Ali təhsil sahəsində aparılacaq
islahatların əsas
istiqamətləri
Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevlə müsahibə
Sual: Məlumdur ki, Təhsil Nazirliyi ötən il ümumi təhsil sahəsi üzrə əsas prioritetləri açıqlamışdı. Bu il isə ali təhsil sahəsində həyata keçiriləcək islahatların elan edilməsi müvafiq istiqamətdə mühüm dəyişikliklərin aparılacağından xəbər verir. Elə bir müddət öncə mətbuatda dövlət ali məktəblərində təhsil alan savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət "SABAH" qruplarının yaradılması barədə məlumatlara rast gəlmişdik. Bu qrupların təşkili necə aparılacaqdır?
Cavab: Ai təhsil
sistemində yeni mühitin
yaradılması məqsədilə Təhsil Nazirliyinin
tabeliyindəki ali təhsil müəssisələrində
"SABAH" qruplarının təşkil edilməsi zəruri
məsələdir.
"SABAH"
qrupları 5 ixtisas qrupuna
daxil olan ixtisaslar üzrə əyani formada
I kursu ən yüksək nəticələrlə
bitirmiş tələbələrdən
seçmə yolu ilə
formalaşdırılacaq. Bu proses Təhsil Nazirliyinin
tabeliyindəki 20 ali təhsil müəssisəsindən
15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin
əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda - 79,5%, humanitar və sosial ixtisas qrupunda - 67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda - 57,3%, təbiət
ixtisas qrupunda - 87,8%, texniki və texnoloji ixtisas qrupunda - 49,5% təşkil
edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani
formada təhsil alan
21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə
tutulur.
Müxtəlif ali təhsil müəssisələrində formalaşan "SABAH" qruplarının aid olduğu ixtisaslar üzrə kadr
hazırlığı, elmi-pedaqoji
potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə
II kursdan təhsilini davam
etdiriləcəkdir. "SABAH" qruplarına tələbələrin
seçilməsi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uyğun
aparılacaq.
Sual: Bəs ali təhsil müəssisələrinin
fəaliyyətlərinin effektivliyini
müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması dedikdə,
nə nəzərdə tutulur?
Cavab: Ali təhsil
müəssisələrinin fəaliyyətinin effektivliyinin
ölçülməsi bir çox səbəblərə
görə aktualdır. Onlardan ən
başlıcası cəmiyyətdə ali
təhsilə olan böyük
tələbatdır. Həmin göstəricilər ilk növbədə abituriyentləri,
onların valideynlərini, həmçinin, bu
və ya digər ali təhsil
müəssisəsində təhsilini davam
etdirmək istəyənləri maraqlandırır. Bununla yanaşı, bu məlumatlar
işəgötürənlər, təhsili idarəetmə
orqanları və ali təhsil müəssisələrinin
özləri üçün də
istiqamətverici rol oynayır.
Ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini,
eləcə də reytinqini müəyyənləşdirən
indikatorlar: təhsilverənlərin intellektual potensialı, maddi-texniki
baza, təhsilin keyfiyyəti, kadr hazırlığının peşəkarlığı,
elmi tədqiqatların aparılması,
beynəlxalq aləmdə tanınmaqdan ibarətdir.
Bununla yanaşı, ali təhsil müəssisələrinin
təhsil fəaliyyətinin səmərəliliyi məzunların
seçdikləri ixtisas üzrə
işlə təmin olunmasını təmin edə biləcək
keyfiyyətli təhsil alması, nəticədə müvafiq bilik, bacarıq
və vərdişlər qazanmaqla məzunlarının ixtisas üzrə
işlə təmin olunmalarıdır.
Sual: Tələbə qəbulu planının
formalaşdırılmasına dair
yanaşmaların təkmilləşdirilməsini necə başa düşmək olar?
Cavab: Ali təhsilin
bakalavriat və magistratura
səviyyələrinə tələbə qəbulu planı
hazırlanarkən ölkənin
sosial-iqtisadi inkişafı, kadr tələbatı və ixtisasların prioritetliyi təhlil olunmalıdır. Burada yanaşma ondan ibarətdir
ki, keyfiyyətli təhsil vermək
imkanlarına, maddi-texniki şəraitlərinə,
elmi-pedaqoji heyətin potensialına görə
bütün ali təhsil
ocaqları, istər dövlət, istər özəl olmaqla, iki qrupa
bölünməlidir - milli statuslu universitetlər və adi
universitetlər. Dövlət sifarişi
yalnız milli statuslu
universitetlər arasında bölüşdürülməli,
eyni zamanda bura qəbul olunmaq istəyən
abituriyentlər üçün yüksək
keçid balı müəyyənləşdirilməlidir.
