Şagirdi xilas etmək
naminə özünü qurban
verdi
Sabirabad
şəhərinin Nizami Gəncəvi adına
5 nömrəli orta məktəbinin texnologiya müəllimi, 2
noyabr 1957-ci il təvəllüdlü Əhliman Hüseynovun əfsanələşən
fədakarlığının gerçəklərini zaman təhriflərə
uğratmasın deyə qələmə almaq, tarixin
yaddaşına yazmaq üçün hərtərəfli
araşdırmağa qərar verdik. İnternet saytlarından
başlayaraq yerli əhalinin danışdığı
söhbətlərə ehtimallar, gümanlar da
qarışdığını nəzərə alıb,
hadisə yerində olmağı, mərhum müəllimin ailəsi,
yaxın dostları, müəllim yoldaşları, şagirdləri
ilə görüşməyi lazım bildik. Bütün
söhbətlərin içindən yalnız təsdiqini
tapmış faktlara əsaslanmaqla üçüncü sinif
şagirdi Güldəstə Faiq qızı Hüseynovanı
xilas etmək naminə öz həyatını qurban verən
Əhliman Hüseynovun adını bir müəllim kimi əbədiyyətə
qovuşduran son hekayətini oxuculara olduğu kimi təqdim
edirik.
Hər
gün keçilən yolda son iz...
Sabirabad rayonunda Kür üzərində tikilən yeni
körpüdə bir müəllim ömrünün son
addımları maşın təkərinin asfalta çəkdiyi
dərin bir iz kimi qaldı... Şahidi olduq
dipdiri alacalanmış gözlərimizlə,
yaddaşımıza cızıldı o iz elə
körpünün üzərində qalmış dərinliyi
ilə.
5 dekabr 2014-cü il tarixində Sabirabad Rayon Təhsil
Şöbəsindən Nizami Gəncəvi adına 5 nömrəli
məktəbin direktoru Bilal Əhmədova zəng olundu:
"Sizin məktəbdə Əhliman müəllim işləyirmi?". "Bəli" cavabını verən
direktor belə bir acı, sarsıdıcı xəbər
aldı: "Əhliman müəllimin maşını
Kürə düşüb, yanındakı uşağı
xilas edib, özü həlak olub". Həyatını
Kür qırağında keçirən Əhliman müəllimin
iş yoldaşları buna inanmaq istəmədilər. Bunu yenə bir zarafat kimi qəbul etdilər. Məktəbin
texnologiya müəllimi, Əhliman müəllimin
uşaqlıq dostu, qohumu, həmkarı Balaxan Rəsulov uzun
illərdən qalma bir zarafatı bir gün əcəl kimi qəbul
etmək məcburiyyətində qalacağını
ağlına da gətirməzdi: "O, həmişə
balıqçılıqla məşğul idi. Zarafat edərdik ki, düşərsən suya. Dərsə gecikəndə zarafat edərdik ki, yəqin
suya düşüb. Həmin gün Bilal
müəllim Əhliman müəllimin suya düşüb həlak
olduğunu deyəndə yenə zarafat kimi qəbul etdik.
Amma təəssüf
ki, artıq bu, zarafat
deyildi...". Məktəbin bütün müəllimləri,
şagirdləri dərin yasa batıb, amma ailəsində hələ
hüzr məclisi qurulmayıb Əhliman müəllimin.
Çünki cəsədi hələ də
tapılmayıb. Kürdə dörd kater
gecə-gündüz müəllimin cəsədinin
axtarışı ilə məşğuldur. Oğullar, qohumları və kəndin kişiləri
12 gündür ki, soyuq havada Kürün sahillərində
dolaşmaqdan əldən düşüblər.
Görmüşük, insanın sağ
qayıtmasına qurban deyərlər, amma Əhliman müəllimin
artıq üç övladını da itirmiş qoca
anası oğlunun cəsədinin tapılmasına qurban deyib. Mərhum müəllimin anasının, həyat
yoldaşının, qızlarının göz
yaşlarına şahid olmaq unudulmaz acı xatirədir.
