Ekspertlər Təhsil Nazirliyinin bir
illik fəaliyyətinə qiymət verdilər
2014-cü ildə təhsil sahəsində aparılan islahatlar nəzərəçarpan uğurlara yol açmaqla yanaşı, həm də gələcək nailiyyətlər üçün etibarlı zəmin yaradıb. Bütün bunlarla bağlı millət vəkillərinin, tanınmış ziyalıların və təhsil ekspertlərinin fikirləri maraq doğurur.
Vahid Əhmədov,
Milli Məclisin üzvü
- "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın qəbulundan sonra
bir-birinin ardınca müxtəlif layihələr
həyata keçirilib. Bu
sırada orta təhsildə vəziyyəti
yaxşılaşdırmaq istiqamətində görülən
işləri xüsusilə təqdir edirəm. Müəllimlərin
attestasiyası ilə bağlı işləri yüksək dəyərləndirirəm.
Dağ kəndlərində müəllim
çatışmazlığının aradan
qaldırılması ilə bağlı baş
verən yeniliklər məni çox sevindirdi. Bu işlər
artıq öz bəhrəsini verməkdədir.
Bu il həyata
keçirilən əhəmiyyətli işlərdən biri də təhsilin idarə edilməsi
sistemində struktur dəyişikliklərinin
aparılmasıdır. Hesab edirəm ki, belə davam etsə, biz təhsildə müasir
idarəetmə metodlarının səmərəli tətbiqinə
nail olacağıq.
Ali təhsil müəssisələrində
tələbələrin köçürülməsi
işində qayda-qanun yaradılması da alqışlanası hadisədir. Bununla, təhsilimizin keyfiyyətini
aşağı salan qanunsuz
köçürmələrə son qoyulub.
Ümumiyyətlə,
hesab edirəm ki,
2014-cü ildə təhsilimizin gələcək inkişafı
üçün çox
yaxşı baza yaradılıb.
Əjdər Ağayev,
Azərbaycan Təhsil Şurasının sədri
- Təhsil
Nazirliyinin həyata keçirdiyi
islahatlar və silsilə tədbirlər təlim
keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin,
məktəblərin iş fəaliyyətinin
səmərəliliyinin artırılmasına xidmət edir. 2014-cü ildə ölkəmizdə təhsil
quruculuğu sahəsində mühüm işlər görülüb.
Təhsildə həyata
keçirilən hər bir işin önündə, şübhə yoxdur ki, müəllim dayanır.
O şagird xoşbəxtdir ki, yaxşı müəllimdən dərs
alıb. Təlimin keyfiyyətinin yüksəldilməsinin ən
mühüm amillərindən biri pedaqoji kadrdır. Bu baxımdan Təhsil Nazirliyinin
müəllimlərin peşəkarlığının
artırılmasına, tədris ocaqlarının idarəedilməsi
işinin təkmilləşdirilməsinə
təkan verən islahatları xüsusilə qeyd
olunmalıdır.
Təqdirəlayiq
haldır ki, müasir
texnologiyaların tətbiqinin genişləndirilməsi ilə
yanaşı, şagirdlərin milli-vətənpərlik tərbiyəsinə,
mənəvi hazırlığına da
yüksək qiymət verilir. Müəllim
texnologiyaları təlim prosesinə elə tətbiq etməlidir
ki, şagirdlərdə həyati
bacarıqlar formalaşdıra və şagirdləri inkişaf etdirə bilsin.
Təkcə intellektual baxımdan deyil, eyni zamanda
şagirdinin mənəvi
inkişafına, onun bir
insan olaraq kamilləşməsinə
nail ola bilsin. Məncə, kamil və
savadlı, hazırlıqlı vətəndaş yetişdirməyin
əsasında bu amillər dayanır.
Ümumi təhsil məktəblərində tədris
olunan "Qarabağın tarixi"
adlı fakültativ kurs
və Heydər Əliyev mərkəzlərində keçirilmiş "Müstəqil Azərbaycan
tarixi" mövzusunda
əlavə dərslər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Təhsil Nazirliyinin
elan etdiyi
"Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm
və dram əsərləri"
müsabiqə və şagirdlərdə
mütaliə mədəniyyətinin, oxuya
motivasiyanın yüksəldilməsi məqsədilə
reallaşdırılan layihə məktəblilərə mənəvi
zənginlik, vətənpərvərlik, milli
və ümumbəşəri dəyərlər, idraki keyfiyyətlər aşılayır,
onların bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir
göstərir.
