Amerika və avropalı şagirdlər
hansı əsərləri mütaliə edir?
Bu əsərlərdən
Azərbaycan məktəblərində istifadə etmək
olarmı?
Bədii mütaliə istənilən halda
insanın mənəvi cəhətdən kamilləşməsində
xüsusi əhəmiyyətə malikdir. Bədii mütaliənin müsbət təsiri
yeniyetməlik dövründə
daha da effektiv olur. Bu dövr insan
yaddaşının ən həssas dövrü
olduğu üçün
şagirdlər həmin imkandan maksimum şəkildə yararlanmalıdır.
Şagirdlərdə bədii zövqün
formalaşması sinifdənxaric oxu və
mütaliədən daha çox
asılıdır. Uşaq ədəbiyyatı
və ümumiyyətlə, bədii ədəbiyyat, yaş dövründən asılı olaraq, ardıcıl şəkildə
mütaliə olunduqda daha
effektiv olur.
Ölkəmizdə
dövlətin diqqət və qayğısı sayəsində
bu istiqamətdə bir
sıra mühüm işlər görülüb. Azərbaycan və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri kütləvi
və çoxsaylı nəşr
olunaraq respublikanın bütün
kitabxana şəbəkəsinə hədiyyə
edilib. Bu nəşrlər
sayəsində gənc nəsil bədii və elmi
ədəbiyyata ehtiyacını ödəməklə istifadə
edə bilir. Lakin bununla belə şagirdlərimizə, sinifdənxaric
oxu üçün bir neçə dünya
miqyaslı yazıçıların əsərlərini
tövsiyə edirik. Qeyd edək ki,
həmin müəlliflərin əsərləri Avropa - Amerika və
ümumiyyətlə, dünyanın bir çox ölkələrinin orta
məktəblərində sinifdənxaric oxu
kimi tövsiyə olunur
və hətta müəyyən hallarda birbaşa dərsliklərə daxil
edilir.
XX əsrin ən böyük
ədəbiyyatçılarından biri,
görkəmli ingilis
yazıçısı Ernest Seton Tompsonun "Seçilmiş
əsərləri", əsasən də "Balaca vəhşilər", "Mənim həyatım"
romanları və bir çox hekayələri, xüsusən 5-11-ci sinif
şagirdləri üçün
faydalı ola bilər.
Yazıçının demək olar ki, hər hekayəsi qəhrəmanlıq hissləri
və əməllərinin əks olunduğu
flora və faunanın həyəcanlandırıcı
həyat hekayəsidir. Yazıçı təbiətə sevgi ilə oxucu qəlbini
birdəfəlik fəth edir. Nəzərə
almaq lazımdır ki,
hazırda dünyanın qlobal problemlərindən
biri də məhz ekologiya
və təbiətlə bağlıdır. Bu
mənada, şagirdlərin belə əsərlərə
maraqlı olmasına çalışmaq əhəmiyyətli
sayıla bilər. Dünyaca məşhur
yazıçı, britaniyalı Lüis Kerrolun əsərləri isə əsasən ibtidai siniflər üçün
çox əhəmiyyətli hesab olunur. Onun "Alisa möcüzələr ölkəsində"
adlı əsəri xüsusən Avropa xalqlarına mənsub
uşaqların çox sevdiyi
əsərdir. Yazıçının uşaqlar
üçün yazdığı əsərləri,
dünyanın bir çox
ölkələrində uşaq ədəbiyyatı
üçün ən faydalı əsərlərdən
sayılır. Lüis Kerrolun
müəllifi olduğu ən məşhur
əsərlərdən birinin yazılma səbəbi
də çox maraqlıdır. Yazıçı
rəsm çəkməyi çox sevirmiş. O həm də XIX əsrin ən yaxşı
fotoqrafı olub. Bir gün parkda oynayan 3 qız uşağının fotosunu çəkmiş və onun əsl Alisa ilə
tanışlığı da belə
başlamışdır. Bu qızlardan
biri olan Alisa, onun sehrli povestinin
baş qəhrəmanı
olmuşdur. Bu nağıl 1865-ci ildə
yazılmışdır. Əsərin
əsas süjeti Alisanın gördüyü
qəribə yuxular əsasında qurulmuşdur.
1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış
olmuşdur. Yazıçının ikinci, "Alisa güzgü
arxasında" nağıl-povestinin
baş qəhrəmanı
isə bu qız olmuşdur. Bu əsəri müəllif
1871-ci ildə qələmə
almışdır. Kerrol, "Deyingənin
ovu" və "Silviya və Bruno" adlı əsərlər də yazmışdır.
XX əsr ingilis
ədəbiyyatının ən
nüfuzlu nümayəndələrindən
biri olan Virginya Vilfun dediyi sözlər yazıçının ədəbi
portretini tam şəkildə
əks etdirmişdir.
"Kerrol əsl
professor olub. Eyni zamanda
yazıçının xarakterində
saflıq və şəffaflıq olub.
Lakin bunun arxasında qeyri-adi möhkəmlik dayanmış, onun da altında uşaqlıq gizlənmişdir.
O, heç kimə nəsib olmayan bir şey etmişdir.
Uşaqlıq aləminə qayıda
bilmiş və onu elə təsvir
etmişdir ki, biz də uşaqlaşmışıq".
