Təhsilin
informasiyalaşdırılması
tədris prosesinin şəffaflığını
təmin edir
Təhsil strategiyası - hədəflər
Bu
günlərdə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata
keçirilməsi ilə bağlı islahatların əsas prioritetlərini
açıqlamışdır. Bu islahatlar arasında əsas istiqamətlərdən
biri də ali təhsil müəssisələrində
şəffaf və səmərəli təhsil mühitinin
yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi
və ali məktəblərin idarə olunmasının
müasir tələblər səviyyəsində
qurulmasıdır.
Qabaqcıl texnologiyaların və idarəetmə
üsullarının, elmi nailiyyətlər əsasında
yaradılan innovasiyaların universitetimizin həyatına uğurlu tətbiqi
ilə bağlı ilkin işlərə bir neçə il
bundan əvvəl başlanılmışdır. Əsas məqsədimiz şəffaf və səmərəli
təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və universitetin idarə
olunmasının müasir tələblər səviyyəsində
qurulması olmuşdur. Bunun tərkib hissəsi
olaraq E-universitet konsepsiyası hazırlanmış və
bütün universiteti əhatə edən dairəvi fibrooptik
kabel çəkilmişdir. Həyata
keçirilmiş işlərin bazasında Azərbaycan Texniki
Universitetində Elektron Təhsil Sisteminin yaradılması
layihəsi hazırlanaraq 2010-cu ilin sonlarında Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyi ("KOICA") tərəfindən
elan edilən beynəlxalq müsabiqəyə təqdim edilmişdir.
Müsabiqədə qalib gələn "Azərbaycan
Texniki Universiteti Elektron Təhsil Sisteminin
yaradılması" layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin maliyyə dəstəyini qazanmış və
müvafiq qaydada hazırlanmış sənədlər Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
olunmuşdur.
Nazirlər Kabinetinin sərəncamına əsasən
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
müqavilənin imzalanması səlahiyyəti verilmişdir. "Azərbaycan
Texniki Universitetinin
Elektron Təhsil Sisteminin yaradılması" layihəsi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin səlahiyyətli
nümayəndəsi və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi arasında imzalanmış və layihənin
icrasına Nazirlər Kabinetinin müvafiq sərəncamı
ilə başlanılmışdır. Layihənin əsas məqsədi
Azərbaycan Texniki Universiteti üçün Koreya
Respublikasının ali təhsil müəssisələrində
istifadə olunan ən son informasiya və kommunikasiya
texnologiyaları əsasında müasir təhsil-idarəetmə
sisteminin yaradılması olmuşdur. Fikrimizcə,
yeni sistemin universitetimizdə yaradılması ilə təhsilin
bütün mərhələləri
informasiyalaşdırılacaq, şəffaflıq tam təmin
ediləcək və tədrisin keyfiyyəti yüksələcəkdir.
Haqqında
danışdığımız "Azərbaycan Texniki
Universitetinin Elektron Təhsil Sisteminin yaradılması"
layihəsinin tətbiqinə artıq başlanılmışdır. Qısa
zamanda universitetimizdə, informasiya və kommunikasiya texnologiyaları bazasında təhsilin
keyfiyyətini və cəmiyyətə
açıqlığını
əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yeni metodlar
yaradılmışdır. Bu metodların əsasında
təhsilin informasiyalaşdırılması, alimlərin və
pedaqoqların yeni texnologiyalardan istifadə etməklə
öz gündəlik fəaliyyətlərinin müasir səviyyədə
qurmaları durur.
