Zəhmət və məsuliyyətin
qələbəsi
Gördüyü iş və bu işə yanaşma tərzi
insanın xarakterində silinməz
cizgilər buraxır. Təhsil işçisi
kimi 49 illik təcrübəsi
olan Məhərrəm Səfərovla görüşümüzün ilk anlarından sezdiyimiz əsas
xarakter cizgiləri zəhmətkeşlik və
məsuliyyət oldu. "Orta
məktəbdən zəhmətə alışmışam. Atam kolxozda işləyirdi,
mən də ona kömək edirdim,"- deyən Məhərrəm müəllim
fiziki zəhmətlə həyata
alışsa da, gələcəyini əqli
zəhmətlə qazanıb. Bir də qədim
tarixə və zəngin mədəniyyətə
malik Qarabağlar kəndinin
abidələrin yaratdığı tarixilik,
ziyalı təəssübkeşliyinin doğurduğu vətəndaşlıq
duyğuları ilə zəngin mühiti
Məhərrəm müəllimin ruhunun ən
incə tellərini yurda
bağlılıq hissi üzərində kökləyib.
Faktlarla zəngin həyat tarixçəsi
Məhərrəm
Tağı oğlu Səfərov
1944-cü ildə Naxçıvan MR Şərur rayonunun çox qədim tarixə və mədəniyyətə
malik olan Qarabağlar kəndində kolxozçu
ailəsində anadan olub. Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib
gəldiyi əlverişli və səfalı bir
ərazidə yerləşən kəndin
sayılıb-seçilən ağsaqqalı Tağı Səfərovun
ali təhsil almamasına baxmayaraq,
ərəb, fars dillərini mükəmməl bilməsi, dərin mütaliəsi,
yaşadığı ərazinin təbiəti qədər
zəngin mənəvi aləminin övladlarının
ziyalı kimi yetişməsində böyük rolu olub.
Məhərrəm Səfərov
1961-ci ildə Qarabağlar kənd orta məktəbində təhsilini başa vurduqdan sonra indiki Azərbaycan
Dövlət Pedaqoji Universitetinə daxil olub, 1965-ci ildə ibtidai təhsilin pedaqogikası və
metodikası fakültəsini bitirib.
1965-ci ildə ilk əmək fəaliyyətinə
başladığı Qarabağlar kənd
orta məktəbində 1969-cu ilə kimi çalışıb. 1970-ci ilin sentyabr ayına kimi Bakı şəhərinin 111 nömrəli
məktəbində müəllim işləyib. Elə bu aydan da
keçmiş Azərbaycan SSR Maarif Nazirliyinin Proqram-metodika idarəsində metodist,
1979-cu ildən isə həmin idarədə inspektor-metodist
vəzifəsində çalışıb.
Proqram-metodika idarəsində işlədiyi 14 il müddətində ibtidai
siniflər üçün elmi-metodik şuranın məsul katibi kimi (şuranın sədri
professor Y.Kərimov idi) dərsliklərin, tədris
proqramlarının, dərs vəsaitlərinin
hazırlanması, müzakirə edilməsi və vaxtında çapa hazırlanmasında xeyli
əmək sərf edib. Çap
edilmiş dərsliklərin təkmilləşdirilməsi məqsədilə
bir sıra rayonların və Bakı
şəhərinin ümumtəhsil məktəblərində
müzakirələr keçirib, müəllimlərin irad və təkliflərini öyrənərək
müəlliflərə çatdırıb. Nəticədə
ibtidai siniflər üçün
mükəmməl dərsliklər hazırlanıb.
1971-1975-ci illərdə
elmi tədqiqatla məşğul olub, "İbtidai məktəb
və məktəbəqədər tərbiyə" məcmuəsi,
"Azərbaycan məktəbi" jurnalı və "Azərbaycan
müəllimi" qəzetində elmi məqalələri
dərc olunub. "Məktəbdə
müəllimlərlə aparılan metodik
işin sistemi"
kitabı, Maarif Nazirliyinin
xətti ilə "Metodbirləşmələrin işinin təşkili", "Metodik işin təşkili"
kimi metodik tövsiyələri
işıq üzü görüb.
Müəlliflər qrupunda bir sıra dərs vəsaitlərinin, Y.Kərimovla
birgə II və III siniflər üçün
"Oxu" dərsliklərinin
hazırlanmasında iştirak edib. Təlim rus dilində
olan ümumtəhsil məktəblərinin
III sinfi üçün
"Azərbaycan dili" dərsliyinin
müəlliflərindən biri olub.
