"Qismətimi bu elmdə
tapdığım üçün
indi də özümü xoşbəxt
sayıram"
Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Əbdül Əlizadə ilə söhbət
- Əbdül müəllim,
Sizin həyat yolunuz tanınmış, ölkənin psixologiya
elminə dəyərli töhfələr vermiş psixoloq
alimin ömür yoludur. Bəlkə söhbətə
keçməzdən öncə tərcümeyi-halınızın
bəzi səhifələrini vərəqləyək?
- Tərcümeyi-halımın
ilk səhifələri belə başlayır: Şuşa,
Malıbəyli kəndi, 16 avqust 1932-ci il.
Malıbəyli
Şuşanın böyük kəndlərindən biri idi. Kənd
ziyalıları ilə seçilirdi. Azərbaycanda ilk qız
məktəblərindən biri Malıbəylidə
açılmışdı. Kənd camaatı Böyük
"Quran"ın ayələri ilə yaşayır, əzəmətli
muğam təranələri ilə nəfəs alırdı.
Mən doğulandan təxminən
10-15 gün sonra ailəmiz respublikanın paytaxtına
köçəndə mənim həyatımın unudulmaz
Bakı səhifələri açıldı,
Qarabağ-Bakı ənənələri ilə tərbiyə
olunduğum günlər-aylar işıqlandı.
1940-cı ildə
Bakının məşhur məktəblərindən birində
- 31 nömrəli məktəbdə şagird ömrü
yaşamağa başladım.
1941-ci ildə isə
İkinci Dünya müharibəsinin səsi-sorağı
artıq Bakıda da, məşhur neft şəhərində
də eşidilirdi. Məktəbimiz hərbi hospitala
çevrildi. Şəhərdə oğlan və qız məktəbləri
təşkil olundu. Oğlan sinifləri də, qız sinifləri
də gündə bir məktəbdə təhsil
alırdılar.
1945-ci ildə
müharibə qurtardı, VI sinifdə oğlan qrupları yenə
də 31 nömrəli məktəbdə oxumağa
başladılar.
Müharibə illərində
nəinki uşaqların görkəmi, həm də dünyagörüşləri
dəyişilmişdi. Onlar artıq ali məktəblərdə
təhsil almaq haqqında düşünür,
götür-qoy edirdilər.
...1950-ci ildə Bakı Dövlət Universitetinə
daxil oldum. Həyatımda akademik Abdulla Qarayev, professorlar Mir Cəlal
Paşayev, Məmmədhüseyn Təhmasib, Məmmədəli
Məhərrəmov, dosent Səidə İmanzadə kimi
görkəmli ziyalıların bənzərsiz psixoloq və
pedaqoq qayğısı ilə yeni mərhələ
başladı.
1958-1959-cu illərdə Azərbaycan
Dövlət Rəssamlıq Məktəbində psixologiya
müəllimi və respublikanın əsas pedaqoji dərgisində
- "Azərbaycan məktəbi" jurnalında işləmişəm.
1959-2014-cü illərdə, təxminən 55 il ərzində ADPU-da, əsrin məşhur
pedaqoji Akademiyasında şərəfli müəllim
ömrü yaşamışam.
2012-ci ildə ciddi xəstələnmişəm, uzun
müddət infarkt və plevrit diaqnozları ilə aylarla
müalicə olunmuşam...
- Siz, Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz
xidmətləri olan psixoloqlardansınız. Elmin
bu sahəsini Sizə sevdirən amillər?
- Mən VIII sinifdə oxuyanda məktəbdə
ağlı-zəkası ilə seçilən istedadlı
şagirdlərdən biri olan Yaşar Qarayevlə dostluq
edirdim. Biz hər gün dərsdən
sonra, saat 2-3-də görüşüb indiki Nizami metrosundan
aşağıda, 18 nömrəli məktəblə üzbəüz
bir sahədə yerləşən kitabxanada maraqla dünya ədəbiyyatını
öyrənirdik. Hötenin "Faust" əsəri ilə
tanış olanda Mefistofelin
aşağıdakı sözləri haqqında
düşünməyə başladım. Mefistofelin
replikasının önəmli parafrazası belə idi: "Mən
psixoloqam. ...bax, əsl elm belə olar".