Universitetimizdə informasiya və
kommunikasiya texnologiyalarının tətbiqinə dair işlər
üç istiqamətdə aparılmışdır. Təlim
metodologiyaları və
tədris resursları yaradılmış, yeni
texnika və əməliyyat imkanları
araşdırılmış, İKT texnologiyalarını tətbiq
edə biləcək mütəxəssislər
hazırlanmışdır. Bundan əlavə, universitetimizdə
informasiya və kommunikasiya texnologiyalarının elmi tədqiqat
işlərində, o cümlədən virtual laboratoriya,
multimedia, modelləşdirmə və başqa əyani vasitələr
kimi istifadə olunması təmin edilmişdir.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi
təhsil müəssisələrinin kompüterləşdirilməsini
və maddi-texniki bazasının müasirləşdirilməsini
tələb etdiyindən, bu sahədə əməli işlər
universitetimizdə fasiləsiz həyata keçirilir.
Universitetimizin kompüter şəbəkəsi
təhsil-idarəetmə sisteminin yaradılmasına tam şərait
yaratmaqla yanaşı, yaxın perspektivə hesablanaraq yenidən,
ən müasir tələblərə cavab verəcək səviyyədə
qurulmuşdur. Universitetin 9 korpusu optik rabitə
xətti ilə dairəvi birləşdirildikdən sonra
İnternetə 100 mb/san sürətlə
çıxış təmin edilmişdir. Bu İntranet şəbəkəsinə 600-dən
artıq müasir tipli kompüter qoşulmuşdur. Universitetin bütün əməkdaşları və
tələbələri (10-minə yaxın istifadəçi)
İnternet şəbəkəsinə sərbəst və məhdudiyyətsiz
çıxış imkanı əldə etmişlər.
Azərbaycan Texniki Universitetinin İntranet
şəbəkəsi universitetin kompüter şəbəkələri
sahəsində məxsusi tədqiqatları və təcrübəsi
bazasında qurulmuşdur. Bütün
kafedralar yüksək sürətli İnternetə
qoşulmuş, bəziləri isə özlərinin lokal
kompüter şəbəkəsini yaratmışlar. Multimedialı siniflər təşkil
olunmuş və bu istiqamətdə işlər sürətlə davam
etdirilir. Dünyanın qabaqcıl şirkətlərinin
respublikamızdakı nümayəndəlikləri tərəfindən
universitetimizdə (telekommunikasiya və proqram təminatı
üzrə) açılmış bir sıra tədris mərkəzləri
və elmi-tədris laboratoriyaları tədris və təcrübə
proseslərində geniş
istifadə olunur.
Ümumuniversitet tədris və idarəetmə
proseslərini informasiyalaşdıran proqram platforması bu
gün tam tətbiq edilir. Bu sistem universitetimizin
İKT üzrə mütəxəssisləri tərəfindən
işlənilmiş və "KOICA"-nın
texniki dəstəyi ilə aşağıdakı istiqamətlər
üzrə həyata keçirilmişdir:
- ən son informasiya texnikası və
texnologiyaları bazasında işlənib
hazırlanmış Elektron Universitetin yaradılması;
- AzTU-nun rəsmi portalının qurulması
(aztu.edu.az);
- Akademik təhsil və kollektiv əməliyyat sistemlərinin
qurulması;
- distant təhsil kontentlərinin
nümunələrinin hazırlanması.
