Şagirdlərə hansı kitabların

mütaliəsi tövsiyə olunur?

 

Mütəxəssislər şagirdlərdə dünyagörüşün

formalaşması üçün hansı əsərlərin

oxunmasını zəruri hesab edir?

 

Orta məktəb şagirdlərinin mütaliə probleminə cari ilin sentyabrında  təhsil naziri Mikayıl Cabbarovun ciddi tələbkarlıqla yanaşması ölkə ictimaiyyəti, valideyn və müəllimlər tərəfindən müsbət qarşılandı. Bu məsələ ilə bağlı qəzetimizdə də mütəmadi olaraq ayrı-ayrı mütəxəssislərin, pedaqoqların maraqlı fikirləri dərc olunub. Bədii əsərlərin şagirdlərin inkişafına, dünyagörüşünün formalaşmasına təsiri ilə bağlı məqalələr verilib.

Orta məktəb şagirdlərinin ən çox eşitdiyi söz "oxu", "mütaliə et", "bədii əsərlər oxu" sözləridir. Bunu  yalnız ədəbiyyat müəllimləri deyil, digər humanitar fənn müəllimləri də tələb edirlər. Hətta riyaziyyat, biologiya, coğrafiya kimi fənn müəllimlərinə də şagirdlərə öz fənlərini daha asan qavramağa kömək edə biləcək bədii əsərlərin tövsiyə edilməsi maraqlı olmalıdır. Amma "oxu" deməklə məsələ həll olunmur. Müəllimlər "niyə oxumalıyam", "bədii əsərləri oxumaq mənim nəyimə lazımdır" kimi suallarla da qarşılaşa bilərlər. Yəqin ki, qarşılaşmamış da deyillər...

Məsələnin yüksək əhəmiyyətini nəzərə alaraq redaksiyamız bu mövzunu daim gündəmdə saxlayır. Ancaq bu dəfə biz şagirdlərimizə mütaliəyə sərf olunan vaxtdan  daha yaxşı faydalanmaq, dünyagörüşün formalaşmasına hansı əsərlərin daha çox təsirini bilmələri  üçün mütəxəssislərin tövsiyələrini çatdırırıq. 

 

Bədii əsərləri nə üçün oxuyuruq?

 

Professor Buludxan Xəlilov: "Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müstəqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Ona görə ki, bədii əsər oxumayan şagirdin lüğət tərkibi də kasad olur. O danışanda çətinlik çəkir, fikrini ifadə etmək üçün sözlər tapa bilmir. Bir sözlə, şagirdin şifahi nitqi qüsurlu olur. Bədii əsər oxumayan şagirdin bədii zövqü zəif olduğundan o, yazı mədəniyyətində də qüsurlu olur. Fikrini yazılı şəkildə ifadə edə bilmir. Bədii zövq olmadan şagird fikrini bədii şəkildə ifadə edə bilməz. Daha doğrusu, yazılı nitqini qura bilməz.

İngilis yazıçısı Nil Heyman: Bədii ədəbiyyatın iki təyinatı var. Birinci, o sizi yeni sözlər öyrənməyə, başqa tərzdə düşünməyə, irəli addımlamağa məcbur edir. Dərk etmək lazımdır ki, oxumaq özü də həzz verir.

Bir dəfə bunu edəndən sonra siz oxumağa məhkum olursunuz. İkinci cəhdisə empatiya yaratmasıdır. Televiziya verilişinə, ya filmə baxarkən siz başqalarının başına gələnləri izləyirsiniz. Bədii ədəbiyyat - nəsə hərflərdən və bir ovuc durğu işarələrindən yaratdığınızdır və siz yalnız xəyallardan istifadə edərək bir dünya yaradırsınız, məskunlaşdırırsınız və ətrafa özgə gözü ilə baxırsınız. Heç vaxt dərk etməyəcəyiniz şeyləri dərk edirsiniz. Dərk edirsiniz ki, xarici dünya da sizsiniz. Siz başqa biri olursunuzöz dünyanıza qayıdanda sizdə artıq nəsə dəyişmiş olur.

Mütəxəssislər şagirdlərdə dünyagörüşün formalaşması üçün hansı əsərlərin oxunmasını zəruri hesab edir?

 

Artıq orta məktəbdə mütaliənin sistemli

təşkilinə nəzarətlə bağlı təşəbbüs görünür

 

Orta məktəb şagirdlərinin mütaliəsinin təşkilinə nəzarətin necə həyata keçirilməsini araşdırmaq məqsədi ilə Bakı şəhərində  bir neçə məktəbin direktoru və Azərbaycan dili və ədəbiyyat müəllimi, kitabxana nümayəndələri ilə görüşdük. Məktəblərdə mütaliənin təşkili, əsasən, ədəbiyyat müəllimləri tərəfindən aparılır. Lakin müəllimlər və kitabxanaçılar mütaliəyə marağın qənaətbəxş olmamasını vurğuladılar. Ən çox mütaliə edənlər V-VIII sinif şagirdləridir. Onlar da əksərən sinifdənxaric oxu materiallarını götürmək üçün müraciət edirlər kitabxanaya.

