"Azərbaycanlı
şagirdlərin
riyazi bilikləri çox
yüksəkdir"
Bakı
Fransız liseyinin direktoru cənab Alain Mante ilə söhbət
Bu ilin sentyabr
ayında Bakıda yeni lisey binasının
açılışı oldu. 11 illik tədrisi fransız dilində olan Bakı-Fransız Liseyi
2013-cü ildən fəaliyyətə
başlasa da yeni binasına bu il köçdü. Liseyi digərlərindən
fərqləndirən bir
cəhət də buranı bitirən şagirdlərin attestatının
Fransanın Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun
olması və tanınmasıdır. Məktəbin
məzunları öz
seçimlərinə uyğun
olaraq təhsillərini
Fransanın istənilən
ali təhsil
müəssisəsinə müraciət
edə bilərlər.
Şagirdlərin seçim etdiyi
ixtisas uyğun olub-olmadığı onların
attestat qiymətlərinin
nəticəsindən asılıdır.
İki
ölkə arasında
imzalanan sazişlə
yaradılan liseyin tərkibində uşaq bağçası da fəaliyyət göstərir
ki, bura iki yaşından yuxarı uşaqlar qəbul edilir. Biz də liseyin hazırkı fəaliyyəti
və gələcək
planları ilə tanış olmaq üçün bu təhsil müəssisəsinə yollanırıq.
Liseyin
direktoru Alain Mante suallarımızı cavablandırmağa
hazır olduğunu bildirir. Biz də
ona təşəkkür
edib müsahibəmizə
başlayırıq.
Əvvəlcə cənab
Mante özü barədə qısa məlumat verir:
- Fransanın Milli Təhsil Nazirliyinin əməkdaşıyam. İbtidai sinif müəllimi olmuşam. Problemli uşaqlara dərs
demişəm. Məktəb psixoloqu diplomum var. Fransada və bir çox ölkələrdə xüsusi
problemli uşaqlar üçün məktəblərdə
direktor, Afrika ölkələrində pedaqoji
müşavir olmuşam.
Təhsilin və tədrisin
təşkili ilə məşğul idim.
Daha sonra yenidən Fransaya qayıtdım.
Bu məktəb açılanda dedilər
ki, sən bu məktəbin təhsilində böyük
rol oynaya bilərsən. Biz madam Ronksanla
(red: liseyin əvvəlki
direktoru) birlikdə bu liseydə tədrisi təşkil etdik.
Direktor barəsində
informasiya aldıqdan sonra məktəbin fəaliyyətə başlaması
və hazırkı işləri ilə bağlı söhbətə
keçirik:
Lisey
Azərbaycanın birinci
xanımının təklifi
ilə yaradılıb. Əvvəl Bakı İstedadlar Təhsil Kompleksinin binasında fəaliyyət
göstərirdik. Tədrisə cəmi 32 nəfərlə
başlamışdıq. Onların
15-i bağça, 15-i ibtidai
və 2-si isə lisey səviyyəsində
idi. Liseyin hazırda
yerləşdiyi binasının açılışı isə
2014-cü ilin sentyabrında ölkə
başçısı və onun xanımının
iştirakı ilə olub. Liseyimizdə fizika, kimya,
İT laboratoriyaları var, İKT avadanlıqları ilə
tam təmin olunmuşuq. Məktəbdə tədrislə
Fransadan gəlmiş müəllimlər məşğul
olur. Amma azərbaycanlı müəllimlər də var.
Məktəbin ali idarəetmə orqanı
İdarəetmə Komitəsidir. Komitənin sədri
SOCAR-ın, sədr müavini Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, xəzinədarı
Heydər Əliyev Fondu, katibi Fransanın Azərbaycandakı səfirliyi
və eyni zamanda Fransız Dünyəvi Missiyasının
(MLF) nümayəndəsidir.
- Müəllimlər işə hansı şərtlərlə
götürülür?
- Müxtəlif millətlərin
nümayəndələri burada dərs
deyir. Yeni binaya gəldikdən sonra azərbaycanlı
müəllimlərlə də işləməyə
başladıq. Çünki bu ildən şagirdlərin sayı iki
dəfə artıb. Artıq 77 nəfər
şagirdimiz var. Müəllimlərin də sayını
artırmaq istəyirik. Yerli müəllimlər
üçün bizim birinci şərtimiz onlar fransız
dilini mükəmməl bilməlidir.
Direktor bizi
liseydə dərs deyən
müəllimlərlə də tanış
edir:
- Bağçada dərs
deyən müəllimlər Vüsalə
Yusifova və Sofi Viyerdir. Sofi Viyerin həyat
yoldaşı Aleksis Viyer hazırlıq qruplarında və
ibtidai siniflərdə dərs deyir. Digər
bir sinif müəllimimiz Gülər Həsənovadır.
O, ikinci və üçüncü siniflərə birlikdə
dərs deyir. Fatma Djenayah isə 4-cü və
5-ci siniflərdə tədrisi aparır. Yuxarı siniflərdə,
yəni 6-11-ci siniflərdə şagirdlərin sayı az olduğundan onlara dərslər birləşdirilmiş
bir qrupda keçirilir. Şagird sayı kifayət
qədər olmadığı üçün hər fəndən
ayrı-ayrı müəllim gətirmək olmur. 6-cı sinifdən
yuxarılar distant (məsafədən) təhsil alırlar.