AzTU-da yeni informasiya texnikası
quraşdırılmışdır. Layihə
üzrə ilkin işlərə başlayarkən Elektron
Universitet konsepsiyasının ən son informasiya texnikası və
texnologiyaları bazasında işlənib
hazırlanmasını qarşımızda əsas hədəf
kimi qoymuşduq. Bunun üçün
müasir və texniki imkanlarına görə gələcəyə
hesablanmış IBM serverləri və avadanlıqları,
şəbəkə avadanlıqları
alınmışdır. Belə
texnikanın gətirilməsi, nizamlanması, yeni proqram təminatı
ilə təchiz olunması və qurulması bu sahədə
böyük beynəlxalq təcrübəyə malik olan
NongShim Data System (NDS) şirkəti tərəfindən həyata
keçirilmişdir. NDS şirkəti
"KOICA"-nın elan etdiyi tenderin qalibi kimi universitetimizi ən
müasir informasiya texnikası və texnologiyaları ilə təmin
etməklə yanaşı, yuxarıda qeyd edilən istiqamətlər
üzrə universitetin mütəxəssisləri ilə birgə
fəaliyyət göstərərək qısa zamanda layihədə
nəzərdə tutulan bütün işləri həyata
keçirmişdir. Bir neçə istiqamət
üzrə universitetimizin əməkdaşlarından ibarət
işçi qruplar yaradılmış, onlara Cənubi
Koreyanın NDS şirkətinin Seul şəhərindəki tədris
mərkəzində yüksək səviyyəli treninq kurslar
keçirilmişdir. Kurslara cəlb edilmiş əməkdaşlarımıza
nəzəri biliklər aşılanmaqla yanaşı, Seulun
aparıcı universitetlərində müvafiq sistemlərin
iş prinsipləri praktik cəhətdən əyani şəkildə
göstərilmişdir. Nümayəndələrimiz beynəlxalq sertifikat alaraq
AzTU-ya qayıtmışlar. Daha sonra bizim əməkdaşlar
koreyalı mütəxəssislərin iştirakı ilə
universitetimizdə geniş təbəqə üçün
sistemin iş prinsiplərinin öyrədilməsi ilə
bağlı treninqlər keçmişlər.
AzTU-nun rəsmi portalı yenidən
qurulmuşdur. Portalın ana səhifəsində xəbərlər,
universitetin
bütövlükdə vacib, aktual
informasiyaları, sosial fəaliyyəti, xarici əlaqələri
gündəlik işıqlandırılır. Web-səhifələrdə
isə universitetin strukturu (rəhbərlik, şöbə,
fakültə, kafedralar) haqqında məlumatlar əks olunur.
Universitetimizin portalını fərqləndirən ən
üstün cəhətlərdən biri hər bir professor-müəllimin məxsusi
Web-səhifəyə malik olması və özləri tərəfindən
idarə edilməsidir. Bu səhifənin bölmələrində
müəllimin ümumi, elmi-nəzəri, praktiki, pedaqoji fəaliyyəti
və elmi əsərləri haqqında məlumatlar və
materiallar yerləşdirilir. Bu isə müəllimin
elmi-pedaqoji fəaliyyətinin tamlılığı
haqqında rəhbərliyin, tələbə və ümumilikdə ictimaiyyətin
informasiya əldə etməsinə imkan yaradır. AzTU-nun rəsmi portalının ana səhifəsindən
elektron universitet sistemin əsas və müxtəlif servislərinə
giriş asanlaşır.
Akademik təhsil sistemi qurulmuşdur. Akademik təhsil sistemində tədris prosesinin təşkili
üzrə infrastruktur yaradılmışdır. Ali təhsildə
Bolonya Bəyannaməsindən irəli gələn
başlıca prinsipləri nəzərə almaqla hazırlanmış
sistemə tədrisin idarə olunması üzrə əsas
məlumatlar yerləşdirilmişdir. Akademik təhsilin
əsas komponentlərindən biri Web-auditoriya sistemidir. Onun əsasında təhsilin müvafiq dövlət
standartlarına uyğun təşkili, müəllimin pedaqoji
fəaliyyətinin tamlığı təmin edilir. Web-auditoriya sistemində tələbələrin dərsə
davamiyyəti və tədris növləri üzrə müvəffəqiyyəti
gündəlik qeyd edilir. Bu göstəricilərə
heç bir müdaxilənin mümkün olmaması,
onların əsasında toplanan imtahanqabağı balların obyektivliyini təmin edir.
İmtahanların elektron test sistemi ilə keçirilməsi,
yekun ballar və qazanılmış kreditlərin də
obyektivliyini tam təmin edir. Tələbələr,
həmçinin valideynlər, istənilən vaxt və istənilən
yerdən fərdi idendifikator və parolları ilə akademik təhsil
sisteminə daxil olub nailiyyətləri haqqında məlumat əldə
edə bilərlər. Bu da universitetimizdə
tədris prosesinin şəffaflığına heç bir
şübhə yeri qoymur.