Kimdən soruşdum, bu parafrazanı
açıqlayan olmadı ki, olmadı. Ancaq gecə-gündüz özümun gələcək
peşəm-sənətim haqqında
düşünürdüm. Mefistofelin parafrazası mənə
necə də möcüzəli görünürdü... BDU-ya daxil olmaq istəyəndə isə günlərlə
düşünüb araşdırdığım psixologiya
şöbəsinə ərizə verdim. O dövrün
həqiqətlərindən biri belə idi: psixoloq çox adam üçün öz-özünə
anlaşılmaz peşə idi. Universitetə
daxil olandan sonra isə öyrəndim ki, qrupda oxuyan abituriyentlər
filoloq olmaq fantaziyası ilə yaşayırmış, onlar
psixologiya şöbəsinə qəbul komissiyasının
iradəsi ilə düşmüşdülər.
Başqa sözlə, qrupda ancaq öz istəyi ilə mən
psixoloq peşəsini seçmişdim... Ancaq hərdən tərəddüd
də edirdim... Universitetdə təhsil aldığım
günlərdə psixologiya ilə tanış
olduqca, gördüm ki, səhv etməmişəm. Psixologiya elmlər sistemində fundamental yer tutan elm
sahəsi kimi məşhurdur və qismətimi bu elmdə
tapdığım üçün indi də özümü
xoşbəxt sayıram.
- Azərbaycanda elmi psixologiyanın tarixi barədə Sizin fikirlərinizi bilmək maraqlı olar.
- Ayların, illərin axarında Azərbaycan
psixologiyasında köklü bir paradoks kimi etnopsixologiya
formalaşmış və inkişaf etmişdir. Elmi psixologiyanın tarixini isə, təəssüf
ki, öyrənməmişik. Azərbaycanda antik psixologiya hansı
meyarlarla seçilib, ellinizm epoxasında və ya orta əsrlərdə
psixoloji fikir nə ilə şərlənib? - təəssüf
ki, bilmirik. XIX əsrin psixoloji tarixi də qətiyyən
öyrənilməyib. XII əsrə gəldikdə... Nizami Gəncəvinin bənzərsiz psixoloji
görüşləri işıq saçır. XIII əsrdə isə Nəsirəddin
Tusinin dövrün filosofu və böyük psixoloqunun əzəmətli portreti ilə rastlaşırıq.
Nəsirəddin Tusinin "Əxlaqi Nasiri"
traktatında xüsusi yer tutan xarakter (xasiyyət)
konsepsiyası nəinki Azərbaycan psixologiyasında, həm də
dünya psixologiyasında əzəmətli innovasiya idi.
...Nizami Gəncəvinin və Nəsirəddin
Tusinin psixoloji axtarışlarının tarixi - Azərbaycan
psixologiyasının fundamental tarixi isə öyrənilməyib.
Problemin başlıca fəsadlarının kökü
ondan ibarətdir ki, Azərbaycanda psixoloji fikir tarixi arxiv sənədləri
ilə öyrənilməyib, Azərbaycan psixologiyasını
"öyrənən" müəlliflər çox vaxt
biblioqrafik axtarışlara öz-özünə meyil ediblər.
XXI əsrdə psixologiya tarixçilərinin
formalaşdırılması aktual problemdir. Bu tarixi öyrənmək istəyənlər
professional olmalıdırlar. Dünya
psixologiyası tarixi fonunda Azərbaycanda psixoloji fikrin
inkişaf yollarını sistemli bilməli, tarixçi təfəkkürü
ilə seçilməlidir.
Yeri gəlmişkən bir problemi də
xüsusi qeyd etmək istəyirəm. Mən
tərcüməçilər problemini qeyd edirəm. Bu
gün vəziyyət belədir: biz, necə deyərlər,
özümüz üçün yazırıq,
özümüz də oxuyuruq. Halbuki tədqiqatların
dünya səhnəsinə çıxması əslində əsrin
problemi kimi səslənir. Görünür,
bu problemi həll etmək üçün Azərbaycan Dillər
Universitetində psixoloq-tərcüməçilər qrupu təşkil
etməyin vaxtı çatıb. Azərbaycan dilindən
ingilis dilinə, ya alman dilinə və ya fransız dilinə tərcüməsi
artıq zamanın tələbidir. Bundan başqa, dünya
psixoloji ədəbiyyatının müvafiq dillərdən
bilavasitə Azərbaycan dilinə də tərcümə
olunması əlamətdar olardı. Əgər mənim, tutaq
ki, "Uşaq və yeniyetmələr: seksual inkişafın
psixopedaqoji problemləri" monoqrafiyam ingilis və ya rus dilinə
tərcümə olunsaydı, özümü xoşbəxt
hesab edərdim.
