Mən bu cahana sığmayan

bir millətin şairiyəm

 

Bir hikmətəm, xəzinəmdə Şeyx Nizaminin dürrü,

Bir söhbətəm, hər kəlməsi açılmaz Füzuli sirri,

Nəsimiyəm, haq yolunda soyulmuşam diri-diri,

Mən bu cahana sığmayan bir millətin şairiyəm.

 

Tarix boyu dosta-yada açıla qalıb qollarım,

Çapılmışam, talanmışam, əksilməyib yenə varım,

Vurulmuşam kürəyimdən, saxlayıb məni vüqarım,

Başımda bəla çələngi, hər zillətin şairiyəm.

 

Yüz illərdi dolub-daşır səbir kasam bir az-bir az,

Qəzəbim kükrəyib-coşur yenə Kür-Kür, Araz-Araz,

Sahillərim ayrı düşüb neçənci qış, neçənci yaz,

Güney, Quzey Vətən adlı bir həsrətin şairiyəm.

 

Hanı Dərbənd? Qoca tarix, bağışlama suçlarımı!

Borçalıda Qarayazı yolub-tökür saçlarını,

Göyçədə bir acı nisgil qırıb-qalıb qıçlarını,

Ürəyimi didib-tökən bu möhnətin şairiyəm.

 

Bir zirvəyəm, çəkilməyən dumanı var başımın da,

Dərd gətirdi gözəlliyi torpağımın, daşımın da,

Açıq qalıb yaraları Xocalımın, Şuşamın da,

Xəyalımda Xarıbülbül, o xiffətin şairiyəm.

 

Bir gün gələr, ödəyərəm düşmənimə qəm borcunu,

Babalarım kəsmədimi qılıncıyla hər acını,

Gör nə xaqanlar itirdi yurdumda öz taxt-tacını,

Sorağımı bəşər aldı, bu şöhrətin şairiyəm.

 

Bilsən necə inanıram, o böyük zəfər gələcək,

Birləşəcək Azərbaycan, qara daşlar göyərəcək.

Mən də deyəcəyəm: - Görün, nə qüdrətin şairiyəm,

Mən bu cahana sığmayan bir millətin şairiyəm!

 

Payız...

 

Yenə də yağış yağır, füsünkar bir gecədi,

Kəsilib gediş-gəliş, səs-səmir yox küçədə.

Elə qəribdi şəhər, elə qəmli çöl-bayır...

Payız mənə dərdimdən üzül deyir, öl deyir.

Küçə fənərlərinin başı yerə dikilib,

Asfalt üstə buludun qaş-qabağı tökülüb.

Damlalar gölməçədə "yağış nəğməsi" çalır,

Fikir pyedestalında payız şeiri ucalır.

Pəncərə şüşəsində damla-damlanı qovur,

Yuxusu qaçmış şəhər yenə gözünü ovur.

Hardasa gizlənib ay, əksi suda oynayır,

İndi şair təbimin qanı yaman qaynayır.

Yenə də yağış yağır, füsünkar bir gecədi,

Kəsilib gediş-gəliş, səs-səmir yox küçədə.

Elə qəribdi şəhər, elə qəmli çöl-bayır...

Payız mənə dərdimdən üzül deyir, öl deyir.   

 

Təranə Yusif Turan RƏHİMLİ,

ADPU-nun müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 5 dekabr.- S.10.