Nobel mükafatı
laureatının
azərbaycanlı tələbəsi
Böyük Britaniyanın Kembric Universitetinin doktorantı Günel Hüseynova ilə söhbət
Günel Hüseynova 1983-cü ildə Goranboy rayonunda
anadan olub.
1990-2000-ci illərdə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə təhsil
alıb. Orta məktəbi
fərqlənmə attestatı ilə bitirdikdən sonra Azərbaycan
Tibb Universitetinin əczaçılıq fakültəsinə
qəbul olub. 2004-cü ildə
ATU-nun bakalavr, 2006-cı
ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə
bitirib. 2006-2009-cu
illərdə Azərbaycan Tibb Universitetinin biokimya
kafedrasında aspirant olaraq "Şəkərli diabet xəstələrində
diabetin ağırlaşma dərəcəsi ilə iltihab
markerləri arasında əlaqə" mövzusunda elmi tədqiqat
işi aparıb. Bu sahə üzrə Azərbaycan, rus və ingilis
dillərində məqalələri dərc olunub. Aspirantura illərində
tibbi genetikaya daha çox marağı yarandığı
üçün 2010-cu ildə Böyük Britaniyanın
Qlazqo Universitetində tibbi genetika üzrə ikinci magistr təhsili
almağa qərar verib. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric
Universitetinin genetika kafedrasında doktorant olaraq "İrsi
beyin xəstəliklərində rol oynayan yeni genlərin
müəyyənləşdirilməsi" mövzusunda elmi tədqiqat
aparır.
-Orta məktəb illərində uğurlarınız. İlk müəllimlərinizi necə
xatırlayırsınız?
- Orta məktəbdə təhsil aldığım
müddətdə Azərbaycan dili və ədəbiyyat fənni
üzrə Respublika olimpiadasının qalibi olmuşam. Dəfələrlə
inşa yazı müsabiqələrində, riyaziyyat və
kimya üzrə yarışmalarda tutduğum yerlərə
görə tərifnamələr almışam. Qazandığım akademik uğurlara görə XI
sinifdə məni "İlin şagirdi" elan edərək
buraxılış imtahanlarından azad etmişdilər. Xırdalan şəhər 2
nömrəli tam orta məktəb və oranın bütün
müəllimləri mənim
üçün çox dəyərlidir. Müəllimlərim
mənə hər zaman sevgi ilə yanaşır və daim
uğur qazanmağa həvəsləndirirdilər. İndiyə qədər
yadımdadır, ibtidai sinif müəllimim Aləmzar müəllim
məni "sinfimin gözü" adlandırırdı. Sinif rəhbərim Qətibə
xanım və mənə
dərs demiş digər müəllimlərim xoş xatirələrlə yada saldığım
insanlardır. Ümumiyyətlə, düşünürəm ki,
şagirdlərin uğur qazanmağında orta məktəb
müəllimlərinin göstərdiyi sevgi və
qayğı çox önəmlidir.
-Sizdə genetikaya maraq
necə yarandı?
- Genetikaya ilk marağım aspirantura dövründə iştirak etdiyim beynəlxalq
konfranslarda yarandı. Genetika genlər, irsiyyət
və Yer kürəsində yaşayan minlərlə canlı
orqanizmlər arasındakı fərqliliyi öyrənən
bir elm sahəsidir. Hazırda tibb və biologiya sahəsində çox
sürətlə inkişaf edən istiqamətlərdən
biri də məhz genetikadır. Ona görə,
düşünürəm ki, bu sahədə fəaliyyət
göstərmək üçün çox doğru bir
zamandır.
-Xaricdə təhsil almağa necə qərar verdiniz?
Valideynləriniz xaricdə təhsil almaq istəyinizi dəstəklədimi?
- Hər hansı bir sahədə mütəxəssis
olmaq istəyirsənsə, həmin sahənin daha
çox inkişaf etdiyi, bu sahənin
"vətəni" hesab olunan ölkəyə getməlisən, bu sahədə dərin biliyə
malik insanlardan dərs almalısan.
