"Atamı Azərbaycan
dili məsələsini gündəmə
gətirdiyi
üçün işdən azad etdilər"
Xalq
yazıçısı Mirzə
İbrahimovun qızı Sevda
İbrahimovanın atası
ilə
bağlı indiyədək mətbuatda dərc
olunmamış xatirələri
"Əziz qızım Sevda! Səni təbrik edirik. Sən təbiətdə ən müqəddəs zümrə olan analar cərgəsinə daxil olsan da bizim sevimli balamız Sevdasan". Bu cümlələri Sevda İbrahimovanın atası, mərhum yazıçımız Mirzə İbrahimovun 90 illiyində dərc etdirdiyi "Atama çatmayan məktub"unda oxuyuram. Dekabrın 17-də Mirzə İbrahimovun vəfatından 21 il ötdü. Onun anım günündə qızı, bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova ilə atası barədə söhbət etmək istəyirəm. Sevda xanımın dekabrın 18-də 75 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Filarmoniyasında müəllif konserti keçiriləcəyi ilə bağlı işinin çox olmasına baxmayaraq, sağ olsun, sualları cavablandırmağa vaxt ayırır.
- Mirzə İbrahimovu tanımayan birinə siz onu necə
tanıdardınız? Mirzə İbrahimov
necə insan idi?
- Mən öz fikrimi deyə bilərəm. Amma
insanlar onu necə tanıyıb deyə bilmərəm. Ürəyiaçıq, təmizqəlbli, saf qəlbli,
heç vaxt heç kimə pislik etməyən. Hamıya kömək və yaxşılıq edən
biri olub atam. Heç unuda bilmirəm, onu torpağa
tapşıranda, arxamda bir qadının ağlayaraq:
"atamız getdi"- sözünü eşitdim. Mən ondan soruşdum ki, siz onu
tanıyırsınız? O dedi ki, mən uşaq evində
böyümüşəm. 50-ci illərdə
Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə
yardım göndərərdi. Biz onu ata deyə
çağırardıq.
Yaxşı xatırlayıram,
anam deyərdi ki,atam Ali Sovetdən aldığı
maaşı da uşaq evlərinə göndərərdi. Özü də uşaqlıqdan
ana-atasız
böyüyən uşaq olub. Üç
yaşında anasını, 7 yaşında isə
atasını itirib. Atam
danışırdı ki, (ona da atası danışıb)
doğulduğu kəndə (Sərab şəhəri
yaxınlığında yerləşən Evə kəndi)
aclıq düşür. Anaları vəfat
edir. Atası analarının vəfatından
sonra onları götürüb gəlir Azərbaycana. Böyük qardaşı yolda ölür. Atası ilə ikisi qalır. Atasını
da Zabratda neft buruğu vurur. Bu uşaq isə
bir varlı bəyin evində nökər qalır. Atam o
qədər əziyyətlər görmüşdü ki... Mən hələ 1918-19-cu illərdən
danışıram. Nökərçiliklə
dolandırıb özünü. 1920-ci ildə
Sovet hakimiyyəti qurulanda bəy qaçır. Atam oxumaq istəyirdi. Onu
Balaxanı fabrik-zavod məktəbinə qəbul edirlər.
Müəllimləri onun ilk yaxınları,
doğmaları olub. Bu yaxınlarda arxivimi
yığışdıranda onun bir məqaləsinə rast gəldim
- "Ana, ata müəllim". O belə bir sitatla
başlayır. "Görəsən dünyada
elə bir insan tapılarmı ki, əbədi
üçlük onun qəlbində daim yaşamasın-ana,
ata, müəllim".
Ancaq
o ağlı, qələmi,
öz qüvvəsi ilə hər şeyi əldə edib. 1934-cü ildən yazıçı kimi
tanınmağa başlayır və onu Yazıçılar
İttifaqına qəbul edirlər. Eyni
zamanda, elmi fəaliyyətlə də məşğul olur.
1937-ci ildə Leninqrada gedir və
dissertasiyasını müdafiə edir. "Həyat"
pyesini yazır. Pyesin premyerası 1937-ci il
aprelin 28-də, Üzeyir Hacıbəyovun "Koroğlu"
operasının premyerası isə aprelin 30-da olur. Bu iki premyara gözəl qarşılanır. O
vaxtı Bakıda Xaqani küçəsi 19 ünvanında
yaradıcı insanlara mənzil verilirdi. Bülbül, Həqiqət
Rzayeva, Niyazi, Müslüm Maqomayev, bütün
tanınmış yazıçılar, şairlər, bəstəkarlar
orda yaşayırdı. Atama oradan 3 otaqlı ev
verdilər. 1938-ci ildə Qurban Primovun
qızı Sara xanımla atam ailə həyatı qururlar.
