Ali təhsil müəssisələrində yaradılacaq "SABAH"

qruplarının təqdimat mərasimi keçirilib

 

Fevralın 13-də "Hyatt Regency" otelinin "Quba" zalında Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "SABAH" qruplarının yaradılması zərurəti haqqında fikirlərini bildirib. "SABAH" qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunacaqdır.

Təhsil naziri bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu tələblər ali təhsil sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı, öyrənməyə güclü marağı olan tələbə və müasir tədris üsullarını mənimsəmiş müəllim amilini aktuallaşdırır.

Biz Azərbaycan ali təhsil sistemində yüksək keyfiyyətli təhsil verilməsinə nail olmalıyıq. Müasirqloballaşan dünya çevik, xarici dillərin öyrənilməsinə yer verən və innovativ təhsil sisteminin formalaşdırılmasını tələb edir. "SABAH" qruplarının fəaliyyətində əsasən, bu məsələlər nəzərə alınacaqdır.

"SABAH" qruplarında müvafiq universitetlərdə çalışan müəllimlərlə yanaşı, "20072015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış gənc kadrların potensialından da istifadə olunması nəzərdə tutulub.

Təhsil naziri qeyd edib ki, "SABAH" qruplarının səmərəli fəaliyyətinin təmin olunması ilə yanaşı, bütün tələbələrin yüksək səviyyəli təhsil almasının təmin olunması qarşıda duran prioritet vəzifələrdəndir. Müasir dünyada ali təhsilə indiki qədər maraq olmayıb. Bu, qloballaşan dünyada bilik iqtisadiyyatının daha geniş təşəkkül tapması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq, işəgötürənlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir, bu istiqamətdə işgüzar görüşlər və müzakirələri davam etdiririk. Ali təhsil müəssisələri ilə işəgötürənlərin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, məzunların praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Tələbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir "SABAH" qruplarının ali təhsil müəssisələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən formalaşdırılacağını bildirib. Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə "SABAH" qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur.

Sonra Təhsil Nazirliyi Elmali təhsil şöbəsinin baş məsləhətçisi Sülhəddin Gözəlov "SABAH" qruplarının yaradılması və bu baxımdan qarşıda duran vəzifələrlə bağlı təqdimat-məruzə ilə çıxış edib.

Daha sonra "SABAH" qruplarının formalaşdırılması ilə bağlı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

   

Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.2.