Bakı Dövlət Universitetinin elmi
fəaliyyəti və əldə edilən
uğurlar
Bakı
Dövlət Universiteti - 95
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
müsəlman şərqinin ilk ali təhsil müəssisəsi
kimi yaradılmış Bakı Dövlət Universiteti (BDU) bu gün
regionun ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Bakı Dövlət
Universiteti Azərbaycan elminin inkişafında misilsiz xidmətlər
göstərmiş, ilk gündən elmi-tədqiqat mərkəzinə
çevrilərək, AMEA-nın və onun
institutlarının təşkilində, respublikanın digər
ali məktəblərinin təşəkkülündə,
onların kadr potensialının formalaşmasında
yaxından iştirak etmişdir. Bu gün də
AMEA-nın tərkibində fəaliyyət göstərən
elmi-tədqiqat institutlarının əksəriyyəti bu və
ya digər dərəcədə BDU ilə əməkdaşlıq
edir.
BDU-nun fəaliyyət göstərdiyi ilk dövrlərdə
(1919-1930-cu illər) universitetdə elmi iş,
əsasən, kafedralar, laboratoriyalar və klinikalarda
aparılmış, elmi-tədqiqat işlərinə ümumi
rəhbərliyi isə Elm komitəsi (sədr prof.
S.N.Davidenkov) həyata keçirmişdir. Cəmi bir il mövcud olmasına baxmayaraq, komitə tibb,
tarix-filologiya, təbiət elmlərinə dair onlarla məruzə
dinləmiş, elmi xəbərləri müzakirə
etmişdir.
Həmin dövrdə universitetdə fəaliyyət
göstərən elmi cəmiyyətlər də elmin
inkişafına önəmli töhfələr verirdi. İlk dəfə 1920-ci ildə yaradılan belə
cəmiyyətlər, əsasən, tibb fakültəsində
daha geniş inkişaf etmişdi. Belə cəmiyyətlərdən
"Təbiətşünaslar və həkimlər",
"Cərrahlar cəmiyyəti" və b. göstərmək
olar.
1930-cu ildə məlum səbəblərə
görə bağlandıqdan sonra 1934/1935-ci tədris ilində
yenidən bərpa olunan universitetdə elmi-tədqiqat işləri
önəmli fəaliyyət sahələrindən birinə
çevrildi. Bu fəaliyyət kafedralarda
kollektiv və fərdi şəkildə həyata
keçirilir, elmi işlərin planı ildən-ilə
genişlənir, universitetin Elmi Şurası kafedraların
elmi-tədqiqat işlərinə tələbələri də
cəlb etmək, onlar üçün bütün fakültələr
üzrə elmi dərnəklər yaratmaq barədə qərar
qəbul edirdi. Elmi-tədqiqat işlərinə
laborantlar cəlb edilir, bilik və bacarıqlarını
artırmaq üçün kiçik elmi işçilər
professor və dosentlərə təhkim olunurdular.
Ağır müharibə illərində
də universitetdə elmi-tədqiqat işləri davam
etdirilmiş, ölkənin müdafiəsinə xidmət edən
yüksək əməli əhəmiyyətə malik
araşdırmalara üstünlük verilmişdir. Bu dövrdə universitetin Elmi Şurasının qərarı
ilə görkəmli alim Y.H.Məmmədəliyevin aviasiya
yanacağı istehsalını əhəmiyyətli dərəcədə
artırmağa imkan verən tədqiqatı SSRİ Dövlət
mükafatına təqdim olunmuşdur.
Həmin illərdə universitetin elmi həyatında
elmi sessiya və konfranslar böyük rol oynamağa
başlamış, mütəmadi olaraq keçirilən belə
tədbirlərdə elmin müxtəlif sahələri üzrə
onlarla məruzələr dinlənilmiş, görkəmli elm
və mədəniyyət xadimlərinə həsr olunmuş
bir sıra elmi sessiyalar keçirilmişdir. Universitetin respublikada elmin inkişafına verdiyi
böyük töhfələrdən biri də 1945-ci ildə
Azərbaycan SSR Elmlər Akademiyası yaradılarkən baza
rolunu oynaması oldu. Təsadüfi deyildi ki,
akademiyanın 15 həqiqi üzvündən 4 nəfəri
BDU-nun nümayəndələri-Heydər Hüseynov, Aleksandr
Qrossheym, Yusif Məmmədəliyev və Mirəli Qaşqay
idi.