Çox gözəl, səmimi mehriban ailə
idi.
- Necə tanış olmuşdular?
- Səməd əmi
(Səməd Vurğunu nəzərdə
tutur), Rəsul Rza, Sabit Rəhman kimi yazıçılar
atamın əzizləri olub. Atamla anamın ailə
həyatı qurmasına da onlar vəsilə olublar. Üzeyir bəylə də ata-oğul kimi idilər.
Anam konservatoriyanı bitirən ilk Azərbaycan
qadınlarından idi. Çox ciddi
qadın idi. Heç vaxt heç kimi
yaxınına buraxmazdı. Yayda azərbaycanlıların
bir çoxu
Kislovodskda dincəlməyə gedirdi. Səməd əmi də istəyirdi ki, atam da ailə
qursun. Orda olan zaman deyib ki, sən niyə
evlənmirsən? Atam da deyir ki, mən
ancaq bu qızı istəyirəm, o da yaxın buraxmır.
Sonra Səməd əmi bir gün anamla
rastlaşanda deyib ki, ay Sara bacı, sən niyə Mirzəni
bu qədər incidirsən? Anam heç nə deməyib,
gülümsəyib. Sonra da münasibətləri
yaranıb və ailə həyatı qurublar. Anamın
barmağına nişan
üzüyünü Nigar Rəfibəyli taxıb. Qismət
elə gətirdi ki, elə mənim də barmağıma nişan üzüyünü Nigar xanım
taxdı.
- Adınızı atanız
qoymuşdu?
- Anam deyirdi ki, atam qoyub. Mən soruşmurdum
ki, niyə qoyub?
- Yəqin ki, atanızın
yaradıcılığınıza təsiri olub?
- Mən klassik,
ciddi musiqi ilə məşğul idim. Bir
dəfə mənə dedi ki, qızım, bu şeiri oxu. Nəriman
Həsənzadənin "Sən məni yad et"
şeiri idi. Hiss etdim ki, bu şerə mahnı bəstələməyimi
istəyir. Sonra o mənə nə qədər
şeirlər verirdi. Mənim gözəl
işlərim onunla bağlıdır. Mənim
ürəyim onunladır.
Sevda
xanım o günlərdən
o qədər məhəbbətlə danışır ki,
bunu onun səsində hiss edirəm. Deyir ki, atam anamı
Sarıçka çağırırdı:
- Atam çox vəzifələrdə olub. Ancaq
mən onu həmişə eyni cür görmüşəm.
Hər bazar günü saat 2-də biz mütləq
muğam konsertinə qulaq asardıq. Babam gələrdi.
Mən onun ilk nəvəsi idim. Deyirdi ki, otur mənimlə çal. Ümumiyyətlə, atam musiqini çox istəyirdi.
Ona görə də Üzeyir bəy atamı
çox istəyirdi. Xəstə olanda, son günlərində ancaq
deyirdi ki, Mirzə, sən gəl yanıma.
Mənim
atam tək böyüyüb. Amma onda
o qədər böyük insani keyfiyyətlər var idi.
Onu dil məsələsinə görə
işdən azad etdilər. Çünki
1956-cı ildə Azərbaycan dili məsələsini o
gündəmə gətirdi. Yadımdadır
ki, bizi bulvara, indiki Sahil bağına aparanda, dil məsələsi
olan vaxtlarda atamla qarşılaşan insanlar deyirdilər ki,
biz sizinləyik. İşdən azad
olunduğuna görə qətiyyən bədbin deyildi.
Otururdu stol arxasında, yazırdı.
Yazanda da özünü çox xoşbəxt hiss edirdi. Bir dəfə onu Fransaya göndərdilər. Qayıdanda onu hansısa vəzifəyə
qoymalı idilər. Onda mən balaca idim.
O, Fransaya gedəndən sonra anama zəng elədilər ki,
keçmədi o vəzifəyə. Anam deyirdi
ki, indi mən ona qayıdanda necə deyəcəyəm?
Atam anama Sarıçka deyirdi. Anam ona deyəndə ki, keçməmisən.
Dedi ki, nə olsun, Sarıçka, canın sağ olsun. Bununla da söhbət qurtardı. Məni də
yazıçılığa birinci cəlb edən elə o
oldu. Deyirdi qızım otur işlə.