Kembric Universiteti həyat elmləri sahəsində
aparılan elmi tədqiqatların keyfiyyətinə görə
dünyada ən öndə gedən mərkəzlərdən
biridir. Sadəcə onu demək kifayətdir
ki, hər bir canlı orqanizmin genetik materialı olan DNT də
məhz Kembric Universitetində çalışan Ceyms Vatson və
Fransis Krik tərəfindən 1953-cü ildə kəşf
olunmuşdur. Ona görə heç də
təəccüblü deyil ki, genetika sahəsində bilik
qazanmaq üçün məhz Kembric Universitetini
seçmişəm. Kembric Universitetində
Nobelçi alimlərdən dərs almaq xoşbəxtlikdir. Valideynlərim xaricdə təhsil
almaq istəyimi əvvəlcə narahatçılıqla qarşıladılar, ancaq təhsilə
çox önəm verdikləri üçün mənə
böyük dayaq oldular. Buna görə onlara
çox minnətdaram. Ailəmdən başqa ATU-nun
biokimya kafedrasının
müdiri, professor Arif
Əfəndiyev, universitetin müəllimlərindən Şahin Bayramov, Gülnarə
Əzizova, əczaçılıq iqtisadiyyatı və
təşkili
kafedrasından Nizami Naibov və kitabxananın baş redaktoru Nigar Rəsulova və məndən əvvəl
xaricdə təhsil almış dostlarım mənə
çox böyük dəstək oldular.
-Dövlət Proqramı çərçivəsində
tələbələrin seçim prosesini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, tələbələrin
seçimi prosesi çox obyektiv keçir. Mənimlə birlikdə proqrama qəbul
olan tələbələr qəbul imtahanlarında 600-700 bal yığmış və ya olimpiadalarda
yüksək yer tutmuş tələbələr idi. Ona görə prosesin obyektivliyinə şübhəm
yoxdur. Onu da qeyd edim ki, artıq 4 ildir ki, dövlət təqaüdü
alıram və bu 4 ildə Dövlət Proqramında çox
böyük irəliləyişlərin şahidi
olmuşam. Məsələn, əvvəllər
hər il yay aylarında Təhsil Nazirliyinə
gedib növbəti il üçün sənəd vermək mənim
üçün çətinlik yaradırdı, laboratoriyada
elmi tədqiqatımı dayandırıb getməli olurdum. Hazırda proqramla bağlı bütün proseslər
elektron şəkildə həyata keçirilir. Nazirliyin işçiləri də
təqaüdçülərin suallarını istər
elektron poçt vasitəsilə, istərsə də sosial
şəbəkələrdə, facebook-da çox tez bir
zamanda cavablandırırlar. Hesab edirəm ki,
ümumilikdə təhsilə diqqətin artırılması
baxımından doğru yoldayıq, təbii ki, bu prosesin bəhrəsini
görmək üçün daha dayanıqlı bir təhsil
strukturu qurmalıyıq.
- Ümumiyyətlə, təhsilimizdə gedən son
proseslərə münasibətiniz?
- Son zamanlarda Azərbaycan
təhsilində təqdirəlayiq bir çox dəyişikliklər
baş vermişdir. Ötən
ilin oktyabrında cənab Prezident İlham Əliyev tərəfindən
təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" bu
baxımdan çox dəyərli bir addımdır. Dövlət Proqramı çərçivəsində
istedadlı gənclərimizin dünyanın nüfuzlu
universitetlərində təhsil almağa göndərilməsi ölkəmizin gələcəyinə, təhsil sistemimizin rəqabət
qabiliyyətinin gücləndirilməsinə hesablanmış strateji xətdir. Bu sahədə Təhsil
Nazirliyinin apardığı işlər təqdirəlayiqdir.
-Tələbə həyatınız necə keçir? Orada ən çox nə və
kim üçün darıxırsınız?
- Tələbə həyatım müxtəlifliklərlə
zəngindir. Genetika kafedrasında doktor və
magistr tələbələrin nümayəndəsi olaraq
kafedra iclaslarında iştirak edir, tələbələrin
fikir və təkliflərini kafedra tələbə komitəsinə
çatdırıram. Tez-tez ictimai və
biznes layihələrə qoşulur, elm festivallarında
iştirak edirəm. Bundan başqa,
dalğıclıq ilə də məşğul oluram. Böyük Britaniyaya adaptasiya çətin
olmadı, çünki burada
insanlar bütün millətlərə çox
mehribanlıqla yanaşır, öz evindəki kimi hiss edirsən
özünü. Ən çox ailəm və
dostlarım üçün, xüsusilə də anam Sahilə
xanım və 9 yaşlı bacım qızı Rəşidə
üçün çox darıxıram.
