İnsanın ekoloji mədəniyyətinin
ətraf mühitin mühafizəsinə təsiri
Ekoloji problemlərin kəskin şəkildə özünü
göstərdiyi müasir
dövrümüzdə böyüməkdə olan nəsildə ekoloji mədəniyyətin
formalaşdırılması aktual məsələ
kimi qarşıda durur.
Çünki məhz bu
mədəniyyətə yiyələnmiş insan ekoloji problemlərə
biganə qalmır, ekologiyanın
qorunması üçün fəal
mübarizə aparmağı özünün
vətəndaşlıq borcu sayır.
Şagirdlərdə ekoloji mədəniyyətin
formalaşmasında orta məktəbdə
tədris olunan biologiya
fənninin imkanları genişdir. Mən tədris prosesində bu imkanlardan maksimum istifadə
etməyi, ayrı-ayrı mövzuların tədrisi zamanı ekoloji problemlər, onları doğuran
səbəblər və aradan
qaldırılması yolları haqqında geniş
məlumat verirəm. Şagirdlərə
çatdırıram ki, bu
gün bəşəriyyətin ekoloji böhranla
qarşılaşmasının bir çox səbəbləri
vardır. İnsanlar öz
ehtiyaclarını ödəmək üçün
təbiətdən 10 milyard tonlarla məhsul alır, əvəzində isə
təbiətə 20 milyard tona
qədər qaz, maye,
bərk halda tullantı məhsulları və
bir o qədər də
üzvü məhsullar qaytararaq
təbiəti çirkləndirirlər. Planetin
yaşıl bitki örtüyü
yanacağın yanmasından ayrılan karbon
qazını fotosintez edərək, oksigen şəklində təbiətə qaytarmaqda çətinlik çəkir. Səbəbi
planetin meşə örtüyünün
hər il 1% azalmasıdır.
Ekologiyanın mahiyyətinin
şagirdlər tərəfindən düzgün
dərk olunmasına da xüsusi
fikir verirəm. Onlara izah edirəm ki, "ekologiya" yunanca tərcümədə
"ev, insanı əhatə edən mühit" deməkdir. Öz
evimiz haqqında, onu qurmaq və sağlam saxlamaq haqqında lazımi biliklərimiz olmasa biz bu
evi saxlaya bilmərik. Bu böyük evdə - yer üzündə əhalinin sayı getdikcə
artmaqdadır. Bu qədər artım fonunda
insanların ekoloji biliyini
və ekoloji mədəniyyətinin
artması çox vacibdir.
İnsana təbiətin təsiri gücləndikcə
ekoloji problemlər də qlobal
xarakter alır. İnsanın təbiətə
çoxcəhətli təsiri nəticəsində insanın
ekoloji mədəniyyəti-geniş ekoloji etikası da
formalaşır.
Ekoloji problemlərin artıq bir ölkə
çərçivəsindən çıxıb
dünyanın probleminə çevrildiyini
şagirdlərə çatdıraraq deyirəm ki, atmosferin,
torpağın və hidrosferin antropogen yolla çirklənməsi
bəşəriyyəti çoxdandır ki,
narahat edir. Çox vaxt insan təbii proseslərə öz
təsirinin mənfi nəticəsini qabaqcadan
görüb, dərk edə bilmir. Nəticəsi
isə çox acınacaqlı olur. Və prosesləri geri
döndərmək mümkün olmur. Belə ki, DDT-nin (kimyəvi zəhərli maddə) kəşfi
buna misal ola bilər. Vaxtı ilə bu
kəşf üçün Nobel mükafatı verilmişdir.
Bu maddəni
kənd təsərrüfatı zərərvericilərinə
qarşı çox uğurla
tətbiq edərkən onun insan, bitki və heyvan orqanizmləri üçün
çox təhlükəli olduğu aydınlaşdı. Buna
görə də DDT-dən istifadə etmək qadağan edildi. Amma artıq gec idi, təbiətin DDT ilə zəhərlənməsi
maksimum həddə
çatmışdı.
Kənd
təsərrüfatında pestisidlər adlanan
maddələr geniş
tətbiq edilir. İnsanlar
hər gün qida ilə
bir neçə qram pestisid qəbul edir, bu da orqanizm
üçün çox
təhlükəlidir. İnsanın ekoloji
biliyi və ekoloji mədəniyyəti
yüksək səviyyədə olmalıdır.