Mən ifaçı idim. Amma
yaradıcılığa həvəsi atam
yaratmışdı. Çox böyük
insan idi. Gözəl insan idi.
Söhbətin
bu yerində yenidən Cənubi Azərbaycana, Mirzə
İbrahimovun ana vətəninə qayıdırıq.
- Atanız sizi Cənubi Azərbaycana aparmışdı?
- Məni atam ora necə apara bilərdi? 1946-cı
ildə (yəqin ki, burda Seyid Cəfər Pişəvərinin
başçılığı ilə Demokratik Firqənin
yarandığı dövrdən bəhs edir) mənim cəmi
7 yaşım var idi. Atam iş adamı idi. Özü İrana gedirdi. Onun
İranda hərbi formada şəkilləri var. Bizim də getməyimizi
arzu edirdi. Ora onun vətəni idi. AMEA-nın Cənubi Azərbaycan şöbəsinə
böyük həvəslə gedirdi. Deyirdi
ki, görəsən, mən sizi Təbrizə apara biləcəyəm?
Amma qismət olmadı. Onun vəfatından
sonra getdim o torpaqlara. Yoldaşımın
işi ilə əlaqədar müxtəlif yerlərə
göndərirdilər. Bir dəfə dedi ki, Mirzə əmi
səni aparmaq istəyirdi. Gəl aparım səni.
Doğrudan da apardı. Getdik Səraba. Yaşadığı yerdən torpaq gətirib qoydum
məzarına. Neynəyim? (kövrəlir).
Bu kədərli ab-havadan
çıxmaq üçün
atasının ən sevimli əşyasının nə
olduğunu soruşuram:
- Onun masasına
toxunmaq olmazdı. Onun öz
qələmi, kağızları, yazısı var idi. Onun elə kitabxanası var idi ki,
bütün dünya ədəbiyyatı orada toplanmışdı. Yay
tətilində bütün
rus, Avropa ədəbiyyatını oxuyurduq.
Bizim evdə artıq söhbət yox idi. Babam tez-tez gəlib
ifa edirdi. Atam ona öz atası
kimi baxırdı.
Atam tanıdığı birinin
işdən çıxarılmasını
eşidəndə olduqca
narahat olurdu, onu sanki faciəyə
çevirirdi. Amma özü
isə heç nəyi faciəyə çevirməzdi. Bilirsiniz, atam
aclıqla böyümüşdü.
Ona görə də onun bütün bədəni zəif idi. Gözümün qabağındadır ki, o necə özünə qulluq edirdi. Nəyi yemək olar,
nəyi yemək olmaz, diqqət edərdi. Hər səhər bir
qaşıq balla çay içərdi.
Özü-özünə baxmağı bilirdi.
Mədəsində, qaraciyərində problemlər var idi. 82 il
yaşadı. Amma anamın
vəfatı ona daha çox təsir etdi, qocaltdı. Anama o qədər dəyər verərdi ki... Səhər duranda görürdü ki, anam yatıb,
heç vaxt yuxudan oyatmazdı.
Atam bizə həmişə qəzəllər
oxuyurdu - deyir Sevda xanım:
- Bizi bazar günü oturdardı, Füzulini, Nizamini oxuyardı. Deyərdi ki, qızım,
qulaq as. Bizdə musiqi
sədası əskik
olmazdı.
- Mirzə bəyin
özünün ən
sevimli yazıçısı,
bəstəkarı kim idi?
- Mən ayıra
bilmərəm. Üzeyir bəy
onun üçün ata idi. Hamı ilə gözəl münasibəti var idi. Səməd əmi, Rəsul
Rza onun yaxınları olub. Bir də gördün yığılırdılar bağa
söhbət edirdilər. Amma heç vaxt
onlardan siyasi söhbətlər eşitməzdik.
- Özü siyasətçi
olduğu halda siyasətdən danışmırdı?
- Ümumiyyətlə, o siyasətçi olmayıb.
O, xalqını sevən
sadə bir insan olub. Onun əsərlərinə
fikir verin. Görün
o siyasətçi idi?
Sadəcə onu vəzifəyə
qəbul ediblər.
Çünki çox ağıllı
insan idi. Ətrafındakı insanlar onu çox istəyirdilər.
Siz o dövrü başa düşə bilməzsiniz.
O dövr tamam başqa idi. Yazıçıların, bəstəkarların, demək olar ki, hamısı xalqını, vətənini
sevirdi. Yadıma
gəlir, 1956-cı il idi. Atam oturtdu
bizi maşına, Şuşaya apardı.
