Almaniyada "Azərbaycanda təhsilin inkişaf

strategiyası" adlı monoqrafiya nəşr olunub

 

Yeni nəsil Azərbaycan pedaqoji elminin istedadlı orta nəsil nümayəndələrindən biri olan pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədovun bu yaxınlarda Almaniyada ingiliscə nəşr edilmiş "Azərbaycanda təhsilin inkişaf strategiyası" əsəri son illərin ciddi elmi araşdırmalarından hesab edilməklə, ingilis dilində nəşr edilən ilk milli monoqrafiya olaraq "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin beynəlxalq təbliği baxımından xüsusi əhəmiyyət daşıyır (The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.).

Müəllif monoqrafiyada öncə ölkəmizdə təhsilin tarixinə ekskurs edərək keçilmiş yola nəzər salır, müxtəlif ictimai-siyasi dönəmlərdə xalqımızın dilini, dinini, milli-mənəvi dəyərlərini qorumaq uğrunda apardığı mübarizəsini, xüsusilə təhsilə, maarifə diqqət yetirməsini, məktəbi, müəllimi yüksək qiymətləndirməsini konkret tarixi proseslərin axarında şərh edərək milli təhsilin xronologiyasına diqqətimizi cəlb edir.

Dörd fəsildən ibarət olan monoqrafiyada Azərbaycanda təhsilin tarixinə ümumi nəzər yetirməklə, təhsilin son dövr inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin ictimai-pedaqoji təhlili aparılır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, onun prezidenti, millət vəkili, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsil quruculuğu sahəsindəki çoxşaxəli fəaliyyətləri araşdırılır və təqdir edilir.

Monoqrafiyada təhsil tariximizin birinci respublika dövrünə-ADR dövrünə xüsusi həssaslıqla diqqət yetirən müəllif ali təhsilli mütəxəssis hazırlığı ilə bağlı bu dövrdə görülən işlərdən bəhs edərək yazır: "Ali təhsilli milli mütəxəssislərin hazırlanması təhsil quruculuğunda mühüm yer tuturdu... Bununla bağlı milli hökumətin ilk tədbiri xüsusi Parlament Komissiyası tərəfindən seçilmiş yüz nəfər azərbaycanlı gəncin xaricdə oxumağa göndərilməsi oldu".

Monoqrafiyada, qeyd etdiyimiz kimi, mühüm məsələlərdən biri ümummilli lider Heydər Əliyevin milli təhsil strategiyasının müəyyənləşdirilməsində və təhsil quruculuğunun formalaşması sahəsində çoxşaxəli fəaliyyətinin tədqiqata cəlb edilməsidir. Çünki ölkədə elmin, təhsilin, ümumilikdə mədəniyyətin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin, təhsilimizin güclü himayədarı kimi çıxış etmişdir. Ümummilli liderin bu sahəyə son dərəcə həssas münasibəti heç də səbəbsiz deyildi. Heydər Əliyev həmişə elmin, təhsilin inkişafına milli təhsil quruculuğu prosesinin zəruri əsası kimi yanaşır, xalqın intellektual səviyyəsinin artırılmasını ən vacib vəzifələrdən biri kimi nəzərdən keçirirdi. Müəllif ulu öndərin təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərinə toxunaraq yazır: "O, Azərbaycan maarif sisteminin ştat heyətini yerli kadrlar hesabına milliləşdirir, respublikanın hər yerində, xüsusən, kənd yerlərində məktəblər tikdirir, müəllimlərə qayğı göstərir, təyinat sistemini genişləndirir, təyinatla kənd yerlərində işləyən müəllimlərə mənzil kirayə haqqı verilir və digər güzəştlər edilir, gənclərə ali təhsil almaq üçün şərait yaradılır, kənd yerlərini mütəxəssislərlə təmin etmək üçün gənclər ali məktəblərə müsabiqədənkənar qəbul edilir, ali məktəblərin şəbəkəsini genişləndirir, onların maddi-texniki bazası gücləndirilir, Azərbaycan təhsilinin qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə əlaqəsini qurmaq üçün səylər göstərilirdi".

Ümumiyyətlə I və II fəsil Azərbaycan təhsilinin inkişaf tarixinə xronoloji baxış olmaqla bərabər, son dərəcə geniş statistik rəqəm və hesabatlara istinadən faktoloji materiallara əsaslanaraq orijinal araşdırmanı ərsəyə gətirə bilməsi xüsusi qeyd edilməlidir.

Monoqrafiyanın III fəsli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi zamandan təhsilin inkişafı sahəsində görülən işlərin tədqiqi və təhlilinə həsr edilmişdir.

Ölkə başçısının "bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik" fikrini əsas götürən monoqrafiya müəllifi bu dövrdə təhsilin modernləşməsi və beynəlxalq standartlara inteqrasiyası baxımından həyata keçirilən layihələri tədqiqata cəlb etmişdir. Göstərilən fəsildə toxunulan məsələlərin elmi-yanaşma arealı da geniş coğrafiyası ilə diqqəti cəlb edir: müasir təhsilin strategiyası, Milli Kurikulum, dərslik siyasəti, informasiya əsrinin meyarları, Azərbaycanda distant təhsil, təhsil yoxsulluğa qarşı, Azərbaycanda ali təhsilin inkişaf perspektivləri, Bolonya prosesi-reallıqlar, problemlər, perspektivlər, Azərbaycan təhsilində yeni istiqamətlər, yaşlıların təhsili, insan kapitalı.

