ABŞ prezidenti tərəfindən təltif olunmuş azərbaycanlı

 

Kolumbiya Universitetində təhsil alan azərbaycanlı tələbə ilə söhbət

 

Həsənova Qərənfil Vaqif qızı  1991-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub.  Orta təhsil illərinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə Veravul  2 nömrəli tam orta məktəbində, sonra isə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub. İlk təhsilini 4 nömrəli məktəb-liseydə başa vurub.  ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və keçmiş sovet respublikalarından olan 15-17 yaşlı gənclər üçün nəzərdə tutulan FLEX (Future Leaders Exchange Program - "Gələcək Liderlər Mübadilə Proqramı") proqramının  2007-ci il üzrə müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticəsi olaraq bir il  Amerikada təhsil almaq şansı qazanıb. Beləliklə də Azərbaycanda orta məktəbi bitirdikdən sonra 2007-2008-ci tədris ilində Amerikanın Pensilvaniya ştatında  New Oxford High School-da XII  sinifdə oxuyaraq bu məktəbin də diplomunu əldə edib. Elə həmin  ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub.  ABŞ-da təhsil aldığı bir il müddətində də ciddi  uğurları ilə fərqlənib.  Onların arasında ən  önəmlisi isə yaşadığı  şəhərdə konüllülük fəaliyyətinə və Azərbaycanın mədəniyyətini uğurla təmsil etməsinə görə ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən "Prezidentin fəxri döş nişanı" ilə təltif edilən gənclərdən biri olması olub.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistr pilləsi üzrə təhsil alır.   Xaricdə təhsil alan ən fəal tələbələrimizdən biri kimi Qərənfil Həsənova ilə söhbətimizə ilk növbədə onda  elmə, oxumağa marağın necə yaranmasından  başladıq. 

 

- Uşaq vaxtlarımdan ətrafımda yaşıdım az olduğundan kitablar ən yaxın dostlarım idi. Anam həm orta məktəbdə, həm də universitetdə dərs deyirdiçox vaxt məni də özü ilə işə aparırdı. Beləliklə də mən eyni zamanda həm sinif otaqlarında, həm də ali məktəb auditoriyalarında müxtəlif mövzulu, müxtəlif səviyyəli dərslərin iştirakçısı olurdum. Buna görə də orta məktəbə gedənə qədər artıq Azərbaycan, rusingilis dillərində 50-dən artıq kitab oxumuşdum. Yadımdadır, bir dəfə anam universitetdə qeyri-ixtisas qrupları üçün keçirilən dövlət imtahan komissiyasında iştirak edən vaxt məni də özü ilə  aparmışdı.  Tələbələr cavab verdikcə mətnlər və sözlər mənə çox asan gəldi və  anama gizlicə dedim ki, mən də imtahanda iştirak etmək istəyirəm. Komissiya üzvləri mənim istəyimi çox təəccüblə qarşıladılar və mənə bilet çəkməyə icazə verdilər. Bir qədər sonra isə mənim "İmtahan vərəqimə"  yekdilliklə "5" (əla) yazıldı. O vaxt mənim cəmi 6 yaşım var idi. Artıq saralmış  bu vərəq hələ də mənim üçün ən önəmli "sertifikat"lardan biri sayılır.

- Orta məktəb illərini, ilk dərsləri necə xatırlayırsınız?

-  Orta məktəbə getməmişdən öncə artıq 3 dildə yazıb oxumağı bacarırdım. Buna görə də 6 yaşım tamam olanda  yaşıdlarımla birlikdə birinci sinif şagirdi kimi əlifbanı öyrənmək mənə çox darıxdırıcı gəldi. Məktəbdə ilk gündən sonra evə gəlib anama bir daha ora qayıtmayacağımı söylədim. Fikrimdən daşındırmaq məqsədilə növbəti gün anam məni ikinci sinfə apardı ki, dərslərin çətinliklərindən qorxub birinci sinfə qayıdım. Amma tam əksi baş verdi - həm dərslərin səviyyəsi, həm də sinif yoldaşlarım daha çox xoşuma gəldi və həmin sinifdə qalmaq istədiyimi anama bildirdim. Bir neçə ay sonra isə rayon təhsil şöbəsinin təşkil etdiyi xüsusi imtahanı müvəffəqiyyətlə verərək rəsmən ikinci sinfə qəbul olundum. Orta məktəbdə təhsil aldığım müddətdə çalışdım  ki, təhsilimlə yanaşı, digər sahələrdə də fəaliyyətim olsun. Bir neçə dəfə o vaxt Lənkəran şəhərində çap olunan "Söz" jurnalında, o cümlədən məktəblilərin sevə-sevə oxuduqları "Tumurcuq" və "Şəkərvilla" qəzetlərində ingilis dilindən tərcümə etdiyim hekayələr nəşr olunmuşdu. Eyni zamanda məktəbimizin şahmatvoleybol komandalarının da üzvü idim.

- Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb?

- İlk dəfə idi ki, xaricdə təhsil üzrə Dövlət Proqramının seçim turlarında iştirak edirdim. Sənəd qəbulundan tutmuş müsahibə  mərhələsinə kimi həm Təhsil Nazirliyinin əməkdaşlarının, həm də könüllü olaraq nazirlikdə çalışan Xaricdə Təhsil Alan və Məzun Olmuş Tələbələrin Beynəlxalq Forumunun (ASAİF) üzvlərinin öz işlərinə necə məsuliyyətlə yanaşmaları, seçim prosesində iştirak edən gənclərin hər bir sual və çoxsaylı  müraciətlərini, dəfələrlə soruşmalarına baxmayaraq, təmkinlə cavablandırmaları məni müsbət mənada təəccübləndirdi. Bizə göstərilən bu yüksək etimada görə Azərbaycan dövlətinə minnətdarlıq edirəm.    

- Xarici ölkədən baxdıqda Azərbaycan təhsilini, Təhsil Nazirliyinin apardığı işi necə görürsünüz?

- Əminliklə deyə bilərəm ki, məzunu olduğum Azərbaycan Dövlət İqtisad Universitetinin bizə verdiyi təhsil istər müəllimlərin professionallığı, istərsə də istifadə olunan tədris  materialları baxımından Qərb təhsil sistemindən heçgeri qalmır. Zənnimcə, Amerikada orta məktəbdə təhsil alan digər həmyerlilərimiz də təsdiqləyə bilər ki, bizim aldığımız təhsil amerikalı şagirdlərin təhsilindən qat-qat üstündür. Pensilvaniyada təhsil aldığım zaman dəfələrlə bizim məktəblərdə tədris olunan coğrafiya, riyaziyyat və digər fənlərin daha güclü olduğunun şahidi olmuşdum.  Xarici universitetlərin və məktəblərin əsas üstünlükləri ondadır ki, onlar nəzəriyyə ilə yanaşı, təcrübəyə də çox önəm verirlər. Əgər bizim məktəblərdə də şagirdlərimiz kimyəvi reaksiyaları laboratoriyada özləri tətbiq etsələr, zoologiya dərslərində öyrəndiklərini heyvanlar üzərində kiçik əməliyyatlar vasitəsilə həyata keçirsələr və ya üç ay ərzində öyrəndikləri fransız dili biliklərini Fransaya səyahət edərək orada sınaqdan keçirsələr təhsilimizin səviyyəsi qat-qat üstün olar.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sistemimizin daha da inkişaf etdirilməsinə xidmət edən hədəflərin  reallaşdırılmasını zəruri edir. Təhsil Nazirliyinin strategiya sənədində əksini tapmış vəzifələrin həlli  istiqamətində fəaliyyəti  olduqca təqdirəlayiqdir.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız?

- Əlbəttə, gənclərimizin xaricdə təhsil almaq istəkləri çox təqdirəlayiq bir haldır. Deməli, yüksək təhsili dəyərləndirirlər. Lakin xaricdə təhsil almağa hazır olmaq çox vacibdir. Çünki  xaricdə oxumaq bəzilərinin düşündüyü kimi səyahət xarakteri daşımır. Birçox istərdim ki, xaricdə təhsil alan gənclərin böyük əksəriyyəti təhsillərini başa vurduqdan sonra ölkəyə qayıtsınlar və xaricdə əldə etdikləri bilikləri, təcrübəni ölkənin inkişafı naminə tətbiq etsinlər. Onda Azərbaycan daha da inkişaf edər və bəlkə də gələcək nəsillərin təhsil almaq üçün xaricə üz tutmalarına belə ehtiyac olmaz.

-  Sizin üçün Amerikanın nüfuzlu universitetində təhsil almaq nə deməkdir?