- Universitetdə müəllim-tələbə
münasibətləri necə qurulub? Akademik heyətlə
əlaqələriniz varmı?
- Kembricdə müəllim-tələbə münasibətləri
azad düşüncəyə əsaslanır. Müəllimlər
tələbələrə sadəcə istiqamət verir,
onlara hansısa məlumatı əzbərlətməyə
deyil, analitik düşüncə tərzini inkişaf etdirməyə
çalışırlar. Məhz bu azad və analitik
düşüncə nəticəsində Kembric Universiteti
çoxlu sayda Nobel mükafatı laureatları yetişdirmişdir. Akademik
heyətlə çox sıx əlaqələrim var.
Kafedranın magistr və doktorant tələbələrinin
nümayəndəsi olaraq kafedra iclaslarında, yeni tələbələrlə
müsahibələrin təşkil olunmasında iştirak
edir, kafedranın fəaliyyətini təbliğ edən ictimai
tədbirlərə qoşuluram.
- Dünyanın məşhur elm-təhsil mərkəzi
barədə. Hazırda hansı tədqiqatlarla
məşğul olursunuz? Hansı
uğurlarınızı qeyd edə bilərsiniz?
- Kembric Universiteti Böyük Britaniyada ən
qədim universitetlərdən biridir. Əsası
1209-cu idə qoyulmuşdur. Hazırda 31
kollec və 100 akademik kafedradan ibarətdir. Kafedramızda dünyanın bir çox ölkələrindən
tələbələr və elmi tədqiqatçılar
vardır. İlk dəfə DNT-nin kəşfinə
görə Nobel mükafatı almış Ceyms Vatson və
Fransis Krik, insulinin formulunu və "Sanger DNT" analizi
metodunu kəşf etdiyinə görə iki dəfə Nobel
laureatı olmuş Frederik Sanger də daxil olmaqla 90 Nobel
laureatı məhz bu universitetdə təhsil almış və
ya çalışmışdır. Mənim
elmi tədqiqatım bəzi irsi beyin xəstəliklərində
rol oynayan yeni genləri araşdırmaqdır. Sevinclə
deyə bilərəm ki, 3 il fasiləsiz
elmi tədqiqatdan sonra 8 yeni gen müəyyənləşdirmişik
və hazırda bu genlər üzərində daha ətraflı
tədqiqatlar aparırıq. Düşünürəm ki, gələcəkdə
genetika həyatımızın hər bir sahəsinə sirayət
edəcək. Məsələn, bir insanın
DNT-si haqqında məlumat ona hansı dərmanın təyin
edilməsində də istifadə edilə bilər, hava
limanında həmin insanın kimliyinin yoxlanılmasında da.
Yaxud genetik dəyişikliklər edilmiş
bitkilər və digər qida məhsulları kütləvi
istifadəyə verilə bilər. Məsələn,
artıq Amerikada antioksidantlarla zəngin olan bənövşəyi
pomidor şirəsi istifadəyə verilib. Bu baxımdan, genetika sahəsində fəaliyyət
göstərməyi çox maraqlı hesab edirəm.
- Kembricdə tələbələr üçün
hansı geniş imkanlar var?
- Məncə, xaricdə təhsilin ən böyük
üstünlüyü sərbəst və analitik
düşünməyi öyrənmək və geniş
dünyagörüşü qazanmaqdır. Məsələn,
Kembric Universitetinin verdiyi doktor dərəcəsi istər
elmi-tədqiqat mərkəzləri, istər banklar, istərsə
ictimai təşkilatlar tərəfindən eyni dərəcədə
qiymətləndirilir. Çünki tələbələr
burada təhsil zamanı hər hansı bir elm sahəsində
bilikdən başqa menecment, analiz, idarəetmə, liderlik,
kommunikasiya, effektiv zaman bölgüsü kimi dəyərli
bacarıqlar da qazanır və sonra bu bacarıqları istər
elm, istərsə də digər sahələrdə tətbiq
edə bilirlər. Doktoranturada imtahanlar
yoxdur. Doktorantlar ancaq elmi tədqiqatla məşğul
olur. Ancaq magistraturada oxuduğum dövrdə
imtahan sessiyası həqiqətən də çox intensiv
olurdu.