II dünya müharibəsindən sonrakı illərdə
universitetdə kimya, riyaziyyat, fəlsəfə, dilçilik və
s. elm sahələrində böyük nailiyyətlər əldə
edilmişdir. Bu işdə elmi fəaliyyətlərini davam
etdirən Mirəli Qaşqay, Yusif Məmmədəliyev kimi
alimlərlə yanaşı, Zahid Xəlilov, Şəfayət
Mehdiyev, Maqsud Cavadov, Qasım Gül, Əşrəf
Hüseynov, Heydər Hüseynov, A.O.Makovelski, Məmmədağa
Şirəliyev, Əbdüləzəl Dəmirçizadə,
Muxtar Hüseynzadə, Cəfər Xəndan Hacıyev, Əli
Sultanlı, Məmmədcəfər Cəfərov və b.
xüsusilə böyük rol oynamışlar.
Elm sahələrinin diferensasiyası, kəskin
aktual olan konkret elmi vəzifələrin həlli tələbi
ilə səciyyələnən 1960-cı illərdə
universitetdə də bu istiqamətdə böyük işlər
görülmüş, Hesablama mərkəzi, ayrı-ayrı
fakültələrdə müxtəlif elmi-tədqiqat
laboratoriyaları açılmış, kafedraların və
mövcud laboratoriyaların yeni müasir cihaz və
avadanlıqlarla texniki təchizatı (xüsusən Kimya,
Fizika və Biologiya fakültələrində) həyata
keçirilmişdir. Həmin illərdə
universitetdə elmi-tədqiqat işi aparan əməkdaşların,
plan və təsərrüfathesablı elmi-tədqiqat işlərinin
sayı intensiv şəkildə artmışdır.
Bu gün BDU-da təbiət və humanitar elm sahələrini
əhatə edən bir sıra aktual mövzuların həllinə
yönəlmiş 81 istiqamətdə 195 mövzü üzrə
1149 elmi iş yerinə yetirilir. Bakı Dövlət
Universitetində yerinə yetirilmiş elmi-tədqiqat işlərindən
kifayət qədər mühüm elmi nəticələr
alınır və bu elmi nəticələr hər il AMEA-nın illik hesabatına daxil etmək
üçün təqdim olunur. Son 10 ildə 201 elmi-tədqiqat işi
AMEA-nın illik hesabatına mühüm nəticə kimi daxil
edilmişdir. BDU əməkdaşları tərəfindən
Dövlət qeydiyyatından və ekspertizadan
keçmiş 113 ixtiraya patent
alınmışdır ki, bunlardan 94 patent BDU-nun sahibliyi ilə,
19 patent isə universitet əməkdaşlarının
iştirakı ilə olmuşdur. 2014-cü ildə
BDU əməkdaşları tərəfindən 5 yeni ixtiraya
patent alınmışdır. Bundan əlavə,
BDU əməkdaşları 2012-ci ildə Avroasiya, 2013- cü
ildə bütün ölkələrdə tanınan ABŞ
patentini almışlar.
Universitetdə mütəmadi olaraq beynəlxalq,
respublika, universitet və fakültə səviyyəli elmi
konfranslar keçirilir. 2004 -2014 -cü illərdə Bakı Dövlət
Universitetində 286 elmi konfrans keçirilmişdir. Onlardan 30-u beynəlxalq, 98-i respublika, 30-u universitet,
128-i fakültə səviyyəli elmi konfranslar olmuşdur.
Bu konfransların materialları 13035 məqalə
və 13153 tezis şəklində nəşr olunmuşdur.
Universitetdə aparılan elmi-tədqiqat
işlərinin nəticələrinin geniş elmi ictimaiyyətə
çatdırılması üçün kifayət qədər
elmi nəşrlər buraxılır. BDU-da 4 seriya üzrə
(fizika-riyaziyyat elmləri seriyası, təbiət elmləri
seriyası, humanitar elmlər seriyası və sosial-siyasi elmlər
seriyası) "Bakı Universitetinin Xəbərləri"
elmi jurnalı və 10 elmi, nəzəri, metodik və təcrübi
jurnal nəşr olunur: 2002-ci ildən Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat
İnstitutu tərəfindən təsis edilmiş "Applied
and Computational Mathematics" (ACM) beynəlxalq jurnalı nəşr
edilir. Bu jurnalın redaksiya heyətində
dünyanın 12 ölkəsindən 24 tanınmış alim
təmsil olunur. ACM jurnalı Azərbaycan
elm tarixində ilk jurnal olaraq 2008-ci ildən "Thomson
Reuters" agentliyinin genişləndirilmiş siyahısına
daxildir. İnstitutda aparılan məqsədyönlü
işlərin nəticəsi olaraq "Thomson
Reuters"agentliyinin 2013-cü ilin hesabatına əsasən
jurnalın təsir əmsalı 0.697-dir. Qeyd etmək
lazımdır ki, bu əmsal nəinki keçmiş Sovetlər
Birliyində, hətta bir çox Avropa ölkələrində
uyğun profildə dərc olunan jurnalların əmsalından
artıqdır.
