"Qazandığım pulu həyat yoldaşımın

təhsili üçün istifadə etmək istəyirəm"

 

İlin ən yaxşı müəllimləri danışır

 

Ötən həftə ölkə Prezidenti İlham Əliyev "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən "Ən yaxşı müəllim" müsabiqəsində qalib gəlmiş 100 müəllimin hər biri 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Azərbaycanın bütün bölgələrindən olan müəllimlərin mübarizə apardığı bu möhtəşəm yarış sona qədər qəzetimizin diqqət mərkəzində olub.Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə fəaliyyət göstərmiş 12 nəfərdən ibarət Təşkilat Komitəsi qarşısında keçirilən  sonuncu mərhələ ilə bağlı qəzetimizdə mütəmadi olaraq məlumatlar dərc edilib. Redaksiyamızın əməkdaşı  Rüfanə Qurbanova da bu müsabiqənin gedişini  izləyib. İştirak edən ayrı- ayrı müəllimlərlə həm müsabiqənin gedişində, həm də nəticələr məlum olandan sonra söhbət edib, müsabiqə ilə bağlı onların rəy və fikirlərini öyrənib. Əməkdaşımızın müsabiqənin sonuncu mərhələsində söhbət etdiyi üç müəllimdən ikisi  qaliblər sırasında yer ala bilib. Onlarla müsahibəni diqqətinizə çatdırırıq.

 

Sonuncu mərhələdən maraqlı anlar

 

Sonuncu mərhələdə baş verən prosesləri izləmək üçün Təhsil Nazirliyinə yollanıram. Komissiyanın olduğu mərtəbəyə qalxanda qəribə bir mənzərə ilə qarşılaşıram. Əllərində vərəqlər (vərəqdə onların çıxışları var) olan müəllimlər dəhlizdə o baş-bu başa gedərək nəsə oxuyur, təkrarlayır və bir-birinə dəstək olurlar. Bəzilərinin həyəcanlı olduqları hər hallarından bilinir. Təbii ki, müəllimləri belə görəndə təəccüblənirəm. Axı həmişə biz müəllimlərin qarşısında imtahan verəndə həyəcanlanırdıq.

Yaxınlaşıb salamlaşıram və özümü təqdim edirəm. Hansı qəzetdən olduğumu biləndə müəllimlərdən biri yaxınlaşır- "dünən sizin qəzetdən mənə zəng vurmuşdular"- deyir. -Mən "Dünya müəllimi mükafatı"nın 50 finalçısından biriyəm. Təbrik edir və öyrənirəm ki, komissiya qarşısında ilk çıxış edəcək müəllim də odur. Onu çıxışını etmək üçün içəri yola salırıq və gözləyirik. İçəridən üzündə təbəssüm ilə çıxan Məhəmməd müəllim ətrafına toplaşıb, "Necə oldu", "Necə keçdi" suallarına:

- Yaxşı oldu, on dəqiqəmin hamısını dəyərləndirdim,-deyə cavab verir.

Daha sonra isə bizim suallarımızı cavablandırır. İngilis dili müəllimi olan  Məhəmməd Qarakişiyev müəllim olmaq üçün qadın, ya kişi olmağın fərqi yoxdur, vacib olan işini sevməkdir. Şagirdlərlə karyera məsələsində vaxt tapdıqca söhbətlər edirəm,-deyir.