Ona görə də lisey Distant təhsilin
milli mərkəzi CNED (Fransa) ilə müqavilə əsasında
elektron vasitələrlə tədrisi təşkil edir.
Veronika Qayevskaya adlı
müəllimimiz də bu prosesdə şagirdlərə
yardım edir. Onun yardımçısı Fransada təhsil alan azərbaycanlı müəllim Elmira
Əliyevadır. Biz yaxın zamanlarda Fransadan
yeni müəllimlər də dəvət etməyi
planlaşdırırıq.
- Uşaqlar hansı
kriteriyalarla seçilir?
- Bu il seçim prosesi daha asan oldu. Fransız dilini zəif
bilən uşaqlar da qəbul olundu. Çünki
məndən əvvəlki direktor madam Ronksan xəstələndi.
Seçim də iyul-avqust aylarında, onun xəstələndiyi
vaxtda, yəni mən direktor təyin olunmamışdan əvvəl
aparıldı. Köməkçi müəllim
seçimi apardığı üçün dili zəif bilən
uşaqları da qəbul edib. Məktəbə qəbul
olan, lakin
fransız dilini zəif bilən uşaqların dərslərini
davam etdirmək üçün onlara intensiv və pulsuz
fransız dili kursları keçirilir. Fransada təhsil
almış azərbaycanlı müəllimimiz Elmira
Əliyeva uşaqlara tapşırıqlarını başa
salır. Bağça uşaqları və
ibtidai siniflərlə dil öyrənməkdə problemimiz
yoxdur. Onlar dili tez mənimsəyirlər.
Daha böyük uşaqlarda isə problem
yaşanır. Onlara fransız dilinə
uyğunlaşmaq daha çətindir. Bundan başqa, 11
yaşından yuxarı, yəni lisey yaşındakı azərbaycanlı
uşaqlara Azərbaycan dili və ədəbiyyatı,
Azərbaycan tarixi və coğrafiyası fənləri də
tədris olunur. Bu dərslər Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim
olunmuş müəllimlər tərəfindən
aparılır.
- Liseydə təhsil
almaq üçün illik ödəniş
nə qədərdir?
- Valideynlər ilk qeydiyyat
üçün 500 manat ödəyirlər. Bağça
üçün illik 5500 manat, ibtidai siniflər
üçün 6000 manat, yuxarı siniflər
üçün isə 7000 manat ödənilməlidir. Təhsil haqqını ödəməyən
uşaqlar liseydən xaric olunur.
- Uşaqlar liseydən
kənarlaşdırıla bilər?
- Keçən ildən
etibarən məktəbin daxili
qaydaları müəyyənləşdirilib. Bu
qaydalarda uşağı məktəbdən çıxarmaq
halları yoxdur. Məktəbə daxil
olmaq istəyən hər hansı bir şagird imtahan verməlidir.
Həmin imtahandan keçəndən sonra məktəbə
yazıla bilər.
- Fransa ilə mübadilə proqramı var?
- Bu liseydəki təhsil
Fransa təhsil sistemi ilə təxminən eynidir. Ona görə mübadilə proqramları yoxdur.
Bu liseyi bitirmək üçün şagirdlər
CNED-in proqramına uyğun olaraq imtahan verməli və həmin
imtahandan keçməlidirlər. Burada
müvəffəqiyyətlə imtahan verən şagird
Fransanın istənilən universitetlərinə müraciət
edə bilər.
- Gələcək planlar
nədir?
- İlk növbədə uşaqların
sayını artırmaqdır. Azərbaycanda
işləyən fransız əsilli ailələrin
uşaqlarını liseyə cəlb etmək istəyirik.
Onlar da uşaqlarını bu məktəbə
verə bilərlər. Fransızlar arasında bu məktəb barədə
məlumatı olanlar var. Onlar öz uşaqlarının təhsilini
burada davam etdirmək istəyirlər. Məsələn,
Qətər və Qazaxıstandan zəng gəlmişdi.
Valideyn Bakıda işləməyə qərar
verib. Çünki burada fransızdilli məktəbin
olduğunu öyrənib.
Sonda direktorun Azərbaycan təhsilində
aparılan islahatlar barədə məlumatı
olub-olmadığını öyrənməyə
çalışırıq:
- Azərbaycan təhsili
barədə az da olsa
məlumatlıyam. Təhsil Nazirliyinin ciddi
proqramları var. Bu ölkənin təhsil sistemi Fransa təhsil
sistemindən fərqlidir. Azərbaycanda
dili tez mənimsəyirlər.
Cənab Mante
Azərbaycan şagirdlərinin
riyazi biliklərinin güclü olduğunu
düşünür:
- Azərbaycanlı şagirdlərin
riyazi bilikləri çox yüksəkdir.
Fransada daha yuxarı siniflərdə keçirilən məsələləri burada
aşağı siniflərdə təhsil alan şagirdlər
çox asanlıqla həll edirlər.
Söhbətin
bu yerində qapı döyülür. Gənc azərbaycanlı müəllim valideynlərin
liseydə direktoru gözlədiyini bildirir. Biz də artıq söhbətimizin
yekunlaşdığını deyib, direktorla
sağollaşırıq.
Rüfanə
GÜNƏŞ,
Fotolar: Rəşad RAMAZANOĞLUNUNDUR
Azərbaycan müəllimi.-
2014.- 5 dekabr.- S.7.