Elmin inkişafı zəminində
güclənən müasir Azərbaycan təhsili bu gün
milli-mənəvi və ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanır. İnsan
kapitalının ön plana çəkilməsi, elm və təhsil
sahəsində beynəlxalq aləmə inteqrasiya bu gün
yüksək ixtisaslı kadr hazırlığına və doktorantura təhsilinə verilən
tələblərdə də ciddi islahatlar
aparılmasını tələb edir. Bu gün
BDU-da elmi araşdırmalar və yüksək ixtisaslı elmi
və elmi-pedaqoji kadrların məqsədli
hazırlığına xüsusi yer verilir. Doktorantura yalnız elmli mütəxəssis deyil,
müasir tələblərə cavab verə bilən, yeni nəslin
inkişafını təmin edə bilən bir şəxsiyyət
formalaşdırmaq məqsədi daşıyır.
Bakı Dövlət Universitetində magistratura və doktorantura təhsilini
Magistratura və Doktorantura şöbəsi həyata
keçirir. Doktoranturada təhsil ikipilləli olaraq əyani (istehsalatdan ayrılmaqla) və
qiyabi (istehsalatdan ayrılmamaqla) formada, həmçinin
dissertantlıq yolu ilə fəlsəfə doktoru və elmlər
doktoru proqramları ilə həyata keçirilir. Bu gün
BDU-da fəlsəfə doktoru proqramı üzrə 18 istiqamətdə
88 ixtisas üzrə 286 doktorant,
71 ixtisas üzrə 214 dissertant
təhsil alır. Elımlər doktoru proqramı üzrə 16 istiqamət, 53
ixtisas üzrə 104 doktorant fəaliyyət
göstərir. BDU-da 70 əcnəbi də daxil
olmaqla 688 doktorant elmi yaradıcılıqla məşğul
olur. Doktorantlara biri xarici ölkələrdən olmaqla
iki elmi rəhbərin təyin olunması praktikası
genişləndirilir, onların müxtəlif proqramlar üzrə
dünyanın qabaqcıl universitetlərinə ezam edilməsinə
imkanlar
yaradılır. Elmi kadrların hazırlanması
yalnız Bakı Dövlət Universiteti üçün
deyil, respublikamızın digər universitetləri, ali təhsil müəssisələri, elmi mərkəzləri
üçün də həyata keçirilir.
BDU son zamanlar ölkəmizdə elm və
təhsil sahəsində islahatların həyata keçirilməsində
çox önəmli rol oynayır. Bolonya
prosesinə qoşulmuş universitetdə kompüter
texnologiyasının tətbiqi sahəsində böyük
işlər görülmüş, ayrıca İnformasiya
Texnologiyaları Mərkəzi (İTM)
yaradılmışdır. Bu gün 20 elmi-tədris
sinfini, 4 imtahan zalını və Elektron Tədris Mərkəzini
özündə birləşdirən İTM ən müasir
kompüter avadanlıqları və proqram vasitələri ilə
təchiz olunmuşdur. Hər bir fakültənin
kompüter sinfində lokal şəbəkə
yaradılmış və həmin kompüterlərin BDU-nun
ümumuniversitet lokal şəbəkəsi vasitəsilə
internetə çıxışı təmin olunmuşdur.
Universitetin lokal şəbəkəsi
özündə 1200-dən çox kompüteri birləşdirərək,
onların hər birini sürətli internet xətti ilə təmin
edir. Şəbəkənin daima tənzimlənməsi,
yüksək sürətli informasiya ötürmə sürətinə
malik olması və yerlərdə kompüterlərin virus təhlükəsizliyini
təmin etmək üçün universitetin server
otağı, mərkəzin əməkdaşlarının nəzarəti
altında ilin bütün günləri fasiləsiz
çalışmaqdadır. Bu gün
İTM nəinki universitet əməkdaşları, hətta tələbələr
üçün də nəzəri-praktiki bazaya çevrilib. Müasir informasiya
telekommunikasiya vasitələrinin sürətlə
inkişafını nəzərə alaraq mərkəz tərəfindən
qoyulmuş nəzəri-praktik məsələlərin həllində,
yerlərdə tətbiqində İTM mütəxəssisləri
universitetin tələbələrini cəlb edərək tədris
prosesi zamanı əldə edilmiş nəzəri biliklərin
tətbiq sahələrini öyrədirlər.
Mərkəzin əsas məqsədlərindən
biri də Azərbaycan təhsilinə Bolonya Bəyannaməsinin
prinsiplərinin tətbiqində professional köməkliyin
göstərilməsi, habelə informasiya
texnologiyalarının istifadəsi ilə tədris prosesinin və
təhsilin idarə edilməsi üçün virtual
universitetin və e-kontentin yaradılmasıdır. Bu səbəbdən
BDU kredit sisteminin və Bolonya prosesinin tələblərini
yerinə yetirən ilk ali məktəblərdən
biridir. Hazırda mərkəzdə tyutor
hazırlığı və multimedia vəsaitlərinin
yaradılması üzrə ixtisaslaşmış kadrlar fəaliyyət
göstərir. 2008-ci ildən həyata
keçirilən tyutor hazırlığı kursları
altı buraxılış etmişdır. Kurslarda Azərbaycanın digər təhsil
ocaqlarını da əhatə etməklə 221 tyutor
hazırlanmış və təhsilini uğurla başa
vurmuş məzunlara uyğun sertifikatlar təqdim etmişdir.
