M.Y.Lermontov yaradıcılığında
Qafqaz və Azərbaycan mövzusu
M.Y.Lermontov
- 200
Böyük rus şairi M.Y.Lermontovun 200
illik yubiley tədbirləri Azərbaycanda da geniş şəkildə
qeyd olunmaqdadır. Yaradıcılığında Azərbaycan
mövzusu əhəmiyyətli yer alan
şairə yubiley ilində yeni əsərlər həsr
edilmiş, şeirlərinin yeni tərcümələri
işiq üzü görmüş, barəsində ədəbi
jurnallarımızda bir sıra maraqlı yazılar dərc
olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tövsiyəsi ilə ali və
orta təhsil müəssisələrimizdə müxtəlif
yubiley tədbirləri təşkil olunur: şairin əsərləri
səhnələşdirilir və onların motivləri əsasında rəsmlər
çəkilir, Lermontov şeirlərinin ən yaxşı
ifaçıları müsabiqəsi keçirilir.
Bu yubiley məqaləsində M.Y.Lermontovun
həyat və yaradıcılığını dünya
oxucusu üçün maraqlı edən cəhətlərə,
eləcə də onu Qafqaz və Azərbaycanla bağlayan tellərə
nəzər salmağa çalışacağıq.
Rus şairi M.Y.Lermontov Azərbaycan ədəbiyyatı
və mədəniyyəti qarşısında xidmətləri
olan şair və yazıçılardandır. Məhz onun sayəsində məşhur məhəbbət
dastanımız - "Aşıq Qərib" geniş
rusdilli oxucu auditoriyasının malına çevrildi və
ciddi tədqiqatlara cəlb olundu. Geniş tarixi-mədəni
areala malik dilimizi şair fransız dili ilə
müqayisə edərək, söz və ifadələrimizi,
atalar sözlərimizi bir sıra əsərlərində
ustalıqla istifadə etmiş, ədəbiyyatımızın
ayrı-ayrı nümayəndə və nümunələrinə
müraciətdən öz yaradıcılığında bəhrələnə
bilmişdir.
Rusiyanın görkəmli humanist şair
və mütəfəkkirlərindən olan Mixail Yuryeviç
Lermontov (1814-1841) XIX əsrin birinci yarısında
yaşayıb yaratmışdır. Azərbaycanda da
geniş tanınan bu məşhur rus ədibini Qafqazla
bağlayan və Azərbaycan oxucusuna sevdirən, ilk növbədə,
onun Şərq mövzusuna müraciəti və Qafqaz
xalqlarının həyatını, onların adət-ənənələrini
çoxsaylı əsərlərində əks etdirməsidir.
Rus poeziyasının ən yüksək zirvələrindən
biri sayılan M.Y.Lermontovu tanıdan və sevdirən həm də
onun yaradıcılığında rast gəlinən insan və
cəmiyyət, güclü şəxsiyyət problemlərinə
yanaşma tərzidir. Onun rus romantizm və
realizminin sintezini özündə əxz etdirən əsərləri
bu şair, nasir və dramaturqun fərdi yaradıcılıq
üslubu və metodunu səciyyələndirən əsas
şərtlərdəndir. V.Q.Belinskinin təbirincə
desək, Lermontov öz yetkin yaradıcılığında,
xüsusən də "Zəmanəmizin qəhrəmanı"
romanında realist olmaqla yanaşı, eyni zamanda romantizm
metodunun bir sıra xüsusiyyətlərindən məharətlə
yararlana bilmişdi. Digər dahi rus tənqidçisi və
yazıçısı N.Q.Çernışevski isə
sonradan realist rus ədəbiyyatının ana xəttinə
çevriləcək,
L.N.Tolstoy və F.M.Dostoyevski nəsrində
intişar edəcək və dərinləşəcək
psixoloji istiqamətin məhz Lermontov romanlarından
başlanğıc götürdüyünü
vurğulayırdı.