Zahid Oruc,
Milli Məclisin üzvü
- Bu
yaxınlarda parlamentdə çıxışı zamanı
təhsil naziri Mikayıl Cabbarov
təhsil islahatlarından ətraflı danışdı. Dərslik
islahatlarından tutmuş müəllimlərin
cəmiyyətdəki mövqeyi,
onların sosial təminatı, müəllim
əməyinə diferensial yanaşma, eyni zamanda beynəlxalq təhsil sistemləri ilə
yaxından tanışlıq, Avropa standartlarına uyğunlaşma,
islahatların sosial təsirini hesablamaqla uyğun zaman çərçivəsində
aparılması və s. ilə
bağlı mühüm işlər ortaya qoyulub. Bütün bunlar cəmiyyətdə
təhsilimizin gələcəyi ilə bağlı nikbin fikirlər formalaşdırır.
Etiraf etmək lazımdır ki,
təhsildə hər hansı problem böyük bir topluma birbaşa təsir edir. Bütün məzunlara attestatların verilməsi, vahid test sisteminin
yaradılması istiqamətində atılan addımlar, yeni proqramların tərtibatı, müəllimlərin
ilkin sınaq qiymətləndirilməsi
göstərir ki, təhsil sistemində
görüləcək böyük
işlərin zəmini yaradılıb, müvafiq
strategiya və planlar var. Ən əsası Təhsil Nazirliyi islahatların mərhələlərlə
reallaşdırılmasında
israrlıdır. Bütün bunlar Azərbaycanın təhsil
uğurlarını artıracaq. Təhsildəki
uğurlarımız bizim həm də səhiyyəmizə,
hərbi quruculuğumuza, sosial
müdafiəmizə, bütövlükdə, dövlət
idarəçiliyimizə təsir göstərən ən mühüm amildir. Ümidvaram ki, Azərbaycan cəmiyyətindən də olan dəstək bu sahədə
əhəmiyyətli addımları davamlı edəcək.
Hamlet İsaxanlı,
Xəzər Universitetinin təsisçisi
- Mənim Təhsil Nazirliyinin fəaliyyətində ən çox xoşuma gələn
hal açıqlıq və konkretlikdir. İstənilən məsələni
nazirliklə müzakirəyə çıxarmaq və konkret nəticə əldə etmək mümkündür. Nazirliyin
bu iş üslubu çox təqdirəlayiqdir.
Bu il Təhsil Nazirliyi ilə ali təhsil
müəssisələri arasında "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" çərçivəsində səmərəli
müzakirələr aparılıb. Bu sənəd
təhsilimizin gələcək inkişafı üçün
qeyri-adi dərəcədə mühüm sənəddir. Yaxşı
haldır ki, Dövlət
Strategiyasıçərçivəsində görülən
işlər geniş ictimaiyyətlə
müzakirə olunur.
Şübhəsiz
ki, belə böyük
sənəddə göstərilənləri bir
ildə həyata keçirmək mümkün
deyil. 2014-cü il
Dövlət Strategiyasındakı genişmiqyaslı tədbirlərin
reallaşması üçün mühüm hazırlıq dövrü
kimi qiymətləndirilə bilər. Məsələn, strategiyada
universitetlərin kampuslarının yaradılması kimi çox mühüm məsələ var.
Bu istiqamətdə müzakirələr gedir və biz gözləyirik
ki, növbəti ildə bununla
bağlı konkret addımlar atılacaq.
Bolonya prosesi, təhsil
standartları, proqramları, ali məktəblərin
müstəqilliyi ilə bağlı Təhsil Nazirliyinin
keçirdiyi təqdimatlar, müzakirələr
təhsil ictimaiyyəti üçün çox faydalı olub.
Nazirliyin müəllimlərin və idarəedənlərin
peşəkarlığının artırılması istiqamətində
təlimlər keçirməsini xüsusi
qeyd edərdim. Dünyanın ən iri şirkətləri belə işə
götürdükləri insanların peşəkarlıq
qabiliyyətini artırmaq üçün
mütəmadi təlimlər təşkil edir.