1984-1988-ci
illərdə Maarif Nazirliyinin
Baş inspeksiyası, 1989-1993-cü illərdə
isə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Dövlət müfəttişliyində
aparıcı və baş inspektor, 1993-2002-ci illərdə Təhsil Nazirliyinin Ümumi orta, texniki peşə təhsili
və məktəbəqədər baş
idarəsində aparıcı mütəxəssis, sonra da baş məsləhətçi,
2010-2013-cü illərdə nazirliyin Akkreditasiya şöbəsində baş məsləhətçi vəzifələrində
işləyib. 2013-cü ilin may ayından təqaüdə
çıxıb.
Zəhmətkeşlik və məsuliyyət
uğurlarının əsas amilləridir
Məhərrəm Səfərov
ömrü boyunca zəhmətkeşliyi
və məsuliyyəti, heç bir bəhanə ilə işdən
yayınmadan çalışmağı özünə həyat
prinsipi seçib.
Tapşırılan vəzifələri bir
məsuliyyət kimi dərk edib, lazımınca öhdəsindən gələrək
göstərilən etimadları doğrultmağa
çalışıb. Buna görə də
həmişə təşəkkürə layiq
görülüb.
Səmərəli fəaliyyəti
və 60 illik yubileyi
münasibətilə 2004-cü ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif
olunub.
Bakı şəhərinin
Sabunçu rayonundan
Azərbaycan müəllimlərinin XII qurultayına nümayəndə
seçilib.
Azərbaycan
Respublikası Prezidentinin 2009 -cu il 30 sentyabr
tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri
adına layiq görülüb.
Azərbaycan
Respublikasının əmək veteranıdır.
Qardaşı "Azərbaycan müəllimi"
qəzetinin baş redaktoru olub
Səfərovlar ailəsinin
on övladı olub, onlardan dördü
vaxtsız vəfat edib, üç
qardaş, üç
bacı qalıblar. Məhərrəm müəllimin həyatında
Şahin Səfərovun böyük
rolu olub. Buna görə
də o, həyatındakı uğurlarına
görə hamıdan artıq on altı yaş
özündən böyük
qardaşına borclu bilir
özünü. "Azərbaycan müəllimi"
qəzetində 20 il (1972-1992-ci illər) baş redaktor vəzifəsində
çalışan Şahin Səfərov
istedadlı qələm sahibi olmaqla yanaşı, həm də novator idarəçilik keyfiyyətlərinə
malik qəzetçi olub.
Bu illərdə bir-birindən maraqlı mövzularla, məqalələrlə
oxucuların görüşünə gələn qəzet
respublikanın elmi-pedaqoji, mədəni
mühitində böyük rol oynayıb.
İnstitutda oxuyan zaman Şahin müəllim
qardaşını yataqxanada qalmağa qoymayıb. İki
otaqlı evində ailəsi ilə bərabər yaşayan Şahin müəllim
qardaşının qayğısına qalmağı da özünə borc bilib. Onun ərəb və fars dillərini
mükəmməl bilməsi, klassik ədəbiyyatı
dərindən öyrənməsi, bu sahədə
maraqlı tədqiqatlar aparması Məhərrəm müəllimin
də ədəbiyyata marağını artırıb. "İndinin özündə də
çoxları bilmir ki,
ibtidai təhsil pedaqogikası və
metodikası fakültəsini bitirmişəm. Bəziləri
elə bilirlər ki, mən ədəbiyyatçıyam,"
- deyir Məhərrəm müəllim.
Ədəbiyyata mükəmməl yiyələnməsi sayəsində
o, ibtidai siniflər üçün "Oxu"
dərsliklərinin hazırlanmasında müəlliflərdən
biri olub.
Məhərrəm Səfərovun
əlinə qələm verən ilk
müəllimi atası Tağı kişi,
həyat pillələrində qalxmağı öyrədən
müəllimi isə qardaşı Şahin
Səfərov olub.
