Ziyalı sözü
Müsahibimiz Azərbaycanın xalq şairi Mirvarid Dilbazidir
"Azərbaycan
müəllimi", 5 mart 1996-cı il, ¹ 8
- Mirvarid xanım, bir ziyalı kimi təhsilimizin
indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Orta və ali məktəblərdə
pedaqoji təhsil aldığım üçün əvvəllər
mən də müqəddəs sənət olan müəllimliklə
məşğul olmuşam. Bu müqəddəs
sənətin acılı-şirinli günlərini
yaşamışam. Həyatımda
çox əziyyətlər çəkməyimə
baxmayaraq, hər dəfə sinfə girəndə
bütün dərdlərimi unudub eyni ruhla, eyni həvəslə
uşaqlara dərs demişəm. Çünki
mənim özümə də vaxtilə müəllim
adını hər şeydən uca tutan şəxslər dərs
deyiblər. Və mən onlardan
faydalanmışam. Elə o vaxtlar da vəziyyət
çox ağır idi. Hamı
özünü, ailəsini güclə dolandırırdı.
Həmçinin müəllimlər də bu
cür yaşayırdılar. Lakin onlar
heç vaxt bu barədə danışmır, özlərini
mənən "sınmağa" qoymurdular. Çünki o vaxtlar kimliyindən asılı
olmayaraq, hamı müəllimə pərəstiş edir, onun
hər sözünü ibrətamiz kəlam kimi yadda
saxlamağa çalışırdı. İndiki
dövrümüzə nəzər salsaq, bütün
bunların əksini görərik. Bazar iqtisadiyyatına
keçid dövrü adlandırdığımız bu illərdə
neçə-neçə istər orta, istərsə də ali məktəb müəllimləri öz sənətlərindən
perik düşüblər. Hər kəs bir
parça çörəyini tapmaq üçün sənətindən
ayrılıb, başqa işlərlə (çox vaxtı
alverlə) məşğul olmağa başlayıb. Bunun nəticəsində gözəl savada malik
müəllimlərimizi itirmişik. Bu faciədir.
Məni ən çox ağrıdan bax bu məsələdir.
Sizinlə danışdıqca yenidən keçmiş
illərimə qayıdıram: o illərdə müəllimləri
dinləmək, təhsil almaq mənim və
yaşıdlarım üçün xoşbəxtlik idi. 1921-ci ildə N.Nərimanovun təşəbbüsü
ilə açılmış Qızlar Seminariyasında
bacım Yaqutla təhsil alırdıq. Əvvəli
qızlar gimnaziyası olmuş buradan bizə zəngin bir
kitabxana qalmışdı. Aramızda
mütaliəsiz bir-iki nəfər ancaq tapılardı.
Türk və rus dillərində edilən tərcümələr
vasitəsilə o illərdə Qərb ədəbiyyatının
bir çox ölməz sənətkarlarının əsərləri
ilə tanış olurduq. Eyni
zamanda sevimli müəllimlərimiz fürsət tapıb
öz milli tariximizdən, qəhrəmanlarımızdan da
söhbətlər açardılar. Mən
deyərdim ki, bu seminariya təkcə təhsil ocağı
deyil, insan ləyaqətini uca tutan bir məktəb idi. Bura inam, vətənə, xalqa məhəbbət, əməyə
hörmət, halallıq, mənəvi saflıq ocağı
idi. Müəllimlərimiz də namuslu,
yüksək savada malik, öz işini sevən ziyalılar
idilər. Məktəbdə təhsil
sistemi elə qurulmuşdu ki, burada heç bir güzəşt
yox idi. İlboyu yaxşı oxuyanlar
imtahanlardan azad olunurdular və şagirdlər müəllimləri
ədalətli olmalarına görə sevirdilər. Müəllimlərin evləri də çox sadə
idi. Onların nə muzeyi xatırladan
bahalı qab-qaşıqlarla bəzənmiş evləri, nə
də çeşid-çeşid qiymətli xalıları
var idi. Bütün bunlara baxmayaraq, onlar
yoxsul deyil, zəngin idilər. Bu zənginlik
isə onlara xas olan mənəvi zənginlik idi. Bizim müəllimlərimizin vaxtları pul
qazanmağa, bahalı əşyalar almağa yox, əksinə,
elmi əsərlər yaratmağa, istedadlar yetirməyə,
bununla da öz xalqı qarşısında vicdani borcunu verməyə
çalışırdılar.