- Amerikanın nüfuzlu universitetində təhsil almaq nə qədər maraqlı və arzulanan olsa da, bir o qədər də çətin və məsuliyyətlidir. Bu cür universitetlərin magistratura pilləsində təhsil almaq üçün yaş həddi adətən daha yüksək olduğundan (27-28) tələbələrə verilən tapşırıqlar çətin və onlardan gözləntilər daha çox olur. Lakin  bununla yanaşı, ətrafında həddindən artıq savadlı, dünya görüşlü tələbələrin olması, dərs deyən professorların öz sahələrini mükəmməl bilmələri, hətta sessiya vaxtı universitetin bütün kitabxanalarının tələbələrlə dolu olması insana sanki çox böyük enerji verir.

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz? 

- Xaricdə təhsilin ən yaxşı cəhəti odur ki, burada istər orta məktəbdə, istərsə də ali məktəblərdə təhsillə yanaşı, müxtəlif tədbirlər keçirilir. Çox vaxt da bu cür tədbirlərin təşkilatçıları tələbələr özləri olur, yəni müəllimlərdən təklif, yaxud yardım gözlənilmir. Təşkilatçı tələbələr ideya irəli  sürür, sosial şəbəkələrdə elanlar verilir  və tədbirə qatılacaq insanlar qeydiyyatdan keçirlər. Bəzən arzu edən müəllimlər də tələbələrə qoşulur. Ən maraqlısı isə odur ki, belə tədbirlərdə vəzifəsindən asılı olmayaraq bütün iştirakçılar eyni əhvali-ruhiyyədə olur, bütün işlərdə eyni həvəslə iştirak edirlər. Məsələn, bu yaxınlarda  110 nəfərlik heyətlə Vermont ştatına xizək sürməyə getmişdik. Deyərdim ki, elmi fəaliyyətə bir az fasilə verib dostlarla vaxt keçirmək, təbiətin qoynunda dincəlmək çox xoş oldu.

-  Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...

- Kolumbiya Universiteti 1754-cü ildən bəri fəaliyyət göstərir və daima dünyanın ən qabaqcıl universitetlərinin sırasında öncül yerlərdən birini  tutur. Universitetin nəzdində bakalavrmagistr dərəcələri almaq istəyənlər üçün müxtəlif məktəblər mövcuddur. Məsələn, Kolumbiya Kolleci, Ümumi Elmlər, Müəllimlər kolleci, Sosial İş, Mühəndislik Məktəbi və s. Mənim təhsil aldığım ictimai idarəetmə proqramı Beynəlxalq və İctimai Əlaqələr Məktəbinin təklif etdiyi müxtəlif proqramlardan biridir. Hər bir proqramın özünəməxsus tələbləri olur ki, onların hamısına əməl etmədən məzun olmaq qeyri-mümkündür. Mənim proqramımın müddəti 2 ildir. Bu 2 tədris ili arasında yay internatura proqramlarında iştirak etmək şərtdir.

-  Universitetdə imtahan sessiyası  necə  təşkil olunur?

- Amerika tədris sistemi istər müəllim-tələbə münasibətinə, istərsə də tədris və qiymətləndirmə prosesinə görə digərlərindən fərqlənir. Avropadan fərqli olaraq imtahan sessiyası tətildən əvvəl bitir və tələbələr tətil ərzində rahat dincələ bilirlər. İmtahanların tarixi semestrin əvvəllərində, ən geci isə ortalarında elan olunur ki, tələbələr tətil proqramlarını qabaqcadan müəyyən edə bilsinlər. Sessiya ərzində hər bir müəllim və onun assistenti  hər hansısa bir mövzu ilə bağlı çətinliyi olan tələbələr üçün  xüsusi məsləhət saatları elan edirlər. Bu, tələbələrə, təhsilə verilən yüksək dəyərin bir nümunəsidir.

-  Sizə dərs deyən hansı məşhur alimlərin adlarını çəkərdiniz?

- Universitetimiz Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Keçən semestr BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün  Nyu- Yorka gələn xarici ölkə prezidentlərinin baş nazirlərin böyük əksəriyyəti universitetimizdə qonaq oldular, tələbələr qarşısında çıxış etdilər ölkələri ilə bağlı bizi maraqlandıran suallara cavablar verdilər. Hazırda bizə dərs deyən müəllimlərdən BMT-nin Baş katibi Pan Gi-Munun minilliyin inkişaf məqsədləri üzrə xüsusi məsləhətçisi Kolumbiya Yer Kürəsi İnstitutunun direktoru Cefrey Saksı misal göstərə bilərəm.