Mütaliənin təşkilinə nəzarətlə bağlı 246 nömrəli məktəb xüsusi diqqətimizi çəkdi. Məktəbə yeni direktor təyin olunmuş Almaz Bayramova az müddət içərisində Azərbaycan dili və ədəbiyyat müəllimlərinin birgə iştirakı ilə orta məktəb şagirdlərinin mütaliəsi üçün tövsiyə olunan ədəbiyyat siyahısını tərtib edib. Bu siyahı I sinifdən başlayaraq X sinfə kimi şagirdlər üçün nəzərdə tutulub. XI sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarına hazırlaşmaları nəzərə alınaraq bu siyahının onlara şamil olunması uyğun görülməyib. İbtidai sinif şagirdləri üçün mövzular müəyyənləşdirilərək ədəbiyyat seçimi müəllimlərin ixtiyarına verilir. I-IV siniflər  üçün kiçikhəcmli nağıllar, anaya, ailəyə aid hekayə və şeirlər, vətənpərvərlik, yaxşılıq, etik qaydalar, Azərbaycanın sərvətləri haqqında, böyüklərə hörmət, təbiəti, heyvanları sevmək mövzusunda bədii ədəbiyyat nümunələrinin seçilib oxudulması ibtidai sinif müəllimlərinin vəzifəsi kimi müəyyənləşdirilir.

V-X sinif şagirdlərinin klassik ədəbiyyatın mütaliəsinə xüsusi diqqət yetirilir. Şifahi xalq yaradıcılıq mütaliəsinə geniş yer verilməsi işin təqdirəlayiq tərəflərindəndir. Milli ədəbiyyatımızla yanaşı dünya ədəbiyyatına da marağın artırılması bu təşəbbüsün məqsədləri sırasındadır.

 

Bəs şagirdlər hansı kitabları

almağa üstünlük verirlər? 

 

Elmlər Akademiyası metrosunun ətrafında məktəb və universitetlərin çox olması səbəbindən ilk maraqlandığımız kitab mağazalarını da bu ərazidən seçdik. Şagirdlərin daha çox hansı kitabları  almaları ilə maraqlandıq. Olduğumuz dörd mağazada, əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün kitabların daha çox alınması, xüsusilə də rusdilli bədii əsərlərin üstünlük təşkil etdiyi faktı üzə çıxdı. Məktəb şagirdlərindən isə daha çox II-IX sinif şagirdlərinin kitab aldığı bildirildi. Daha çox satılan kitablar qısaldılmış bədii əsərlərdir ki, məktəb dərsliyində sinifdənxaric oxu mövzusunu təşkil edir. Şagirdlərin alıcılıq səviyyəsinə gəlincə adıçəkilən dörd mağazadan biri istisna olmaqla, digər üçündə vəziyyət o qədər də ürəkaçan olmadı. 

 

Mütəxəssislər hansı bədii

əsərləri oxumağı tövsiyə edirlər?

 

Tanınmış pedaqoq Əjdər Ağayev uşaqlara mütaliə vərdişlərinin aşılanma prosesini   üç mərhələyə ayıraraq hər birinin özəlliklərini incəliklərinə qədər təhlil edir. İlkin mərhələ məktəbəqədər yaşlı uşaqların mütaliəsidir. Bu mərhələdə şəkilli kitablar üstünlük təşkil edir. "Yalnız sözlü oxuma olmur, şəkillər də oxunur" deyən pedaqoq uşaqların böyüklərlə birlikdə kitablardakı şəkilləri müzakirə etməsini düşünmə, qavrama qabiliyyətinin formalaşmasında zəruri hesab edir. Kiçikyaşlı uşaqlara iki-üç dəfə rəsmli kitablar alınarsa, növbəti dəfə özləri bunu tələb edəcəklər.

Əjdər Ağayev I-VII sinif şagirdləri üçün qəti olaraq müəyyən yazıçı və əsər adlarını dəqiq müəyyənləşdirməyin əhəmiyyətini deyil, daha çox hansı mövzuda əsərlərin oxunmasını müəyyənləşdirməyin önəmli olması fikrindədir. Aşağı sinif şagirdlərində mütaliə insani keyfiyyətlərin aşılanması xarakterini daşıyır. Buna görə də müəllimlər vətən, ailə, insanlıq məhəbbəti, təbiətə, heyvanlara sevgi, böyüyə hörmət, dostluq, inamimans. hissləri  aşılayan kiçikhəcmli maraqlı, məzmunlu bədii əsərlərin seçilib oxutdurulmasına diqqət etməlidirlər.