- Böyük Britaniya təhsilində də hansısa xarakterik
islahatlar gedirmi?
- Elmi tədqiqat sahəsində daha çox kollaborativ
layihələrə üstünlük verilir. Məsələn,
eyni layihə üzərində çox müxtəlif sahələrdən
olan mütəxəssislərin çalışması
qrantların qazanılmasında mühüm əhəmiyyət
kəsb edir.
- Gənclərimizin xaricdə təhsil almaq səylərinə
necə baxırsınız?
- Çox müsbət baxıram. Xaricdə
təhsil və beynəlxalq bir mühitdə yaşamaq həqiqətən
də dünyagörüşümə müsbət təsir
göstərib.
Dünyanın aparıcı universitetlərində təhsil
almaq, nüfuzlu alimlərin
yanında tədqiqatlar aparmaq böyük bir elm məktəbi
keçməkdir.
- Genetika ölkəmiz üçün nə dərəcədə
aktualdır?
- Yaxın gələcəkdə istər tibb sahəsində, istərsə də
həyatımızın digər sahələrində genetik məlumatın
çox böyük rolu olacaqdır. Bir
çox ölkələr artıq bu məlumatın həm
texnoloji, həm də iqtisadi baxımdan nə qədər dəyərli
olduğunu başa düşərək bu sahədə
dövlət səviyyəli layihələr həyata
keçirir. Misal olaraq, hazırda Böyük Britaniyada
50 milyon dollarlıq büdcəsi olan "Min genom layihəsi"
və Avropa Birliyindən 30
milyon avro vəsait almış "Hematopoetik epigenom" layihələri
həyata keçirilir. Ümid edirəm ki, mənim
və digər tələbələrin bu sahədə
aldığı yüksək səviyyəli təhsil sahəsində
ölkəmizdə də yaxın gələcəkdə
böyük layihələr həyata keçirə biləcəyik.
- Azərbaycan diasporası ilə əlaqələriniz. Azərbaycanı uzaq
ölkədə təbliğ edə bilirsinizmi?
- Azərbaycan diasporası ilə çox sıx əlaqələrim
var. Bir çox cəmiyyətlərin
üzvüyəm və Azərbaycan Respublikasının
Böyük Britaniyadakı səfirliyinin, Kem-bric Azərbaycan
Cəmiyyəti, Azərbaycan Evi, Anqlo-Azərbaycan Cəmiyyəti,
Mərkəzi Asiya Forumu, Avropa-Azərbaycan Cəmiyyətinin təşkil
etdiyi tədbirlərində fəal iştirak edirəm. Tez-tez Kembricdə olan azərbaycanlı elmi tədqiqatçılar
və tələbələr ilə də görüşüb
fikirlərimizi paylaşırıq. Görüşdüyüm
bütün əcnəbi insanlara Azərbaycanın tarixi və
mədəniyyəti haqqında danışıram. Eyni zamanda daim öz elmi fəaliyyətim və
davranışımla digər millətlərə azərbaycanlıların
çox çalışqan, ağıllı və insanlara
hörmətlə yanaşan bir millət olduğunu göstərməyə
çalışıram.
- Gələcək
planlarınız?
- Çox istərdim ki, yaxın gələcəkdə
genetik layihələr dövlət strategiyasına daxil edilsin
və mən də Kembricdə öyrəndiyim bilik və
bacarıqları həmin layihələrdə tətbiq edərək
ölkəmizdə genetika sahəsinin inkişafında ilk
pionerlərdən biri olum.
- Biz də sizə elmi tədqiqatlarınızda,
araşdırmalarınızda Azərbaycan elmi naminə
yeni-yeni uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 19 dekabr.- S.7.