Uşaq bağçasından görünən gələcək
O, adəti üzrə
işə hamıdan tez gəlir. Səhər
günəşini təzə əkilmiş güllərin və
ağacların yarpaqları üzərində, şehlərin
parıltısında görmək, onların çöhrəsindəki
incə təbəssümləri sezmək ona
xüsusi zövq verir. Təzə əkilmiş ağaclara və güllərə xüsusi
qayğı ilə yanaşır, onların körpə balalar kimi nazını
çəkməkdən xüsusi zövq alır. Bu adam bütün işlərində
son dərəcədə inadkardır. O, heç zaman
təbiətin şıltaqlıqları qarşısında
məğlub olmağı xoşlamır. Əgər ona gətirilən və ya
verilən gül kollarını, ağac tinglərini qəbul edibdirsə, deməli
onlara görə özünü
məsuliyyətli hesab edir
və buna görə hər cür bəhanəni və
bəraəti yersiz hesab
edir. Çünki o özünü öz işinin- rəhbərlik
etdiyi müəssisənin bütün
sahələri üzrə səriştəli və kifayət
qədər məlumatlı hesab edir, yaşına və
səriştəsinə söykənmədən daim öyrənməyi çalışır
və ona görə də hamının
yanında hörmət və nüfuz sahibidir.
Bu gün də eyni qayda ilə
bağçanın həyətinə daxil
oldu. Səhər günəşinin
şəfəqləri nar gülləri kimi yarpaqların üzərində
qızarırdı. Yaşıl çəmənlərin və
ağacların üstünə qırmızı tül kimi sərilmiş
günəşin şəfəqləri altında bu incə təbiət körpələrin məsum
çöhrələrini
xatırladırdı. Bütün bunlardan xüsusi zövq ala-ala o, hər tərəfi diqqət-nəzərlə
seyr etdi, sonra bağbanla
salamlaşdı və kiçik sual-cavabdan sonra öz otağına tərəf getdi, əl çantasını ora qoyub yenidən uşaqlar qəbul edilən foyeyə gəldi.
Müdir - Aydəmirova Validə Paşa
qızı zövqə, bir az dəbə və bir az da fəsilə uyğun gözəl geyimli,
orta yaşlı, nurani,
səbrli, təmkinli, ciddi və işgüzar bir qadındır.
Mən özümü təqdim etdim,
bağçadan yazmaq
istədiyimi bildirdim. O, razılıqla
gözləməyi xahiş etdi.
Uşaqların gəlişi
başlamışdı və valideynlər - bəziləri tələsik,
bəziləri səbrlə uşaqlarını tərbiyəçilərə
təhvil verirdi, sonra onunla məxsusi olaraq salamlaşır,
hal-əhval tutur və gedirdilər. Bu gözəl görüntü
on-on beş dəqiqə
davam etdi və sonra biz onun
dəvəti ilə iş otağına
yollandıq.
Mən bir daha ona
gəlişimin məqsədini izah etdim. Əlavə etdim ki, Xəzər rayonunda sizin bağça haqqında hamı yüksək fikirdədir. Buzovnadan, Mərdəkandan, Şüvəlandan,
Yeni Suraxanıdan sizin
bağçaya valideynlərin uşaq gətirmələrindən məlumatım
var. Bu, əlbəttə,
burada işçilərin səriştəli
və məsuliyyətli olmasından, təlim-tərbiyənin
yüksək səviyyədə qurulmasından xəbər verir, dedim. Sağ
olun, - dedi, - məlumatlılıq
insanı həmişə düzgün
istiqamətə yönəldir və ağıllı qərar
verməyə kömək edir.
Mən hiss etdim ki,
zamanla birgə ayaqlaşa
bilən, öz işində kifayət qədər
səriştəli olan bir
müəssisə rəhbəri qarşısındayam.
Bağça işinə həvəsinin nə vaxt yaranması ilə maraqlandım. Bəlkə
də o ilk
baxışda adi görünən bu sualı
gözləmirdi, bir az
fikirləşdi və sanki nəyi isə
yada salmaq, nəyi
başlanğıc kimi götürmək
istədiyini fikirləşirdi və nəhayət, dilləndi:
- Mənim həyat
yoldaşım həkim idi. Çox ziyalı və geniş dünyagörüşlü adam idi. Bizim ilk
körpəmizin hələ bir ayı tamam olmamışdı. Mən onun evdəki iş stolunun üstündə Makarenkonun
"Kniqa dlya roditeley" kitabını gördüm.
Hərdən boş vaxt
tapan kimi o kitabı vərəqləyirdim və vaxt keçdikcə mən o
kitabla yaxşı tanış ola bilmişdim. Artıq tərbiyədən
söz düşəndə biz tez-tez o kitaba
müraciət edirdik. Mənim
marağımı nəzərə alaraq sonradan o, Makarenkonun
"Pedaqoji poema"sını da alıb gətirdi və gülə-gülə
dedi ki, Aydəmirovlar
ailəsi bu gün kiçik bir
bağdır, lakin o
ildən-ilə böyüməli, necə deyərlər,
barlı-bəhərli olmalı və cəmiyyət üçün faydalı nəsil
yetişdirməlidir. Ailə isə onun
başlanğıcıdır, dedi. Onun adı Heydər
idi. Sonra bir az fikirləşib,
dedi: - sənə bir sürpriz təklifim var, mən
görürəm aldığım kitablar
artıq sənin stolüstü
kitabların olub, oxuyub
öyrənməyə çox meyillisən,
xüsusən də uşaqların tərbiyəsi ilə
bağlı.