Müasir
dünya ədəbiyyatının
digər məşhur
yazıçısı isə
Amerika ədəbiyyatının
çox istedadlı ədibi Con Hoyer Apdaykdır. Yazıçının "Seçilmiş
əsərləri", xüsusən
də "Dovşan, qaç", "Kentavr"
romanları və müxtəlif məzmunlu hekayələri, əsasən
yuxarı sinif şagirdlərimizə tövsiyə
olunur. "Dovşan, qaç" romanının
ideyasında cəmiyyət
üçün ailə,
övlad, valideyn və yaxın qohumluq münasibətlərini
müqəddəs saymağın zəruriliyi vurğulanır.
"Kentavr" romanında
isə müəllif,
bədii fikrin ən zəngin qaynaqlarından sayılan yunan mifologiyasındakı
bəzi obrazlar vasitəsilə yazıçı
təxəyyülünün daha dolğun ifadəsinə, təsvirlərin
orijinal reallığına,
mühakimələrin canlı,
dinamik səslənməsinə
nail olmuşdur.
Daha sonra digər
yazıçı, alman
ədəbiyyatının görkəmli
nümayəndəsi Lion Feyxtvangerdir.
Onun bədii yaradıcılığı
şagirdlər üçün
tövsiyə olunan bədii nümunələr
sırasındadır. Yazıçının "Qəribə adamın müdrikliyi, yaxud "Jan-Jak Russonun ölümü və ölməzliyi",
"Lautenzak qardaşları"
romanları və müxtəlif hekayələri
mütaliə üçün
məqsədəuyğundur. Bu yazıçı
həm də XX əsr ədəbiyyatına
ən oxunaqlı tarixi roman müəllifi kimi daxil olmuşdur.
Tarixi mövzulara müraciət
etməsinə baxmayaraq,
müasir dövrün
ən aktual problemləri həmişə
yazıçının diqqət
mərkəzində olmuşdur.
Lion Feyxtvanger bədii yaradıcılığında
XX əsrin ümidlərini,
arzularını, çatışmazlıqlarını
adekvat şəkildə
təcəssüm etdirən
böyük sənətkarlardan
biri kimi xarakterizə edilir. Bədii irsinin öyrənilməsi,
xüsusən yeniyetmələr
üçün məsləhət
görülən yazıçılardan
biri də ingilis yazıçısı,
Nobel mükafatı laureatı
Redyard Kiplinqdir. O, 1882-1889-cu illərdə
Hindistanda yaşayıb. Buna görə
də onun əsərlərində Hindistan
mövzusu geniş yer tutur. Müəllifin "Cəngəlliklər",
"Nağıllar" kitabları
bütün dünyada
uşaqlar tərəfindən
böyük maraqla oxunur. Bu yazıçı
"Puk Təpəsinin
Cırtdanı", "Mükafatlar
və Pərilər" adlı məşhur kitabların müəllifidir. Həmin
kitablardakı əsərlər
qədim İngiltərə
nağılları əsasında
yazılıb. Şekspirin
pyeslərindən götürülmüş "Cırtdan
Pak"-ın dili ilə söylənilən
qədim ingilis nağılları da Avropa uşaq ədəbiyyatında özünəməxsusluğu
ilə seçilir. "Cəsur kapitanlar"
əsəri isə sırf yeniyetmələr üçün nəzərdə
tutulub.
Müəllifi
olduğu bədii əsərlərlə dünyada
diqqət çəkən
digər yazıçılardan
biri də alman ədibi Erix Mariya Remarkdır. O, XX əsr dünya ədəbiyyatının ən
peşəkar yazıçılarından
hesab olunur. Bütün yaradıcılığını müharibə mövzusuna
həsr edən yazıçının əsərləri
mənsub olduğu xalqın mənəvi əzablarının ən
dərin və ən səmimi bədii təcəssümüdür.
Dünya
ədəbiyyatında insan
qırğınına Remark qədər dərin nifrət oyada bilən, müharibə nəticəsində dünyaya
səpələnən mühacirlərin
fəlakətini təsirli
bədii boyalarla təsvir edən ikinci bir yazıçı
tapmaq çətindir.
Yazıçının dilimizə tərcümə
edilən əsərlərindən
"Zəfər tağı"
və "Lissabon gecəsi" romanlarını
misal göstərmək
olar. Digər ədib isə
Cənubi Amerika ədəbiyyatının istedadlı
nümayəndəsi, Braziliya
yazıçısı Jorj
Amadudur.
Bu yazıçının
da bədii əsərləri dünyada
maraqla oxunur. O, öz bestsellerləri ilə müxtəlif ölkələrin
milyonlarla oxucusuna Braziliyanı sevdirə bilmişdir. Yazıçının qələmindən çıxan əsərlərin
hər sətrində
qaynar həyat çağlayır, cənub
temperamentindən qidalanan
oynaq, bənzərsiz yumor süzülür.
Oxuculara təqdim olunan "Qum dəryasının
kapitanları", "Möcüzələr
dükanı" romanları,
"Zolaqlı Pişik
və Göy Qaranquş" povesti və "Piranyansda möcüzə" hekayəsi
yazıçının dünyaca
məşhur əsərlərindəndir.
Qeyd edək ki, adları
sadalanan bütün əsərlər dilimizə
tərcümə olunub.
Sonda
bir daha əziz şagirdlərimizə
haqqında məlumat verdiyimiz yazıçıların
əsərlərini sinifdənxaric
oxu və mütaliə üçün
tövsiyə edirik. Çünki həmin bədii
əsərlər hazırda
dünyanın bir çox orta təhsil müəssisələrində
mütaliə üçün
tövsiyə olunur.
Bünyamin BÜNYADZADƏ
Azərbaycan müəllimi.-
2014.- 5 dekabr.- S.5.