Təhsil Nazirliyi yeni layihənin təqdimatını
keçirib
Dekabrın 16-da Təhsil
Nazirliyi "Mütaliə mədəniyyətinin
və oxuya motivasiyanın yüksəldilməsi"
layihəsinin təqdimatını keçirib.
Bakı
şəhəri Tahir Həsənov
adına 23 nömrəli tam orta məktəbdə keçirilən təqdimatda
təhsil naziri Mikayıl Cabbarov,
Milli Məclisin üzvləri, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Rzayev, qeyri-hökumət
təşkilatlarının rəhbərləri,
yazıçılar, Bakı və Sumqayıtın orta məktəb
direktorları iştirak edib.
23 nömrəli tam orta
məktəbin direktoru Yuliya
Kərimova qonaqları salamlayaraq layihənin
təqdimatını edib. Təqdimatda təhsilalanlarda
mütaliə mədəniyyətinin və oxuya
marağın artırılmasının əhəmiyyəti
vurğulanıb.
Sonra müxtəlif yaş
qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri oxuduqları kitabları müzakirə ediblər.
Müzakirə tədbir iştirakçıları tərəfindən
maraqla izlənilib. Nazirin
təklifi ilə qonaqlar da
müzakirəyə qoşulublar və
şagirdlərin mütaliə etdiyi kitablarla bağlı fikirlərini
açıqlayıblar.
Mikayıl Cabbarov yazıçılara müraciət edərək
onları uşaq ədəbiyyatına aid yeni hekayələrin, müasir dövrlə səsləşən əsərlərin,
ümumilikdə, yeni məzmunun
yaradılmasında fəal iştirak etməyə
çağırıb.
Nazir şagirdlərdə mütaliə mədəniyyətinin
yüksəldilməsində valideynlərin də üzərinə
böyük yük düşdüyünü qeyd
edib. Övladının hər bir qayğısına qalan
valideynlər onlarda kitab
oxuma vərdişinin yaranmasına da diqqət yetirməlidirlər. Bununla bağlı
Mikayıl Cabbarov maraqlı statistika açıqlayıb. Amerika
Birləşmiş Ştatlarında məktəb yaşı
çatmamış uşaqları olan əhalinin
60 faizi hər gün onlara kitab oxuyurlar.
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədri
Anar və Birliyin katibi Çingiz Abdullayev layihənin əhəmiyyətini
yüksək dəyərləndiriblər. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin
yüksəldilməsi istiqamətində apardığı
işləri təqdir edən AYB rəsmiləri bu prosesə dəstək verəcəklərini
bildiriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi
təhsil müəssisələrində mütaliə edən
icmanın yaradılması vasitəsilə şagirdlərdə
oxuya marağın artırılması, məktəblilərin
bədii ədəbiyyat, sənədli əsər və digər
mətn növləri ilə tanışlığını
təşviq etməkdir.
Layihə çərçivəsində
şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn
növlərinin müzakirə yolu ilə
dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə
reflektiv oxu vərdişlərinin
yaradılması nəzərdə tutulur.
Azərbaycan müəllimi.- 2014.- 19 dekabr.- S.2.