- Respublikamızda psixoloq kadrlarının
hazırlanmasında əvəzsiz rolunuz olub. Neçə-neçə
yetirmələriniz müxtəlif istiqamətli mövzularda
namizədlik və doktorluq dissertasiyaları müdafiə ediblər.
Tələbələrinizdən kimləri daha
çox xatırlayırsınız?
- Bu günə qədər təxminən 30-a yaxın
namizədlik dissertasiyasının elmi rəhbəri
olmuşam. Onlar müasir psixologiyanın aktual problemləri sahəsində
müxtəlif istiqamətlər üzrə tədqiqatlar
aparmış və psixologiya üzrə fəlsəfə
doktoru elmi adına layiq
görülmüşlər. Onlardan bir çoxu, məsələn,
Sabir Şabanov, Ramiz Əliyev, Nurəngiz Rzayeva, Elxan Bəylərov
və b. məni ziyalı kimi yüksək dəyərləndirir
və mənimlə yaxından əlaqə saxlayırlar.
Sabir Şabanov istedadlı gənc fizik kimi məni hələ
tələbəlik illərindən maraqlandırırdı:
o, universiteti fərqlənmə diplomu ilə bitirəndə mən
onu elmi-tədqiqat axtarışlarına cəlb etdim. Psixologiya həmişə fizika ilə bağlı
olmuşdur. Hətta eksperimental psixologiya
formalaşanda psixoloqlar fizikanın tədqiqat metodlarından
da istifadə etmişdilər. Mən
S.Şabanov vasitəsilə psixologiyanı fizika ilə
bağlayan elmi düşüncələri açmaq istəyirdim.
Lakin o, universiteti bitirəndə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyində işə cəlb
olundu və uzun müddətdir ki, orada müxtəlif vəzifələrdə
müvəffəqiyyətlə fəaliyyət göstərir.
Ramiz Əliyev bu gün respublikanın
görkəmli psixoloqlarından biri kimi
formalaşmışdır. Azərbaycan
psixologiyasını dəyərli monoqrafiyalarla zənginləşdirmişdir.
Onun "Şəxsiyyət və onun formalaşmasının
etnopsixoloji əsasları", "Etnopsixologiya: qloballaşma
və millilik", "Şagird şəxsiyyətinin
formalaşmasında milli xüsusiyyətlərin nəzərə
alınması" kimi monoqrafiyalarında Azərbaycançılığın
psixoloji problemləri əzəmətlə səslənir. Müəllifin "Psixologiya tarixi", "Tərbiyə
psixologiyası" kitabları ilə Azərbaycan pedaqoji
psixologiyası tarixində önəmli səhifələr
açılıb. R.Əliyevin "Mentalitet"
(Bakı, 2009)
monoqrafiyası isə
müasir Azərbaycan psixologiyasında önəmli
sosioloji-psixoloji şedevrdir. O, hazırda psixologiya elmləri
doktorudur.
N.Rzayeva hazırda doktorluq dissertasiyası
üzərində işləyir. Psixoloji
mətbuatda müntəzəm çıxış edir.
Onun dissertasiya müdafiələrində opponent
kimi çıxışları da həmişə
seçilir.
Elxan Bəylərov isə önəmli tədqiqatları
ilə seçilir. Bu günlərdə müvəffəqiyyətlə
doktorluq dissertasiyası müdafiə etmişdir...
- Azərbaycan psixologiya elminin ilk nümayəndələri
kimlər olub?
- Azərbaycan psixologiyasının tarixi hələ
sistemli öyrənilməsə də, əlamətdar tarixi
var. Azərbaycan psixologiyası həmişə əsrin fəlsəfi
axtarışları ilə bağlı olub. Nizami
Gəncəvi və Məhəmməd Füzuli böyük
insan məhəbbətinin fəlsəfi-psixoloji sirlərini
dahiliklə vəsf ediblər. Nəsirəddin
Tusinin bənzərsiz fəlsəfi-psixoloji
axtarışları Azərbaycan psixologiya tarixində
xüsusi mərhələ kimi seçilir.