- Balakən rayon Zərifə Əliyeva adına 3 nömrəli məktəbin ingilis dili müəllimiyəm. Artıq 8 ildir ki, müəllim olaraq çalışıram və bu müsabiqəyə  ilk dəfədir qatılıram. Əvvəllər yuxarı siniflərə dərs deyirdim. Sonra gördüm ki, yuxarı sinif şagirdlərinin fonetik problemləri çoxdur. Üzündən oxuya bilmirlər. Mən də təklif etdim ki, aşağı sinifləri mənə versinlər ki, onları öyrədə-öyrədə gəlim. Mənim bir tezisim var- əgər şagirdlər bizim tətbiq etdiyimiz üsulla öyrənə bilmirsə, o zaman biz şagirdlərin öyrənə biləcəyi üsulla dərs keçməliyik. Mən dərslərimi dövlət proqramına və şagirdlərin ehtiyaclarına uyğun olaraq qururam. Bundan əlavə, onlarla tez-tez psixoloji söhbətlər edirəm. Məsələn bizdə ən böyük problem odur ki, biz ixtisası məktəbdə oxuyanda yox, kodlaşdırmada seçirik və yaxud qonşumuz nə seçirsə onu. Buna görə də 90-dan çox şagirdə Balakəndə Gənclər Evində psixoloji treninqlər keçmişik. "İxtisas seçimi, karyeranı necə qurmaq lazımdır?" mövzuları ətrafında mühazirələr aparmışıq.  Çünki uşaqların psixoloji treninqlərə həqiqətən ehtiyacı var. Həm də şagirdlər bilməlidir ki, müəllimlər onlarla dostdurlar. Həmişə kolleqalarıma da deyirəm ki, kurikuluma uyğun olaraq dərs keçəndə uşaqlarla stol arxasında siz də əyləşin. Uşaqların başının üstündə durmayın.

- İngilis dili müəllimləri üçün "Texnologiyadan istifadə edərək tədris etmək" adlı layihəm var. Bunu təklif etdim ki, regionlarda pilot layihə kimi başlayaq. Çünki müasir dövrdə elə müəllimlərimiz var ki, onların e-mail ünvanı belə yoxdur. Halbuki dünyanın bir çox yerlərində dərslər online keçirilir. Mən şagirdlərimlə müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram. İstənilən zaman onların dərsə aid suallarını cavablandırıram. Əvvəllər şagirdlər yazmağa utanırdılar, sonra yavaş-yavaş öyrəndilər. Elə Bakıda sınaq dərsi dediyim 49 nömrəli məktəbdə şagirdlər məndən ayrılmaq istəmirdi. Deyirdilər ki, müəllim, siz bizə dərs deməyəcəksiniz? Ümumiyyətlə, hər bir müsabiqədə iştirak etmək insana nəyisə qazandırır. Burda da şəffaflıq gördüm, mərhələlər qane etdi. Sonda bir şeyi də qeyd edim ki, regionumuza qalib kimi qayıtmaq və qalib olsam, xaricdə kurslara qatılmaq istəyirəm.

Məhəmməd müəllimə təşəkkür edib, onu həmkarlarının sualları ilə baş-başa buraxıram. İçəridən həyəcanla çıxan bir xanım diqqətimi çəkir. Yaxşı çıxış etdim, amma dedilər ki, ləhcən olmasa daha yaxşı olar.

Şəki şəhərindən olan coğrafiya müəllimi İradə xanımı tanımağa və müsabiqə barədə fikirlərini öyrənməyə çalışıram. İradə Məmmədova sınaq dərsləri zamanı texniki problemlər yaşadığını deyir:

- Şəki şəhər 11 nömrəli məktəbin coğrafiya müəllimiyəm. 11 ildir işləyirəm. Müsabiqəyə birinci dəfədir ki, qatılıram. Ona görə də müsabiqə mənə bir az ağır gəldi. Birinci mərhələ yaxşı keçdi. Amma ikinci mərhələdə, yəni sınaq dərsində bir az texniki problemlər yaşadım. Lakin onların da öhdəsindən gəldim. Üçüncü mərhələdə isə komissiya üzvlərindən müsbət aura aldım. Qalib olub-olmamaq barədə heç düşünməmişəm. Sadəcə olaraq fikirləşirəm ki, bura qədər gəlmək uğurdur. Amma qalib olsam xaricdə kurslara qatılmaq istəyirəm. Bu mənim üçün sınaq idi. Çünki müəllimlər üçün olan treninqlərdə iştirak etməyə çalışıram. Müasir  texnologiyaları öyrənməyə, yeni-yeni üsullardan istifadə etməyə çalışıram. Onun da bəhrəsini görürəm. Məsələn, dərsləri slaydlarla keçəndə şagirdlər daha yaxşı öyrənirlər.