Həyat və
yaradıcılığı bir-birini sıx şəkildə
tamamlayan rus şairi istər poetik, istər nəsr, istərsə
də dramaturji yaradıcılığında rus gerçəkliyinə
söykənir, özünü dekabristlərdən sonrakı
gənc rus dvoryan nəslinin nümayəndəsi kimi təqdim
edirdi. Bəlkə də o, bu nəslin
problemlərini rus ədəbiyyatına gətirən, kəskin
şəkildə qoyan ən barışmaz şair,
yazıçı və dramaturq idi. Elə
bu barışmazlığının da qurbanına
çevrilmişdi. Qayğıkeş nənəsinin
himayəsi olmasaydı, Puşkinin ölümünə
çox sərt münasibət bildirən, onun qətlində
birbaşa çarı və onun əhatəsini
günahlandıran və ifşa edən Lermontov ("Şairin
ölümü") daha sərt cəza ala və bəlkə
də ən azı Sibirə sürgün edilə bilərdi.
Uşaqkən üç dəfə nənəsilə
Qafqaza səyahət edən və iki dəfə buraya
sürgünə göndərilən şairə bu romantik
diyar əsl ilham mənbəyi olmaqla yanaşı, həm də
gözəl və orijinal mövzu, ideya, süjet, motiv və
xarakterlər bəxş etdi. Bestujev-Marlinski
və Puşkindən sonra Qafqaz reallıqlarını
inandırıcı və incə şəkildə
işıqlandıran və sələflərinə
münasibətdə mövzuya daha dərindən bələdçilik
nümayiş etdirən də Lermontov oldu. "Geniş
azadlığın əzəl məskəni olan" Qafqaza
müraciətlə şair yazırdı:
İtirdim anamı uşaq yaşından
Sehirli axşamlar keçdi
qarşımdan.
Bir səs nə zamandı getmir başımdan
Uca qayalara bağlıyam qəlbən,
Sevirəm Qafqazı mən!
Sizinlə xoşbəxtəm dağlar, dərələr,
Sizsiz düz beş ildir həmdəmim
kədər.
Gördüyüm o gözəl, ilahi gözlər
Yadıma düşdükcə yanır içindən
Sevirəm Qafqazı mən!
("Sevirəm Qafqazı mən!")
Lakin düçar
olduğu bədbəxtliklər və tale
uğursuzluqlarından qurtulmaq ləzzətini anlamağa macal
tapmayan şair Rusiyanın bu ucqar diyarının da xoşbəxtlikdən
çox uzaq olduğunu anlayır, rus ordusunun zabiti olsa belə,
həqiqəti izhar etməkdən çəkinmir:
Sən də bədbəxtliyə olursan düçar,
Vuruşlar al qana qərq edir səni!..
Yox, Çərkəz, qayıtmaz ötən illərin,
Gözləmə, gör yurdun nə deyir indi...
Azadlıq məskəni doğma ellərin
Azadlıq uğrunda can verir indi ("Qafqaz")
Xarakter etibarilə Qafqaza bağlanan cavan
şair müharibənin bu ucqar diyara gətirdiyi faciənin
ağırlığını anlayır. Vətəndən, doğma Şimaldan qovulmuş
Lermontov əcəlin onu Cənubda haqlayacağını əvvəlcədən
hiss edir. Şairin bir çox fəlsəfı
düşüncələrinə səbəb də Qafqazda
keçirdiyi günlər, aylar və illər olur.
"Qaya üstündə xaç", "Vidalaşma",
"Xəncər", "Yollarda tələsib doğma
Şimala", "Şair", "Üç palma",
"Terekin hədiyyələri", "Buludlar",
"Görüş", "Mübahisə",
"Peyğəmbər" və s. kimi şeirlər lirik qəhrəmanın
romantik duyğularını, həyat müşahidələrini
və şəxsi faciəsini əks etdirməklə
yanaşı, həm də böyük bir həqiqəti
ortaya çıxarır ki, cavan rus şairi və zabiti "dəhşətli,
qüvvətli, hesabsız ləşkər"in
"Şimaldan düz Şərqə
yürüş"ünü pisləyir və tufanına,
boranına "qardaş olduğu" Qafqazı dinc görmək
arzusunu dönə-dönə vurğulayır. Rus şairinin
Qafqaz poemalarında da ("Qafqaz əsiri", "Çərkəzlər",
"Kanlı", "Bostançı aulu",
"İsmayıl bəy", "Hacı Abrek",
"Qaçqın", "Mtsıri",
"İblis") bu fıkir ifadə olunur, milli adət-ənənələrə,
fərqli xüsusiyyətlərə malik olan yerli xalqların
həyatı geniş şəkildə təsvir edilir. Göstərilən əsərlərində
güclü şəxsiyyətləri və romantik qəhrəmanları
şair qafqazlılar arasından seçir. Belə cəsarət
və şücaətlərə xas olan insanların
qılınc gücünə ram ediləcəyinə müəllif
heç vəchlə inana bilmir.
