"Dövlət
Proqramı tələbələrimiz
üçün çox böyük kömək və
qayğıdır"
Avstraliyanın La Trobe Universitetində
bakalavr təhsili alan Kənan İzzətlə söhbət
Kənan İzzət
1996-cı il aprelin 25-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakıdakı 160 nömrəli klassik gimnaziyanın I sinfinə
gedib. Peşəkar
şahmatçı, gənclər üzrə milli
yığmamızın üzvü olaraq respublika, Avropa və dünya
şahmat yarışlarında ölkəmizi təmsil edib.
Müxtəlif səviyyəli yarışlara hazırlıqla
əlaqədar VII
sinifdən təhsilini 219
nömrəli evdə məktəbdə davam etdirib, 2013-cü
ildə bu məktəbin məzunu olub. "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Avstraliyanın Melburn şəhərindəki La Trobe Universitetində
nanotexnologiya ixtisası üzrə bakalavr təhsili
alır. Bu günlərdə
Kənan uzaq Avstraliyada daha bir uğura imza atıb. Adelaida şəhərində
Avstraliyanın gənc şahmat ustaları arasında keçirilən (Australian
Young Masters) yarışda
ölkə üzrə I yeri tutub. İndi təhsil
aldığı universitetdə hər kəs Kənandan, azərbaycanlı
tələbənin uğurlarından bəhs edir. Yerli mətbuat isə uzaq Avstraliyada Azərbaycan bayrağını yüksəldən Kənanın öz rəqiblərinə
qarşı yüksək texniki
ustalıq nümayiş etdirməsindən yazır. Kənanla
söhbətimizə orta məktəbdən, ilk təhsil illərindən,
ilk uğurlardan
başladıq.
- Uşaqlıqdan riyazi fənlərə daha çox
üstünlük verirdim. IV sinifdə oxuyarkən Səbail rayonu üzrə keçirilən riyaziyyat fənn olimpiadasının qalibi
oldum. Məktəb illərində daha
çox şahmatla maraqlanırdım və buna görə də
vaxtımın böyük hissəsi şahmat oyununa yönəlmişdi
və bu da tezliklə öz bəhrəsini
verdi. 2010-cu ildə
Yunanıstanın Halkidiki şəhərində keçirilən
gənclər arasında Dünya çempionatında 1-ci yerə, 2011-ci ildə
Bolqarıstanın Albena şəhərində
keçirilən Avropa çempionatında 2-ci yerə, həmin
ildə Polşanın Krakov şəhərində
keçirilən Dünya çempionatında da 2-ci yerə
layiq görüldüm. Beynəlxalq usta titulunun sahibiyəm.
- Bəs necə oldu ki, xaricdə təhsil almağa qərar
verdiniz?
- Xaricdə oxumaq məncə hər kəsin bir
arzusudur. Səmimi desək, xaricdə təhsil almaq barədə
qərarım, demək olar ki,
bir ay içində
tamamlandı. Artıq I ixtisas
qrupu üzrə imtahanlara
hazırlaşırdım və evdə
qonaqlar olarkən sadəcə xaricdə oxumaqla
bağlı söhbət açıldı və hamı məni dəstəklədi, uğur qazanacağımı, sadəcə
çalışmaq lazım gəldiyini söylədilər.
Valideynlərim də həmçinin mənə dəstək
oldular və məni çalışmağa həvəsləndirdilər. Sözün düzü, Dövlət
Proqramından keçmək şansımı az qiymətləndirirdim. Lakin prosesdə
iştirak etməyə qərar verdim. Dediyim kimi, uşaqlıqdan riyazi fənlərə
sevgim var idi, lakin
ondan da böyük sevgim kainatın sirləri ilə bağlı
idi. Uşaqlıq illərimdə həmişə xəyallar
qururdum ki, kainatın sirlərini
açıb digər intelligent varlıqlarla kontakt yaratmaq
mümkün olacaq və beləcə
də həyatımızı tamamilə dəyişdirən
qlobal dönüşlər baş verəcək. Buna görə
də internetdə
kosmosla bağlı
verilişlərə çox
baxırdım və alimlər tərəfindən belə
bir elmi fikir irəli sürülmüşdü ki, əgər molekulların fiziki və
kimyəvi əlaqələri kiçicik miqyasda dərk edilsə,
bu kəşf kainatın sirlərinin
açılmasında irəliyə
doğru böyük bir addım olacaq. Buna görə də
nanotexnologiya fakültəsini
seçdim, bildiyiniz kimi,
"nano" çox kiçik deməkdir və ümid edirəm ki, mənim
də kainatın sirlərinin açılmasında gələcəkdə hansısa köməyim olacaq.
- Dövlət Proqramında
iştirakınızı necə xatırlayırsınız?
