İmtahan sessiyasının təşkili və
keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ali təhsil müəssisələrində 2014/2015-ci tədris
ilinin payız semestrinin
imtahan sessiyasını (bundan
sonra imtahan
sessiyası) mövcud qaydalara
uyğun təşkil etmək, tələbələrin
biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ali təhsil müəssisələrinin rəhbərləri:
- imtahan
sessiyasının mövcud normativ sənədlər əsasında təşkil
olunmasını təmin etsinlər;
- rəhbərlik
etdikləri ali təhsil müəssisələrində
imtahan qərargahı yaratsınlar və
qərargaha daxil olan hər
bir şikayətin qısa müddətdə
operativ şəkildə
araşdırılmasını təmin etsinlər;
- imtahan
sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda
ictimaiyyətin və valideynlərin iştirakına şərait
yaratsınlar;
- imtahanların təşkilində
və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər
barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə
alsınlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala
görə məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. 2015-ci ildə
Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi ilə əlaqədar
Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində
payız semestrinin imtahan
sessiyası 29 dekabr 2014-cü ildə
başlasın və 18 yanvar 2015-ci il tarixində sona
çatsın.
3. Təhsil nazirinin müavini (C.Bayramov), Aparatın rəhbəri (M.Eynullayev), Aparat rəhbərinin
müavini (Y.Piriyev), Elm və ali təhsil (G.Hüseynova) və Daxili
nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın:
- imtahan sessiyasına hazırlıq
dövründə və sessiya müddətində
ali təhsil müəssisələrində
baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir
görmək üçün təkliflər
hazırlasınlar;
- ali
təhsil müəssisələrində payız semestrinin imtahan
sessiyalarının nəticələrini təhlil edib müvafiq
arayışları müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İnformasiya
şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil
Nazirliyinin "Qaynar xətt"
xidmətinin fəaliyyəti və imtahan
sessiyasının gedişi barədə
kütləvi informasiya vasitələrinə
müntəzəm olaraq məlumat verilməsini
təmin etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
4 dekabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 5 dekabr.- S.2.