğma, əziz universitetimizə təhsilimizin və
elmimizin tərəqqisi naminə
böyük uğurlar diləyirəm.
Doğma və əziz Bakı Dövlət Universiteti! Var ol, yaşa, yarat, Ulu Tanrı köməyin olsun.
Abuzər
XƏLƏFOV,
BDU-nun
kitabxanaşünaslıq kafedrasının müdiri,
əməkdar elm xadimi, tarix elmləri doktoru, professor
Azərbaycan
müəllimi.- 2014.- 5 dekabr.- S.4.