Kollektiv əməliyyat sistemi ilə
bağlı işlər yekunlaşmışdır. Təhsili
idarəetmə sistemində ixtisas (ixtisaslaşma), qrup və
onların tədris planlarının, kurs, semestr və
transkripsiyaların idarə olunması, kafedra və müəllimlər
üzrə akademik yüklərin, auditoriya fondunun və dərs
cədvəlinin, həmçinin tələbələrin və
fənn seçiminin idarə olunması, e-imtahan sistemi ilə
əlaqələrin təşkili yeni tədris ili və
semestr üzrə hazırlıq, tədrisin keyfiyyətinə
nəzarət və s. kimi idarəetmə funksiyaları
qısa müddətdə, çevik, dəqiq icra etməyə
imkan verir.
Distant təhsil kontentlərinin nümunələri
hazırlanmışdır. Müasir
sosial-iqtisadi şəraitdə ömürboyu (fasiləsiz) təhsilalmanın
mümkün olması çox vacibdir. Bununla
yanaşı, kadrların yenidən hazırlanmasında və
ixtisasartırılmasında keyfiyyətli distant təhsilin tətbiqi
əvəzsiz mexanizmdir.
"Azərbaycan Texniki Universitetinin Elektron Təhsil
Sistemi"ndə distant təhsil infrastrukturu xüsusi yer tutur. Distant təhsilin təşkili üçün ən
vacib element elektron tədris-metodik kompleksidir. Bu kompleksə hər bir ixtisas üzrə tədris
olunan fənlərlə bağlı işçi proqram,
kontentlər, yoxlama testləri daxildir. Bu kontentlərin əyani
təhsilalanların da istifadə etmə imkanına malik olması təhsilin
keyfiyyətini əhəmiyyətli dərəcədə
artırır. Çünki onlar bu kompleksin vasitəsilə tədrislə
yanaşı,
müstəqil olaraq zəruri məlumatlar əldə
etmək və İKT ilə iş vərdişlərinə
yiyələnmək imkanı əldə
edirlər. Distant təhsil kontentlərinin
hazırlanması elektron təhsil sisteminin yaradılması
prosesinin tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə
bizim universitetdə müəyyən ixtisaslar üzrə
distant təhsil xidmətlərinin göstərilməsinə
şərait yaradacaqdır. Belə kontentlərin
yaradılması və sistemə daxil olunması üçün
universitetimizdə
müasir multimedia texnologiyaları ilə təchiz
olunmuş televiziya mərkəzi yaradılmışdır. İxtisaslar üzrə distant təhsilə uyğun
metodikalar işlənib hazırlanmış, müəllimlərin
İKT biliklərinin yaxşılaşdırılması məqsədi
ilə kurslar təşkil edilmiş və kontentlərin
texniki cəhətdən işlənib hazırlanmasını
(videoçəkiliş, sinxronlaşdırma, montaj və s.) həyata
keçirən işçi qrup yaradılmışdır.
Bu isə bütün ixtisaslar üzrə distant
təhsilin təşkili üçün şəbəkə
miqyaslı tədris-metodik resurslarının
yaradılmasına imkan verir və universiteti İnternet məkanının
fəal iştirakçısına çevirir. Bu istiqamətdə görülmüş işlərlə
kifayətlənməyərək, universitetimizin nəzdində
fəaliyyət göstərən televiziya mərkəzinin
daha müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində
işlər aparırıq. Beynəlxalq
qrantlar və ya digər dəstəklər cəlb etməklə
planlı və məqsədyönlü şəkildə
televiziya mərkəzinin genişləndirilməsinə
çalışırıq.