XIX əsrin Azərbaycan psixologiyasında
"Dərsi üsuli-cədid" konsepsiyası
formalaşmışdı. Bu
konsepsiya dünya psixologiyasında ilk pedaqoji təfəkkür
konsepsiyası kimi nə qədər maraqlı olsa da, XX əsrin
əvvəllərində onun əks-sədası eşidilmədi.
1909-cu ildə görkəmli Azərbaycan mütəfəkkiri Ü.Hacıbəyovun Rəşid
bəy Əfəndiyevlə polemikası prosesində kəşf
yolu ilə öyrənmə ideyası
formalaşmışdı. Zaman keçdikcə, təxəyyülün
psixopedaqogikası tarixində önəmli olan bu
ideya dünya psixoloqlarının diqqətini cəlb etdi və
ingilis psixologiyasında S.Brünerin "Kəşf yolu ilə
öyrənmə" nəzəriyyəsi formalaşdı.
20-ci illərin əvvəllərində
Ə.K.Zəkiyev, Mühiddin və A.Əfəndiyevin hələ
sistemli öyrənilməmiş psixologiya dərslikləri
işıq üzü gördü. 30-cu illərin
psixologiya tarixi salnaməsində H.B.Şahtaxtinski, A.Əfəndiyev
və A.D.Quliyevin adı hörmətlə çəkilir.
...1879-cu ildə dünyaya ilk dəfə olaraq
işıq salmış psixologiya laboratoriyası eksperimental psixologiyanın mərkəzinə
çevrildi. Azərbaycan psixologiyasında isə eksperimental
psixologiyanın tarixi məsələləri hələ
sistemli öyrənilməsə də, bir fakt diqqəti cəlb
edir: Azərbaycan fəlsəfi tarixinin önəmli ənənələri
ilə inkişaf edən və özünəməxsus modellərlə
fəlsəfiləşmiş Azərbaycan psixologiyasında
eksperimental tədqiqatların gur səsi İkinci Dünya
müharibəsindən sonrakı illərdə daha aydın
eşidilməyə başlamışdır. Bu
illərdə ilk hörmətli və həlledici sözlər
görkəmli Azərbaycan psixoloqu Əkbər Salman oğlu
Bayramovun təfəkkür psixologiyası problemlərinə həsr
olunmuş sistemli tədqiqatlarında eşidildi. Azərbaycan
psixologiyasında psixoloqlarımızın köklü
eksperimental metodikalarla fərqlənən eksperimental tədqiqatlarının
maraqlı tarixi yaranmağa başladı. Bu
önəmli təcrübəni daha da inkişaf etdirmək və
müasir eksperimental tədqiqatlarla dünya psixologiyası səhifələrinə
çıxarmaq dünən də əsas vəzifəmiz idi,
bu gün də əsas vəzifəmizdir.
1940-1945-ci illərdə akademik
A.O.Makovelski, F.İbrahimbəyov, M.Məhərrəmov,
Ş.Ağayev, M.Həmzəyev, Ə.Bayramov, Q.Əzimov və
b. tədqiqatları xüsusilə seçilir. Bu illərdə unudulmaz Fuad müəllimin respublika
psixoloqlar cəmiyyətinin sədri kimi fəaliyyəti
çoxcəhətli olmuşdur. Onun psixiatr
və psixoloq kimi fəaliyyəti əlamətdardır.
Fuad müəllim psixologiyanın psixiatriya
qovşağında inkişaf etməsində həlledici rol
oynamışdır.. Bu təcrübə
ən yaxın illərdə psixologiyanın inkişaf
perspektivləri üçün, şübhəsiz ki, əlamətdardır.
XXI əsrdə Azərbaycan
psixologiyasının inkişafında, görünür yeni mərhələ
başlanmışdır. Bu mərhələnin
inkişaf yolunun işıqlı səhifələri
AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin,
professor S.İ.Səmədovun, professor K.R.Əliyevanın və
başqalarının tədqiqatlarında yazılır.
