Ümumtəhsil məktəb
şagirdlərinin
mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər
barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Əsrlərdən
bəri yaranıb inkişaf edərək
bəşəriyyətin söz sənəti
xəzinəsinə incilər bəxş
etmiş Azərbaycan ədəbiyyatının,
eləcə də dünya ədəbiyyatının
humanizm ruhlu seçmə
nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.
Şəxsiyyət
olaraq insanın formalaşıb kamilləşməsində,
mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində,
cəmiyyət hadisələrinə çevik,
həssas və obyektiv münasibət bəsləməsində,
bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün,idraki
bacarıqlarının inkişafında, bir
çox hallarda isə
həyat yolunun müəyyənləşməsində
və vətəndaşlıq tərbiyəsində mütaliənin
rolu müstəsna əhəmiyyət kəsb
edir. Qloballaşmanın
qarşısıalınmaz prosesə çevrildiyi
hazırkı dövrdə milli dəyərlərin,
xalqımızın mənəvi simasını əks etdirən
mədəni irsinin və adət-ənənələrinin
qorunub saxlanılaraq nəsildən-nəslə
ötürülməsində və onların digər mədəniyyətlərlə
müqayisə olunub müvafiq
nəticələr çıxarılmasında mütaliə
əvəzsiz təsir gücünə malikdir.
Hazırkı
vaxtda elmi-texniki tərəqqinin
sürətli inkişafı ilə əlaqədar
insanların məşğulluq və maraq
dairəsi, ilbəil təkmilləşən texniki
informasiya vasitələri ilə məlumatlanmaq
imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini
saxlamaqdadır.
Bununla belə, aparılan pedaqoji
müşahidələr və təhlillər göstərir ki, son zamanlar
ümumtəhsil məktəblərində şagirdlərin
mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması üzrə zəruri tədbirlərin
həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir.
Bununla əlaqədar
şagirdlərin mütaliəsi işinin
təşkilindəki təcrübədə sınaqdan
çıxmış ənənələri bərpa etmək,
onların mütaliəyə həvəsini daha
da gücləndirmək və mütaliə
vərdişlərini inkişaf etdirmək
təhsil sahəsində prioritet vəzifələrdən
biridir.
Qeyd olunanlara əsasən,
ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə
istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması məqsədilə
"Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. Naxçıvan
MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil
İdarəsinə, rayon (şəhər)
təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi
təhsil müəssisələrinin rəhbərlərinə
tapşırılsın ki:
1.1. Bu
əmrin məzmununun pedaqoji kollektivlərə
çatdırılmasını təmin etsinlər.
1.2. Aşağıda
qeyd olunan istiqamətlər
əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi
və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılmasına yönəlmiş fəaliyyət
planı hazırlayıb icrasını təmin etsinlər:
- hər il yenilənməklə şagirdlərə
mütaliə edilməsi tövsiyə olunan
Azərbaycan və xarici ölkə
yazıçılarının əsərlərinin təxmini
siyahısının hazırlanması;
- məktəb
kitabxanalarının yeni nəşrlərlə
zənginləşdirilməsi, bunlarda dərs
ili ərzində bədii əsərlərin
oxusunun və müzakirəsinin təşkili;
- məşhur
yazıçıların, o cümlədən
ədəbiyyat sahəsində Nobel
mükafatına layiq görülmüş
yazıçıların, eləcə də
tanınmış Azərbaycan ədiblərinin
yaradıcılığı və əsərlərinin məzmunu
haqqında şagirdlərə məlumatların
çatdırılması yolu ilə
onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsi;
- şagirdlərin müasir Azərbaycan
yazıçıları ilə görüşlərinin
keçirilməsi, bu prosesdə
şagirdlərin həmin yazıçılar və
onların əsərləri haqqında məlumatlandırılması,
müvafiq təbliğat işlərinin həyata
keçirilməsi;
- şagirdlərin
oxuduqları və ya oxuyacaqları əsərlər
əsasında hazırlanmış teatr
tamaşalarına aparılması və onların müzakirəsinin
keçirilməsi;
- oxuduqları əsərlər
üzrə məktəblərdə şagirdlərin
iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş
tamaşa nümunələrinin təşkili;
-
şagirdlər tərəfindən oxunan
və tamaşa olunan əsərlərin
onların iştirakı ilə müzakirəsinin
keçirilməsi, bu əsərlər əsasında
yuxarı sinif şagirdlərinin təəssürat,
rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;
- məktəblərdə
"Ən fəal oxucu", "Bədii
əsər haqqında ən yaxşı inşa",
"Bədii əsər barədə ən mükəmməl
rəy" müsabiqələrinin, ədəbi-bədii qiraət
gecələrinin, hekayə axşamlarının keçirilməsi
və qaliblərin rəğbətləndirilməsi;
- məktəblərdə
oxuduqları əsərlərin sayına görə siniflər
üzrə şagirdlərin reytinqinin
müəyyən edilməsi və bu əsasda
onların arasında sağlam rəqabət
mühitinin yaradılması;
-
mütaliə etdikləri kitablar barədə
rəy və mülahizələrinin digər həmyaşıdları
ilə onlayn mühitdə
paylaşmalarına şagirdlərin istiqamətləndirilməsi
və bununla əlaqədar onlara lazımi mənəvi və texniki dəstək göstərilməsi.
1.3. Əmrin yerinə
yetirilməsinin gedişi barədə
2015-ci ilin aprelində Nazirliyə hesabat göndərsinlər.
2. Məktəbəqədər
və ümumi təhsil şöbəsi
(A.Əhmədov) bu əmrlə müəyyən
edilmiş tədbirlərin həyata
keçirilməsinin təmin olunması istiqamətində
davamlı təşkilati işlər həyata keçirsin, təqdim edilən hesabatların
təhlilini aparıb müvafiq təkliflər
hazırlasın.
3. İqtisadiyyat şöbəsi (R.Orucov), Əsaslı tikinti və təchizat idarəsi (A.Axundov) ümumtəhsil məktəb kitabxanalarının davamlı olaraq bədii əsərlərlə zənginləşdirilməsi üçün müvafiq ədəbiyyatın alınmasını təmin etsinlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) şagirdlərin
mütaliəsi işinin təşkili ilə
bağlı görülən tədbirlərin KİV-lərdə
işıqlandırılmasını, bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
16 dekabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.2.