Əhliman müəllimin xilas etdiyi
üçüncü sinif şagirdi Güldəstə
Hüseynovanın nənəsini də müəllimin evində
gördük. Uşaqla görüşmək
istəyimizi biləndə həkimlərin icazə vermədiyini
söylədi. Amma özü hadisə haqqında bizə
məlumat verdi:
- Əhliman müəllim 5 nömrəli məktəbdə
işlədiyi müddətdə 20 il Cavad
kəndindən təxminən 5-6 kilometrlik yolu hər gün
piyada gedib. Son dövrdə övladlarının köməyi
ilə 07 markalı maşın alan müəllim
qonşuluqda yaşayan qohumunun iki övladını da
özü ilə götürüb Mirzə Ələkbər
Sabir adına 1 nömrəli məktəbə gətirirdi. Təsadüfdənmi, qismətdənmi həmin
gün Hüseynovların kiçik oğlu xəstə
olduğu üçün məktəbə gedəsi
olmayıb. Əhliman müəllim
yalnız Güldəstəni özü ilə götürməli
olub. Kürün üzərindəki yeni
salınmış körpüdən keçəndə
maşın asfalta dərin bir iz salaraq dəmir məhəccəri
aşırıb suya düşüb. Hadisənin
hansı səbəbdən baş verdiyini heç kim dəqiq bilmir. Yalnız
hamının təsdiq etdiyi bir gerçək odur ki, həmin
gün körpünün üstü nazik bir buz təbəqəsi
ilə örtülmüşdü. Yol
sürüşkən idi. Güldəstənin nənəsinin
dediyinə görə, uşaq yalnız onu xatırlayır
ki, çaya düşəndən sonra maşında
Əhliman müəllim ona deyib: "Qızım,
düşdük suya, çantanı çıxar kürəyindən".
Maşının qapısını
açıb uşaqla bərabər atılıb suya. Uşağı boynuna alıb körpüdən 500
metrə qədər məsafəyədək üzərək
sahilə yan almağa çalışıb. Amma Kürün suyu gur olduğundan və çox
soyuq olması səbəbindən heç cür sahilə
yaxınlaşa bilməyib Əhliman müəllim. Fəryad edərək səsini yoldan keçənlərə
duyurmaq istəyib. Yoldan ötən
maşınlar dayanıb, adamlar axışıb Kürün
sahilinə, lakin onu xilas etmək hamıya mümkünsüz
görünüb. Hamı bir-birindən
kömək istəsə də, kimsə cürət edib suya
girə bilməyib. Yalnız iyirmi iki yaşlı bir gənc
oğlandan başqa...
Adını doğruldan bu gənc kimdir?
Son nəfəsinə qədər
uşağı xilas etməyə çalışan müəllimin
səyini davam etdirən gənc oğlanı soraqlayıb
tapmaq istədik. Bunu eşidən gənc
yubanmadan görüşümüzə gəldi. Hündürboy, yaraşıqlı bir oğlan durdu
önümüzdə. Adı Dəyanət
olan bu gənc ədəbli, təmkinli, yetkin ədaları ilə
də diqqətimizi çəkdi. Haqqında eşitdiklərimizin
və ilk görünüşdə yaratdığı təəssüratdan
düşündüyümüz bu oldu: Haqlı olaraq deyirlər
ki, ad insanın xarakterinin formalaşmasında rol oynayır.
Şıxəliyev Dəyanət Maqsud
oğlu 1993-cü ildə Sabirabadın Türkədi kəndində
anadan olub. Ailənin beş
övladının ikincisidir. Ramil Məmmədov adına Türkədi kənd tam orta məktəbini
bitirib. Orta təhsillidir. 2012-2013-cü
illərdə əsgərlik xidmətində olub. Uşaqlıqdan Kürdə üzməyi öyrənib.