"Ömür boyu öyrənmək"
prinsipi onu təhsil sahəsində saxlayıb
Təhsil Nazirliyinə
işə qəbulu ilə bağlı maraqlı xatirəsi var Məhərrəm müəllimin: "Tale elə gətirdi ki, Cəbrayıldan
bir tələbə yoldaşımla görüşdük. O mənə dedi ki, mən getmişdim nazirliyə, orada
qohumum var, idarə rəisidir,
o şöbədə bizim
ixtisas üzrə, ibtidai
siniflər üzrə bir metodist
yeri var, məni
götürmədilər. O vaxt akademik Mehdi Mehdizadə təhsil
naziriydi. Getdik onun qohumunun yanına, İmran Məmmədovla bir
az söhbət etdik. Dedi, sənin burada işləməyinə
etirazım yoxdur, amma
gərək nazirlə danışam. Bir gün mənə zəng edib
çağırdılar ora. İmran müəllim dedi,
Mehdi müəllimlə
danışmışam, səni qəbul edəcək.
Mehdi Mehdizadə iyirmi iki il təhsil naziri işləyib, akademik,
SSRİ Elmlər Akademiyasının həqiqi üzvü
idi. Təhsilin o sahəsi
yox idi ki,
bilməsin. Mən də hazırlaşırdım, bilirdim ki, o,
mənə suallar verəcək. Qəbulunda
oldum, təhsillə bağlı bir-iki sual verdi,
gördü, bilirəm. Dedi,
"Oğlum, sən cavansan,
gələcəkdə sən dərslik müəllifi ola bilərsən burada. Elmi mövzu götürüb işləyə bilərsən.
Amma səni göndərəcəyimiz
idarə çox ağır idarədir. Orada biz insanları işə
götürürük, iki
aydan sonra
qaçırlar, dözmürlər. Yəni orada
səhərdən axşama qədər
işləməlisən. Sən
qorxmursan ki, bu işdən. Sən qaçmayacaqsan
ki?". Dedim: "Xeyr, professor, niyə qaçım ki,
əgər mən o işə düzəlirəmsə
işləməliyəm də...". Çağırdı
həmin idarənin rəisi İmran
müəllimi, dedi: "Apar,
bir ay sınaq müddəti
ver, görək işə necə
alışır". Mən ertəsi gündən gəldim o işə başladım proqram-metodika
idarəsində. İşin məzmunuyla
tanış oldum bir həftə.
Gördüm ki, doğrudan da, ağır
idarədir. Başladım üzərimdə çox gərgin, gecə-gündüz işləməyə.
O idarənin məzmunu nə idi: bütöv respublika
üzrə baza rolunu
oynayırdı. Bütün dərsliklərin
əlyazmaları hazırlanırdı. Orada
müzakirə olunurdu, çapa
hazırlayırdıq. İstər tədris proqramları, istər
dərsliklər, dərs vəsaitləri... O vaxt biz Moskvaya
tabe idik. Moskvadan rus dilində təlimatlar,
əsasnamələr, tədris planları verilirdi.
Bunu işləyirdik, rus
dilindən tərcümələr edirdik.
Ora biz nə artıra
bilirdik? Ancaq yerli Azərbaycan dili, ədəbiyyat,
Azərbaycan tarixi saatlarını. On beş gündən sonra İmran müəllim
təqdimat yazdı ki, işin
öhdəsindən gəlir. Beləliklə, mənim əmrim
verildi. 1970-ci ilin sentyabr ayının 20-dən Azərbaycan Respublikası
Maarif Nazirliyinin Proqram-metodika idarəsində metodist
vəzifəsinə işə düzəldim. Orada
təcrübəli yoldaşlar var idi, onlardan
bilmədiyim müəyyən məsələləri öyrəndim.
İnsan ömür boyu öyrənməlidir. Beləliklə,
üzərimdə gecə-gündüz
çalışdım və çox
qısa müddətdə özümü
doğrulda bildim".
Məhərrəm
müəllimin 1970-ci ilin sentyabr
ayından Təhsil Nazirliyində başlayan
fəaliyyəti zəhmətkeşliyi
və özünə qarşı tələbkarlığı
sayəsində 2013-cü ilin may ayına kimi müxtəlif
vəzifələrdə davam edib.
Üç övlad atası olan Məhərrəm müəllim həm də
yaxşı ailə başçısıdır.
Övladlarının tərbiyəsində həm özünün, həm də həyat
yoldaşı Naibə xanımın çox
böyük zəhməti olub.
Hər üç övladı ali təhsillidir. Məhərrəm müəllim
indi də nəvələrinin
qayğısına qalır. Hazırda 6 nəvəsi var.
Məhərrəm Səfərovu
70 ilinin tamam olması
münasibətilə redaksiyamız adından təbrik edir, uzun ömür,
cansağlığı arzulayırıq.
Könül
NƏHMƏTOVA
Azərbaycan müəllimi.- 2014.- 12 dekabr.- S.7.