Qafqaz müharibəsinin od-alovundan, gurlayan tufanların
sınağından çıxmış şair doğma
Şimalda unudulmayacağına əmin olmadığı
üçün kədərlənir:
Bu uzun illərin cəfakeşini
Görəsən, dost, aşna tanıyacaqmı?
Məni əvvəlkitək bağrına basan,
Qabağıma çıxan
tapılacaqmı?
M.Y.Lermontovun bu hissləri onun çox məşhur
olan "Şair" adlı şeirindəki duyğuları
ilə üst-üstə düşür. Şair-peyğəmbər sözünü
qızıl oyuncağa dönüb divardan asılmış və
pasa çulğalanmış xəncərə bənzədən
müəllif, "şeirin ilahi ruh tək başların
üzərində gəzib nəcib fıkirlər
doğurduğu" zamanların arxada qaldığından təəssüflənir.
Nə qədər ağır olsa da, sevdiyi Vətəndən
uzaqlarda gizlənməklə özünə nicat tapır:
Əlvida, əlvida, ey kirli Rusiya,..
Qafqaz dağlarını aşıb, bəlkə mən
Jandarm-paşalardan olaram nihan.
Lakin bu
uzaqlıq və Vətən nisgili onu narahat edir. Onsuz da amansız hakimiyyətdən nicat gözləməyən
şair, özünü doğma yurdsuz və azad dolaşan
buludlara bənzədir ("Buludlar"). Yalnız
yuxularında gördüyü gözəl mənzərələr
ani də olsa onu acı həqiqətlərdən
uzaqlaşdırır ("Yuxu"):
Gördüm ki, vətəndə başqa cəlal var,
Axşam çırağında şənlik, ziyafət...
Gül-çiçək çələngli cavan
qadınlar
Başlayıb haqqımda maraqlı
söhbət.
Vətənə olan "qəribə məhəbbət"ini
"Vətən" şeirində ustalıqla nümayiş
etdirən şair həm də böyük vətənpərvər
idi. Tarixi mövzuda yazdığı əsərlərdə,
xüsusən də "Borodino" şeirində,
"Vadim" romanında və "Tacir Kalaşnikov
haqqında nəğmə" poemasında o öz sənətkarlığının
ecazkar qüvvəsini və potensial imkanlarını
nümayiş etdirə bilir.
M.Y.Lermontov dostu S.Rayevskiyə
yazdığı məktublarda Qafqaz təəssüratlarını
onunla bölüşdürür. O, Tiflisdə olarkən
"tatar (azərbaycanlı - T.C.) alim Əli və Əhməd"lə
tanış olduğunu, Şuşa (yəqin
ki, Şəki - T.C.), Quba, Qusar və Şamaxını gəzdiyini,
yerli əhali ilə ünsiyyətini və hətta
"fransız dili Avropada vacib olduğu qədər Asiyada
geniş işlənən tatar (Azərbaycan -T.C.) dilini öyrənməyə
başladığını da vurğulayırdı.