- Tələbə həyatınız necə keçir, hobbiniz?

- Kolumbiya Universitetində təhsil alan tələbələrin 50%-ə yaxını əcnəbilərdir, məhz buna görə yerli xarici tələbələr arasında qətiyyən fərq qoyulmur. Universitetin nəzdində Beynəlxalq Tələbələr üçün  Xidmətlər Ofisi fəaliyyət göstərir ki, istənilən tələbənin hər hansısa bir problemi olarsa, çətinliklərlə üzləşərsə dərhal onu aradan qaldırsınlar.

Tələbə həyatımız çox rəngarəng, maraqlı, eyni zamanda gərgin keçir. qədər çox çalışsan da həmişə səndən irəlidə kimsənin ola biləcəyi fikri səni narahat edir. Hobbimə gəlincə, yorulanda piyada  gəzməyi, musiqiyə qulaq asmağı, idmanla məşğul  olmağı  çox sevirəm.

- Asudə vaxtınız  olurmu? 

- Asudə vaxtım çox nadir hallarda olur, amma çalışıram ki, həmin vaxtı çoxdan görmədiyim dostlarla keçirim. Vaxtlarımız uyğun gələndə bir yerə yığışır, birlikdə nahar,  yaxud şam yeməyi yeyir, bir-birimizdən hal-əhval tuturuq. Bəzən otaq yoldaşım çinli Şunan Vanqla Nyu-Yorkdakı məşhur muzeylərə baş çəkir, bəzən məşhur "Broadway" myüzikllərı izləməyə gedirik.

- Azərbaycan diasporası  ilə əlaqələriniz, Azərbaycan adına keçirdiyiniz aksiyalar barədə...

- ABŞ-da olduğum müddətdə həm diaspora üzvləri ilə əlaqə saxlayır, münasib vaxt olduqca görüşür, həm BMT yanında Daimi Nümayəndəliyimizin Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin tədbirlərində iştirak etməyə çalışıram. Ötən ilin sentyabrında Xəzər Strateji İnstitutunun (HASEN) Nyu-Yorkda keçirdiyi "Cənub Qaz Dəhlizi" və bu dəhlizin Avropanın enerji təhlükəsizliyində roluna həsr edilmiş tədbirin təşkilati işlərinə cəlb olunmuşdum. Dəvət etdiyimiz Kolumbiya Universitetinin tələbələri hər dəfə məni gördükdə Azərbaycanın enerji siyasəti, regionda oynadığı  rolla bağlı suallar verirlər. Hətta enerji sahəsində ixtisaslaşan tələbələrdən biri öz tədqiqat işini ölkəmizin neft siyasətinə həsr etməyə qərar verib. Bir neçə gün əvvəl  Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları haqqında çoxlu kitab və digər informativ materialları Kolumbiya Universitetinin Lehman kitabxanasının Rusiya, Avrasiya və Şərqi Avropa ölkələri Departamentinə hədiyyə etdim. Düşünürəm ki, bu materiallar  kifayət qədər maraqlı, dolğun və Azərbaycan barədə həqiqətləri özündə əks etdirən əsl faktlar toplusu olduğu üçün onlardan yararlanan əcnəbi gənclər ölkəmizlə bağlı xeyli məlumatlar əldə edə biləcəklər. Hazırda da ölkəmizin təbliği ilə bağlı bir neçə layihə üzərində çalışıram.  Ümid edirəm ki, çox yaxınlarda onları da həyata keçirməyə müvəffəq olacağam.

- Darıxdığınız anlar çox olurmu?

- Mən daha öncə də Amerikada təhsil aldığıma görə buranın yaşayış  tərzi və mədəniyyəti ilə yaxından tanışam. Lakin  etiraf edim ki, bəzən Bakı, ailəm və dostlarım, adət və ənənələrimiz, xüsusən də milli yeməklərimiz üçün çox darıxıram.

- Gələcək planlarınız?

- Hazırda qarşımda duran ən önəmli məsələ təhsilimi uğurla başa vurmaqburada olduğum müddətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə əlimdən gələni etməkdir.

- Biz də sizə bu şərəfli işlərinizdə və təhsilinizdə uğurlar arzulayırıq.   

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 7 fevral.- S.7.