Təhsil Nazirliyi ali təhsil sahəsində
həyata keçiriləcək islahatların əsas
prioritetlərini müəyyənləşdirdi
Azərbaycan Respublikasının Təhsil
Nazirliyi "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
müəyyən edilmiş əsas hədəflərin həyata
keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq
məqsədi ilə təhsilin bütün pillələri
üzrə hər növbəti il üçün prioritetlərini
əvvəlcədən elan etmək siyasətini həyata
keçirir. Keçən ilin sonunda Nazirlik ümumi təhsil
pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş
islahatyönlü tədbirlər planını
açıqlamışdır.
Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata
keçirilməsi nəzərdə tutulan
tədbirlər planı hazırlanmışdır. Sözügedən tədbirlərin keçirilməsində
əsas məqsəd ali təhsil müəssisələrində
şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və ali məktəblərin
idarə olunmasının müasir tələblər
səviyyəsində qurulmasıdır.
Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində
aşağıdakı tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur:
1. Ali təhsil sistemində yeni tədris mühitinin
yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsi
məqsədi ilə dövlət ali təhsil
müəssisələrində "SABAH" (savadlı,
bacarıqlı, hazırlıqlı) qruplarının təşkili;
2. Ali
təhsil müəssisələrinin fəaliyyətlərinin
effektivliyini müəyyənləşdirən
göstəricilər sisteminin işlənib
hazırlanması;
3. Ölkənin sosial-iqtisadi inkişafı üçün
ixtisasların prioritetliyi nəzərə
alınmaqla, tələbə qəbulu planının
formalaşdırılmasına dair
yanaşmaların təkmilləşdirilməsi;
4. Dövlət sifarişi ilə kadr
hazırlığı standartlarının yüksəldilməsi
üçün dövlət
sifarişində iştirak edəcək
universitetlərin seçim
meyarlarının hazırlanması;
5.
Ölkə iqtisadiyyatının inkişaf
səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi,
habelə ali təhsil proqramlarının
(standartlarının) Avropa məkanında
tətbiq olunan müvafiq
sənədlərə uyğunlaşdırılması
məqsədi ilə bakalavr və magistr ixtisasları üzrə təhsil
proqramlarına (standartlarına) yenidən baxılması;
6. Ali
təhsil müəssisələrinin Avropa
təhsil məkanına inteqrasiyasının təmin edilməsi
üçün Bolonya
prosesinin tətbiqi üzrə univesitetlərarası
komitənin yaradılması;
7. Abituriyentlərin
peşəyönümlü ixtisas seçimi mexanizminin
formalaşdırılması və təhsilin müxtəlif
səviyyələri arasında varislik və
fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədi
ilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili
nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim
edilməsi;
8. Aztəminatlı
ailələrdən olan gənclərin ali təhsil almaq
imkanlarının artırılması üçün
pilot qaydasında təhsil kreditlərinin
tətbiqinə başlanılması;
9. Müasir
və şəffaf idarəetmə modelinin
qurulması ideyasını rəhbər tutaraq,
ali təhsil müəssisələrinin fəaliyyətini
tənzimləyən normativ bazanın təkmilləşdirilməsi
və korporativ idarəetmə prinsiplərinin
tətbiqi;
10. Maliyyə
resurslarının istifadəsində səmərəliliyin və
şəffaflığın artırılması məqsədi
ilə dövlət ali təhsil müəssisələrində
maliyyə hesabatlılığı sisteminin
tətbiqinin genişləndirilməsi;
11.Təhsilalanların
hüquqlarının qorunması və aparılan tədrisin
dövlət
standartlarına uyğunluğunun müəyyənləşdirilməsi
məqsədi ilə təhsil müəssisələrinin akkreditasiya sisteminin
yaradılması.
Azərbaycan müəllimi.- 2014.- 7 fevral.- S.2.