Şagirdlərin hərbi-vətənpərvərlik
tərbiyəsi Şuşa
rayonu məktəblərinin diqqət mərkəzindədir
Azərbaycan xalqının ümummilli lideri,
böyük şəxsiyyət və dövlət xadimi Heydər
Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasını təhsil sisteminin qarşısında duran ən
mühüm vəzifə hesab edərək deyirdi: "İndi bizim təhsilimizin məqsədi
gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə
hazırlamaqdır. Amma, bununla yanaşı, ən böyük
məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin
ləyaqətli üzvünü
hazırlamaqdır". Ulu öndər gənclərin
vətənpərvərlik tərbiyəsi dedikdə onlarda vətənə, torpağa,
millətə sədaqət, vətən yolunda
şəhidliyə hazır olmaq hisslərinin
formalaşdırılmasını nəzərdə tuturdu.
Müstəqil Azərbaycanın banisi, ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti
İlham Əliyev də öz çıxışlarında
uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin
vacibliyini dönə-dönə vurğulamış, bu
işin dövlətin təhsil, gənclər siyasətinin
prioritet məsələlərindən biri olduğunu diqqətə
çatdıraraq demişdir: "Biz böyüməkdə
olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi
dəyərlərimiz ruhunda tərbiyə edilməsinə
çox böyük əhəmiyyət veririk. Bu bizim
inkişafımızın əsası, hər bir
xalqın inkişafının əsasıdır".
Dahi rəhbərin və ölkə
başçısının bu müdrik
tapşırıq və tövsiyələrini hər zaman əldə rəhbər tutan
ölkəmizin çoxminli təhsil
işçiləri, o cümlədən Şuşa rayonunun
ümumtəhsil məktəblərinin pedaqoji
kollektivləri məktəbli gənclərin vətənpərvərlik tərbiyəsinə,
onlarda milli-mənlik şüurunun
inkişafına, dövlətçiliyə sədaqət hissinin artmasına daim xüsusi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü tədbirlər
həyata keçirirlər.
Vətənpərvərlik,
o cümlədən hərbi -vətənpərvərlik
insanı səciyyələndirən əsas keyfiyyətlər
olduğundan onun
böyüməkdə olan nəslə
aşılanması, uşaq, yeniyetmə
və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən
mühüm istiqamətlərindən, məktəblərin
ən vacib vəzifələrindən olmuşdur. Müasir
dövrdə təhsilin qarşısında qoyulmuş
fəal vətəndaşlar yetişdirmək vəzifəsi də
məhz sistemli, ardıcıl vətənpərvərlik
tərbiyəsinin nəticəsində
reallaşdırılır.
Azərbaycan
Respublikasının təhsil naziri cənab
Mikayıl Cabbarovun müvafiq
əmri ilə 2013-2014-cü tədris ilindən başlayaraq ümumtəhsil məktəblərinin
V-XI siniflərində ilk dərsin "Mənim
Vətənim - doğma yurdum"
mövzusuna həsr olunması şagirdlərdə
vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm
rol oynayır. İkinci
ildir ki, bu dərslər rayonumuzun
məktəblərində də yüksək səviyyədə
aparılır və şagirdlərdə vətənpərvərlik
hissinin artmasına güclü
təsir göstərir. Eləcə də Təhsil
Nazirliyinin "Məktəb qəhrəmanları
ilə tanınır" adlı yeni layihəyə
başlaması bütün ölkədə
olduğu kimi rayonumuzun pedaqoji kollektivlərində
də müasir təhsilimizin milli-mənəvi
dəyərlərimiz fonunda inkişaf etdirilməsinə, şagirdlərə
vətənpərvərlik ruhunun aşılanmasına,
Milli Qəhrəmanlarımızın daim yaddaşlarda
yaşadılmasına xidmət edəcək bir
təşəbbüs kimi qiymətləndirilir.
Təhsil
Nazirliyinin göstərişi əsasında
ötən dərs ilindən başlayaraq
Azərbaycan Respublikasının müasir
tarixinə aid seçilmiş
mövzuların ulu öndər Heydər
Əliyevin adını daşıyan mərkəzlərdə
tədris edilməsi ölkəmizin müasir
tarixinin şagirdlər tərəfindən fəal öyrənilməsinə
marağı artırır, onlarda vətəndaşlıq
və vətənpərvərlik hisslərinin daha
da gücləndirilməsinə xidmət edir.