Ali məktəblərin də bu işə cəlb edilməsi təlimin
keyfiyyətini yüksəldib. Ümumiyyətlə, təlimlər
ömürboyu təhsil komponentinin
vacib elementidir.
Təhsil Nazirliyinin digər bir uğuru - elektron təhsil
resurslarının yaradılması və genişləndirilməsi
çox əhəmiyyətli layihədir.
Burada orta məktəblər üçün
olduqca faydalı resurslar
toplanıb, elektron dərsliklər
yığılıb. Ümumiyyətlə, hesab
edirəm ki, Təhsil Nazirliyi
dərslik sahəsində də müsbət dəyişikliklərin
əldə edilməsi istiqamətində çox
səmərəli işlərə başlayıb. İlk növbədə, dərslik
monopoliyasının aradan qalxmasını
gözləyirik. İnkişaf etmiş ölkələrdə
çoxsaylı alternativ dərsliklər,
əlavə vəsaitlər olur, müəllimlər
onlardan geniş istifadə
edirlər. Elektron təhsil resursları da belə mənbələrin yaranmasında
atılan əhəmiyyətli addımlardan biridir.
Ali təhsildə doktoranturanın inkişaf etdirilməsi istiqamətində
aparılan müzakirələr bu sahədə
yeniliklərin olacağına bizi ümidləndirir.
Biz, bir ali təhsil müəssisəsi olaraq, bu sahədə Təhsil
Nazirliyi ilə əməkdaşlıq edirik. Hesab edirik
ki, doktorantura təhsilinin
dövlət tərəfindən maliyyələşdirilməsi
mexanizminin hazırlanması vacibdir.
Ümumiyyətlə,
hesab edirəm ki,
2014-cü il təhsil sahəsində
faydalı olub və daha
ciddi nailiyyətlər üçün
əsaslı zəmin yaradılıb.
Şahlar Əsgərov,
təhsil eksperti
- Hesab
edirəm ki, təhsildə ən yadda qalan və ən zəruri
məsələ "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın qəbul olunmasıdır. Bu sənədin qəbulu təhsilimizin yoluna kifayət qədər işıq
saçır və eyni zamanda
fəaliyyət meydanını müəyyənləşdirir.
İkinci vacib məqam
buraxılış imtahanından sonra məzunların
hamısına attestatın verilməsidir. Bir
halda ki, gənc məktəbi
bitirib, ona qiymətləri
göstərmək şərti ilə attestat
vermək lazımdır. Digər bir yaddaqalan hadisə müxtəlif səbəblərdən
ali məktəblərdən kənarlaşdırılmış
tələbələrin təhsilə qayıtmasına imkan verən yeni
qaydaların tətbiqi oldu. Hansısa
səhv və ya təsadüf
üzündən ali məktəbdən qovularaq təhsilini başa
vurmayan tələbələrə şans verilməsi çox
müdrik və dövlətin yürütdüyü humanist
siyasəti dəstəkləyən addımdır. Eyni zamanda gənclər üçün stimul mənbəyidir.
Ali məktəblərdə SABAH qruplarının
yaradılması da olduqca
vacib hadisədir. İstedadlı, bilikli gənclərin eyni qruplarda bir araya
gələrək xüsusi proqramların
tətbiqi, ölkənin tanınmış müəllimlərinin
tədrisi ilə onlara dərin biliklərin
verilməsi bir növ
ali təhsil sistemində mayak rolunu oynayacaq.
Bu il Bakı məktəblərində
çalışan müəllimlərin bilik
və səriştəsinin sınaq qiymətləndirilməsinin
keçirilməsi onların keyfiyyət göstəricilərinin
müəyyənləşdirilməsində mühüm
rol oynadı.
Uğurlu işlərdən biri
də müəllimlərin dərs yükünün
artırılmasıdır. Əvvəllər 1 müəllimə
8 şagird düşürdü,
bu gün isə bu nisbət 1:12-yədir. Aydın məsələdir
ki, bu da
təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.
Müəllimlərin
və direktorların işə qəbul olunması, elektron kitabxanaların yaradılması və
digər məqamları da qeyd
etsək, düşünürəm ki, bu 1 il ərzində kifayət
qədər yaddaqalan işlər görülübdür.