Lermontovşünasların yekdil rəyi budur ki, rus şairinin
Azərbaycan dili müəllimi böyük mütəfəkkir,
dramaturgiyamızın banisi M.F.Axundov olmuş və məhz
onun yaxından köməyi nəticəsində məşhur
məhəbbət dastanımız "Aşıq Qərib"
"türk nağılı" adı altında Lermontov tərəfindən
yazıya alınmışdır (Oxucularımız onu da bilməlidirlər
ki, erməni və gürcü alimləri rus şairinin bu
dastanın guya erməni və gürcü variantlarından bəhrələndiyini
sübut etməyə çalışırdılar. Lakin onlar yaddan çıxarırdılar ki,
bugünkü Ermənistan və Gürcüstanın ərazilərində
dastanın qeydə alınmış variantları da azərbaycanlılara
məxsusdur və onların dilindən qeydə
alınmışdır. Bu məsələ
ilə bağlı mərhum ədəbiyyatşünas-alim
Şamil Qurbanovun tədqiqatları xüsusi
vurğulanmalıdır). Rus şairinin qələmə aldığı
"Aşıq Qərib" nağılında ustalıqla
istifadə olunan Azərbaycan və türk söz və ifadələri,
atalar sözləri, digər bir əsəri -
"Görüş" şeirində Tiflis azərbaycanlılarının
həyat və məişətini təsvir edən mənzərələr
və nəhayət, bu əsərlərdəki Azərbaycan
motivlərinin şairin dostuna yazdığı məktublardakı
məqamlarla səsləşməsi onu göstərir ki, 27
ildən də az yaşamış Lermontov gələcək
yaradıcılıq planlarında göstərilən
mövzunun daha geniş şəkildə işlənilməsini
nəzərdə tuturdu. "Görüş" şeirindən
gətirdiyimiz
İndi bildim: dünən niyə
Cavan tatar fərəhli, şad,
Daş döşənmiş geniş yolda
Quduz kimi sürürdü at.
Əbəs yerə keçməyir o,
Sizin evin qabağından,
Onun İran köhləninə
Əbəs vurulmamış atan
parça, "Çinar kölgəsində,
yapıncı üstə..." misrası ilə başlanan
poetik müşahidələr, "Valerik"dəki fəlsəfı
lirik lövhələr, "Mtsıri" və
"Demon" poemalarındakı Azərbaycan təəssüratları
və Lermontov yaradıcılığının zirvəsi
hesab edilən "Zəmanəmizin qəhrəmanı"
romanı, xüsusilə son povesti "Fatalisf"də
"Aşıq Qərib" dastanı motivlərinin nəzərə
çarpması Azərbaycan mövzusunun rus şairinin
yaradıcılığı üçün nə qədər
önəmli olduğunu bir daha təsdiq edir. XIX
əsrin sonlarından başlamış bu günədək
Azərbaycanda Lermontovun həyat və
yaradıcılığına olan maraq və məhəbbətin
əsas səbəbi bununla izah oluna bilər. Elə bir müasir Azərbaycan şairi tapılmaz
ki, bu böyük söz ustasının xalqımıza,
dilimizə və folklorumuza məhəbbətinə, eyni
zamanda rus ordusunun zabiti Martınov tərəfındən
çox soyuqqanlılıqla dueldə qətlə yetirilməsinə
münasibətini bildirməsin. Xüsusən
də, onu dilimizə çevirən şairlər bu
mövzuda gözəl şeir nümunələri
yaratmışlar.
M.Y.Lermontov yaradıcılığı və XIX əsr
rus ədəbiyyatında mühüm əhəmiyyətə
malik olmuş, realist rus sosial-psixoloji roman janrının əsasını
qoymuş və bu dövr ədəbiyyatında çox aktual
görünən "artıq insan problemi"nin
işıqlandırılmasına yönəlmiş "Zəmanəmizin
qəhrəmanı" romanı hələ 1908-ci ildə Azərbaycan
türkcəsində səslənmişdi. Bu
mövzudan təsirlənən tanınmış şair və
yazıçımız, rus ədəbiyyatının gözəl
bilicisi və tərcüməçisi Abdulla Şaiqsə Azərbaycan
həqiqətlərini əks etdirən "Əsrimizin qəhrəmanı"
romanını yazmışdı. Orijinal kompozisiyaya və
janr xüsusiyyətlərinə malik olan Lermontovun "Zəmanəmizin
qəhrəmanı" romanı rus romantizm və realizminin
sintezini əks etdirən ədəbiyyat nümunəsi kimi dəyərləndirildiyinə,
"bir insan qəlbinin tarixçəsi"ni açıb
göstərdiyinə görə XX əsr ədəbiyyatımızın
öncüllərindən sayılan Abdulla Şaiqin diqqətini
çəkmişdi.
Elə şairin özü də o
zamankı rus cəmiyyətində "artıq"
göründüyü üçün aradan
götürüldü. Rus tarixinin üç əsas
mərhələsi barəsində üç böyük
roman yazmaq planını cızan gənc, lakin dahi bir sənətkarın
ömrünə vaxtından çox-çox əvvəl son
qoyuldu.
Telman CƏFƏROV
(Vəlixanlı),
filologiya
elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2014.- 19 dekabr.- S.4.