Dünyanın ən
yaxşı 50 müəllimindən
biri azərbaycanlı oldu
Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin müəllimi ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında
Azərbaycan
müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində
keçirilən beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələri ilə
iştirakı və ciddi uğurlar
qazanması çox
təqdirəlayiq hadisə kimi təhsil sistemimizin
inkişafının nailiyyətlərindən hesab oluna bilər. Bu günlərdə isə Balakən rayonundakı akademik Zərifə Əliyeva
adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin dünya müəllimlərinin mötəbər
müsabiqəsinin final mərhələsinə
çıxması barədə
məlumat aldıq. Qeyd olunur ki, M.Qarakişiyev ABŞ-ın sabiq
prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey
GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya
Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb. "Varkey GEMS" Fondunun
yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000
ABŞ dolları olan və dünya
təhsil ictimaiyyətində "məktəb müəllimləri
üçün Nobel
mükafatı" kimi qiymətləndirilən
müsabiqənin ilkin mərhələsində
dünyanın 150-dən
artıq ölkəsindən 5000
müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan,
Əfqanıstan, Avstraliya, Argentina,
Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar.
Növbəti mərhələyə onlardan
1300-ü keçib. Final
mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı
bütövlükdə 26 ölkəni təmsil edir. Sevindirici haldır ki, bu müsabiqədə
Azərbaycanı Məhəmməd
Qarakişiyev
(postsovet məkanı ölkələrindən
yeganə namizəd!) təmsil edib. Gəlin, Məhəmməd Qarakişiyevi daha
yaxından tanıyaq.
Məhəmməd Qarakişiyev
1981-ci ildə anadan olub.
2006-cı ildə Gəncə Dövlət Universitetinin
tərcümə nəzəriyyəsi və dillərarası
əlaqə fakültəsini fərqlənmə
diplomu ilə
bitirərək magistr dərəcəsi
alıb. Balakən rayonunda ingilis
dili müəllimi kimi
fəaliyyətə başlayıb.
İngilis dilinin
tədrisi üçün ilk dəfə təmənnasız olaraq
"Danışıq klubu" (Conversation club) təşkil
edib. Burada tələbələr müxtəlif mövzular əsasında ingilis
dilində anlama, yazma
və danışma qabiliyyətlərini artırmaq
imkanı əldə ediblər.
2012-ci il sentyabr -noyabr aylarında ABŞ Dövlət Departamenti və İREX (International
Research & Exchanges Board)-in müsabiqəsi əsasında
ingilis dili müəllimləri
üçün 6 həftəlik
ixtisasartırma proqramının qalibi olub. ABŞ-da olduğu müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti
və ABŞ orta məktəblərində
tədris sistemi, dərs planları, kurikulum, qiymətləndirmə, tələbə
yönümlü tədris,
texnologiyanın tədrisdə tətbiqi və s.
mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək müvəffəqiyyət
sertifikatları ilə təltif olunub.
2012-ci ildə ABŞ-ın Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin
təbliğinə, erməni iddialarının ifşasına
həsr olunmuş və böyük
maraqla qarşılanan seminar
keçirib.
"Azərbaycan
müəllimi" qəzetinə verdiyi eksklüziv
müsahibəsində M.Qarakişiyev müsabiqədə dünyanın
150-dən artıq ölkəsindən 5 min
müəllimin iştirak etdiyini
və öz fəaliyyətində yeni novator ideyalardan,
təlim texnologiyalarından istifadə edən yenilikçi
müəllimlərin əhatə olunduğunu bildirdi. Müsabiqənin
hər il keçirildiyini bildirən müsahibimiz qeyd edib ki, "Dünya
Müəllimi Mükafatı" layihəsində iştirak müəllimlər üçün
bir sınaqdır.
- Bu
müsabiqədə iştirak etməkdə
məqsədim Azərbaycanı
yüksək səviyyədə təmsil etmək olub. Bu layihə bütün dünyada qlobal müəllim
müsabiqəsi hesab olunur. Mükafat təhsil
sahəsində müstəsna xidmətləri olan şəxslərə verilir. Müsabiqənin qeydiyyat
mərhələsində namizədlər "müəllim peşəsini
niyə seçibsən, müəllimlik sizin
üçün nədir "kimi suallara əsaslı cavab verməlidirlər. Qaliblər seçilərkən müəllimlərin öz şagirdlərinin həyatında və
bütövlükdə cəmiyyətdə nə kimi mühüm rol
oynamasına diqqət yetirilir. Mükafat müəllim nüfuzunun
qlobal miqyasda yüksəldilməsinə
xidmət edir.
Müsabiqədə iştirak etmək
üçün müəllimin namizədliyi
özü,
şagirdləri, onların valideynləri və ya həmkarları tərəfindən irəli
sürülə bilər.
Qeyd edək ki,
müsabiqənin qalibi 2015-ci il
martın 15-də Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində
elan olunacaq. Növbəti mərhələdə
50 namizəd arasından 10 nəfər seçiləcək və
onlardan bir nəfər 1000.000 ABŞ dolları həcmində
"Dünya Müəllimi
Mükafatı"nı alacaq.
Biz də Azərbaycanı dünya müəllimlərinin müsabiqəsində uğurla təmsil edən Məhəmməd Qarakişiyevə
"təhsil sahəsində Nobel
mükafatı" almasını arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 12 dekabr.- S.5.