Bəli, müəllim öz sənətini
hər şeydən üstün tutmalı, onun nüfuzunun
aşağı düşməsinə yol verməməlidir. Təhsilimizi düşdüyü böhrandan ancaq
Azərbaycan maarifini, öz sənətini hər şeydən
üstün tutan, yuxarıda sadaladığım yüksək
insani keyfiyyətlərə malik şəxslər və bu
şəxslərə olan yüksək qayğı
çıxara bilər.
- Müəllimlərin son illərdəki intellektual səviyyəsi,
şəxsi keyfiyyətləri sizi qane edirmi?
- Son illərdəki müşahidələrimə əsasən,
mənə elə gəlir ki, "diplom" almaq xatirinə
oxuyanlar əsl müəllimləri üstələyib. Bu sənətin çətinliyini duymadan, müəllimlik
hisslərini yaşamadan peşənin bilicisi olmaq çətindir.
Müəllim eyni zamanda pedaqoqdur. Dərs dediyi fənni tədris etməklə bərabər,
qarşısındakı uşağın və yaxud gəncin
düzgün istiqamətləndirilməsində mühüm
rol oynayır. Bu iki əsas vəzifənin
öhdəsindən gəlmək isə hər bir müəllimdən
yüksək şəxsiyyət, savad, təmkin, eyni zamanda
gözəl əxlaq sahibi olmağı tələb edir.
- Müəllim-şagird, müəllim-tələbə
münasibətlərini necə görmək istərdiniz?
- Əvvəlcə bir şeyi qeyd edim ki,
biz oxuduğumuz illərdə müəllimlər öz
işində azad idilər. Yaxşıya-yaxşı,
pisə-pis qiymət verilirdi. Hamı
çalışırdı ki, yaxşı oxusun. Baxmayaraq ki, o dövrün bir çox nüfuzlu ailələrinin
uşaqları, qohumları bizimlə oxuyurdular, lakin o zaman
onlara güzəşt edilməsini heç kəs
ağlına belə gətirməzdi. Çünki bizim
məktəbin müəllimlərinin bir meyarı var idi: dərin
bilik, elm, yüksək şəxsiyyət, işə məsuliyyət,
şagirdlərə ədalətli münasibət bəsləmək.
Mən deyərdim ki, indiki dövrdə bizim
yeniyetmələrimizin, gənclərimizin valideynləri öz
uşaqlarına qarşı tələbkar olsalar,
nüfuzlarından istifadə edib, onlara himayədarlıq etməsələr,
biliksiz sinifdən-sinfə keçənlərin, savadsız
diplom alanların sayı heçə enər.
Bütün bunlar da siz dediyiniz münasibətlərə
istər mənfi, istərsə də müsbət cəhətdən
öz təsirini göstərir. Bir məsələni
də yaddan çıxarmamalıyıq, bu da məktəbli
geyim formasıdır. Əvvəllər
buna ciddi fikir verilirdi. Nədənsə, indi heç kəs
bununla maraqlanmır, xüsusi geyim forması hər bir
uşağı kimliyindən asılı olmayaraq, məktəbli
qayda-qanunlarına
riayət etməyə vadar edir. İndi
vəziyyət elə hala gəlib ki, kimin müəllim və
kimin tələbə olduğu bilinmir. Mən
istərdim ki, bütün bunlar nəzərə
alınsın və dediyimiz münasibətlər bizim
dövrümüzdəki münasibətlər kimi
qayğı, pak, ülvi hisslərlə əhatə olunsun.
Fikrimcə, bu münasibətlər şəraitdən
asılı olmayaraq, həmişə bu cür stabil
qalmalı, illər keçsə də hər bir kəsin qəlbində
xoş izlər buraxmalıdır.