- Dövlət Proqramı çərçivəsində
tələbələrin seçim prosesini doğrudan da
çox bəyəndim. İlk dəfə sənədləri təqdim
etmək üçün Təhsil Nazirliyinə gedəndə uzun bir sıra gördüm, onlar da
müsabiqədə iştirak edən tələbələr
idi. Hər kəsin öz
xüsusi təyin edilmiş vaxtı var idi və bu vaxt 15 dəqiqədən çox
vaxt aparmır. Sıra mənə
çatdıqda
müsahibə kabinetinə daxil oldum və rəsmi surətdə
qarşılandım. Çatışmayan sənədlərim
haqqında məlumat aldım və onları necə əldə etməli
olduğuma dair informasiya ilə
təmin olundum. Sənədlərim qaydasına düşəndən
sonra mənə müsahibə tarixi təyin olundu. Çox
həyəcanlı idim, bu mərhələni keçəcəyimə
inanmırdım.
Müsahibəyə vaxtında gəldim və təyin
olunmuş vaxtda məni
müsabiqə otağına dəvət etmələri mənə çox xoş gəldi. Təhsil Nazirliyi nümayəndələrinin gülərüz
davranışları nəticəsində
özümü bir az rahat hiss etməyə
başladım. Ən çox bəyəndiyim
o oldu ki, suallar tamamilə təhsil aldığım fakültə,
ölkə ilə əlaqədar idi və sərbəst bir şəkildə
verilirdi. Demək istədiyim odur ki, verilən suallardan və
alınan cavablardan tələbənin
nə dərəcədə xaricdə oxumağa hazır
olduğunu və yaxud
biliklərinin buna
uyğun olub-olmadığını asanlıqla müəyyən
etmək olardı. Dövlət Proqramı həqiqətən
də tələbələrimiz üçün çox böyük kömək
və qayğıdır. Hər
bir xırda detalın
rəsmi olması, hər bir prosesin tələbələrə
aydın başa salınması, məlumatların və
seçim prosesinin vaxt amili ilə tam üst-üstə
düşməsi və aşkarlığın təmin olunması bu işin
professional şəkildə təşkilinə dəlalət
edir.
- Tələbə həyatınız necə
keçir?
- Tələbə həyatım çox maraqlı
keçir, dərslər vaxtımın böyük hissəsini alsa
da, dostlarıma və sevdiyim əyləncələrə vaxt
tapa bilirəm. Belə ki, yaşadığım Melburn
şəhəri Böyük Britaniyanın Quacquarelli Symonds
(QS) kompaniyasının 2014-cü il versiyasına görə
dünyanın ən yaxşı tələbə şəhəri
statusunu daşıyır, ona görə də burada
tələbələrin öz asudə vaxtlarını
səmərəli keçirməsi üçün hər
cür şərait mövcuddur.
Şahmatçı olduğuma görə adətən şahmat
yarışlarında iştirak
edirəm, belə ki şahmat üzrə Viktoriya
ştatının çempionatında qalib gəldim və burada keçirilən bir çox digər
yarışların qalibi olmuşam.
Mənim üçün adaptasiya prosesi çox tez
keçdi, yəqin ki, bundan əvvəl də
yarışlarla əlaqədar çox ölkədə
olduğum üçün müxtəlif iqlim və şəraitə
tez öyrəşdim. Yaşadığım şəhər
çox gözəldir, insanları doğrudan da diqqətcil və
mehribandırlar, burada çox şən və azad
mühit var. Yeganə bir mənfi cəhət varsa, o da
qiymətlərin çox yüksək olmasıdır. Belə ki, müqayisə üçün, Bakıda
aldığımız 20 qəpiklik su burada 3 dollara
satılır.
- Seçdiyiniz ixtisas barədə nə deyə bilərsiniz?
- Oxuduğum ixtisas nə qədər təəccüblü
olsa da burada o qədər də
populyar deyil. Müqayisə edəndə
fakültəmizdə
ancaq 100-ə yaxın tələbə var. Halbuki o
biri ixtisasların tədris
olunduğu fakültələrdə
minlərlə tələbə oxuyur. Buna baxmayaraq, bizə çox güclü mütəxəssislər dərs keçir, hər həftə Avstraliyanın
müxtəlif güşələrindən alimlər dəvət olunur ki, nanotexnologiya elmləri haqqında 3
saatlıq seminar keçirilsin. Müəllimlər hər an tələbələrə kömək etməyə
hazırdırlar. Yadımdadır, ilk tədris həftəsində
bizə esse yazmaq tapşırılmışdı və deyilmişdi ki, internetdəki
elmi materiallardan istifadə etmək qadağan deyil. Lakin informasiyanı
oxuyub başa düşdüyün kimi yazmalısan, əks
halda, plagiatçılıqda ittiham edilə və cəza ala bilərsən.
Müəllimlərin bu xəbərdarlığından sonra mən indiyə kimi
esse yazanda internet
materiallarından minimum dərəcədə istifadə
edirəm.
