"Aldığım maaşla özümü
təmin edə bilirəm"
Ölkəmizdə dərs deyən almaniyalı müəllim Aleksandr Eşer ilə müsahibə
Qəzetmizin səhifələrində dərc olunan xarici müəllimlərdən aldığımız müsahibələr oxucular tərəfindən maraqla qarşılanıb. Biz də oxucularımızın marağını nəzərə alaraq Azərbaycanda yaşayan və işləyən xarici müəllimlərlə müsahibələri davam etdiririk. Budəfəki müsahibimizi- Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində və 160 nömrəli Klassik gimnaziyada alman dilini tədris edən Aleksandr Eşeri oxucularla tanış etmək istəyirik. Cənab Eşerlə 160 nömrəli Klassik gimnaziyada görüşürük. Bizimlə görüşən müəllim salamımızı Azərbaycan dilində alır və deyir: "Əlekisalam". Bu, müsahibə ərzində əcnəbi müəllimdən Azərbaycan dilində eşitdiyimiz yeganə söz olur. Onunla söhbətə başlayırıq və özü barədə məlumat verməsini xahiş edirik:
- Mən Aleksandr Eşer. 1974-cü
ildə Almaniyanın Xemnits şəhərində
doğulmuşam. Xemnits
Texniki Universitetində gimnaziya
üçün müəllim
hazırlığı fakültəsində tarix
və idman ixtisası üzrə təhsil
almışam. 1996-2001-ci illərdə həmin universitetdə alman dili ixtisasına
da yiyələnmişəm.
- Universitetdən sonra?
- Universitetdən sonar Saksoniya federal torpağının
Olbernhau şəhərində
yerləşən gimnaziyada
5-12-ci siniflərə alman
dili, tarix və idman fənlərini
tədris etmişəm.
Almaniyanın müəllim
proqramı əsasında
4 il Çinin
Şanxay şəhərində,
xarici dillər məktəbində alman dili fənnindən dərs demişəm. 2012-ci ildə yenidən
Almaniyaya qayıtdım
və Xemnits şəhərində yerləşən
gimnaziyada çalışmağa
başladım.
- Necə oldu ki, Azərbaycana gəldiniz?
- Almaniyada "Xarici
məktəblər üçün
xüsusi idarə"
(ZFA) mövcuddur və
bu idarə Almaniya Xarici İşlər Nazirliyinin
tapşırığı ilə alman məktəb işini xaricdə təbliğ etməklə, Xarici İşlər Nazirliyinin
mədəniyyət və
təhsil siyasətini
həyata keçirir.
Bu idarənin məqsədlərindən biri
alman müəllimlərinin
vasitəçiliyini təmin
etməkdir. Bu müəllimlər 60-dan çox
ölkənin məktəblərində
alman dili dərsinin qurulması ilə bağlı məsləhət verən
mütəxəssislərdir və onlar həmçinin
Alman dili diplomu üçün
(DSD) imtahahları təşkil
edirlər. Mən də
bu idarəyə müraciət edərək
Azərbaycana gəlmişəm.
- Nə qədər
müddətdir burdasınız?
- Cəmi üç
aydır ki, bu ölkədəyəm.
Cənab Eşerin
cəmi üç aydır Bakıda olduğunu biləndən sonra düşünürük
ki, onun Azərbaycan barədə məlumatı az
olar. Amma Eşerin cavabları
bu fikrimizin yanlış olduğunu göstərir.
- Almaniyada yaşayanda
Azərbaycan barədə
məlumatınız var
idi, yoxsa?
- Bura gəlməzdən
əvvəl də Azərbaycan barədə məlumatım var idi. Tarix müəllimi olduğum
üçün Azərbaycanın
çox qədim və zəngin tarixə malik olduğunu bilirdim. Həm də bilirdim ki, Azərbaycan artıq müasir ölkədir. Bu fakt mənim diqqətimi çəkmişdi.
- Bəzi insanlar
Azərbaycanı Avroviziya
mahnı müsabiqəsindən
sonra tanıyıb. Almaniyada necə?
- Yox, Almaniyada insanların çoxu Azərbaycan barədə məlumatlı idi. Amma Avroviziya keçirildikdən
sonra Azərbaycan, Bakı daha da məşhurlaşdı.
- Azərbaycan dilini
öyrənməyə marağınız
var?
- Mən məktəbdə
rus dilini öyrəndiyim üçün
burada rus dilini öyrənmək şansım daha yüksəkdir. Azərbaycan dili hərçənd
çətindir, lakin
mən burda olduğum müddət ərzində bu dili öyrənməyə
çalışacam.
- Neçə illik
burdasınız?
- 3 il dəqiq burdayam. Lakin daha uzun müddətə
də qalmaq mümkündür.
Aleksandr
Eşer deyir ki, Azərbaycan barədə əvvəldən
məlumatlı olub. Bizə də maraqlı gəldi ki, Azərbaycana gələndən
sonra onun fikirlərində hansı
dəyişikliklər olub?
Elə söhbətimizi də bu məqamlara toxunaraq davam etdiririk.
- Azərbaycana gələndən
sonra fikirləriniz necə dəyişib?
- Mən Azərbaycan haqqında məlumatlı idim. Necə təsəvvür edirdimsə
elə də qarşılaşdım. Mədəniyyətinizlə
hələ daha yaxından tanış
olmağa çalışıram.