Orada qonaq evi var
idi. Gördük ki, Fikrət
Əmirov da ailəsi ilə ordadır. Bir az keçdi,
Süleyman Ələsgərov
gəldi. Süleyman müəllimin yoldaşı
mənim ədəbiyyat
müəllimim olub.
Babam da hər yay bir
ay Şuşada qalardı...
Bizim belə gözəl günlərmiz olub. Otururduq, babam tar çalırdı.
Mən bunu xatırlayıram.
Bəli,
o müxtəlif vəzifələrdə
olub. Ulu öndər Heydər
Əliyev vəzifəyə
gələndə atamı
tanıdı, bilirdi ki, necə insandır.
Yenidən ona vəzifə verdi.
- Atanızın istədiyi,
amma reallaşdıra bilmədiyi bir arzusu var idi?
- Vəfat edəndə
heç nə demədi. Amma həmişə bir arzusu var idi. Deyirdi ki, görəsən sizi Təbrizə apara biləcəyəmmi?
- 1988-1990-cı illərdə baş verən hadisələri necə xatırlayırsınız?
- Vertolyot hadisəsi
atama çox mənfi təsir etmişdi (Qarakənd üzərində vurulan vertolyot). O günlər hamımız dəhşətli
hisslər yaşayırdıq.
Çox
böyük iztirab çəkirdik. Ağır vaxt
idi. Sonra şükür ki,
Heydər Əliyev cənabları gəldi.
Sakit yaşayırıq. İndi dünyanın
müxtəlif ölkələrində
nələr baş verir. Həmişə ətrafımdakılara deyirəm ki, şükür ki, biz sakit, sabit bir
ölkədə yaşayırıq.
Mirzə
müəllimin vəfatı
ilə bağlı danışmaq istəsəm
də, tərəddüd
edirəm. Üzr
istəyərək, atasının
vəfat gününü
necə xatırladığını
soruşuram:
- Yox, niyə üzr istəyirsiniz, mən sizə deyərəm. Narahat olmayın. Atam son günlərində
xəstəxanada qalırdı.
Yıxılmışdı, ayağı əzilmişdi.
Bir gecə bacım, bir gecə mən
olurdum yanında.
Sonuncu həftəni evə gətirdik. Çox sakit getdi.
Dünyasını dəyişəndə mən yanında idim. Üzündə sakit gözəl
təbəssüm var
idi.
- Nə vəsiyyət
elədi?
- Yox, vəsiyyət
eləmədi. Çünki əvvəldən bütün
fikirlərini demişdi
bizə. Bizə həmişə
gözəl insan olmağı, yaxşılıq
etməyi tövsiyə
edərdi.
Söhbət əsnasında Mirzə müəllimin Abdulla Şaiqi
repressiyadan qoruduğunu
da öyrənirəm.
Ümumiyyətlə, Mirzə müəllim
barədə bir çox nüanslara toxunuruq. Sevda xanım ona
yazdığı məktubunu
mənə hədiyyə
edir. Deyirəm ki, Sevda xanım, mən atanızı "Böyük
Dayaq"la tanımışam.
Sevda xanım da sözümü təsdiqləyir:
- Bəli, bəli.
Bilirsiniz,
Heydər Əliyevin anım günündə bizim televiziyalarda "Böyük Dayaq"filmini
mütləq göstərirlər.
Mənə deyirlər ki,
mərhum Heydər Əliyevin sevimli filmi olub. Ümumiyyətlə, atam bütün
əsərlərini çox
böyük məhəbbətlə
yazırdı.
Söhbət
əsnasında diqqətimi
çəkən məqam
Sevda xanımın atasının müəllimlərə
olan sevgisindən danışması idi. Ona görə də yazını Mirzə İbrahimovun müəllim peşəsinə
olan sevgisini bildirən və qızına yazdığı
məktubla bitirmək
istəyirəm:
" Əziz qızım Sevda! İnsan üçün ən böyük səadət sevdiyi işlə məşğul olmaqdır.
Sən isə Oqtayı sevirsən
(onu sevməmək olmaz),
yazmağı da sevirsən,
çalmağı da, müəllimliyi də.
Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir.
Çalış qızım, uşaqlarla
o qədər həssas ol
ki, onların ürəyindəki qığılçımları
alovlandıra biləsən, ondan sonra özləri irəliləyəcək.
Gələcəkdə onların parladığını,
xoşbəxt olduğunu gördükdə
isə sən yüz qat
artıq sevinəcəksən. 10.02.1966".
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
rufanequrbanova@gmail.com
Azərbaycan müəllimi.- 2014.- 19 dekabr.- S.6.