- Universitetdə tədris semestri necə təşkil
olunur?
- Universitetimizdə təhsil 2 yarım semestrə
bölünür, belə ki, hər yarım semestrin
axırında imtahanlar keçirilir. Ancaq bu
imtahanlar tədris olunan fənnin 15-20 faizini təşkil edir.
Hər semestrin sonunda
isə sessiya imtahanları keçirilir, onlar fənnin
60-70 faizini təşkil edir. Semestr boyu tələbələrə müxtəlif
tapşırıqlar verilir ki, onlar da sonda imtahan nəticələrinə
əlavə olunur. Ən böyük əziyyət verən laboratoriya dərsləridir. Həftədə 3 laboratoriya məşğələsi olur,
onların da hər biri 3 saat davam edir. Çətinlik barədə
danışmaq istəməzdim, lakin 3 saat belə, laboratoriya
tapşırıqlarının başa
çatdırılmasına kifayət etmir.
- Universitet barədə nə deyə bilərsiniz?
- Əsası
1964-cü ildə
qoyulmuş La Trobe Universiteti
xüsusilə də elm, texnologiya və mühəndislik
sahəsində beynəlxalq
nüfuza malikdir.
Universitetimizdə, Melburn şəhərinin
özündə olduğu kimi, müxtəlif ölkələrdən
tələbələr çoxdur. Asiya ölkələrindən
tələbələr böyük çoxluq təşkil
edir. Tələbələrin bir- birinə
münasibəti çox mehribandır, hətta bu dərəcədə
gözləməzdim. Belə ki, universitetdə
çoxlu tanışlarım və hətta bir neçə
yaxşı dostlarım var.
Oxuduğum ixtisas dünya miqyasında da
yeni bir profildir. Bu
sahə bütün
dünya ölkələrindən olan tədqiqatçıların
diqqətindədir. Universitetdə
oxuduğum təhsil dövründə nanotexnologiya elmində ciddi irəliləyişlər
və kəşflər baş verib. Belə ki, artıq xərçəng
hüceyrələrinin nanotexnoloji liflərlə (fibre)
aşkar olunması üsulu
üzərində işlər aparılır.
Düşünürəm ki, xaricdə təhsil almaq indi hər
bir tələbənin prioritetidir, ancaq bu, sadəcə xaricdə təhsil
almaq xatirinə olmamalıdır, gələcək planlar,
perspektivlər, aldığın təhsilin nəyə
yönəldiləcəyinə
və s. amillər təhlil edilməlidir.
- Avstraliyada təhsilə münasibət necədir?
- Azərbaycandan çox uzaqda yerləşməsinə
baxmayaraq, Avstraliya mədəniyyətinə
və təhsil ənənələrinə görə demək olar ki,
Avropa ölkəsi kimidir. İnsanlar sadə, azad, sosiallaşmağı sevən
bir millətdir. Təhsilə böyük dəyər
verilir, ancaq universitetdə 30-40 yaşlı bir tələbənin səninlə
bir yerdə eyni dərsi öyrənməyini görəndə, yəqin edirsən ki, burada oxumağa hər yaş
dövründə ciddi əhəmiyyət verilir.
- Azərbaycanı uzaq ölkədə təbliğ edə bilirsinizmi?
- Melburnda hardasa 15-20 azərbaycanlı tələbəmiz
təhsil alır. Bir-birimizlə sıx əlaqə saxlayır, boş
vaxtımız olan kimi görüşürük. Azərbaycanı
çalışdığım qədər yüksək səviyyədə təmsil
edirəm. Belə ki, iştirak etdiyim yarışlarda 20-yə kimi insan mənə
yaxınlaşıb məndən Azərbaycan haqqında məlumat
alırdılar. Burada ölkəmizə
marağın
yüksək olduğunu
qeyd edə bilərəm. Bir şeyi də
deyə bilərəm ki, Melburnun şahmat dünyasında
ölkəmizin adını soruşsanız, 100 faiz
tanıyacaqlar.
- Gələcək planlarınız...
- Gələcək planlar yenicə bitirdiyim sessiyanın
nəticələrindən asılıdır. Yaxşı qiymətlər
almağı düşünürəm. Təhsilimin II ilindən fakültəmizdə
bölgü baş verəcək. Bionanotexnoloji, kimyəvi-nanotexnoloji və
fiziki-nanotexnoloji elmlərdən birini seçməliyəm. Fiziki-nanotexnoloji elmlərə daha çox
üstünlük verirəm. Ancaq hələ
qəti qərar verməmişəm. Bunu gələn il daha dərindən təhlil edib, gələcək
perspektivləri və hansı sahələrə daha
böyük tələbat olduğunu nəzərə alıb
qərar verəcəyəm.
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2014.- 26 dekabr.- S.5.