"Müəllimlərim
həmişə deyirdi ki,
sən 700 bal toplayacaqsan"
Qəbul imtahanının rekordçusu Fatimeyizəhra Nəbizadə ilə söhbət
"Magistr təhsilimi Amerikanın
Kaliforniya
ştatında almaq və
Azərbaycana qayıdıb dərs demək istəyirəm"
Bu sözləri 2014-cü il
qəbul imtahanlarında maksimum nəticə
göstərən və adı ilə də diqqət mərkəzində
olan Fatimeyizəhra Nəbizadədən
eşidirəm. Redaksiyamıza qonaq olan Fatimeyizəhra Nəbizadədən tələbəlik
həyatı və dərsləri barədə söhbətə
başlayırıq.
- İstərdik ki, səni tanıyaq.
- 1997-ci ildə
Bakı şəhərində doğulmuşam.
"Türkiyə Diyanət Vəqfi" liseyinin
məzunuyam. TQDK-nın qəbul imtahanında 700 bal topladım. Qafqaz Universitetinin "Kimya
mühəndisliyi" ixtisasını seçdim.
Qəbula 3 il həm təhsil
aldığım liseydə, həm də "Araz"
kurslarında hazırlaşmışam. Ailədə 5 nəfərik
- atam, anam, bacım,
qardaşım və mən. Atam energetika mühəndisi, anam
isə tibb bacısıdır. Qardaşım Türkiyədə təhsil
alıb, o da mühəndisdir.
Bacım tibb təhsili alıb və
Türkiyədə təhsilini davam etdirir.
- Dostların səni
necə tanıyır?
- Dostlarım məni çox
oxuyan kimi
tanıyır.
- Xarakterin
necədir, hansı mənfi və müsbət xüsusiyyətlərin
var?
- Sevmədiyim
xüsusiyyətim çox emosional
olmağımdır. Hər
şeyə tez reaksiya verirəm. Sevdiyim xüsusiyyətim məqsədimə
çatmağa çalışmağımdır.
- "Həmişə məqsədlərinə çatasan"-
deyib, mühəndis olmağa necə qərar verməsi ilə maraqlanırıq:
- Atam və qardaşım mühəndisdir.
Ən sevdiyim fənnim isə fizikadır. Bütün bu amillər seçimimə çox kömək etdi. 8-ci sinifdən qərar
verdim ki, mühəndis olacağam.
Anam və bacım tibb sahəsində olsa da, bacımın
çətinliklərini görürdüm.
Həm də o sahə mənə görə deyildi.
- Ailən seçiminə
qarışıb?
- Ailəm daima mənə dəstək olub. Seçimi mənə buraxıblar.
- Məktəbdə müəllimlərinin
ixtisas seçimində
köməyi olub?
- Örnək götürdüyüm
müəllimlərim çox
idi. Amma mənim üçün fizika-riyaziyyat müəllimlərimin
yeri ayrı olub. Müəllimlərim
həmişə deyirdi
ki, sən 700 bal toplayacaqsan.
- Ali məktəbə hazırlıq mərhələsi
zamanı dərslərində
ailənin hansı köməkliyi olub?
- Atam, qardaşım
dərslərimdə kömək
edirdilər. Amma dərslərimi demək
olar həmişə özüm hazırlamışam.
- Tələbə adını
qazanmaq üçün
hazırlıq kursuna getmək mütləqdirmi?
- Bu fərdidir. Şagirdin özündən
asılıdır. Məktəbdəki dərslərini oxusa uğur əldə edə bilər. Amma yüksək nəticə
üçün hazırlıq
olmalıdır.
- Qəbul imtahanlarında,
yaxud ali
məktəblərdə nələrin
dəyişməsini istəyirsən?
- Düşünürəm ki, çalışmaqla
700 bal toplamaq olar. Qəbul imtahanı nə
çətin, nə də asan deyil.
Amma universitetlərdə çoxlu
yeniliklərin olmasını,
tələbələrin təcrübəsi
üçün daha yaxşı şəraitin,
geniş imkanların yaradılmasını istəyirəm.
Universiteti bitirib işə
qəbul olanda təcrübə daha çox önəm daşıyır, nəinki
oxuduğun dərslər.
Əvvəldə də
qeyd etdiyimiz kimi, onun balı ilə yanaşı adı da diqqət mərkəzində idi. Bu
adın qoyulma tarixini soruşuruq:
- (gülür) Adımı anam qoyub. Yuxu görüb, deyiblər
qızın olacaq.
O da mənə bu adı verib.
Adı
fərqli olan bu qızın tələbə həyatı
necədir? Tələbəliyi şagirdlikdən nə fərqləndirir? Bütün
bunlar barədə danışmağa başlayırıq:
- Tələbəlik mənim üçün yenidir. Tam öyrəşə
bilmirəm. Universitet, dərslər
yaxşıdır. Zaman-zaman məktəb
vaxtına qayıtmaq,
şagird olmaq istəyirəm. Məktəb vaxtı daha əyləncəli, qayğısız
idi. Həm də mən
ətrafıma tam uyğunlaşa
bilməmişəm.
- Bəlkə sakitliyindən
irəli gəlir?
- Mən liseyə
qəbul olanda da eyni problem yaşamışdım. Sonralar öyrəşdim.
- Sosiallaşa bilmədiyini
deyirsən. Sosiallaşmaq üçün nə edirsən?
- Universitetdə tanıdıqlarım
çoxdur. Bu mənə öyrəşməyə
kömək edir.
- Dərslərdə hansı problemlərin var?
- Hələ ki,
hazırlıq kursundayam.
Ancaq ingilis dili keçirik.
İxtisasa hazırlıqdır bu. Dil də elə
bir şeydir ki, gündəlik onunla məşğul olmalısan. Dərslərim yaxşıdır. Qarşıdan imtahanlar gəlir. Həftəlik sınaqlarda nəticələrim
yaxşıdır. Amma daha
yüksək olmağına
çalışıram.
- Tələbə kimi
tədbirlərdə iştirak
edirsən?
- Tələbəlik daha məsuliyyətlidir. Hər addımını məqsədin
üçün atmalısan.
Universitetdə klublar var. Mən
də akademiya klubuna üzv olmuşam. Bu, tələbələr üçün
seminarlar təşkil
edən bir klubdur.
- Dərsdən sonrakı
vaxtını necə
dəyərləndirirsən?
- Arada bir gəzməyə gedirəm.
Ailəmlə vaxt keçirirəm.
Dərslərimi hazırlayıram. Saz çalmaq istəyirəm.
Öyrənmək üçün universitet nəzdində kluba yazılmışam.
- Niyə saz?
- Mən özüm
Qazaxlıyam. Ailəlikcə aşıq musiqisini sevirik.
- Sazdan başqa
nəyə marağın
var?
- Futbolu izləyirəm.
"Fənərbaxça"nın
azarkeşiyəm.
- Futbol oynamısan?
- Çox az.
Gələcəyin mühəndisinin gələcək
planları ilə maraqlanırıq:
- Amerikada Kaliforniya ştatında ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Sonra universitetə qayıdıb
müəllim, akademik
fəaliyyət göstərəcəyəm.
Mən hətta fikirləşirdim
ki, bakalavr dönəmində bir-iki illik gedim xaricdə
oxuyum. Amma düşündüm ki, magistr daha
məqsədəuyğundur.
Söhbət
əsnasında tələbə
yerinə bir neçə dəfə şagird deyən birinci kurs tələbəsi
və gələcəyin
mühəndisinə qonağımız
olduğu üçün
təşəkkür edib,
onunla sağollaşırıq.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2014.- 5 dekabr.- S.5.