Türkdilli Dövlətlərin təhsil
nazirlərinin görüşü keçirilib
Noyabrın 28-də
Bakıda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv
ölkələrin təhsil nazirlərinin üçüncü
görüşü keçirilib.
Azərbaycanın
ev sahibliyi ilə
keçirilən görüşdə Azərbaycanın təhsil
naziri Mikayıl Cabbarov, Türkiyənin milli
təhsil naziri Nəbi Avcı,
Qırğızıstanın təhsil naziri
Kanat Sadıkov, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Türk Şurasının Baş katibi Ramil Həsənov,
Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin
müşahidəçi qismində Türkmənistan
nümayəndələri, Azərbaycanın bir
sıra ali təhsil müəssisələrinin
və digər müvafiq
qurumların təmsilçiləri iştirak
ediblər.
Öncə tədbir
iştirakçıları Fəxri xiyabanda
ulu öndər Heydər Əliyevin və
görkəmli oftalmoloq alim
Zərifə xanım Əliyevanın məzarlarını
ziyarət ediblər. Daha sonra
Şəhidlər xiyabanında olan ziyarətçilər
Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların qəbri
üzərinə gül dəstələri
qoyublar.
Görüşün açılış mərasimində Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə
Prezident İlham
Əliyevin tədbir iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.
Dövlət
başçısı məktubunda bildirib
ki, türkdilli ölkələrlə
əməkdaşlığın daim
yüksələn xətlə inkişaf
etdirilməsi Azərbaycan dövləti üçün
həmişə mühüm əhəmiyyət
daşıyır. Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası çərçivəsində
birgə həyata keçirilən çoxsaylı layihələr
ölkələrimiz və xalqlarımız arasında tarixi-mədəni
əlaqələrin dərinləşməsinə xidmət
göstərir. Prezident İlham
Əliyev əsrlər boyu
formalaşmış ənənələrimizin gələcək
nəsillərə layiqincə çatdırılmasında təhsilin
misilsiz rolunu qeyd edərək, bu sahədə
aparılan siyasəti təqdirəlayiq hal
kimi yüksək qiymətləndirib.
Daha sonra Türk
Şurasının baş katibi
Ramil Həsənov çıxış
edərək bu konfransın keçirilməsinin
böyük əhəmiyyətə malik olduğunu bildirib.
Təhsil naziri Mikayıl Cabbarov isə
Azərbaycanda təhsil sahəsində həyata keçirilən
islahatlar, əldə edilən uğurlar və qarşıda duran
məsələlər barədə ətraflı məlumat verib. Nazir türkdilli
ölkələrin nümayəndələri arasında
müntəzəm görüşlərin münasibətlərimizin
daha da genişlənməsi
baxımından mühüm əhəmiyyətə
malik olduğunu qeyd edib. Türk
universitetləri birliyinin qurulması, Türk Akademiyasının təsis olunması
və digər birgə layihələr əməkdaşlığı
yeni mərhələyə
qaldırıb.
Görüşdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin
nümayəndələri təhsil sahəsində əməkdaşlığın
cari vəziyyətini müzakirə ediblər.
Əlaqələrin inkişafının əsas istiqamətləri,
o cümlədən mübadilə
proqramları, ortaq dərsliklərin işlənib
hazırlanması, orta məktəb səviyyəsində
şagird mübadiləsi, Türk
Akademiyasının Elmi Şurasının
yaradılması və digər məsələlərlə
bağlı konkret təkliflər nəzərdən
keçirilib.
Sonda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv
ölkələr arasında görüşün
yekunlarına dair sənədlər
imzalanıb.
Azərbaycan müəllimi.- 2014.-
5 dekabr.- S.1.