Dünyanı
təhdid edən ekoloji problemlərdən
danışarkən "Ozon dəlikləri" haqqında da məlumat
verirəm. Şagirdlərə çatdırıram ki, hazırda reallığa çevrilmiş
ekoloji təhlükədən biri də Antarktida üzərində
əmələ gələn "Ozon dəlikləri"dir. Ozon təqəbəsi-ozon
ekranı canlı orqanizmlərə məhvedici təsir
göstərən kosmik şüaları
və günəşin qısadalğalı ultrabənövşəyi
şüalarını dəf edir. Ultrabənövşəyi
şüalar kiçik
dozada canlı orqanizmlərin
inkişafı üçün
lazımdır. Hazırda ozon
ekranının nazilməsi və deşilməsi orta hesabla artıq 3%-ə
çatıb. Sübüt edilmişdir ki, ozonun 1% azalması dəri xərçənginin
əmələ gəlməsinə səbəb olur. Bəs ozon təbəqəsinin
belə zədələnməsinin səbəbi nədir?
Müəyyən edilib ki,
bunun səbəbi xlorlaşmış və
flüorlaşmış karbohidratların (XFK), bəzi sənaye
qazlarının atmosferə tullanmasıdır. İnsana həyat verən, onu
öz qoynuna alan və onu
qidalandıran təbiətin problemləri bununla
qurtarmır. Vernadskinin noosfer
(ağıllı təbəqə) adlandırdığı torpağa insanın təsiri həmişə
ağıllı olmayıb. Xüsusilə biosferin
enerji balansının insan
fəaliyyəti ilə dəyişməsi daha
təhlükəli xarakter alıb. Karbon qazının getdikcə artması enerji
balansını istiliyin artması istiqamətində
dəyişir. Son illərdə planetin orta temperaturu
0.5oC yüksəlmişdir. Bu hadisə "istixana"
effekti adlanır.
Yer üzərində istiliyin
artması qütb buzlarının əriməsinə
və okean səviyyəsinin qalxmasına
səbəb olur. Bu təhlükəni
biz artıq Xəzər
dənizi misalında
hiss edirik. Xəzər
dənizinin səviyyəsi
xeyli qalxmış, Abşeron yarımadasında,
Lənkəran, Astara zonasında xeyli kənd təsərrüfatı
torpaqları suyun altında qalmışdır.
Lakin Xəzərin
faciəsi bununla bitmir. Xəzər dənizi sənaye
və məişət
tullantıları ilə
xeyli çirklənmişdir.
Dənizin ən çox
çirklənən hissəsi
Bakı buxtası və Neft daşları
zonasıdır. Bol
sulu Araz
və Kür çayları da xeyli çirklənmiş
və su balansı dəyişmişdir.
Araz çayı Ermənistan ərazisindən keçərkən
Oxçu çayı
vasitəsi ilə Ermənistanın sənaye
tullantıları ilə
çirkləndirilir. Kür çayına Gürcüstandan
həm çirkab suları, həm də sənaye tullantıları axıdılır.
Hər iki çayın suları isə Xəzər dənizinə
tökülür.
Şagirdlərə
çatdırıram ki,
ekoloji fəlakət meşələrdən də
yan keçməyib. Təbiətin ağ
ciyərləri olan meşələrin məhv
edilməsi oksigenin azalmasına, torpağın
eroziyasına, bulaqların
qurumasına və qurunt sularının yuxarı qalxmasına səbəb olur, torpaqlar bataqlıqlaşır,
küləklər boş
sahələrdə cövlan
edir. Bu baxımdan
Azərbaycana kifayət
qədər ağır
zərbə dəyir.
1988-ci ildən davam edən Qarabağ faciəsi gözəl Şuşamızın
tarixi Topxana meşəsinin qırılması
ilə başlandı.
Relikt və endemik bitki olan Xarı
bülbül çiçəyi
Qarabağın incisi olan Şuşanın Cıdır düzündə
bitir. Xarı bülbül indi
erməni cəlladlarının
tapdağı altında
əzilir.
Şagirdlərlə
bu mövzuda yeri gəldikcə aparılan söhbətlər,
verilən məlumatlar
onlarda ekoloji şüurun formalaşmasına
müsbət təsir
göstərir. Ümumiyyətlə, bir müəllim kimi bu qənaətdəyəm
ki, planetimizin ekologiyası ilə bağlı hər kəs məsuliyyət
hiss etməli, hər kəsdə ekoloji bilik, ekoloji mədəniyyət, vətənpərvərlik
və gələcək
nəsillər qarşısında
cavabdehlik hissi olmalıdır.
Bəsti
İBİŞOVA,
Bakıdakı 114 nömrəli tam orta
məktəbin biologiya
müəllimi
Azərbaycan müəllimi.-
2014.- 12 dekabr.- S.8.