Sonra Sabirabad rayonu Olimpiya Kompleksində
üzgüçülüklə, cüdo ilə məşğul olub. Hazırda Sabirabad şəhərində ticarətlə
məşğuldur.
Dəyanət:
"O anda xilas etməkdən
başqa
heç nə düşünmədim..."
Dəyanət hadisənin gerçəklərinin
ən yaxın şahididir. Buna görə də
həqiqətləri onun özündən eşitmək istədik:
"Adətən, mən işə tezdən getmirəm, amma
həmin gün düşündüm ki, işim çoxdur, evdən tez
çıxdım. Səkkizə qalmışdı,
maşında termometrə baxdım, gördüm mənfi
doqquz dərəcə soyuq var. Elə o anda körpüyə
çıxmağıma az qalmışdı, gördüm
ki, dəmir məhəccər düşdü suya. Maşının da düşdüyünü bilmədim.
Sonra gəlib yaxınlaşanda gördüm ki,
iki maşın dayandı körpüdə. Mən də dayandım. Gördüm
ki, suya maşın düşüb. Gözümüz
önündə yavaş-yavaş batmağa başladı, bu
anda iki nəfər çölə çıxdı. Necə çıxdıqlarını görə
bilmədim. Sahildə hamı bir-birinə
qışqırırdı ki, gəlin kömək edin. Amma bilmirdilər ki, necə kömək
etsinlər, Kürün ortası.., soyuq... Gördüm
ki, kömək edən yoxdur, səki ilə qaçdım
üzü aşağı. Yüz metr gedəndən
sonra gördüm ki, bir kişinin son nəfəsidir,
çağırır ki, kömək edin. Gödəkcəmi, köynəyimi
çıxarıb atdım özümü suya. Bilmirəm, necə üzüb çatdım onlara.
Yaxınlaşanda gördüm, artıq kişi
donub. Uşaq yarım metr ondan arxada qalıb.
Uşaq "Əmi, mənə kömək elə"
deyib yapışdı boynumdan. Onu boynuma
atıb, başladım sahilə üzməyə. Sahilə
doğru yaxınlaşanda bir az qorxdum. Gördüm, soyuq kəsir məni. Çünki yüz əlli metr axmışdıq.
Axan zaman bir az dayanırdım deyə, su məni
dondururdu. Otuz metr qalmış
qışqırdım ki, ay camaat, siz özünüz də
gəlin. Nə qədər
qışqırdım gəlmədilər. Gördüm onlardan bir kömək olmayacaq, yenə
özümdə güc toplayıb üzməyə
başladım. Sahilə iki metr
qalmış mənə ip atdılar. İki
dəfə atdılar, birincidə qolumun yanına
düşdü, tuta bilmədim. İkinci
dəfə atanda qoluma düşdü, tutdum ucundan,
çıxdım sahilə. Uşağı
verdim camaata, apardılar xəstəxanaya. Məni
də bükdülər gödəkcəyə, oturub
maşına getdim evə".
"Suya atılan zaman nə
düşünürdünüz, qorxu keçirmədiniz
ki" sualımıza Dəyanət cavab verdi
ki: "Həmin an xilas etməkdən başqa heç nə
düşünmürdüm. Qorxsaydım, atılmazdım ki?..".
Dəyanətin söhbəti mənə
Abdulla Şaiqin "Daşqın" hekayəsini
xatırlatdı. Sabirabadda biz də bədii əsərlərdə
təsvirini gördüyümüz ürəkli həyat qəhrəmanlarından
biri haqqında şahidlərdən eşitdik, digəri ilə
yaxından tanış olduq: Dəyanət!
Yəqin ki, bu hadisə Azərbaycan müəlliminin
və Azərbaycan gəncliyinin ruhunu, fədakarlığını,
mənəviyyatını və saflığını əks
etdirən kövrək duyğulu bir salnamə kimi hələ
çox danışılacaqdır.
Könül
NƏHMƏTOVA,
"Azərbaycan
müəllimi",
konul.nehmetova@mail.ru
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.4.