AMEA-nın müxbir üzvü, professor
B.H.Əliyevin şəxsiyyət psixologiyasına həsr
olunmuş dəyərli tədqiqatları ilə Azərbaycan
psixologiyasında və məktəblilərin şəxsiyyətyönümlü
təlim təcrübəsində yeni və fundamental səhifələr
açılır. Professor K.R.Əliyevanın
yaradıcılıq psixologiyasına həsr olunmuş
fundamental tədqiqatları müasir təhsil paradiqması
baxımından xüsusi nəzəri və praktik dəyərə
malikdir.
Mən bu gənc psixoloqlara baxıb sevinirəm,
onlar artıq müasir Azərbaycan psixologiyasının
sütunlarına çevrilmişlər.
- Müəllifi olduğunuz dərsliklər barədə.
- Azərbaycan mədəniyyəti tarixində Seyid
Əzim Şirvani nəinki qüdrətli şair, həm də
ilk uşaq dərsliyi müəllifi kimi şöhrətlənmişdir.
XIX əsrdə uşaq dərsliyinin
yazılması böyük innovasiya idi. Bu problem bu gün necə də
aktuallaşıb. Onların konseptual modelləri
müxtəlif aspektlərdə araşdırılır.
Bu məsələlərdən danışarkən
mən, ilk növbədə hörmətli professor Yəhya Kərimovla
əməkdaşlıq şəraitində
yazdığım "İlk addımlar" dərsliyini qeyd
etmək istəyirəm. Dərslik kütləvi
tirajla nəşr olunmuşdu. Onun səsi-sorağı
Türkmənistandan, Özbəkistandan, hətta
Qazaxıstandan da eşidilirdi.
Professor Akif Abbasovla yazdığım
"Ailə" dərsliyinin də taleyi uğurlu
olmuşdur. Dərslik iki dəfə
kütləvi tirajla nəşr edilmiş və rus dilinə də
tərcümə olunmuşdur.
"Ailə" dərsliyi
özünün etnopsixoloji açıqlamaları ilə diqqəti
həmişə cəlb etmişdir.
Görkəmli Azərbaycan psixoloqu, professor Əkbər
Bayramovla birlikdə ilhamla yazılmış iki dərsliyin
("Psixologiya" və "Sosial psixologiya") həmmüəllifi
olmuşam... İllüstrativ psixologiya
paradoksları ilə seçilən "Psixologiya" dərsliyi
30-35 ildir ki, bakalavr məhəbbəti ilə sevilir.
Professor Hikmət Əlizadə ilə
yazdığımız "Pedaqoji psixologiya" nəinki tələbələr,
həm də müəllimlər üçün faydalı vəsaitdir.
Bu sualı iki qeydlə açıqlamaq istəyirəm:
1. Respublikamızda son illər ərzində 4 psixologiya
dərsliyi işıq üzü görmüşdür. Lakin onlar kafedralarda müzakirə
olunmamışdır, əldə edilmiş təcrübə
kökündə "Psixologiya" üzrə dərslik
konsepsiyası yaradılmamışdır.
Seyid Əzim Şirvaninin ilk dərsliyi ilə Azərbaycanda
uşaq dərslikləri təcrübəsi başlasa da, bu dəyərli
təcrübə nə psixoloqları, nə də
pedaqoqları, təəssüf ki, hələ
maraqlandırmamışdır.
2. Nəşr olunmuş "Psixologiya" dərslikləri
qeyri-ixtisas fakültələrində uğurla tətbiq
olunur, lakin psixologiya fakültələri üçün
xüsusi yönümlü dərsliklərin
yazılması son dərəcə aktual problem hesab
olunmalıdır.
- Hörmətli Əbdül müəllim! Müasir təhsil nəzəriyyəsində
inkişaf psixologiyası məsələləri müəllimlərinin
təcrübəsində artıq geniş
işıqlanır. Psixoloji
araşdırmalarda bu konsepsiya necə açıqlanır?
- Məktəb illər boyu, əgər belə demək
mümkünsə, bilik tilsiminə
düşmüşdü. Uşaqlara bilik verməyə,
nəyi isə öyrətməyə
çalışıblar. Ancaq bunun texnologiyasını axtaranda XIX əsrdə ancaq
bir üsulla - "oxu, yadında saxla" suallarına söykəniblər.
