12 DEKABR AZƏRBAYCAN
XALQININ ÜMUMMİLLİ
LİDERİ HEYDƏR ƏLİYEVİN ANIM
GÜNÜDÜR
Heydər Əliyev təhsil haqqında
* Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, az hissəsini nəzərə almasaq, demək olar ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir. Bilməlisiniz ki, bizim büdcədə ən çox payı olan təhsil sistemidir.
Yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə
Bakı şəhəri 6 nömrəli məktəb-liseydəki nitqindən
1 sentyabr 2001-ci il
* * *
* Biz bu günümüz,
müstəqil Azərbaycanın
gələcəyi haqqında düşünsək, gənc
nəslin tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz biliyi, zəkası,
fitri istedadı ilə layiq
olan gənclərin ali
məktəblərə qəbul
olunmasını təmin etsək, onda gələcəyimiz
üçün böyük
işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi
diqqət yetirirəm.
Ali və orta
ixtisas məktəblərinə qəbulla
bağlı
Prezident
Aparatında keçirilmiş müşavirədəki nitqindən
2 avqust 1994-cü il
* * *
* Elm, təhsil, mədəniyyət sahəsində
əldə etdiyimiz nailiyyətlər, Azərbaycan
xalqının bugünkü yüksək
təhsil, elm, mədəniyyət səviyyəsi,
şüur səviyyəsi - bunların
hamısı ilk növbədə müəllimlərin,
məktəbin səyi ilə olub,
onların xidmətlərinin
nəticəsidir. Biz bu gün nə
qədər çətin bir dövrdə
yaşasaq da, həyatımızda
nə qədər ağır proseslər getsə də bu nailiyyətləri heç
vaxt unuda bilmərik.
Əksinə, biz bunları daim yada salmalıyıq. Çünki bunlar bizim milli sərvətimizdir.
Ona
görə də mən xalqımızı bu
yüksək elm, təhsil, mədəniyyət
səviyyəsinə gətirib çıxarmış Azərbaycan
məktəbinə, müəllimlərə, Azərbaycan
müəllimlərinin bütün nəsillərinə
dərin minnətdarlığımı bildirirəm və
xalqın iradəsini ifadə edərək deyirəm ki, biz Azərbaycan məktəbi
ilə, təhsili ilə, müəllimləri ilə fəxr edirik.
* Azərbaycanın
təhsili, məktəbləri sona çatan XX əsr dövründə çox böyük
nailiyyətlər əldə etmişdir.
Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir
şəxsləri, maarifçiləri, ziyalıları,
müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf
etdirmək üçün çox işlər
görmüşlər. Əgər Azərbaycan
Respublikasının təhsil tarixi
yazılsa (bu tarix
yazılmalıdır), şübhəsiz ki,
hər mərhələdə görülən işlər orada əksini tapacaq və
öz qiymətini alacaqdır. Bu gün isə onu deyə
bilərəm ki, əsrimiz sona çatır. Əsrin əvvəlindən
indiyə qədər Azərbaycanın ərazisində,
xalqımızın həyatında, təhsil, elm,
mədəniyyət, şüurun
inkişafı sahəsində çox böyük işlər görülüb,
böyük nailiyyətlər əldə
olunub. Azərbaycan xalqı
savadsızlıqdan ümumi savadlılığa keçib. O qaranlıq keçmişdən sonra indi respublikamızda
xalqın bütün təbəqələrini
əhatə edən yüksək mədəniyyət, təhsil,
elm mövcuddur. Bunlar əsrimizin əvvəlindən indiyə
qədər yaşamış, yaratmış bütün
nəsillərin fədakar əməyinin, xalqa
sədaqətlə xidmətinin nəticəsidir. Eyni zamanda bunlar
Azərbaycanın bütün nəsillərindən
olan müəllimlərin
xalqımızı təhsilləndirmək, maarifləndirmək,
savadlandırmaq yolunda xidmətlərinin nəticəsidir.
Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki nitqindən
31 avqust 1994-cü il
* * *
* Azərbaycanın öz müstəqilliyini bərpa etməsi,
digər sahələrdə olduğu kimi, təhsil sistemi
qarşısında da böyük
vəzifələr qoymuşdur. Müstəqillik
dövrünün tələblərinə
cavab verən yeni təhsil
sisteminin yaradılması üçün
köklü islahatların həyata
keçirilməsi zəruri və təxirəsalınmazdır.