Ümumilikdə BDU üçün 179, digər
16 təhsil müəssisələri üçün isə
42 tyutor hazırlanmışdır. Bu proses bu gün də
uğurla davam etdirilir.
Böyük iftixar hissi ilə qeyd etmək
lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki
bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin
və tədris korpuslarının
abadlaşdırılması, tədrisin texniki vasitələrlə
təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə
tətbiqi, yeni cihazların alınması sahəsində də
böyük işlər görülmüşdür.
BDU-da elmin və təhsilin
kitabxana-informasiya xidməti ilə təminatında zəngin
kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Hazırda Elmi Kitabxananın fondunda 3 milyona yaxın ədəbiyyat
saxlanılır. 5 abonement, 14 oxu zalı, 30 kabinet
kitabxanası olan Elmi Kitabxana dünyanın 15 ölkəsinin
30 universiteti ilə kitab, jurnal və qəzet mübadiləsi
aparır. Kitabxana işinin kompüterləşdirilməsi
elmi-tədqiqat laboratoriyasının köməyi ilə
respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi
işinə başlanmış, elektron kataloq
yaradılmış, kitab, jurnal və qəzet fondunun
böyük hissəsi elektron kataloqa salınmışdır.
Son illər Bakı Dövlət Universitetinin alimləri
tərəfindən elm və təhsil sahəsində hər il ümumi dəyəri 5 -6 milyon ABŞ
dolları olan 80-dan çox layihə həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər
dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər
yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən
dəstəklənərək qəbul edilir. Bu layihələrin
50-dən çoxu Avropa birliyi,
Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq
Nəzəri Fizika Elmi Mərkəzi, Amerika
Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli
Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən
maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir.
Elmi layihələr daha çox fundamental elmlər
sahəsində, əsasən kimya, biologiya, fizika və
riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən
həyata keçirilir. Həyata
keçirilən layihələr sırasında nanotexnologiya
sahəsindəki layihələr də xüsusi yer tutur.
Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində
ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri
yerinə yetirilib. Bu layihələr çərçivəsində
universitetə ən müasir cihazlar və avadanlıqlar
alınıb. Universitet alimlərinin
nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi
"Thomson Reuters" agentliyinin siyahısına daxil olan
jurnallarda, 100-dən artıq məqalə digər elmi
jurnallarda dərc edilib. Azərbaycan alimlərinin
apardığı tədqiqatların nəticələri
dünyanın inkişaf etmiş ölkələrində
keçirilən bir sıra beynəlxalq konfrans və
simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində
nəşr edilib.
Bakı Dövlət Universiteti bu ilin
başlanğıcında da yeni beynəlxalq layihələrin
qalibi olmuşdur. Avropa Birliyinin Tempus layihəsi çərşivəsində
BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə
birlikdə qalib
olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni ilin başlanğıcında biologiya fakültəsində
4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da
ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.
Respublikada elm siyasətinin əsasını qoyan ulu
öndər Heydər Əliyevin kursunu uğurla və ləyaqətlə
davam etdirən möhtərəm Prezidentimiz cənab İlham
Əliyev son illər ölkəmizdə elmin inkişafı,
elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi,
elm və təhsil sahəsində yüksək ixtisaslı
kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi,
cəmiyyətdə alimlərin, elm və təhsil
işçilərinin nüfuzunun artırılması və
Azərbaycanda alınmış elmi nəticələrin xaricdə
tanıdılması sahəsində bir sıra mühüm qərarlar
qəbul etmişdir. Təsadüfi deyil ki, XXI əsr
YUNESKO tərəfindən elm və təhsil əsri
adlandırılmışdır. Bu
baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi,
bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir
texnologiyaların və innovasiyaların tətbiq edilməsi
yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir.
Bu gün Azərbaycanda məhz bu istiqamətləri
əhatə edən dövlət siyasəti
aparılır-iqtisadi potensialı intellekt kapitalına
çevirmək sahəsində mühüm işlər
görülür. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev öz çıxışlarında dəfələrlə
qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində
qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra
qurtara da bilər, iqtisadiyyat elm üzərində
qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə
inteqrasiya üzrə dövlət proqramları qəbul
edilmişdir, bir neçə istiqamətdə iş
aparılır. Ölkə Prezidenti tərəfindən
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası və "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təsdiq edilmişdir. Hazırda
Elm siyasəti haqqında qanun layihəsi
hazırlanmışdır və geniş müzakirə
olunur.