Elektron sənəd dövriyyəsi təmin
edilmişdir. İT-sistemlərinin təhsil sahəsində tətbiq olunmasının əsas
məqsədlərindən biri də ənənəvi
kağız sənədləşmələrinin elektron sənəd dövriyyəsi ilə əvəz
olunması, zəruri sənədlərin
səlahiyyətli istifadəçilərə operativ
çatdırılmasının və universitet xidmətlərinin
asanlaşdırılmasıdır. "Azərbaycan Texniki
Universitetinin Elektron Təhsil Sistemi"ndə elektron təsdiq
(elektron sənəd dövriyyəsi), məktublaşma (e-mail)
və online mesajlaşma, iş
qrafikinin tərtibi (təqvim üzrə planlaşdırma), tədbirlərin
idarə olunması, bülleten (elan) lövhəsindən ibarət
kollektiv əməliyyat sistemi infrastrukturuna malik olması qərar
qəbulunun keyfiyyətinin, heyətin əmək məhsuldarlıqlarının
və proseslərin şəffaflığının
artırılmasına, müəssisə strukturunun
optimallaşdırılmasına, sənədlərin tərtibi,
qeydiyyatı və razılaşdırılması proseslərinin
sürətləndirilməsinə, universitet xidmətlərinin
asanlaşdırılmasına, tədrisin
iştirakçılarının kommunikabelliyinin yüksəlməsinə
imkan verir.
Hazırda "Azərbaycan Texniki
Universiteti Elektron Təhsil Sisteminin yaradılması" layihəsi
üzrə işlər tamamlanmaq üzrədir. Universitetin 10 fakültəsinin, 45 kafedrasının
və bütün şöbələrinin yüzdən
artıq əməkdaşı treninqlərdən keçərək
sistemin istifadəsinə dair sınaqlardan uğurlu nəticələr
əldə etmişlər. Sistemin test sınaqları
2013/2014-cü tədris ilinin payız semestrində 1-ci kursda təhsil
alan bir neçə qrupunda mənimsəmələrin
qeydiyyatı və qiymətləndirmənin hesablanması
üzrə keçirilib və qarşıdan gələn yaz semestri
üçün universitetimizdə təhsil alan bütün
1-ci kurs tələbələrinin tədris prosesinə tətbiq
edilməsi üçün tövsiyə edilmişdir. Texniki və təhlükəsizlik məsələləri
həll olunmuşdur.
Şəkil. Elektron Universitet
kompleksi
Biz yaxşı başa
düşürük ki, sistemin dayanıqlığını
təmin etmək üçün universitetin bütün əməkdaşları
səylə çalışmalı, şəffaf və səmərəli
təhsil mühitinin yaradılmasına öz töhfələrini
verməlidirlər. Bunun üçün yeni
sistemin işləməsi ilə bağlı mütəmadi
treninq kursların keçirilməsini planlaşdırırıq.
Bundan əlavə, tələbələrə və
onların valideynlərinə sistemin işi ilə
bağlı məlumatlar veriləcəkdir. Hər bir tələbə İD kodla təmin ediləcək
və məkanından asılı olmayaraq rahat şəkildə
özlərinin gündəlik, həftəlik, aylıq və
yekun imtahanqabağı qiymətləndirilməsinə nəzarət
edə biləcəkdir. Zənnimizcə,
bu şəffaflığı tam təmin etməklə
yanaşı neqativ halların qarşısını birdəfəlik
alacaq və təhsilin keyfiyyətinin yüksəldilməsinə
şərait yaradacaqdır.
"Elektron-AzTU" layihəsinin universitetimizdə reallaşdırılması,
tədrisin informasiya və kommunikasiya texnologiyaları bazasında təşkili
ilə yanaşı idarəetmə və tədris proseslərinin
keyfiyyətinin artırılmasına, onların daha şəffaf
və cəlbedici olmasına,
ali təhsilin müasirləşdirilməsinə imkan
verəcək və mütəxəssis
hazırlığına müsbət təsir edəcəkdir.
Havar
MƏMMƏDOV,
Azərbaycan
Texniki Universitetinin rektoru, professor
Azərbaycan
müəllimi.- 2014.- 14 fevral.- S.4.