Adi universitetlərin keçid
balı minimal səviyyədə
saxlanılmalı, eyni zamanda
ödənişli təhsil üzrə qəbul planı tədricən
ləğv edilməlidir. Bu, yüksək
reytinqə və daha yaxşı təhsil
vermək imkanlarına malik ali məktəblərin hazırlıqlı kontingent ilə təmin edilməsinə zəmin
yaradacaqdır.
Digər tərəfdən,
ali təhsil almaq istəyən
və minimal tələblərə cavab verən hər bir
şəxs təhsilini adi universitetlərdə
davam etdirmək imkanı qazanacaqdır. Fəaliyyət
göstəricilərindən asılı olaraq
ali təhsil müəssisələri bir kateqoriyadan digərinə
keçə biləcəklər.
Sual: Burada
bir məsələyə aydınlıq gətirməyinizi
xahiş edəcəyik. Dövlət sifarişi ilə kadr
hazırlığı standartlarının yüksəldilməsi
üçün bu
prosesdə iştirak edəcək
universitetlərin seçim
meyarlarının hazırlanması hansı məqsədi güdür?
Cavab: Məlum olduğu kimi, 2010-2011-ci tədris ilindən başlayaraq ölkəmizdə fəaliyyət
göstərən ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata
keçirilir. Dövlət sifarişinin
formalaşdırılmasında mövcud əmək
bazarının xüsusiyyətləri və ölkənin perspektiv inkişafı amilləri nəzərə
alınmalıdır. Bununla əlaqədar ali təhsilin bakalavriat və magistratura
səviyyələrində dövlət sifarişinin
həddi müəyyənləşdirilərkən ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı, maddi-texniki
və tədris-laboratoriya bazalarının mövcud
vəziyyəti ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafı üçün
bu və ya digər
ixtisasların prioritetliyi, habelə müvafiq dövlət qurumları tərəfindən
ayrı-ayrı ixtisaslar üzrə verilmiş real tələbat
əsas götürülməlidir. Təhsil Nazirliyi həmin real tələbatı
təmin etmək iqtidarında olan universitetlər
arasında seçim aparılması üçün obyektiv
meyarların işlənib hazırlanmasını, bu prosesə rəqabəti stimullaşdıran
elementlərin daxil edilməsini məqsədəmüvafiq
hesab edir.
Sual: Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi ən önəmli məsələlərdəndir. Bunun üçün ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması haqqında nə deyə bilərsiniz?
Cavab: Ali təhsilin
Avropa məkanına inteqrasiyası ilə
bağlı təhsil proqramları özündə məzunların
bilik, bacarıq və vərdişlərini
əks etdirməlidir. Bununla yanaşı
təhsil proqramları peşə kompetensiyalarını
müəyyən etməlidir. Bu sənəddə təhsilalanın ixtisas
xarakteristikası və kompetensiyası, eləcə də təhsilin
məzmununa qoyulan minimum
tələblər, peşə fəaliyyətinin
xarakteristikası və əsas
istiqamətlər, peşə fəaliyyəti üzrə
hazırlıq səviyyəsinə qoyulan
tələblər müəyyənləşdiriləcəkdir.
Bu da fərqlilikləri
idarə edə, çoxlu ehtimalları
araşdıra bilən, sürəkli öyrənən insan resurslarının yetişdirilməsini ehtiva edir. Beləliklə,
təhsil proqramları daha dinamik
bir yanaşma ilə həyatboyu
öyrənməyə, inkişafa
açıq olmaq məqsədlərini əks etdirməlidir.
Bu məqsədlə də təhsil
proqramları (kurikulumlar) bacarıqlar əsasında
formalaşmalıdır.
Sual: Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Bolonya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin işi nədən ibarət olacaq?
Cavab: Avropa təhsil məkanına ali təhsil müəssisələrinin
inteqrasiyasını təmin etmək üçün
Bolonya prosesinin ölkəmizdə
tətbiqini koordinasiya edən, tələbələrin
və müəllimlərin mobilliyinə şərait
yaradılmasına imkan verən və bununla bağlı hesabatları hazırlamaq,
eləcə də normativ-hüquqi sənədləri təkmilləşdirmək
məqsədilə Təhsil Nazirliyində universitetlərarası
komitənin yaradılması nəzərdə tutulur.
İşçi qrupu
Bolonya prosesinin
müddəalarının ölkəmizdə tətbiqi ilə
bağlı Təhsil Nazirliyinə mütəmadi təkliflər
verəcək və cəmiyyəti bu sahədə
maarifləndirəcəkdir.
Sual: İslahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi, bu məqsədlə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi qeyd olunur. Bu məsələyə münasibət bildirməyinizi xahiş edirik.
Cavab: Peşəyönümlü ixtisas seçimi mexanizminin
formalaşdırılması təhsilin istehsalata
inteqrasiyasını gücləndirir, peşə seçimi sistemində rəqabət mühiti yaradır. Təhsilalanların
daha üstün təhsil
pilləsinə keçidini təmin etmək
üçün motivasiya
yaratmaq, ixtisas
hazırlığı profilini məqsədəuyğun
planlaşdırmaq və ali təhsil
müəssisələrinin akademik
gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda
yararlanmaq üçün
təhsilin müxtəlif pillələri arasında üzvi əlaqə vacibdir.