Bu gün təhsil elmdən ayrı təsəvvür
edilə bilməz. Sovet dönəmində elm
əsasən akademiya sistemində cəmləşirdi və
universitetlər daha çox təhsil mərkəzi kimi qəbul
edilirdi. Lakin hazırda inkişaf etmiş
dünya dövlətlərində universitetlər ilk növbədə
elm mərkəzləri kimi formalaşır və təhsil
prosesi elmi innovasiyalar əsasında qurulur. Beləliklə, universitetlər cəmiyyətin tələbat
və ehtiyaclarını ödəmək üçün elm
- təhsil mərkəzləri kimi formalaşır. Qloballaşan dünyaya inteqrasiya etmək
üçün bizdə də bu gün universitetlər belə
bir missiyanı yerinə yetirməlidir. Bu baxımdan bu
gün universitetlər AMEA-nın institutları və elmi təşkilatları
ilə daha sıx əlaqəli olmalı, universitetlərin
AMEA-da olan elmi mühitdən istifadə imkanları daha da genişləndirilməli,
birgə elmi-tədqiqat laboratoriyaları və mərkəzlər
yaradılmalıdır.
BDU-da artıq bu istiqamətdə addımlar
atılmışdır. Son bir ildə BDU ilə
akademiyanın ayrı-ayrı elmi təşkilatları və
institutları arasında əlaqələr gücləndirilmiş
və birgə tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər çərçivəsində
BDU-nun müvafiq kafedralarının Geologiya və Geofizika,
Aşqarlar kimyası və Coğrafiya İnstitutunun nəzdində
filialları və Elm və Tədris Mərkəzi
yaradılmışdır. Humanitar sahədə əməkdaşlıq
məqsədi ilə AMEA-nın İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutu və Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutu arasında kadr
hazırlığı və elmi-tədqiqat sahələrində əməkdaşlıq
müqavilələri imzalanmışdır və
hazırda bu müqavilələr
əsasında birgə işlər həyata keçirilir. O cümlədən
Bakı Dövlət Universiteti ilə AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutu arasında növbəti
tədris ilindən başlayaraq informasiya hüququ istiqamətində
birgə magistr hazırlığı üzrə əməkdaşlıq
müqaviləsi imzalanmışdır.
Son illər akademiyanın 150-dən
çox aparıcı mütəxəssisi və elmi işçisi
BDU-da tədris prosesinə, universitetin professor-müəllim
heyəti isə AMEA-nın elmi təşkilatlarında elmi fəaliyyətə
cəlb olunmuşdur. Hazırda AMEA-nın 11 həqiqi
üzvü və 20 müxbir üzvü BDU-nun tədris
prosesində bilavasitə iştirak edir və BDU-nun 6 əməkdaşı
Problem Şuralarında sədrlik edir.
Bakı Dövlət Universitetinin alimləri
2014-cü ilin noyabr ayının 10-da və 11-də Bakıda
ilk dəfə olaraq keçirilən Elm Festivalında da fəal
iştirak ediblər. Festival çərçivəsində
təşkil olunan sərgidə BDU-nun gənc alimləri və
tələbələrinin elmi maraq kəsb edən tədqiqat
işlərinin nəticələri böyük maraqla
qarşılanıb.
Son illərdə dövlət tərəfindən
gənclər siyasətinə xüsusi diqqət yetirilir. Azərbaycan gənclərinin
cəmiyyətin inkişafında və bu istiqamətdə
qarşıya çıxan problemlərin həllində rolunu
artırmaq, ölkənin gələcək inkişafında
iştirakını və məsuliyyətini yüksəltmək,
həmçinin beynəlxalq aləmə inteqrasiyasını
sürətləndirmək dövlətin qarşıya
qoyduğu əsas vəzifələrdəndir. Bu baxımdan prioritet məsələlərdən
biri də gənclərin elmi fəaliyyətə cəlb edilməsidir.
Bu sahə son illər BDU-da da diqqət mərkəzində
olmuşdur. Məsələn, BDU-da da 2012-ci ildə 35
yaşadək 99 nəfər, 2013-cü ildə isə 114 nəfər
(yuxarı kurs tələbələri və magistrantlar da daxil
olmaqla) tam və yarım
ştat müəllim, tyutor, elmi işçi, laborant, baş
laborant, mütəxəssis və digər vəzifələrə
işə götürülüb.