Hazırlaş, ali məktəblərin birinə daxil ol. 1980-ci ildə
Bakı Məktəbəqədər Pedaqoji
Texnikumuna daxil oldum və 1984-cü ildə oranı məktəbəqədər
müəssisələrdə tərbiyəçi ixtisası
üzrə bitirdim.
1985-ci ildə qəsəbəmizdə
- Binədəki 107 nömrəli körpələr evi-uşaq bağçasında işə
başladım. Mən bir ay
olardı ki işləyirdim. Heydər
işdən qayıtmışdı. İşimin
necə getdiyini, mənim üçün
çətin olub-olmadığını soruşdu
və dedi ki, Validə,
mən bu gün yenə
hərbi komissiyada iştirak
edirdim. Neçə vaxtdır, təhlil
etdikcə bu qənaətə gəlirəm
ki, bağçalarda
tərbiyə alan uşaqlarda
sağlamlıq daha möhkəmdir. Deməli,
bağçalar təkcə tərbiyə
ocağı deyil, həm də əsl
sağlamlıq beşiyidir. Sonra yarıciddi, yarızarafat gülə-gülə
dedi: - Ona görə,
sən də çalış ki, Aydəmirovların
əlindən ancaq sağlam
balalar çıxsın.
1995-ci ildə məni
152 nömrəli bağçaya müdir dəvət etilər. Sonradan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə təmir olunmuş bu
gözəl bağça - köhnə
adı və özü tarixdə
qalmış, - 2009-cu ildə yenidən fəaliyyətini davam etdirən bu bağça həmin bağçanın layiqli varisidir. Özəlləşdirmədən
sonra bağçamız "Binə bağçası"
MMC adlanır.
Mənim suallarım
qurtarmamışdı.
Validə
xanımı gözləyən valideynlər vardı.
Uşaqlarını bağçaya
yazdırmaq istəyirdilər. Biz onun xahişi ilə on beş dəqiqə
fasilə etdik. Bu
müddət ərzində mən məşğələ
keçən uşaqların maraqlı baxışları
altında musiqi otağı, idman zalı, yemək otağı və tibb bacısının otağı ilə
tanış oldum. Burada həyat sanki qaynayırdı. Gələcək cəmiyyətin
övladlarının mənəvi cəhətdən zəngin
və fiziki cəhətdən sağlam böyümələri üçün hər cür
şərait yaradılmışdı. Otaqlar
isti və
işıqlı idi. Təmir son dərəcədə zövqlə aparılmışdı.
On beş dəqiqədən
sonra biz yenidən
söhbəti davam etdirdik.
Validə
xanımın otağında bütün qruplara nəzarət üçün
monitor işləyirdi. Biz
beş dəqiqə monitor
vasitəsi ilə qruplarda uşaqlarla
aparılan tərbiyə prosesini izlədik.
- Validə xanım, mən
hiss edirəm ki. bu bağçanın keyfiyyətlə fəaliyyət
göstərməsində Aydəmirovalar ailəsinin böyük rolu var.
- Hə, elədir, dörd qız anasıyam. Böyük
qızlarım Alidə və Sənubər tibb
universitetini, kiçik
qızlarım Rəna və Gülnar
ayrı-ayrı pedoqoji universitetlərin məktəbəqədər
fakültələrinin məzunudurlar. Qızlarımın üçünün bağça
yaşında uşaqları burada tərbiyə
almışdır və indi də ikisi tərbiyə almaqda davam etməkdədir. Onlar təbii olaraq bu bağça
ilə münasibətdədirlər. İkisi
- Rəna əvəzçilik üzrə, Gülnar
isə tam ştatla
buranın işçisidir. Bu tərbiyəçi qızlarım mənim
həm nümunəvi işçilərim, həm pedaqoji məsləhətçilərim, həm
də ümumi keyfiyyət üzrə ictimai nəzarətçilərimdir. O biri həkim qızlarım isə
bağçanın ictimai qaydada
sağlamlıq üzrə məsləhətçiləridirlər.
Ona görə bizim bağçada xəstələnmə
halları olduqca aşağıdır. Mən
bilirəm ki, təmizlik, sanitariya-gigeniya
qaydalarına ciddi əməl olunması
sağlamlığın ilkin şərtidir.
Bu sahədə mən güzəşti
sevmirəm və bütün
işçilərdən bunu məsuliyyətlə
tələb edirəm.
Söhbət
zamanı öyrəndik ki, peşəkarlıq
bacarıqlarını, ixtisas səviyyələrini
daima yüksəltmək, pedaqoji
kollektiv qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Uşaqların təlim-tərbiyə
məsələləri ilə bağlı valideynlərlə
əməkdaşlığa böyük
önəm verilir. Validə xanım dedi
ki, uşaqların müasir
tələblər səviyyəsində tərbiyəsi üçün bütün
səylərimizi birləşdirmişik. Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın səyi və
təşəbbüsü ilə yüksək səviyyədə
təmir edilib, bütün
müasir avadanlıqlarla birgə balaca nəslin ixtiyarına verilən bu bağçada öz öhdəliyimizi biz
də böyük məsuliyyətlə
yerinə yetirməyə diqqət yetiririk.
Biz beləcə söhbəti
yekunlaşdırdıq. O, məşğələ
otağına, ingilis dili
məşğələsində
iştirak etmək üçün
tələsirdi. Mən musiqi
zalındakı bir körpənin ad gününün qeyd olunmasına həsr olunmuş
səhnəyə bir qədər tamaşa etdikdən sonra
bağçanı tərk etdim...
Müslüm İSAYEV,
şair-publisist
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.6.