İnkişaf etmiş
təhsil sistemlərində vahid təhsil
şəbəkəsi dedikdə, həm də təhsilin
müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə
tutulur. Sınaqdan keçmiş
bu təcrübə təhsilalanların uğurlu karyera
inkişafına və ixtisaslaşmasına zəmin
yaradır.
Bu təcrübədən çıxış edərək ali təhsil müəssisələrinin təhsilin digər pillələrinə ixtisas hazırlığı profili nəzərə alınmaqla varislik və şəbəkələşmə prinsipi əsasında fəaliyyətinin təşkili effektiv nəticələr verilməsinə böyük ümid yaradır.
Sual: Bu gün təhsil kreditlərinin verilməsi gündəmdə olan məsələlərdəndir. Təhsil Nazirliyində bu istiqamətdə görüləcək işlərin mahiyyəti nədən ibarət olacaqdır?
Cavab: Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil, bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur. AKTS (Avropa Kredit Transfer Sistemi) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempini, həm də ödəmə imkanları sinxronlaşacaq. Bundan əlavə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq. Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaqdır. Bu, tədris prosesinin yenidən qurulmasına, maliyyələşdirmə mexanizminin yaradılmasına və insan resursları imkanlarının artırılmasına ehtiyac yaradacaqdır. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcəkdir. Bu mexanizm ömürboyu təhsil və tədrisin iş bazarı ilə əlaqəsini daha da möhkəmləndirəcəkdir.
Sual: Müasir və şəffaf idarəetmə modelinin
qurulması ideyasını rəhbər tutaraq,
ali təhsil müəssisələrinin fəaliyyətini
tənzimləyən normativ bazanın təkmilləşdirilməsi
və korporativ idarəetmə prinsiplərinin
tətbiqi barədə nə deyə bilərsiniz?
Cavab: Ali təhsildə
müasir və şəffaf idarəetmə
modelinin qurulması və korporativ
idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində
tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq
təcrübə əsasında müasirləşdirilməsini
tələb edir.
Bu
baxımdan, ali təhsil müəssisələrində
təhsil prosesinin
iştirakçıları arasında münasibətlərin
yenilənməsi, tənzimləmə orqanlarının
funksiyaları, səlahiyyətləri və cavabdehliyinin
dəqiq müəyyən olunması, təhsil müəssisələrinin
idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin
monitorinqi və qiymətləndirilməsinə
yenidən baxılması zəruridir.
Burada ali təhsilin idarə
olunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin
ictimailəşməsi prosesi sürətlənməlidir.
Maraqlı tərəflərin cəlb
olunması ilə həyata keçiriləcək səmərəli
idarəetmə, ilk növbədə, tələbə
və təhsil prosesinin digər
iştirakçılarını (işəgötürənlər,
valideynlər, QHT nümayəndələri və sair) geniş cəlb etməklə
təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü
menecmentin və digər müasir
idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb
edir.
Sual: Maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verməyinizi xahiş edirik.
Cavab: Dövlət ali təhsil
müəssisələrində maliyyə resurslarının
istifadə olunmasında səmərəliliyin və şəffaflığın
artırılması məqsədilə müxtəlif analitik və təhlil xarakterli
məlumatları özündə tam əks
etdirən əlavə sistemdaxili maliyyə
hesabatı formalarının tətbiqi, dövlət ali təhsil müəssisələrinin əmlak və maliyyə
vəziyyətini özündə əks etdirən göstəricilər
hazırlanması və həmin göstəricilər sistemi əsasında əlavə maliyyə
hesabatı formalarının müəyyənləşdirilməsi,
eləcə də hesabat
formalarının tətbiqi ilə bağlı tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur.
Sual: Təhsilalanların hüquqlarının qorunması və tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması necə dərk olunur?
Cavab: Təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması dedikdə, təhsil sistemi inkişaf etmiş dövlətlərin akkreditasiya mexanizmlərinin ölkəmizdə tətbiqi, təhsil müəssisələrinin özlərinin akkreditasiyadan keçməsində maraqlı olmalarının stimullaşdırılması, özünütəhlil işinin daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda akkreditasiyadan keçmiş ali təhsil müəssisələrində təhsilalmanın üstünlüyünün təşviqi, akkreditasiyanın institusional (təhsil müəssisəsinin ümumi akkreditasiyası) və proqram (ayrı-ayrı ixtisasların akkreditasiyası) üzrə aparılması, ölkəmizdə tətbiq olunan təhsil proqramlarının digər dövlətlərin təhsil proqramları və keyfiyyət meyarları ilə müqayisə edilməsi də bu sistemə daxildir.
Azərbaycan
müəllimi.- 2014.- 7 fevral.- S.4.