Müəllif qeyd edir ki, "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər əldə etdiyi tərəqqinin əhatəsi ölkəmizin sosial-iqtisadi inkişafı, insanlarımızın maddi-rifah halının yaxşılaşması, respublikamızın inkişaf göstəricilərinə görə dünyada lider dövlətlərdən birinə çevrilməsi reallığından daha genişdir, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasını təmin edən əsaslar son illərdə daha da möhkəmləndirilmiş, Azərbaycanda bütün dünyanın örnək kimi qəbul etdiyi milli, dini, mədəni tolerantlıq mühiti formalaşdırılmışdır".

Konkret faktlara istinadən milli təhsilimizin beynəlxalq əlaqələrinin geniş mənzərəsinin yaradıldığı monoqrafiyadan öyrənirik ki, "Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, ÖzbəkistanPolşa kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaratmışdır və bu əməkdaşlıq bu günuğurla davam etdirilir". Bu sahədə görülən çoxşaxəli işlərlə bərabər ölkəmizin ali məktəblərinin xarici ölkələr üçün kadr hazırlığı sahəsində əldə etdiyi uğurlar da monoqrafiyada təhsil statistikasının dili ilə geniş elmi-nəzəri təhlilini tapmışdır.

Monoqrafiyada son vaxtlar həyata keçirilən hər bir layihəyə münasibət bildirilmiş, beynəlxalq təşkilatların müvafiq normativ sənədlərinə istinadən görülmüş işlərin koordinasiyasına toxunulmuşdur.

Monoqrafiyada müəllif haqlı olaraq müasir bazar iqtisadiyyatı şəraitində təhsilin keyfiyyətini artırmaqla, dövlətin iqtisadi və mənəvi dəyərlərinin qorunmasına, inkişaf etdirilməsinə, respublikanın əmək qabiliyyətli əhalisinin tam və səmərəli məşğulluğunun təminatına nail olmaq qənaətinə gələrək, qeyd edir ki, bunun üçün ilk növbədə respublika vətəndaşlarının ümumi inkişaf səviyyəsinin, intellektual potensialının, peşə-ixtisas dərəcəsinin və təhsil səviyyəsinin artırılması vacibdir. Çünki hər bir vətəndaşın mütəxəssis kimi yetişdirilməsi, formalaşdırılması və cəmiyyətdə rolunun artırılmasına qısa vaxtda nail olmaq mümkün deyil. Buna görə də yüksək kadr hazırlığına nail olmaq üçün hər kəsin təhsilin bütün pillələrində yüksək təhsil almasına şərait yaradılmalıdır -  qənaətinə gələn müəllif bunun üçün ölkədə həyata keçirilən yeni təhsil quruculuğunun geniş inkişaf mənzərəsini vermişdir.

Monoqrafiyada həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın humanitar sahədəki ahəngdar fəaliyyəti, xüsusilə təhsil quruculuğuna yeni impuls vermək baxımından müstəsna xidmətləri də geniş ictimai-pedaqoji təhlilə cəlb edilmişdir.

Monoqrafiyada "Heydər Əliyev Fondu milli maarifçilik ənənələrinin davamçısıdır", "Gələcəyə körpü", "Yeniləşən ölkənin yeni məktəbləri" başlığı altında verilən materiallarda ölkənin birinci xanımı Mehriban Əliyevanın  çoxşaxəli maarifçilik fəaliyyəti işıqlandırılmışdır.

Hümeyir Əhmədovun "Azərbaycanda təhsilin inkişaf strategiyası" monoqrafiyası ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətinin xronologiyasını verməklə mühüm elmi nəzəri-praktik əhəmiyyət daşıyır. Monoqrafiya təhsil işçiləri, təhsilşünaslar və təhsili idarəetmə üzrə mütəxəssislər üçün, eləcə də çoxminli professor-müəllim heyəti və tələbə kollektivi üçün əsl töhfədir.

Pedaqogika üzrə elmlər doktoru Hümeyir Əhmədovun ölkə pedaqoqları içərisində Almaniyada monoqrafiyası nəşr olunanson dövrün ən uğurlu elmi-pedaqoji ədəbiyyatlardan olmaqla ölkəmizdə həyata keçirilən təhsil islahatının ingilis dili vasitəsilə Avropa ölkələrində təbliği baxımından da müstəsna əhəmiyyət daşıyır.

 

Fərrux RÜSTƏMOV,

əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru,

professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı

 

Həsən BAYRAMOĞLU,

pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan

Dövlət Pedaqoji Universitetinin dosenti

 

Azərbaycan müəllimi.- 2014.- 19 dekabr.- S.9.