İradə müəllim deyir ki, üçüncü mərhələdə şagirdlər üçün xarici ölkələrə ekskursiyalar təşkil etməyi təklif edib:

- Çıxışımda müxtəlif təkliflər irəli sürdüm. Məsələn, şagirdlərim olimpiadalarda rayon turunda müsbət nəticələr göstərirlər. Amma təəssüflər olsun ki, coğrafiya üzrə ölkə turu yoxdur. Çıxışımda 8-ci siniflərdə Azərbaycan coğrafiyası fənninin saatının artırılması, fiziki və iqtisadi coğrafiyanın paralel şəkildə keçirilməsini təklif etdim. III ixtisas qrupuna coğrafiyanın yenidən salınmasını, məktəblərin təkcə ölkədaxili deyil, xarici ölkələrə də ekskursiyalar təşkil olunmasını bildirdim.

Elektron xəritələrin yaradılmasını istəyən və Azərbaycan Milli Elmlər Akademiyasının  Coğrafiya İnstitutunun dissertantı olan Aqil İsayevlə söhbətə davam edirəm. Aqil müəllim deyir ki, müharibə şəraitində olan bir ölkənin şagirdləri coğrafiyanı yaxşı bilməlidir:

- Ağdaş rayonu Qaradeyin kənd Vidadi Əzizov adına tam orta məktəbin coğrafiya müəllimiyəm. Eyni zamanda Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun dissertantıyam. Müsabiqədə ilk dəfədir ki, iştirak edirəm. Bu, üç mərhələdə müəllimin potensialını üzə çıxaran müsabiqədir. Hələ ki, mənfi nüans olmayıb. Müxtəlif təkliflər irəli sürdüm. Bunlardan biri elekton xəritələrin hazırlanmasıdır. Bu həm müəllimləri müxtəlif xəritələri daşımaqdan azad edir, həm də şagirdləri xəritə üzərində görüləcək işlərin müasir dövrün tələblərinə uyğun olaraq şərait yarada bilər. Çünki müharibə şəraitində yaşayan ölkəyik. Elə şagirdlərimiz var ki, əsgərliyə ali təhsil almadan gedirlər. Yuxarı sinif şagirdlərinə ərazinin kordinatlarının müəyyənləşdirilməsi, sahəsinin hesablanması, hədəflərin yerinin müəyyənləşdirilməsi öyrədilməlidir. Mən həm də Təhsil Problemləri İnstitutunda "Gəns Geoloqlar" layihəsinin icraçılarından biriyəm. "Gənc Topoqraflar və Gənc Ekoloqlar" layihəsini işləyib hazırlayıram. Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun orta məktəb fənn müəllimləri üçün təşkil etdiyi treninqlərdə yeni fənn kurikulumu ilə bağlı təlimçi olmuşam. Müxtəlif rayonlarda 100-dən artıq müəllimə dərs demişəm.

Aqil müəllim deyir ki, coğrafiyanı yaxşı bilmək onun bir şagirdini ölümdən qurtarıb:

- Bir şagirdim Tovuzda axşam vaxtı əsgərlərimizə su aparırmış. Qaranlıq olduğu üçün yolu azıb. Təsadüfən ayağı sürüşüb ağacdan tutub. Əli mamırlı tərəfə  dəyib. Şagird deyir ki, müəllim, siz bizə demişdiz ki, mamırlı tərəf şimaldır. Bildim ki, ermənilər tərəfə gedirəm, geri qayıtdım.

A.İsayev məqsədinin şagirdləri şəxsiyyət kimi yetişdirmək olduğunu deyir:

- Mənim məqsədim təkcə ali məktəblərə şagird hazırlaşdırmaq, onlara bunun yolunu göstərmək yox, həm də milli və umumbəşəri dəyərlərə uyğun bir şəxsiyyət yetişdirməkdir.  Bundan başqa, 6,7,8-ci siniflərə təmənnasız olaraq yay kursları təşkil edirəm.

Bu prosesləri izlədikdən sonra onlara uğur arzu edib, sağollaşıram. Nəticələr açıqlandıqdan sonra öyrənirəm ki, üç müsahibimdən ikisi qalib olub və "Ən yaxşı müəllim" adını alıb.