Orta məktəblərdə dərs ili müddətinin artırılması təhsilin
keyfiyyətinin yüksəlməsinə xidmət edəcək
bir addımdır. Təhsil Nazirliyinin şagirdlərin bir
günə düşən dərs yükünün
azaldılması ilə bağlı gördüyü
işləri təqdir edirəm.
Məlahət Mürşüdlü,
Azad Müəllimlər Birliyinin sədri
- Müəllimlərin
sınaq qiymətləndirilməsini onların peşəkarlıq
səviyyəsinin yoxlanılması kimi dəyərləndirmək
daha düzgün
olardı. Bu qiymətləndirmə məktəblərimizdə
çalışan müəllimlərin ixtisaslarına uyğunluğunu, öyrədənlərin metodiki-pedaqoji yanaşma tərzini
müəyyənləşdirmək
baxımından mühüm əhəmiyyət
daşıyır.
Eyni zamanda, müəllimlər
davamlı olaraq öz
üzərlərində çalışmaq üçün
müsbət mənada motivasiya olundular. Artıq öz zəif
cəhətini bilən müəllim yeniliyi
və müasir yanaşmaları mənimsəməyə
daha çox meyl edəcək, üzərinə düşən
vəzifələrə daha məsuliyyətlə
yanaşmağa çalışacaq.
Hazırda
Təhsil Nazirliyi tərəfindən təlim-tərbiyə
işinin məzmununun yeniləşməsi,
təlim keyfiyyətinin yüksəlməsi, təlimdə və
qiymətləndirmədə yeni
metodların, texnologiyaların tətbiqi, müəllimin
peşə hazırlığı səviyyəsinin
artırılması, idarəetmə strukturunun
təkmilləşdirilməsi, yeni nəzarət sisteminin
yaradılması və digər məsələləri
özündə ehtiva edən məktəbəqədər,
tam orta, peşə, ali təhsil üzrə proqramların həyata
keçirilməsini də xüsusi qeyd etmək lazımdır.
Vidadi Bağırov,
təhsil eksperti
- Hər
ilin sonunda bu və ya digər tərəfdən
geriyə boylanılır, görülən işlərə,
əldə edilən uğurlara bir nəzər salınır və sanki gələcəyin, görüləcək
işlərin yolu cızılır.
2014 -cü
ilə nəzər salanda, ümumən
ölkəmizin inkişafında öz izini qoyan bu
ildə təhsilimizdə də uğurlu
addımların atıldığını görürəm.
Bunların hamısını sadalaya bilməsəm
də, müəyyən məqamlar, daha doğrusu, mənim nəzərimdə daha uğurlu hesab etdiyim bir-iki
məsələni vurğulamaq istərdim.
Təhsil deyəndə,
ilk olaraq, gözlərimizin
önünə uğurlu
müəllim - şagird əməkdaşlığı
gəlir. Odur ki,
müəllimlərin keyfiyyəti nə qədər
yaxşılaşarsa, təhsilin keyfiyyəti də o qədər yüksələr. Bu baxımdan
yüksək balla müəllimliyi
seçən tələbələrə təqaüdlərin
verilməsini və Bakı şəhərində müəllimlərin
sınaq qiymətləndirilməsinin keçirilməsini yola saldığımız ildə təhsilimizin
ən uğurlu addımlarından hesab edirəm.
Təhsil
sisteminin qarşısında duran ən aktual məsələlərin
həlli baxımından "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"
çərçivəsində həyata keçirilən tədbirlər
mühüm əhəmiyyət kəsb edir.
Dövlət Strategiyasında hər bir
şəxs üçün bərabər,
keyfiyyətli təhsil imkanlarının yaradılması, insan resurslarının və infrastrukturun
inkişaf etdirilməsi məsələlərinə
geniş yer verilməsi
xüsusi olaraq qeyd edilməlidir.
Etibar Əliyev,
"XXI əsr" Təhsil Mərkəzinin sədri
- 2014-cü ili Azərbaycan təhsili üçün
uğurlu il
sayıram. Bunu təhsilimizin gələcək
inkişafına xdmət edən bir
neçə mühüm qərarın qəbul
olunması ilə izah edərdim. Fizika-riyaziyyat və informatika təmayüllü
liseydə İnformatika üzrə Olimpiada Mərkəzinin açılması, kənd
məktəblərində ciddi ehtiyac olan kimya,
fizika, biologiya və coğrafiya fənləri üzrə işə
qəbul olunanların sayında ciddi
artım, məktəb
direktorları və məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün
müasir peşə standartları əsasında təlimlərin
təşkil olunması, ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin
həyata keçirilməsi, elektron dərslik
portalının istifadəyə verilməsi və digər müvafiq tədbirlər ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanır.