Bakı Dövlət Universitetində gənc alim və
tədqiqatçıların elmi fəaliyyətə cəlb
edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin
yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi
və prioritet elmi məsələlərin həlli
üçün səylərinin birləşdirilməsi, gənc
alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi
və yaradıcılıq imkanlarının tam
reallaşdırılmasına kömək edilməsi məqsədi
ilə Gənc Alimlər Şurası
yaradılmışdır. Şura öz məqsədinə
nail olmaq üçün gənc alim və tədqiqatçıların
elmi tədqiqat işlərinin təşkili sahəsində
BDU-nun ayrı-ayrı fakültə və elmi
qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim
və tədqiqatçıların iştirakına imkan verən
elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər
təşkil edir, onları respublika və beynəlxalq səviyyəli
elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə
iştiraka cəlb edir, AMEA-nın ayrı-ayrı
institutları, respublikanın digər ali təhsil müəssisələri
və elmi təşkilatlarında fəaliyyət göstərən
gənc alimlər şuraları ilə əlaqə
yaradır, birgə tədbirlər təşkil edir və həyata
keçirir, BDU-da respublikanın və xarici ölkələrin
elm və tədris müəssisələrində elmi tədqiqat
və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni
öyrənir, təhlil edir, ümumiləşdirərək
yayılmasını və tətbiq edilməsini təşkil
edir, BDU-da çalışan gənc alim və tədqiqatçıların
BDU, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə
iştirak etməyə cəlb edilməsini təmin edir,
onları respublika və beynəlxalq səviyyəli mədəni
tədbirlərdə iştiraka cəlb etməklə
onların mədəni səviyyələrinin inkişaf
etdirilməsini və s. təmin edir. 19 nəfərdən
ibarət Gənc Alimlər Şurasının sədri fizika
fakültəsinin, nanomaterialların kimyəvi fizikası
kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə
doktoru Flora Hacıyevadır. Hazırda BDU-da 35
yaşınadək alimlik dərəcəsi almış 62 nəfər
çalışır, 500-dən çox gənc doktorant və
1700 magistrant elmi tədqiqat işi aparır.
Qloballaşmanın vüsət aldığı
müasir dünyada elm və təhsilin vəhdətini və
elmi-texniki tərəqqini təmin edən yüksək
texnologiyalar (nanotexnologiya, biotexnologiya və s.) müxtəlif
elmlərin kəsişmə nöqtəsi kimi
formalaşmışdır, bu tip tədqiqatlar
kimyaçıların, fiziklərin, bioloqların və digər
sahələrdə çalışan mütəxəssislərin
birgə iştirakı ilə aparılır və kadr
hazırlığı prosesinə multidissiplionar yanaşma tələb
edir. Yüksək texnologiyaların təhsil
prosesi ilə inteqrasiyası bioenerjinin, enerjitutumli məhsulların,
sağlamlıq və ekoloji təhlükəsizliyin
yaradılması üçün də geniş imkanlar
açır. Elm və təhsilin
inteqrasiyasının gücləndirilməsi, müasir elmin tələblərinə
uyğun yeni problemlərin, yüksək texnologiyalar üzrə
prioritet istiqamətlərin müəyyən edilərək bu
istiqamətlərdə elmi tədqiqatların aparılması
və bu sahədəki elmi innovasiyaların təhsil
mühitinə transferinin təşkil edilməsi məqsədi
ilə 2014-cü ildə BDU Elmi Şurasının qərarı
əsasında Yüksək Texnologiyalar Mərkəzi
yaradılmışdır. Eyni zamanda Azərbaycandan kənarda
yaşayan elm adamlarını bir araya gətirmək, onları
Azərbaycana tanıtmaq və bu elm adamları vasitəsi ilə
Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini
Dünyaya çatdırmaq məqsədi ilə BDU-da virtual
Beynəlxalq Elmi Araşdırma Mərkəzi
yaradılmış və artıq müxtəlif xarici ölkələrdə
yaşayan 7 nəfər elm adamı bu mərkəzdə
virtual olaraq işə qəbul edilmişdir.
Bakı Dövlət Universiteti
dünyanın 60-dan çox ölkəsinin 300-dən
çox universiteti ilə əməkdaşlıq haqqında
müqavilə imzalamışdır. 1991-ci ildən
Avroasiya Universitetlər Şəbəkəsinin, 1996-cı ildən
Xəzəryanı Ölkələrin Universitetləri
Assosiasiyasının, 1997-ci ildən Qara Dəniz Ölkələri
Universitetləri Assosiasiyasının, 2003-cü ildən isə
Avropa Universitetləri Şəbəkəsinin
üzvüdür. Beynəlxalq və regional səviyyədə
əməkdaşlıq universitetin inkişafına, beynəlxalq
reytinqinə çox böyük təsir göstərir.
Artıq üçüncü ildir ki, BDU "QS World University
Rankings" reytinqinə görə dünyanın elitar hesab
edilən 700 top universitetinin, həmçinin Beynəlxalq
Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən
dünyanın ən yaxşı 2000 universitetinin siyahısına
daxil edilib. Ötən il BDU MDB-yə
üzv ölkələr üzrə 153 universitet arasında
aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb. Reytinq
siyahısına Azərbaycan universitetlərindən yalnız
BDU düşüb.