- Bəs insanlarımız?
- Azərbaycan insanı
çox xeyirxahdır.
Çətinlik olanda tez kömək etməyə çalışırlar. Uşağı körpə olan
valideynlərə (əgər
uşaq arabasındadırsa)
nəqliyyata minməyə,
düşməyə kömək
edirlər. Metro və avtobusda özlərindən böyüklərə,
qadınlara, uşaqlı
insanlara yer verirlər.
- Bəs şəhərdə
xoşunuza gəlməyən
hallar var?
- Tıxac.
- Axı tıxac
bütün böyük
şəhərlərdə olur?
- Yox, mən təkcə tıxacı nəzərdə tutmurdum.
Sürücülər avtomobilləri təhlükəli
idarə edirlər və bu da
uşaqlar üçün
xüsusilə təhlükəlidir.
Sürücülərin
nəqliyyat vasitəsini
təhlükəli idarə
etməsi ilə razılaşmaya bilmirik. Bütün bu mənfi nüanslar da aradan qalxar
deyib, cənab Eşerlə 3 aydır ki, yaşadığı ölkənin adət-ənənələri,
yeməkləri barədə
söhbət etməyə
çalışırıq:
- 3 aydır Bakıdasınız,
haranı gəzmisiniz?
- İçərişəhər
və bulvarda olmuşam.
- Bəs muzeylərimizdə?
- Yox, çox təəssüf ki, işlərim çox olduğuna görə hələ də muzeylərinizdə olmaq şansım olmayıb.
- Bakıdan başqa
hansı şəhərlərimizdə
olmusunuz?
- Yeni gəlmişəm
və gəzməyə
hələ vaxtım olmayıb.
- Azərbaycan adət-ənənələri
barədə nə qədər məlumatlısınız?
- Azərbaycanın adət-ənənələri
barədə bələdçi
kitabçada qısa məlumat oxumuşdum. Həmin kitabçada milli yeməkləriniz, mədəniyyətiniz
barədə məlumatlar
var idi.
- Hansı yeməklərimizi
sevirsiniz?
- Yeməkləriniz dadlıdır.
Dolmanı çox bəyənirəm.
Milli
şirniyyatlarımızdan dadan və bəyənən
müəllim, onların
adlarını tapa bilmir. Və bizə izah
edir ki, yediyim şirniyyatların tərkibində qoz var idi. Biz də onların
şəkərbura və
paxlava olduğunu deyirik. O da gülərək təsdiqləyir.
Biz də bir qədər onun yaşayış tərzi
ilə maraqlanırıq:
- Məişətimizə, yaşayış tərzimizə
uyğunlaşa bilirsiniz?
- Uyğunlaşmağa çətinlik çəkmirəm.
Çünki ailəm və
övladlarımla gəlmişəm.
- Uşaqlarınız balacadır?
- Qızımın 10, oğlumun 1 yaşı
var.
- Qızınız hansı
məktəbdə oxuyur?
- Qızım Şanxayda
olanda məktəbdə
ingiliscə təhsil aldığı üçün
burada da təhsilini ingilis dilində davam etdirir. Beynəlxalq məktəbdə oxuyur.
- Bəs aldığınız
maaşla burada özünüzü təmin
edə bilirsiniz?
- Bəzi şeylər
var ki, burada
ucuzdur. Amma bəzi şeylər
var ki, Almaniyadan
bahadır. Məsələn, burada hər-hansı şirniyyatı alanda düşünürəm ki,
bu çox bahadır. Amma nəqliyyat 20 qəpikdir
və bu çox ucuzdur. Lakin bütün bunlara baxmayaraq aldığım
maaşla özümü
təmin edə bilirəm.
Bəs
görəsən o, bir
müəllim kimi azərbaycanlı şagirdlərin
bilik səviyyəsi barədə nə düşünür. Söhbətimizi
bu istiqamətdə davam etdirik:
- Azərbaycanda şagirdlərin
bilik səviyyəsini
Almaniyadakı şagirdlərin
bilik səviyyələri
ilə müqayisə
etmək olarmı?
- Əslində öyrənmə səviyyəsini
müqayisə etmək
çətindir. Hər sinif
fərqli olur. Elə sinif var ki,
aşağı səviyyədə
olur, digəri daha yüksəkdir.
- Müəllim şagirdi
yaxşı öyrətmək
üçün hansı
üsullardan istifadə
etməlidir?
- Yaxşı müəllim
şagirdi öyrətmək
üçün bir deyil, bir neçə
üsuldan istifadə etməlidir. Çalışıram metodları tez-tez
dəyişim ki, uşaqlar üçün
maraqlı olsun. Metodlar müxtəlifdir. Əgər oxudursa,
bir metoddan, yazıdırsa, başqa metoddan və qulaq asmaq üçün
isə tamamilə başqa bir metoddan istifadə edilir. Öz işimdə məni
cəlb edən uşaqların hansı səviyyədən hansı
səviyyəyə gəlib
çatdığını görməkdir.
- Bəs işlədiyiniz
məktəblər sizi
qane edir?
- Əlbəttə (gülür).
Biz də ona bütün işlərində uğurlar
arzu edirik. Müsahibə üçün də təşəkkürümüzü
bildirib, hər birimizin gülərüz anında müsahibəni yekunlaşdırırıq.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2014.- 12 dekabr.- S.7.