- Qeyri-dövlət təhsil müəssisələrinə
münasibətiniz?
- Ümumiyyətlə, bu barədə fikirləşəndə
ürəyim ağrıyır. Bilirsiniz kimlərə?
İstedadı olan, lakin maddi vəziyyətinin
yaxşı olmaması ucbatından təhsildən ayrı
düşmüş gənclərə. Belə
təhsil müəssisələrində ancaq imkanlı ailənin
övladı pulun gücünə oxuya bilir. Onun savadının olub-olmaması isə arxa plana
keçir. Bir təhsil ki, pulla ola,
sizcə onun nəticəsi necə olmalıdır? Mən qorxuram ki, bütün bunlar gələcəkdə
millətin savadsızlaşmasına, təhsilin daha
acınacaqlı vəziyyətə düşməsinə gətirib
çıxarsın.
- Qızların oğlanlardan ayrı təhsil
almalarına necə baxırsınız?
- Buna çox təbii baxıram. Çünki vaxtilə mən özüm də,
dediyim kimi, Qızlar Seminariyasını bitirmişəm. Və bununla heç nə itirməmişəm.
Əksinə, buradakı təhsildən razı
qalmışam. Bu seminariyanı hamı
"ismət məktəbi" adlandırırdı. Burada yeniyetmə qızlar və gənc müəllimlər
vardı. Qızlar müəllimlərinə
ilahi bir varlıq, müəllimlər də öz növbəsində
onlara bacı gözü ilə baxardılar.
Mənim fikrimcə, oğlanlarla qızlar
ayrı təhsil alsalar daha məqsədəuyğundur. Çünki yeniyetməlik dövrü elə bir
dövrdür ki, bu zaman artıq onlarda gənclik
duyğuları oyanır, bir-birini bəyənmək prosesi
başlanır və çox vaxt romantikaya qapılırlar.
Bu isə onların təhsildən yayınmalarına səbəb
ola bilər.
- Dini-mənəvi dəyərlərimizə
qayıdış bizə nə verə bilər?
- Hər bir şəxs dindən, müqəddəs Qurani-Kərimdən,
onun yazılmış qanunlarından bəhrələnməli,
ona etiqad etməlidir. Etiqad isə insanın
özünü-özünə dərk etdirən bir qüvvədir.
Yaşından asılı olmayaraq, hamı dinin qadağan
etdiyi oğurluq, əyrilik, xəyanət, sözgəzdirmək,
aravurmaq, qapı pusmaq, arvad malına toxunmaq, qonşuya xəbis
olmaq, nahaq qan tökmək və s. kimi mənfi işlərdən
uzaq olmalıdır. Ən əsası isə nəyin
günah və nəyin savab olduğunu hamı bilməlidir.
"Günah" məfhumu, etiqad insanları
pisliklərdən qoruyan bir qanundur.
Bu günün özündə xalqımızın çətin bir şəraitdə,
ərazisində müharibə getdiyi, torpaqlarının 20 faizdən çoxunun
işğal edildiyi dövrdə etiqadlı, səxavətli,
savabın, günahın mənasını dərk edən
şəxslərin olduğunu biləndə sevinir, bunun əksini
görəndə ürəyimdən qara qanlar axır.
- Gənc nəslin tərbiyəsində ailə, məktəb
və mühitin rolunu nədə görürsünüz və
bunlardan hansını başlıca hesab edirsiniz?
- Bunların üçü də vəhdətdə
olmalıdır. İlk bünövrə -
xeyirxahlıq, yaxud bədxahlıq və şəxsiyyət vərdişləri
ailədə qoyulur. Məktəb də
öz növbəsində təcrübəli müəllimlərin
səyi nəticəsində düzgün tərbiyədə
mühüm rol oynayır. Mühitə gəldikdə
isə uşaq yaxşı və yaxud pis mühitə
düşə bilər. Burada həm ilk
xeyirxah tərbiyə, həm də uşağın öz
ağlı, kamilliyi mühüm rol oynayır. Bəzən çox pis mühitə düşmüş
uşaqlardan gələcəkdə böyük alim, yüksək
istedada malik sənət sahibləri, məsuliyyətli şəxslər
çıxır və yaxud əksinə, gözəl
mühitdə böyümüş yaxşı bir ailənin
övladı naxələf olur. Mən deyərdim
ki, hər şeydən əvvəl, insanda ən əsas
ağıl və iradə rol oynayır.