 

Müsabiqədən sonar

müəllimlərlə maraqlı söhbət

 

Yenidən təbrik etmək üçün qalib müəllimlərlə əlaqə saxlayıram. Məhəmməd müəllim deyir ki, yoldayam, Təhsil Nazirliyinə gəlirəm:

- Üç mərhələnin yekununda 19.61 bal topladım. Keçid isə 16 bal idi. "Ən yaxşı müəllim" olduğumu bizim rayonun təhsil söbəsinin rəhbəri və özləri də qaliblər sırasında olan tələbə yoldaşlarım zəng vurub dedilər. Həm özlərini, həm də məni təbrik etdilər. Bu sevinci mənimlə paylaşan hər kəsə təşəkkür edirəm. Müsabiqənin qalibi olmağım ilin sonuna təsadüf elədi. Qarşıdan bayramlar gəlir. Bütün Azərbaycan xalqına səmimi-qəlbdən öz təşəkkürümü bildirirəm  hər birinin qarşıdan gələn bayramlarını təbrik edirəm. Arzu edirəm ki, gələn illərdə Azərbaycan müəllimlərinin əhatə dairələri, fəaliyyət sahələri daha da genişlənsin. Belə fikirləşməsinlər ki, müəllim sadəcə bir fənnin tədrisi ilə məşğul olmalıdır. Mən tövsiyə edərdim ki, fəaliyyətlərini genişləndirsinlər.

Bir çoxlarına da maraqlıdır ki, müəllimlər qazandıqları məbləği necə xərcləyəcəklər? Bu sualla Məhəmməd müəllimə müraciət edirəm. Deyir ki, müəllimin xərci çoxdur:

- Mükafatı xərcləmək barədə hələ düşünməmişəm. Çünki müəllimin ehtiyacları bir az çoxdur. Həyat yoldaşımın təhsili var, amma o yenidən təhsil almaq istəyir. Çalışacağam ki, həmin məbləği onun təhsilinə xərcləyim.

Məhəmməd müəllimə, onun həyat yoldaşına uğur arzu edib, ikinci qalib müsahibim Aqil İsayevə zəng vururam.Aqil müəllim deyir ki, qalib olacağıma inanırdım:

- Yekun balım 17.93 idi. Göstərdiyim nəticələrə görə inamım var idi ki, qalib olacağam. Mənə təbriklər gələndə bildim ki, qalibəm. Sonra da internetdə adımı cənab Prezidentin sərəncamında gördüm. Cənab Prezidentimizə təşəkkür etmək istəyirəm. Müsabiqədə qalib olmasaydım təəssüflənməzdim. Çünki bu müsabiqədə heç kim heç nə itirmədi, əksinə, qazandı. Bu yarışma müəllimlər üçün stimuldur. Stimul nailiyyətə aparır və rəqabət hissini gücləndirir. Mən, öz növbəmdə, Azərbaycan təhsilinin gələcək inkişafı üçün əlimdən nə gəlirsə etməyə çalışacağam. Həm müsabiqədə iştirak edənləri, qalib olanları, onların timsalında bütün Azərbaycan müəllimlərini və bütün Azərbaycan xalqını gələcək bayramlarımız münasibəti ilə təbrik edirəm.

Aqil müəllimin bayramını təbrik edirəm və soruşuram ki, bəs siz qazandığınız məbləği necə xərcləyəcəksiniz?

- Məbləği layihələrimi həyata keçirməyə və müasir İKT vasitələrinin alınmasına xərcləyəcəyəm.

Bu müsahibim qalib olmasa da, bu yerə qədər gəlməyin böyük uğur olduğunu düşünür. İradə Məmmədova deyir ki, müsabiqə onun üçün həm həyəcanlı, həm də maraqlı keçib:

- Üç mərhələnin nəticəsində 13.25 bal topladım. Hər kəs kimi mən də qalib olmağı gözləyirdim. Amma qalib gəlmədiyimə təəssüflənmirəm. Çünki bu mənim üçün böyük təcrübə idi. Müsabiqədə çox şey öyrəndim. Gələcəkdə də qismət olsa müsabiqəyə qoşulmağı planlaşdırıram. Qalib gələn bütün müəllimləri ürəkdən təbrik edirəm. Hər birinizin qarşıdan gələn bayramlarını təbrik edirəm.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.6.