Elə bu texnologiya ilə də,
sent-Ekzüperinin sözləri ilə desək, məktəbdə
"Motsartları" öldürüblər.
İstər 30-50, istərsə də 60-100 illərdə mental
psixopedaqoji tədqiqatlar axarında ilk dəfə olaraq tədricən
inkişaf konsepsiyası formalaşdı. Biliklərin
qiymətləndirilməsinin fəlsəfi əsaslarında
yeni və önəmli bir faktor - K faktoru, keyfiyyət faktoru
kök salmağa başladı. Mənimsəmənin
psixoloji kriteriyaları dəyişdi. İnkişaf
faktoru əmələ gəldi. Mənimsəmə
isə inkişafın başlıca vasitəsi sayılsa da,
"Təfəkkür. İntellekt.
Təxəyyül" mənimsəmə prosesinin ana xətti
kimi dəyərləndirilməyə başladı: bu kökdə
də inkişafın ənənəvi məktəbə bəlli
olmayan inkişaf konsepsiyası formalaşdı.
İnkişaf nədir? G.Lefransuanın interpretasiyasında inkişaf
paradoksunu təfsir edək. Müəllif yazır:
"İnkişafın psixologiyası insanların necə
inkişaf etməsini və dəyişməsini, eyni bir
şeyi müxtəlif ölçülərlə necə
qavranmasını açıqlamağa və izah etməyə
çalışır. Kontekstin inkişaf təsirini
araşdırır. Müxtəlif
yaşlı və cinsli inkişaf xarakteristikası haqqında
müəllimlərə zəruri informasiya verir. Müəllim həmişə bilməldir ki,
şagirdlər üçün nə maraqlıdır, onlar nəyə
qadirdilər və öyrənməyə nə qədər
hazırdırlar?
G.Lefransuanın fikrincə, kontekst ətraf
mühit, ilk növbədə, mədəniyyət, nəsillər,
ailə, tarixi hadisələr və təhsil - inkişafın
spesifik şəraitidir.
Bu məsələlər Jan Piajenin
intellektual inkişaf nəzəriyyəsində sistemli
açıqlanır. Aşağıda bu
konsepsiya əsasında koqnitiv strukturlar özünəməxsus
trinadalı parametrlər kökündə - "Təfəkkür.
İntellekt. Təxəyyül"
kontekstində açıqlanır.
Azərbaycan məktəbi təfəkkürün
uzun müddət açılmamış sərhədlərini
artıq uğurla fəth etmişdir. Məktəb
təcrübələrində onlarla maraqlı texnologiyalar
artıq vətəndaşlıq hüququ
qazanmışdır. Təfəkkür
konsepsiyasının formalaşması XX-XXI əsrlərin
psixologiyasının əzəmətli nailiyyətidir. Müasir təhsil nəzəriyyəsi təfəkkürü
koqnitiv inkişafın zirvəsi sayır və XX əsrdə,
eləcə də XXI əsrdə məhz bu kökdə
inkişaf edib. Müasir məktəbin təfəkkürün
modelləşdirilməsi kökündə uğurları
böyükdür. Onların, sözün
əsl mənasında, sistemli paradiqmalarla
açıqlanması əsrin aktual psixopedaqoji problemi kimi
önəmlidir. Kurikulum dərsləri bu
problemlərin həllində yeni və maraqlı səhifələr
açıb. Yaxın gələcəkdə
məktəbin uğurları məhz təfəkkür dərslərinin
sistemli ölçülərlə modelləşdirilməsi
ilə əlamətdar olacaqdır.
XX əsrin psixopedaqogikasında təfəkkür
koqnitiv inkişafın episentri sayılıb və bu gün də
sayılır. XXI əsrdə isə bu əzəmətli
postulat artıq dixomatik ölçülərlə dəyərləndirilməyə
başlanıb. Azərbaycan
psixologiyasında yeni konsepsiya-təxəyyül konsepsiyası
formalaşıb və məhz əsrin
psixopedaqogikasının nailiyyəti kimi dəyərləndirilir.
Müasir pedaqoji psixologiyada təfəkkür
konsepsiyası vüsətli inkişaf edir. Məlum proqnozlara görə yaxın gələcəkdə
əsrin psixopedaqogikasında yeni və əzəmətli bir
konsepsiya - şagird intellektinin inkişaf konsepsiyası
formalaşacaq. Təfəkkürün
inkişafı konsepsiyası intellektin inkişaf konsepsiyası
kökündə yeni paradiqmalarla inkişaf edəcək.