Bütün bu işlərin nəticəsidir
ki, son illər BDU-da elm və təhsil sahəsində yüksək
nailiyyətlər əldə edilir. Təkcə onu demək
kifayətdir ki, 2013-cü ildə BDU alimləri tərəfindən
2681 məqalə və 1176 tezis, o cümlədən
nüfuzlu xarici jurnallarda 694 məqalə çap
etdirilmişdir ki, onlardan da 165-i, yəni hər 4 məqalədən
biri yüksək reytinqli impakt faktorlu jurnallarda çap
olunmuşdur. İmpakt faktorlu jurnallarda çap
edilən məqalələrin sayı respublika üzrə
indekslənən jurnallarda çap edilən məqalələrin
26 faizini, təhsil sistemi üzrə isə 53 faizini təşkil
edir.
BDU alimlərinin "Neft sənayesində
nanotexnologiya" adlı elmi işi YUNESKO tərəfindən
yüksək qiymətləndirilərək 2011-ci ildə bu
qurumun "Nanoelm və nanotexnologiyalar. Həyatı təmin edən sistemlər
ensiklopediyası"
kitabında çap
edilmişdir. Bu ensiklopediya ilk dəfə
YUNESKO-nun yardımı ilə ingilis dilində İngiltərənin
EOLSS onlayn nəşriyyatı tərəfindən dərc
edilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(İSESCO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin
İSESCO mükafatı" Bakı Dövlət Universitetinin
nanomateriallar və nanotexnologiyalar sahəsindəki
böyük uğurlarına görə rektor, akademik Abel Məhərrəmova verilib. Mükafat 20-21 noyabr 2012-ci il
tarixlərində Sudanın Xartun şəhərində keçirilən "Ali
Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı
İslam Konfransı"nın çərçivəsində
təqdim edilmişdir. "Elm və Texnologiya sahəsində
mükafat" İSESCO tərəfindən təşkilatın
üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli
elmi-texniki problemlərin həll olunması uğrunda
görülən mühüm işləri
mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq
etmək məqsədilə 2008-ci ildə təsis edilib.
Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya,
riyaziyyat və fizika sahələrində əldə edilən
nailiyyətlərə görə 56 ölkə üzrə
yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov
bu mükafata layiq görülən ilk azərbaycanlı
alimdir.
Son illər universitet elminin və əldə edilən
uğurların nümayişi və beynəlxalq aləmdə
təbliği sahəsində "XXI əsr: ümidlər,
çağırışlar" devizi altında keçirilən
Beynəlxalq Humanitar Forumların da böyük əhəmiyyəti
olmuşdur. Rusiya və Azərbaycan Prezidentlərinin
təşəbbüsü ilə keçirilən Bakı
Beynəlxalq Humanitar Forumu 2011-ci ildə təsis olunub.
2011-ci ildə birinci, 2012-ci ildə ikinci, 2013-cü ildə
üçüncü, 2014-cü ildə dördüncü Forum keçirilib. Bu forumlarda tanınmış dövlət xadimləri,
elmin müxtəlif sahələri üzrə Nobel
mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların
rəhbərləri, o cümlədən dünyanın siyasi,
elmi və mədəni elitasının görkəmli
nümayəndələri iştirak ediblər. Bəşəriyyətdə maraq doğuran qlobal
xarakterli məsələlərə dair geniş spektrli
dialoqlar, fikir mübadilələri aparılmış, beynəlxalq
miqyasda həlli zəruri olan aktual problemlər müzakirə
edilərək müvafiq qərarlar və Bəyannamələr
qəbul edilmişdir. Nəticədə qloballaşan
dünyanın reallıqları nəzərə alınmaqla
humanitar aspektdə XXI əsrin ümid və
çağırışlarının müəyyən
edilməsi və bu sahədə sürətli inkişafa nail
olunması baxımından çox böyük missiya yerinə
yetirilmişdir.