Bu yolda çətinliklər
də az deyildir. Sevindirici
haldır ki, zəngin təcrübəyə
və qədim ənənələrə malik
Azərbaycan məktəbi bu gün də qarşıya çıxan bütün çətinliklərə və keçid dövrünün
yaratdığı sıxıntılara baxmayaraq,
məhz Azərbaycan müəlliminin təlim-tərbiyəyə
olan sönməz həvəsi, xalqımızın və
respublikamızın parlaq gələcəyinə
olan qırılmaz ümidi
sayəsində öz işini
uğurla davam etdirir.
"Azərbaycan müəllimlərinin XI qurultayına" təbrik məktubundan
24 sentyabr 1998-ci il
* * *
* Mən hesab edirəm ki, Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda təhsilin, maarifin inkişafı üçün
daha da gözəl imkanlar yaranıbdır. Doğrudur,
bizim maliyyə, maddi vəziyyətimiz
bu imkanlardan istənilən
səviyyədə istifadə etməyə imkan
vermir. Amma, eyni zamanda bu,
müvəqqəti bir haldır. Biz müstəqil dövlət olaraq
özümüzün təhsil sistemimizi istədiyimiz kimi
qururuq. Bütün dünya ölkələrinin mütərəqqi
təcrübələrindən istifadə edirik.
Hesab edirəm
ki, indiyə qədər yaranmış təməlin,
əsasın üzərində Azərbaycanın təhsili, məktəbi
bundan sonra daha da təkmilləşəcək,
inkişaf edəcək və Azərbaycan
uşaqları, gəncləri bu inkişaf dövrümüzdə ilbəil daha da geniş,
yüksək təhsil alacaqlar.
Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqindən
25 sentyabr 1998-ci il
* * *
* Azərbaycan Respublikası milli azadlığını, dövlət müstəqilliyini əldə edib və indi milli dövlət qurmaq prosesi ilə məşğuldur. Bu, Azərbaycan üçün, Azərbaycan xalqı üçün yeni bir tarixi mərhələdir. Bu yeni mərhələdə şübhəsiz ki, Azərbaycan dövlətinin, xalqımızın qarşısında çox mühüm və mürəkkəb vəzifələr durur. Bu vəzifələrdən biri də Azərbaycanın bu günü və gələcəyi üçün yüksək təhsilli, yüksək mədəniyyətə malik olan, müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır.
Naxçıvan Muxtar
Respublikasından Türkiyəyə ali
təhsil
almağa göndərilən tələbələrlə
görüşdəki çıxışından
5 oktyabr 1992-ci il, Naxçıvan şəhəri
Heydər Əliyev müəllim haqqında
* Həyatını
müəllimliyə həsr edən insanlar,
həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli
və eyni zamanda qəhrəmanlıq
göstərən insanlardır. Müəllimlik peşəsi
asan peşə deyil.
Bəziləri hesab edirlər ki, hər adam müəllim ola
bilər. Bəzən olur ki,
müəllimliyə layiq olmayan
adam da müəllimlik
edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan
müəllimlərinin tam əksəriyyəti
layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi,
iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz
bunların hamısını məktəblərdən,
universitetlərdən, müəllimlərdən, sizdən
almışıq. Mən müəllimlərimi həmişə
böyük hörmət və ehtiramla xatırlamışam. Bunu
bu gün bir daha bildirmək istəyirəm.
Arzu edərdim ki,
müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə
orta məktəbdən indiyədək yaşayan duyğular hər
bir gəncin hafizəsində qalsın.
* Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında
fikirlər söyləyə bilər. Ancaq
mənim çoxillik həyatımda,
dünyanın çox mərhələlərini
keçib gəldiyim həyatımda ən
çox yadımda qalan
mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla
xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin
mənə verdikləri bilik, tərbiyə,
müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı
həmişə uğurlu edibdir
və bu gün də
uğurlu edir.
Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqindən
25 sentyabr 1998-ci il
* * *
* Bu
gün ölkəmizin
qarşısında duran problemlərin həllində
müəllimlərin fəal iştirakı xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycan
müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı
çiçəklənən, inkişaf
edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü Vətənin
azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə
cavab verən sağlam
əqidəli, milli ruhlu
nəsil yetişdirmək!
