"Sabahın alimləri"
III Respublika
Müsabiqəsinin
açılış mərasimi olub
Fevralın 13-də "Kempinski Badamdar" otelində
"Sabahın alimləri" III Respublika
Müsabiqəsinin açılış mərasimi keçirilib.
Müsabiqənin
əsas məqsədi yuxarı sinif
şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş
etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il
keçirilən İntel İSEF
müsabiqəsində iştirak edəcək
namizədləri müəyyənləşdirməkdir. Faktiki olaraq, bu müsabiqə dünyada şagirdlər arasında
keçirilən ən nüfuzlu beynəlxalq
müsabiqəyə seçim turudur.
Müsabiqənin
açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri
Səttar Mehbalıyev, gənclər və idman
nazirinin müavini İntiqam Babayev, İntel İSEF-in MDB
ölkələri üzrə meneceri Tatyana Nanayeva, "Mədəd"
təşkilatının icraçı direktoru Vüsal
Xanlarov, ali təhsil
müəssisələrinin rəhbərləri, ümumtəhsil
məktəblərinin direktorları, müəllimlər və
şagirdlər iştirak ediblər.
"Sabahın alimləri"
III Respublika Müsabiqəsində
Bakı, Sumqayıt və Naxçıvanda yerləşən
ümumtəhsil məktəblərinin IX-XI sinif
şagirdləri iştirak edir.
Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi və
"Mədəd" təşkilatıdır. Müsabiqəyə elmi dəstək
verən Bakı Dövlət Universiteti,
Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və
Naxçıvan Dövlət Universitetinin
professor-müəllim heyəti tərəfindən gələcəyin
alimləri üçün elmi ünsiyyət mühitinin
formalaşmasına xüsusi diqqət yetirilir. Şagirdlərə qeyd
olunan təhsil ocaqlarının
laboratoriyalarındakı müasir
avadanlıqlardan istifadə etmək və elmi
rəhbərləri ilə birgə tədqiqat aparmaq
imkanı yaradılıb.
Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat,
fizika, kimya, biologiya, tibb və
sağlamlıq, ekologiya, mühəndislik,
kompüter elmləri) keçirilir.
Müsabiqədə 108 şagird 65 elmi layihə ilə iştirak
edir. Həmin layihələrdən
36-ı kollektiv, 29-u isə fərdidir.
Layihələrin qiymətləndirilməsi üçün
hər kateqoriya üzrə
respublikamızın aparıcı alimlərindən ibarət
Münsiflər Heyəti yaradılıb. Müsabiqəyə
yalnız yeni elmi
ideyası, eksperimentin, mühəndis layihəsinin
texniki təsviri, innovativ
kompüter proqramının təsviri olan layihələr qəbul edilir.
Müsabiqənin final mərhələsinə
Elmi Ekspertiza Komitəsi
tərəfindən baxış keçirilən və
annotasiyaları təsdiq edilən layihələr
buraxılır.
Üç gün davam edəcək müsabiqədə layihələrin
qiymətləndirilməsi və ölkəmizin görkəmli
alimləri ilə şagirdlərin görüşü
keçiriləcək. Bakı və Sumqayıt şəhərlərindəki
məktəblərin şagirdləri və müəllimləri,
eləcə də media nümayəndələri
layihələrlə tanış ola biləcəklər.
Sonra müsabiqə qaliblərinin
mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqənin
qaliblərinə təşkilatçılar tərəfindən
təsis edilmiş pul
mükafatı, diplom və medal təqdim olunacaqdır.
Münsiflər heyəti
tərəfindən seçilmiş 5 şagird cari ilin may ayında
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək
İntel İSEF müsabiqəsində iştirak etmək imkanı qazanacaqdır.
Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.2.