Keçirilən hər bir forumun bir
"dəyirmi masa"sı Bakı Dövlət Universiteti tərəfindən
təşkil edilmişdir. I Bakı Beynəlxalq Humanitar Forumu
(2011-ci il) çərçivəsində
BDU tərəfindən təşkil edilən "dəyirmi
masa" "Dünyanı dəyişən müasir
texnologiyalar"a həsr edilmişdir. "Dəyirmi masa"
"Müasir texnologiyalar və qlobal katastroflar", "Qloballaşma
dövründə elm və təhsilin inteqrasiya proseslərində
müasir texnologiyaların rolu" və "Müasir
texnologiyalar və davamlı inkişaf" adlı bölmələrdən
ibarət olmuşdur. II Bakı Beynəlxalq Humanitar Forumu
(2012-ci il) çərçivəsində
BDU tərəfindən keçirilən "dəyirmi
masa" "XXI əsrdə qloballaşma proseslərinə
yeni metodoloji yanaşmalar"a həsr edilmişdir. Bu masa
"Virtual reallıq və cəmiyyətin
inkişafı", "Gənc nəslin formalaşmasında
virtual universitetlərin rolu" və "Nəsillərin
qarşılıqlı münasibətlərinin problemləri
və perspektivləri" adlı işçi bölmələrdən
ibarət olmuşdur. "Dəyirmi masa"da 120 nəfər,
o cümlədən dünyanın 20 ölkəsini təmsil
edən 40 xarici qonaq və əsasən BDU-nun professor-müəllim
heyətindən ibarət olan 80 nəfər Azərbaycan vətəndaşı
iştirak etmişdir. III Bakı Beynəlxalq Humanitar Forumu
(2013-cü il) çərçivəsində
BDU tərəfindən keçirilən "dəyirmi
masa" elmi innovasiyalar və onların təhsil mühitinə
transferi məsələlərinə həsr edilmişdir. Bu masa da "Fundamental elmlər sahəsində
innovasiyalar", "Elm və təhsilin inteqrasiyası: təhsilin
elmi innovasiyalar əsasında inkişafı" və
"Fundamental və ictimai elmlərin inteqrasiya
tendensiyaları" adlı işçi bölmələrdən
ibarət olmuşdur. "Dəyirmi
masa"da 27 ölkədən 70 nümayəndə iştirak
etmişdir.
2014-cü ilin oktyabr ayında keçirilən IV
Bakı Beynəlxalq Humanitar Forumunda BDU-nun təşkilatçılığı
ilə təşkil edilən
"İnnovativ inkişafda fənlərarası
inteqrasiyanın rolu"
mövzusunda "dəyirmi masa" "Fənlərarası
inteqrasiya və fundamental və təbiət elmləri sahəsində
innovasiyalar", "Fənlərarası inteqrasiya humanitar və
sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi
kimi" və "Təhsil mühitində fənlərarası
inteqrasiyanın metodoloji problemləri" adlı üç
bölmədən ibarət olmuşdur. Forumda 60 ölkədən
500-dən çox nümayəndə, o cümlədən BDU
tərəfindən təşkil edilən "dəyirmi
masa"da 14 ölkədən 25 nümayəndə iştirak
etmişdir.
Keçirilən hər bir forum çərçivəsində
Nobel mükafatı laureatları, sabiq dövlət
başçıları və görkəmli alimlər BDU-da
professor-müəllim heyəti və tələbələrlə
görüşmüş, elmi məruzələrlə
çıxış etmişlər. Ümumiyyətlə,
keçirilən forumlar humanitar sahədə göstərilən
pozitiv beynəlxalq səylərə böyük bir töhfədir
və dünyada tolerantlıq, dialoq, insanlar və
xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə
və beynəlxalq hüquqa əsaslanan yeni və güclü
quruluşun yaradılmasına yönəldiliblər.
Müasir dövrdə elmin inkişafını təmin
etmək üçün elmi nailiyyətlərin və
alimlərin fəaliyyətlərinin obyektiv şəkildə
qiymətləndirilməsi də mühüm əhəmiyyət
kəsb edir. Beynəlxalq aləmdə elmi məqalələrin
və alimlərin qiymətləndirilməsi üzrə
müxtəlif elmi-informasiya bazaları mövcuddur. Belə informasiya bazalarından ən mötəbəri
"Thomson Reuters" agentliyinə məxsus olan Web of Knowledge
istinadların indeksləşdirilməsi və axtarış
xidmətidir. Dünyanın aparıcı
elm və təhsil müəssisələri bu xidmətdən
səmərəli istifadə edərək elmi nailiyyətlərini
müasir səviyyədə saxlamağa müvəffəq
olurlar. Web of Knowledge xidmətindən
istifadə edilməsi Azərbaycan elminin dünya elmi
mühitinə sürətli inteqrasiya olunmasına da əhəmiyyətli
yardım edə bilər. Son illər ərzində
Bakı Dövlət Universitetində də "Thomson
Reuters" agentliyinin nümayəndələri ilə
görüşlər keçirilmiş, Web of Knowledge xidmətinin
imkanlarından istifadə edilməsi istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir.
Əminik ki, 95 illik tarixi ərzində hər
zaman elmin inkişafına böyük töhfələr
vermiş Bakı Dövlət Universiteti Azərbaycan elminin tərəqqisinə,
onun beynəlxalq nüfuzunun yüksəlməsinə bundan
sonra da xidmət göstərəcəkdir.
Aydın
KAZIMZADƏ,
BDU-nun elm
və innovasiyalar üzrə prorektoru,
AMEA-nın
müxbir üzvü, professor
Azərbaycan
müəllimi.- 2014.- 12 dekabr.- S.6.