* Azərbaycan müəllimlərinin
cəmiyyətimizin həyatında
oynadığı rol müstəsna
əhəmiyyətə malikdir. Müəllimlik
xalqımızın ən çox
hörmət etdiyi, ən çox
əziz tutduğu bir
peşədir. Təsadüfi deyil ki, cəmiyyətimizin ən layiqli
nümayəndələri sənətindən, işindən
asılı olmayaraq müəllim
adlandırılır. Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə
yanaşılmış və onun
daşıyıcılarına xüsusi ehtiram bəslənmiş, diqqət göstərilmişdir.
"Azərbaycan müəllimlərinin XI qurultayına" təbrik məktubundan
24 sentyabr 1998-ci il
* * *
* Məktəb, müəllimlər
həmişə xalq, insanlar
arasında, ictimaiyyətdə hörmət, ehtiram
qazanmışlar və buna layiq olmuşlar. Müəllim
adı yüksək addır. Azərbaycanda müəllimə
daim böyük
hörmət olmuşdur. Müəllim cəmiyyətdə
tanınan, hörmət edilən şəxs olmuşdur.
Heç də təsadüfi deyildir ki, dilimizdə
insanların bir-birinə müraciət formasında
"müəllim" sözü şəxslərin
müəllim olub-olmamasından asılı olmayaraq
istifadə edilib... Bu ondan
irəli gəlir ki, xalqımız
savadsızlıqdan, gerilikdən, ətalətdən bugünkü günə qısa tarixi bir müddətdə
gəlib çatmaqda müəllimlərin
rolunu qiymətləndirir və
qarşısındakı adama hörmət
əlaməti olaraq "müəllim"
deyir. Ona görə
də müəllimin cəmiyyətdə xüsusi
yeri olduğu artıq
heç kəsdə şübhə
oyatmır. Müəllimə hörmət, ehtiram
həmişə olub. Bu
gün də, gələcəkdə də
olmalıdır.
Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki nitqindən
31 avqust 1994-cü il
Heydər Əliyev gənclər
və vətənpərvərlik haqqında
* Vətənpərvərlik
çox geniş məna
daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib
Vətəni silahla müdafiə edəsən.
İnsan gərək həyatının hər
dövründə, fəaliyyətinin bütün
sahələrində öz vətəninin,
ölkəsinin qayğısı ilə yaşasın, həm
onun iqtisadiyyatının, həm
siyasətinin, həm də mədəniyyətinin
qayğısı ilə yaşasın. Bunlar
hamısı vətənpərvərlikdən doğan
bir şeydir. Vətənpərvər
insan öz mədəniyyətinin
də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin
də inkişaf etməsini istəyir,
xalqının rifah halının yüksəklərə
qaldırılmasını istəyir. Bütün
bunlar vətənpərvərlik məfhumuna
daxil olan
anlayışlardır.
* Lazımdır ki, bizim gənclərimiz, orta məktəblərdə təhsilalan gənclər
bütün fənlərdən
yaxşı hazırlaşsınlar. Bu günün
tələbləri, gələcəyin tələbləri
baxımından, dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş
iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək,
onları respublikada tətbiq etmək,
ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini,
elmini dünya
standartları səviyyəsinə qaldırmaq üçün
bizim gənclərimiz gərək
yaxşı hazırlaşsınlar. Məktəblər onlar üçün
lazım olan fənlərin
hamısının tədrisini gərək yaxşı təşkil
etsinlər. Beləliklə də bizim gənclərimiz
gərək bütün əvvəlki nəsillərə
nisbətən daha yüksək təhsil
almış gənclər olsunlar.
* Xalqımızı,
gəncləri vətənpərvərlik, Vətənə sədaqət
ruhunda tərbiyə etmək üçün orta məktəblərdə
çox iş
görülməlidir. Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş
birinci növbədə bu
dövlətin müstəqilliyinin, suverenliyinin
təmin olunmasını öz həyatının
əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim
gənclər, təhsil alan nəslimiz gərək
məktəblərdə ilk
addımlarından vətənpərvərlik əhvali - ruhiyyəsi
ilə tərbiyə olunsun. Bütün
dərslər, xüsusən humanitar fənlər
gərək gənclərimizə Vətənə sədaqət,
vətənpərvərlik ruhu
aşılasın, tərbiyə etsin və
bunlar hər bir gəncin
qəlbində sarsılmaz bir qalaya çevrilsin.
Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki nitqindən
31 avqust 1994-cü il
Azərbaycan
müəllimi.- 2014.- 12 dekabr.- S.1.