Müəllimlik və
ziyalılıq məktəbi
"Azərbaycan müəllimi"
- 80
Azərbaycanda
çoxsaylı mətbuatın
mövcud olduğu və fəaliyyət göstərdiyi bir dövrdə "Azərbaycan
müəllimi" qəzeti
möhkəm davamlı
ənənələri və
daim müasirlik ruhu ilə seçilən
mətbuat orqanı kimi özünü isbat etmişdir. "Azərbaycan müəllimi"
ölkəmizdə maarifçi
ziyalıların, müəllimlərin
sözünü deyən,
onların yaradıcı
axtarışlarını üzə
çıxaran, yeni düşüncə və
yanaşmaları qiymətləndirən, cəmiyyətə
təqdim edən qəzetdir. "Azərbaycan
müəllimi" qəzeti
Azərbaycan ziyalılığının
əsas xitabət kürsüsüdür. Müasir mərhələdə Azərbaycan
milli təhsil sistemində aparılan
islahatlar, böyük
dəyişikliklər və
yeniləşmələr "Azərbaycan müəllimi"
qəzetinin işığında
sistemli və ardıcıl şəkildə
ictimaiyyətə çatdırılır.
Azərbaycan ictimaiyyəti
ölkəmizdə təhsil
sahəsində gedən yeni prosesləri ilk növbədə
"Azərbaycan müəllimi"
qəzetindən öyrənir.
Bütün bunlara görə
"Azərbaycan müəllimi"
qəzeti öz məktəbini yaratmışdır.
"Azərbaycan müəllimi"
qəzetini diqqətlə
və ardıcıl şəkildə oxuyub-öyrənib
orta, yaxud ali təhsil səviyyəsində bilik
və məlumatlar almaq, dünyagörüşü
qazanmaq mümkündür.
"Azərbaycan müəllimi" - müəllimlik,
ziyalılıq, elmilik
məktəbidir.
Azərbaycanda məktəb
və pedaqoji fikir tarixi, pedaqogika,
psixologiya, fənlərin
tədrisi metodikası,
defektologiya və sair kimi bu
qəbildən olan elmlərin inkişafında "Azərbaycan
müəllimi" qəzetinin
böyük rolu, xüsusi xidmətləri vardır. Geniş mənada isə bütün elm sahələrinə,
xüsusən də humanitar və ictimai elmlərə "Azərbaycan müəllimi"
qəzetində geniş
yer ayrılır.
"Azərbaycan müəllimi" akademik
elmlə - pedaqogika-psixologiya
elmləri arasında böyük körpüdür.
Elm sahələri arasında əlaqələrin
formalaşması və
inkişafında "Azərbaycan
müəllimi" qəzetinin
xüsusi yeri mövcuddur.
Elm və təhsil işçilərini
"Azərbaycan müəllimi"
qəzetinin şərəfli
yubileyi münasibətilə
ürəkdən təbrik
edir, qəzetin yaradıcı kollektivinə
daha böyük uğurlar arzulayıram.
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
Azərbaycan müəllimi.-
2014.- 14 fevral.- S.3.