Yazıçılardan biri demişdir: "İnsanda
çatmayan qüvvə deyil, iradədir".
- Tələbə gənclərin fəal siyasətlə
məşğul olmaları necə, düzgündürmü?
- Hər kəs ona aid olan işlə məşğul
olsa, daha yaxşı olar. Tələbələrə
gəldikdə isə onlardan siyasi alət kimi istifadə etmək
olmaz. Biz bununla gəncləri elmdən, təhsildən
yayındırırıq. Sonradan isə
acı nəticələrini görürük. Belə səhvlərə yol vermək olmaz. Siyasətlə siyasətçilər məşğul
olsalar cəmiyyətimizin xeyrinə daha faydalı nəticələr
alınar.
- Övladlarınızın tərbiyəsində nəyə
fikir verirsiniz? Onlara hansı dəyərlərin
aşılanmasını tövsiyə edərdiniz?
- Ən əsası yüksək əxlaqa malik olmaq,
ata-anaya hörmət etmək, əməyi sevmək, məsuliyyətli,
birsözlü, birüzlü olmaq, təmizlik, halallıq,
xeyirxahlıq, bir parça çörəyini yoldaşı
ilə bölmək, torpağını, xalqını sevmək
kimi nəcib hisslər aşılamağa
çalışmışam. Mən
bütün bunları təkcə qızıma, nəvə-nəticələrimə
deyil, bütün övladlarıma - xalqımızın
oğul və qızlarına tövsiyə edir,
sözümü N.Gəncəvinin bu misraları ilə
yekunlaşdırıram:
Kim ki, öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdansa gövhər
çıxardar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
- Müasir dövrümüzdə varlı adamların
təhsilə qayğı sahəsindəki biganəliyini nə
ilə izah edərdiniz?
- Bilirsiniz, bunu hamıya şamil etmək olmaz. Bizim maarifimizə, təhsilimizə hörmətlə
yanaşan, əməli kömək edən xeyriyyəçilərimiz
var. Lakin bunlar olduqca azlıq təşkil edirlər. Sizin qeyd etdiyiniz qəbildən olan adamlar isə, təəssüf
ki, aramızda çoxdur. Onlardakı biganəliyin
əsas səbəbi budur ki, zəhmət və halallıqdan
uzaq olublar. Onların mənəvi
dünyası çox kasaddır və belələri həyatı
maddi gəlirlə ölçürlər. Həyatının
mənasını müftə gəlirdə görənlər
üçün N.Gəncəvi demişdir:
Nə şəhvət, nə yuxu, nə də ki, yemək
Həyatın mənası olmasın gərək.
- Xalqımızın ağbirçəyi Mirvarid
xanımın demək istədiyi son söz.
- Vaxtilə M.Hadi
deyirdi ki, "Yox millətimin xətti o imzalar içində".
Mən çox şadam ki, Hadinin arzusu həyata
keçmiş və millətimin imzası artıq
dünyanın hər yerində tanınır. Millətin
aparıcı qüvvəsi isə gənclikdir. Hazırda gəncliyin
üzərinə böyük vəzifələr və məsuliyyət
düşür. Bunların düzgün istiqamətləndirilməsinə,
yüksək intellektual savada malik olmasına isə birinci
növbədə müəllimlər cavabdehdirlər. Bütün
təhsil işçilərinə, pedaqoji kollektivlərə,
müəllimlərə bu şərəfli işlərində
müvəffəqiyyətlər arzulayıram.
Müsahibəni apardı: Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2014.- 14 fevral.- S.3.