Təhsil Nazirliyinin daha bir təşəbbüsü də yüksək
qiymətə layiqdir. Məlum olduğu kimi, nazirliyin müvafiq əmri
ilə cari dərs ilindən başlayaraq respublikanın ümumtəhsil məktəblərinin
VIII siniflərində "Qarabağın tarixi"
adlı fakültativ kurs
tədris olunur. Fakültativ
kurs üçün proqram və vəsait hazırlanaraq yerlərə
göndərilmişdir. Artıq rayonumuzun
məktəblərində də qeyd olunan kursun tədrisinə
başlanılıb. Həmin kurs
Qarabağımızın tarixinin dərindən öyrənilməsində,
şagirdlərin vətənpərvərlik tərbiyəsində
mühüm rol
oynayacaqdır.
Vətənpərvərlik
tərbiyəsi vətəni tanımaq və sevməkdən
qaynaqlanır. Bu baxımdan ölkə rəhbərinin
göstərişi ilə "Ölkəmizi tanıyaq"
maarifləndirici tur-aksiyaların keçirilməsi məktəblilərin vətənpərvərlik
tərbiyəsində olduqca mühüm əhəmiyyətə malikdir. Rayonumuzun məktəbliləri
də bu tur-aksiyalarda
fəal iştirak edirlər.
Doğma yurdlarını görməyən
şagirdlərimiz arasında "Şuşamızın qəhrəman
oğulları", "Vətən mənim, Vətən sənin,
bizlər isə bu Vətənin" və
s. mövzularda inşa yazı müsabiqələri, "Vətən
qəhrəmanları ilə tanınır", "Azərbaycan bayrağı Şuşada və Xankəndidə
dalğalanacaqdır" tədbirlərinin, Milli
Qəhrəmanların ailə üzvləri, hərbiçilərlə
şagirdlərin görüşlərinin keçirilməsi
və digər bu kimi
tədbirlər bütün məktəblərimizdə
təşkil olunmuşdur.
Məktəblilər
arasında vətənpərvərlik, o
cümlədən, hərbi- vətənpərvərlik hissini artıran amillərdən biri də hər il respublika üzrə keçirilən
"Şahinlər" və "Cəsurlar" hərbi-idman
oyunlarıdır. Rayonumuzun ümumtəhsil
məktəblərinin yuxarı sinif
şagirdləri həmin oyunlara gənclərin
çağırışaqədərki
hazırlığı rəhbərlərinin səyi ilə ciddi və məsuliyyətlə
hazırlaşırlar. Bunun nəticəsidir ki,
"Şahinlər" hərbi-idman oyunlarının Bakı
şəhərinin 11 və məcburi köçkün
rayonlarının 3 komandasının iştirakı ilə may ayında keçirilən zona
mərhələsində rayonumuzu təmsil
edən Malıbəyli kənd 1 nömrəli tam
orta məktəbin
komandası uğurla
çıxış edərək güllə
atıcılığı nominasiyasında I yeri
tutmuş və fəxri fərmanla təltif
olunmuşdur. 9 nömrəli tam orta məktəbin
komandası isə "Cəsurlar" hərbi-idman
oyunlarının zona mərhələsində
14 iştirakçı komanda arasında
VI yeri tutmuşdur.
Bu cür tədbirlərin
sistemli xarakter
alması məqsədilə Şuşa RTŞ-nin əmrinə əsasən 2014-cü
ilin noyabr ayı məktəblərdə
"Gənclərin çağırışaqədərki
hazırlığı" fənn aylığı elan edilmişdir. Aylıq
çərçivəsində rayonun məktəblərində
müxtəlif səpgili hərbi-idman yarışları, X-XI
sinif şagirdlərinin döyüş
silahları ilə tanışlığı, onlardan
istifadə qaydalarının öyrənilməsi, Hərbi
muzeyə ekskursiyalar da
planlaşdırılmışdır. Məktəblərdə
təlim silahları olmadığı üçün
"açıq dərs"lərdə bu
silahdan müvəqqəti istifadə
olunması məqsədilə təhsil şöbəsi tərəfindən
Şuşa Rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Polis
şöbəsinin əməkdaşının nəzarəti
altında avtomat təlim silahı rayonun bütün tam orta məktəblərinə
gətirilmiş, şagirdlər silahla əyani
tanış olmuşlar.
Noyabrın 24-də rayonun
3 nömrəli tam orta
məktəbində Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
Dövlət Xidmətlərinin (SHXÇDX) Şuşa
bölməsi və polis şöbəsinin
nümayəndələrinin GÇH rəhbərləri və
şagirdlərlə görüşü
keçirilmişdir.