Artıq yuxarı siniflər hesab olunan VIII-XI siniflərdə konkret hansı əsərlərin oxudulması haqqında düşünmək daha böyük əhəmiyyət kəsb edir. Görkəmli pedaqoqa görə, bu mərhələdə şagirdlərə qəhrəmanlıq, həyatla mübarizə, özünə inam motivləri üstünlük təşkil edən bədii əsərlərin seçiminə xüsusi diqqət verilməlidir. Ə.Ağayev Cek Londonun "Həyat eşqi" əsəri timsalında dünya ədəbiyyatından  belə əsərlərin şəxsiyyətin formalaşmasındakı mahiyyətini açıqladı. İsmayıl Şıxlının "Dəli Kür" romanı da şagirdlərə milli hisslərin  aşılanmasında xüsusi əhəmiyyətli nümunə kimi dəyərlidir. Dövrün tarixini şagirdlərin təxəyyülündə tarix fənnindən daha artıq canlandırmaq baxımından professor tarixi romanların yuxarı sinif şagirdlərinə oxudulmasını məqsədəuyğun hesab edir.

Ə.Ağayev uşaq ədəbiyyatının yazılmasını şərəfli bir sayaraq bunun çox məsuliyyətli bir öhdəlik olduğunu da vurğuladı. Pedaqoq müasir bədii nümunələrin içərisində "söz bolluğu verən və hikmət bolluğu verən" əsərlərin olduğundan bəhs etdi. Şagirdlərə hikmət bolluğu vermək istəyən müəllimlərə Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Xanımana Əlibəyli, Teymur Elçin kimi uşaq yazarlarının bədii əsərlərindən bəhrələnməyi tövsiyə etdi.

Uzunmüddətli  pedaqoji təcrübəsi, ədəbiyyatşünaslığı və yazıçılığı, məktəbdarlığı, naşirliyi ilə, kitab marketinin təsisçisi kimi tanınan Şəmil Sadıqovun da mütaliənin təşkili ilə bağlı fikirləri, tövsiyələri təhsil sahəsində çalışan və bu sahəyə maraq göstərənlər üçün   faydalıdır. Ona görə, ilk növbədə önəmli olanoxutmaq deyil, necə oxutmaqdır. Şagirdlərin mütaliə vərdişlərinin qazandırılması istiqamətində ən böyük məsuliyyət məktəbəqədər təhsil verən müəllimlərdən başlayaraq XI sinfə dərs deyən müəllimlərin üzərinə düşür.  Buna görə də müəllimlərin qarşısında duran əsas məqsəd mütaliəyə maraq oyatmaqdır. Ş.Sadıqov hətta öz müəllimlik təcrübəsindən bir epizodu danışaraq, bu yolda yanlış addımları şagirdlərin mütaliədən ömürlük uzaq düşməsinə səbəb ola biləcək qədər təhlükəli hesab edir. O, söylədi ki, pedaqoji təcrübəsinin ilk illərində səriştəsizlikdən yeddinci sinif şagirdlərindən İsa Hüseynovun "İdeal" romanını oxumağı tələb etmiş, mümkün olduğu qədər oxutmuş, oxuda bilmədiklərinə isə əsərin məzmununu danışmışdır. Lakin indi düşünür ki, bu onun tərəfindən böyük bir yanlışlıq olub. Çünki alimlik fəaliyyəti dövründə "İdeal" əsərinin dərk edilməsinin asan bir olmadığı və hətta bunun hər kəsə nəsib ola bilməyəcəyi qənaətinə gəlib.

Şəmil Sadıqov da aşağı sinif şagirdlərinə mövzular üzrə bədii əsər seçiminin tələb olunması fikrindədir. Yuxarı siniflərdə isə  ədəbiyyat nümunələrinin seçimi artıq müəyyən mütaliə vərdişlərinə malik şagirdlərin intellektual səviyyəsinin qaldırılmasına xidmət göstərməlidir. Buna görə də X-XI siniflərdə dünya ədəbiyyatı nümunələrinin tədris olunmamasını təəccüblə qarşılayır. Dünya ədəbiyyatı tarixindən xəbəri olmayan abituriyentin gələcəkdə necə yaxşı bir filoloq ola biləcəyini təsəvvürə gətirmək çətindir.

Şəmil Sadıqov orta məktəb şagirdlərinə klassik Azərbaycan ədəbiyyatının ölməz abidələrini, "Dədə Qorqud", "Koroğlu" dastanlarının, əfsanə və rəvayətlərin, həmçinin "Altun" nəşriyyatı tərəfindən hazırlanan klassik dünya ədəbiyyatı nümunələrinin sadələşdirilmiş variantının oxunmasını tövsiyə edir. 

 

Könül Nəhmətova

 

Azərbaycan müəllimi.- 2014.- 5 dekabr.- S.1; 5.