İmtahan sessiyasının
təşkili və
keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Orta ixtisas təhsili müəssisələrində
2014/2015-ci tədris ilinin payız semestrinin imtahan
sessiyasını (bundan sonra
imtahan sessiyası) mövcud
qaydalara uyğun təşkil
etmək, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və
obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri:
- imtahan
sessiyasının mövcud normativ sənədlər əsasında təşkil
olunmasını təmin etsinlər;
-
Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
24.10.2014-cü il tarixli
342s nömrəli Sərəncamına və Təhsil Nazirliyinin 17.11.2014-cü il
tarixli 46-11-7689/17 nömrəli məktubuna uyğun olaraq Bakı şəhərində yerləşən
orta ixtisas təhsili müəssisələri imtahan
sessiyasını 29.12.2014-cü il tarixdən
başlayaraq 3 (üç)
həftə müddətinə başa
çatdırsınlar;
- rəhbərlik
etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha
daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə
araşdırılmasını təmin etsinlər;
- imtahan
sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda
ictimaiyyətin və valideynlərin iştirakına şərait
yaratsınlar;
- imtahanların təşkilində
və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər
barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə
alsınlar ki, rəhbərlik etdikləri
təhsil müəssisəsində baş
verə biləcək hər bir neqativ hala görə məsuliyyət
daşıyırlar;
- imtahan
sessiyasının təşkili, keçirilməsi və nəticələri
barədə sessiya bitdikdən sonra 10 gün müddətinə
Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. Aparatın rəhbəri
(M.Eynullayev), İlk
peşə və orta ixtisas
təhsili (S.Vəliyev) və Daxili nəzarət
(K.Quliyev) şöbələrinə
tapşırılsın:
- imtahan sessiyasına hazırlıq
dövründə və sessiya müddətində
təhsil müəssisələrində baş
vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ
araşdırsınlar və onların yol
verilməsində günahı olan şəxslər
barədə tədbir görmək üçün
təkliflər hazırlasınlar;
- orta
ixtisas təhsili müəssisələrində
payız semestrinin imtahan
sessiyalarının nəticələrini təhlil edib müvafiq
arayışları müzakirəyə təqdim etsinlər.
3. Nazirliyin İnformasiya
şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil
Nazirliyinin "Qaynar xətt"
xidmətinin fəaliyyəti və imtahan
sessiyasının gedişi barədə
kütləvi informasiya vasitələrinə
müntəzəm olaraq məlumat verilməsini
təmin etsin.
4. Əmr nazirliyin internet saytında yerləşdirilsin.
5. Əmrin icrasına nəzarət nazir müavini F. Qurbanova tapşırılsın.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
11 dekabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 12 dekabr.- S.2.