Aylıq çərçivəsində
məktəblilərimiz cəbhə xəttində - Tərtər
rayonu ərazisində yerləşən hərbi
hissədə olmuş, əsgər və
zabitlərlə görüşmüşlər.
Belə
tədbirlərdən biri də Şuşa Rayon Təhsil
Şöbəsinin təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərinin
X-XI siniflərində təhsil alan gənclərin
çağırışaqədərki
hazırlığı rəhbərlərinin Heydər
Əliyev adına Ali Hərbi Məktəbdə
müəllim və kursant heyəti ilə görüşü
olmuşdur.
Görüşün keçirilməsinin əsas məqsədi
gənclərə hərbi-vətənpərvərlik hisslərinin
aşılanması, onların orta məktəbdə
oxuduqları dövrdən ölkənin müdafiəsinə psixoloji cəhətdən
hazırlanmasıdır.
Gənclərin
Ali Hərbi Məktəblə
tanışlığı çox
maraqlı və canlı alındı. AHM-in
"Maddi-texniki təminat"
kafedrasının rəisi polkovnik-leytenant
Qılman İmanov kafedra
haqqında, burada olan
T-72 M1 tankının və BMP-2 piyadaların döyüş
maşını qurğularının iş
prinsipləri haqqında şagirdlərə məlumat verdi. Hərbi
məktəbin kursantları və şagirdlər təcrübi
olaraq sürmə trenajorlarında komandirlər
tərəfindən verilən tapşırıqları yerinə
yetirdilər.
"Silah və atış" kafedrasının rəisi
polkovnik Eldar Maşayev PDM-2, PDM-3 piyada döyüş maşınları və T-72M
və T-90 tanklarının quruluşu və
iş prinsipi
haqqında geniş məlumat verdi, tank əleyhinə
idarə olunan raket
atış trenajorunda şagirdlər
kursantların köməyi ilə məşq etdilər. Zirehli texnika silahları sinfində mərmilərin uçuş xətti, hədəfə dəyməsi
və reaktiv hərəkət haqqında
məlumatlar kompüter vasitəsi ilə nümayiş etdirildi.
RQ-7V tipli atəş silahı haqqında olan məlumatlar şagirdləri daha çox
maraqlandırdı. Artilleriya sinfində
kompüterlə hədəflərin vurulması prosesi kursantlar tərəfindən
nümayiş etdirildi.
Rabitə vasitələri ilə idarəetmə sinfində
idarəetmə və rabitə kafedrasının rəisi polkovnik-leytenant Rəhman Günəşov
VRC-4624, VRC, VRC-6208, VRC-90090 tipli radiostansiyalar haqqında şagirdlərə məlumat
verdi. Mayor İlham Şıxəliyev bu
stansiyaların Türkiyə və İsraildə istehsal olunduğunu şagirdlərin nəzərinə
çatdırdı.
Çoxkanallı
rabitə texnikası sinfində mayor Fərda
Hacımuradov çoxkanallı rabitənin
yaradılmasından və radio-rele rabitə
haqqında, O-330-6, P-303, P-309 kanalyaratma
qurğularının iş prinsipləri
haqqında məlumat verdi.
Mühəndis maneələri
sinfində hərbi-mühəndis kafedrasının polkovniki Həsən Məmmədov minalardan mühafizə haqqında məlumat verdi, mexaniki körpülər,
səngər qazan maşınlar
haqqında çəkilmiş videoçarx
şagirdlərə göstərildi.
Rayonun 1 nömrəli tam orta
məktəbinin məzunu, Heydər Əliyev adına Ali Hərbi Məktəbin ikinci
kurs tələbəsi Hüseyn
Elxan oğlu Ələkbərli
öz həmyerli müəllimləri və
şagirdləri ilə səmimi görüşdü.
Hüseyn Ali Hərbi
Məktəbdə
oxuması ilə böyük qürur hissi keçirdiyini bildirərək məktəbli
gənclərə də bu ali məktəbdə təhsil
almalarını arzuladı.
Məktəblilərin
hərbi- vətənpərvərlik ruhunun
gücləndirilməsi istiqamətində görülən
işlər bundan sonra
da davam etdiriləcək,
gənclərin çağırışaqədərki
hazırlığı fənninin tədrisinin keyfiyyəti
artırılacaq, şagirdlərdə hərbi ixtisaslara marağı artırmaq üçün ardıcıl olaraq təbliğat
işləri aparılacaqdır.
Təvəkkül ƏLİYEV,
Şuşa Rayon
Təhsil Şöbəsinin
müdiri,
əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2014.- 12 dekabr.- S.8.