Bakı Pedaqoji Kadrların

İxtisasartırma və Yenidənhazırlanma

İnstitutunda Gənclər Günü qeyd edilib

  

Fevralın 4-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və institutun gənclər təşkilatının və yenidənhazırlanma fakültəsinin tələbələri ilə birgə keçirilən tədbirdə institutun rektoru, professor Asəf Zamanov bu görüşün təsadüf olmadığını vurğuladı. Natiq çıxışına davam edərək bildirdi ki, respublikamızda gənclərə diqqət və qayğı həmişə olub. Hazırda bu münasibət əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədədir. Tarixə nəzər salsaq görərik ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi 1969-cu ildən gənclərə, onların intellektual potensialının inkişafına xüsusi diqqət yetirirdi. Sovetlər dönəmində qadağaların, senzuranın hökm sürdüyü bir vaxtda belə ulu öndər daim Azərbaycan haqqında düşünüb, xalqının övladlarının intellektual səviyyəsinin yüksəlməsi üçün  gələcəyin konturlarını cızırdı. İllərlə həyata keçirilən bu uğurlu siyasət öz bəhrəsini verdi.

Belə ki, 1969-cu ildə respublikadan kənarda təhsil alan gənclərin sayı 50-yə qədər idisə, Azərbaycan ali məktəblərinin yuxarı kurs tələbələrini, aspiranturadoktoranturaya göndərilənləri də nəzərə alsaq, 1981-ci ildə onların sayı 1500 nəfərə çatırdı. Bütün bunlar ulu öndərin uzaqgörən siyasəti, güclü iradəsi, möhkəm əzmi sayəsində həyata keçirilirdi. Ümummilli liderimiz həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmiş, ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir.

Asəf Zamanov onu da vurğuladı ki, ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ölkəmizdə gənclər siyasətini uğurla həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər, İdmanTurizm Nazirliyi yaradılmışdır. 2 fevral 1996-cı il tarixdə keçirilmiş müstəqil Azərbaycan gənclərinin ilk forumunda ulu öndər geniş məruzə etmişdir. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" sərəncam imzalamışdır.

Dahi şəxsiyyətin  gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam formalaşması, istedadlı gənclərin aşkar edilməsi və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" sərəncamlar gənc nəslin problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələri, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olmuşdur. Uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual potensial formalaşmışdır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Gənclərimizin müxtəlif dövlət qurumlarında təmsil olunması, beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər qazanması, dünyanın aparıcı universitetlərində 2007-2015-ci illərdə 5 minə qədər Azərbaycan gəncinin zəruri ixtisaslar üzrə təhsil alması göstərilənlərin bariz nümunəsidir.

Bu uğurlu siyasətdən bəhrələnərək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu gələcəyin sağlam, elmli, yüksək intellektual potensiala malik gənclərini formalaşdırmağa çalışır. İnstitutumuzda son illərdə formalaşan elmielmi-pedaqoji kadr potensialı, beynəlxalq səviyyədə qazandığımız nailiyyətlər deyilənlərə əsas verir. Belə ki, son 6 ildə dünyanın 40-dan çox ali məktəbi, elmi-tədqiqat mərkəzləri ilə elm və təhsil sahəsində əməkdaşlıq qurulmuş  institutun əsas təşkilatçılığı ilə 9 beynəlxalq elmi konfrans keçirilmişdir. Professor-müəllim heyəti tərəfindən 800-dən çox elmi əsər çap etdirilmişdir. Əgər bir neçə il əvvəl institutda cəmi 5 elmlər namizədi (fəlsəfə doktoru) fəaliyyət göstərirdisə, hazırda burada 20 fəlsəfə doktoru, 4 elmlər doktoru, professor çalışır. 20-yə qədər elmlər doktoru, 50-yə qədər fəlsəfə doktoru institutda saathesabı fəaliyyət göstərir. Alimlər sırasında gənclər də az deyil. İstedadlı və perspektivli gənclər institut rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunur.

Sonra gənclər və idman nazirinin müavini, professor İsmayıl İsmayılov "Azərbaycanda gənclər siyasəti" mövzusunda məruzə etdi. O bildirdi ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin uğurlu aparılması dövlətin gələcəyinin təminatıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdən biri kimi həyata keçirilir. Bu istiqamətdə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə işin düzgün qurulmasının nəticəsidir ki, respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər. 

YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirdi ki, Azərbaycan gəncləri ilk növbədə azərbaycançılıq ideologiyasının qarantı olmalıdırlar. Onların hər bir addımı dövlətə, dövlətçiliyə, xalqa xidmətlə ölçülməlidir. Hər bir Azərbaycan gənci yaşından, vəzifəsindən asılı olmayaraq xalqına ləyaqətlə xidmət etməlidir. Azərbaycançılıqda pərakəndəlik yoxdur, olmamalıdır da. Bu ideologiyanın devizi bütövlükdür. Ramiz Göyüşov YAP Binəqədi rayon Təşkilatının fəaliyyətinin uğurlarından söhbət açdı və gəncləri təbrik etdi.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək gənclərlə aparılan işin perspektivindən söz açdı.  Bildirdi ki, müharibə şəraitində yaşayan bir ölkə olaraq biz gənclər daha çox vətənpərvər olmalıyıq. Düzgün və vaxtında aparılan vətənpərvər ruhlu təbliğat ən güclü silahdır. Hər kəs ona həvalə edilmiş işi ləyaqətlə, vicdanla yerinə yetirirsə, deməli, o, vətənpərvərdir. Q.Bayramov, həmçinin rəhbərlik etdiyi idarənin fəaliyyəti barədə məlumat verdi.

Tədbirdə gənc alim, institutun təbiət elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, gənc yazıçı Şəmil Sadiq, institutun Gənclər Təşkilatının sədri Tural Quliyev və başqaları çıxış edərək bu görüşün təşkil olunmasından məmnun olduqlarını bildirdilər və yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə institut rektorluğuna minnətdarlıq etdilər.

Sonda institutun fəal gəncləri Gənclər Günü və təhsil sahəsində əldə etdikləri uğurlara görə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və Binəqədi rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olundular.

 

Sevinc QULİYEVA,

BPKİYİ-nin mətbuat katibi

 

Azərbaycan müəllimi.- 2014.- 7 fevral.- S.4.