İstedadlı və
yaradıcı gənclərin
mükafatlandırılması
mərasimi keçirilib
Fevralın 5-də "Buta Palace"da 2 fevral - Azərbaycan Gəncləri
Günü münasibətilə
istedadlı və yaradıcı gənclərin
mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər
verir ki, mərasimdə
Azərbaycanın tanınmış ictimai-siyasi
xadimləri, müxtəlif sahələrdə fərqlənən
gənclər və KİV təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan
gəncliyindən bəhs edən videoçarx
nümayiş olunmuşdur.
Tədbirdə gənclər
və idman naziri Azad Rəhimov çıxış edərək
bildirmişdir ki, ümummilli lider Heydər
Əliyev daim gənclərə
qayğı göstərmiş, onların kamil
şəxsiyyət kimi yetişmələrinə
xüsusi önəm vermişdir.
Ulu öndər respublika
rəhbərliyinə gəldiyi ilk
günlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində
misilsiz işlər görmüşdür.
Qeyd edilmişdir ki, zamanın yeniləşən
çağırışlarına uyğun
olaraq Azərbaycan Prezidenti
İlham Əliyevin diqqəti nəticəsində
dövlətin gənclər siyasəti uğurla
inkişaf edir, məzmunca
zənginləşir və intensivləşir. Təxminən
üç milyonluq gənclər
kütləsinin mənəvi və fiziki
sağlamlığı, vətəndaşlıq tərbiyəsi,
yaradıcılığının dəstəklənməsi,
məşğulluğu və digər məsələlər
dövlətin qayğısı ilə əhatə olunmuşdur.
Nazir vurğulamışdır ki, ölkənin qazandığı nailiyyətlər
gənclərin fəaliyyətində davamını və
inkişafını tapır. Keçən il Azərbaycanda ilk dəfə
olaraq BMT-nin Təhlükəsizlik
Şurasına üzv ölkələrdən
50-dək gəncin iştirakı ilə "Kibertəhlükəsizlik"
mövzusunda "Model
UN" simulyasiya oyunu keçirilmişdir. 2013-cü ildə Gəncə
ciddi rəqabət şəraitində
2016-cı il üçün
Avropanın "Gənclər paytaxtı" seçilmişdir. Ötən il
Bakıda "Xəmsə" milli intellektual oyunu üzrə
dünya çempionatı keçirilmiş
və yarışda 12 ölkədən 100-dək oyunçu iştirak etmişdir. Həmçinin yola
saldığımız ildə Xaricdə Təhsil Alan və Məzun Olmuş
Gənclərin Beynəlxalq Forumunun (ASAIF)
Roma və Bakıda forumları keçirilmişdir.
Azərbaycan gəncləri
beynəlxalq münasibətlərin və mədəniyyətlərarası
dialoqun aparılmasında da
fəal iştirak edirlər. Bu, xüsusilə ölkə xaricində fəaliyyət
göstərən Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının çoxşaxəli işində öz əksini tapır.
Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov gəncləri əlamətdar
gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, bu gün
Azərbaycan vətəndaşı olmaq qürurverici və şərəflidir. Bu ölkənin gənc vətəndaşı
olmaq isə ikiqat qürurvericidir. Hazırda dövlətimizin
başçısının rəhbərliyi altında hər
bir gənc Azərbaycanın həm bu gününü, həm
də gələcəyini təmsil edir. Bu, kifayət qədər məsuliyyət və
hər bir gəncdən gələcəyə
hazır olmaq kimi
yüksək vətəndaşlıq keyfiyyətlərinə
malik olmağı tələb edir.
Ölkə
gəncliyinin dövlətin qayğısı ilə əhatə
olunduğunu diqqətə
çatdıran Əli Əhmədov Azərbaycan Gəncləri
Gününün ölkəmizdə qeyd olunmasının təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu diqqətə
çatdırmışdır. Bildirmişdir ki, ümummilli
lider tərəfindən həyata
keçirilən gənclər siyasəti hazırda dövlətimizin
başçısı İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Ölkə gəncliyi
də öz növbəsində dövlətin
qayğısına adekvat cavab
verərək özünü Azərbaycanın
gələcəyinə hazırlayır. Gənclərimiz
yaradılmış imkanlardan istifadə
edərək ən müasir biliklərə
yiyələnir, dünyagörüşünə sahib olur, müstəqil Azərbaycanın
layiqli vətəndaşı kimi formalaşırlar.
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər
Fondunun icraçı direktoru
Fərhad Hacıyev demişdir ki, bu gün
dövlətimizin başçısı İlham
Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü
şəkildə həyata keçirilən işlərin nəticəsi
olaraq müasir Azərbaycan
gəncliyi yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. O, ölkəmizdə
uğurla həyata keçirilən
dövlət gənclər siyasətinin gələcək nəslin
intellektual səviyyəsinin yüksəldilməsinə
olduqca müsbət təsir göstərdiyini
diqqətə çatdırmışdır.
Sonra gənclər üçün Prezident mükafatına layiq
görülmüş, dövlət gənclər
siyasətinin əsas istiqamətləri kimi
həyata keçirilmiş müxtəlif
tədbirlərdə yüksək nəticə göstərmiş
şəxslər Gənclər və İdman
Nazirliyinin təsis etdiyi
"Gənclər mükafatı" ilə təltif olunmuşlar.
Daha sonra
2014-cü il üçün
Azərbaycanın "Gənclər paytaxtı" elan olunmuşdur. www.genclerpaytaxti.az saytında keçirilmiş
səsvermənin nəticəsinə əsasən, Quba 2014-cü il üçün Azərbaycanın "Gənclər
paytaxtı" seçilmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi
açarını Quba Rayon
Gənclər və İdman İdarəsinin
rəisi Mustafa Nöhbalayevə təqdim etmişdir.
Tədbir
konsert proqramı ilə davam etmişdir.
Azərbaycan müəllimi.-
2014.- 7 fevral.- S.2.