Bundan başqa, Təhsil Nazirliyi ilə vətəndaş cəmiyyətinin
nümayəndələri arasında səmimi əməkdaşlıq
münasibətlərinin qurulması, inanıram ki, təhsilin inkişafına öz
töhfəsini verəcəkdir. Bütün
bunlarla yanaşı, ötən illərlə
müqayisədə son dövrlər təhsil
mühitində demokratikləşmə, hesabatlılıq və
şəffaflığın artırılması ilə
bağlı ciddi addımlar
atılmaqdadır.
2014-cü ildə təhsil
sahəsində aparılan islahatları, təhlilləri,
monitorinqləri və səmərəli dialoqları da təhsilin keyfiyyətinin
artırılmasına xidmət göstərən fəaliyyət
kimi qiymətləndirmək olar.
Osman Gündüz,
İKT eksperti
- "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda təhsil texnologiyalarının tətbiqi
ilə bağlı əhəmiyyətli müddəalar əks
olunub. Bir neçə
gün öncə Təhsil Nazirliyi müxtəlif portallardan
ibarət elektron tədris
resurslarının təqdimatını keçirdi.
Bu resurslar təhsilin
həm sosial tərəflərini, həm
təhsilalanların biliyinin
artırılmasını, həm də xarici
mənbələrə çıxışın
asanlaşdırılmasını əhatə edir.
Burada bir məsələni
xüsusi qeyd etmək
istərdim. Təhsil Nazirliyi təhsil
resurslarının kütləviləşdirilməsi məsələsini
həll etdi. İndiyədək təhsil
sistemimizdə istifadə olunan istər
yazılı, istərsə də elektron resurslar yalnız müəllifinin və ya sahibinin icazəsi ilə
yayıla bilirdi. Təhsil Nazirliyi
bu hüququ öz əlinə almağa
nail oldu, yəni, nazirliyin sifarişi ilə
hazırlanan bütün resurslar
üzərində mülkiyyət hüququ
artıq nazirliyin öz
əlindədir. Bu isə o
deməkdir ki, bundan sonra bütün təhsil
resurslarını internetə yerləşdirmək, hər bir istifadəçiyə pulsuz
təqdim etmək, yaymaq imkanı
yaranıb. Təqdim
olunan elektron təhsil resursları da bu qəbildən
olan ilk işdir. Bu, böyük hadisədir.
Təhsil
sistemində aparılan
struktur islahatları, idarəetmə sistemində
baş verən dəyişikliklər, təkrarlanan
strukturların ləğvi
də müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, müəyyən müddətdən
sonra bunun effekti görünəcək.
Nabatəli Qulamoğlu,
təhsil eksperti
- Azərbaycan təhsilində
yeni ab-hava hiss olunur. Təhsil Nazirliyi çox
böyük çətinliklərlə
müəyyən nailiyyətlər
əldə edir.
Hesab
edirəm ki, bu yeniliklər Azərbaycan təhsilinə
xidmət edir, onun gələcəyinə
və islahatlar aparmaq işinə bir vəsilədir. Ümid edirəm ki, bu proses
nazirlik tərəfindən
uğurla davam etdiriləcək.
Təhsil
Nazirliyinin fəaliyyətində
ən çox nəzərəçarpan istiqamətlərdən
biri korrupsiyaya qarşı mübarizə
tendensiyasıdır. Demək olar ki, nazirliyin
bütün işlərində,
verilən əmrlərdə
korrupsiyaya qarşı
mübarizə ruhu açıq-aydın görünür.
Gözləyirəm ki, nazirlik bu xoşagəlməz halla mübarizədən qalib çıxacaq, istədiyi nəticələrə
nail olacaq.
Bakı
şəhərinin ümumtəhsil
məktəblərində çalışan
müəllimlərinin sınaq
qiymətləndirilməsinin keçirilməsini onların
təkmilləşdirilməsi istiqamətində atılan
bir addım kimi dəyərləndirə
bilərik.
Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.4.