Şagirdlərdə intellektin formalaşması
və inkişafı əsrin prioritet problemi kimi səslənəcək.
Bu, bizim fikrimizcə, önəmli psixoloji proqnoz
kimi dəyərləndirilməlidir.
İntellekt psixologiyasının önəmli
konnatasiyaları var. İntellekt psixologiyası müxtəlif
konseptual modellərlə əlamətdardır. Biz intellekti kreativlik kontekstində
açıqlamağa önəm veririk. Kreativlik,
D.Mayersin qeyd etdiyi kimi, yaradıcılıq qabiliyyətidir,
yeni və qiymətli ideyaların yaradılmasını şərtləndirir.
İntellektin strukturunu bu baxımdan təhlil edəndə
onun qaynaqlarında, bir tərəfdən digergent təfəkkür,
digər tərəfdən təxəyyül aydın
görünür. C.Gilfordun tədqiqatlarına
söykənəcək, yaradıcılıq elə bu
qaynaqlarda inkişaf etməyə başlayır.
Göründüyü kimi, görkəmli
psixoloqolar (C.Kettel, Spirmen, Veksler, Gilford və b.) intellektin sirlərini
əslində təfəkkürün sirlərində
axtarmış, intellektin strukturunda özünəməxsus
rola malik olan təxəyyül faktorlarına isə mahiyyətcə
əhəmiyyət verməmişlər.
Təxəyyül inkişaf
konsepsiyasında əzəmətli fenomendir. A.Eynşteyn
deyirdi: - Mən intuisiya və təxəyyülə
inanıram. Təxəyyül bilikdən önəmlidir,
çünki bilik məhduddur, təxəyyül isə
dünyada nə varsa, hamısını əhatə edir.
Təxəyyül tərəqqinin stimuludur və
tərəqqinin mənbəyidir.
Təxəyyül klassik psixologiyada idrak
prosesi kimi mənalandırılıb və öyrənilib. Müasir
psixologiyada isə təxəyyülün əvvəlki
dövrlərdə açıqlanmamış önəmli
sirləri - kreativ proses kimi, yaradıcılıq prosesi kimi
psixoloji sirləri, necə deyərlər, kəşf olunub. A.Eynşteynə görə, kəşf yolu,
başqa sözlə, bizim fikrimizcə, əsrin Nobel
münasibətlərinə gedən əzəmətli yol
qeydsiz-şərtsiz təxəyyüldən başlayır.
Müasir psixologiyada təxəyyül nəzəriyyəsi
incəsənət prinsipləri kimi araşdırılır
(R.C.Kollivud) və onun inkişaf treninqlərinin sistemli öyrənilməsi
müasir pedaqoji psixologiyanın prioritet problemi kimi qiymətləndirilir.
Təfəkkür, intellekt və təxəyyül!
Bizim fikrimizcə, müasir təhsil nəzəriyyəsi və
təcrübəsi XXI əsrdə ancaq və ancaq bu fundamental
psixoloji bünövrə əsasında uğurla inkişaf edə
bilər və inkişaf edir. Müasir pedaqoji
psixologiyada "Kəşf yolu ilə öyrənmə"
konsepsiyası formalaşmışdır. Təcrübəli
müəllimlər təxəyyülün inkişafı
texnologiyasını məhz bu konsepsiyanın parametrləri ilə
araşdırırlar.
- A.Ekzüperi paradoksunu necə təhlil etmək olar?
- Pedaqoji psixologiyada Antuan de sent-Ekzüperi paradoksu
sosial-mədəni koqnitiv inkişaf nəzəriyyəsinin ana
xətti ilə - məhz mədəniyyət və sosial
faktların təsiri ilə bağlıdır. A.Ekzüperi yazırdı:
-Hazırda orta səviyyəli, birtəhər üçlə
oxuyan şagirdin təbiət hadisələri və insan məişəti
barəsində Dekart və Paskaldan çox məlumatı var.
Ancaq həmin şagirdlərin onlar kimi düşünmək,
fikirləşmək qabiliyyəti vardırmı?
Bu problem pedaqoji psixologiyanın
köklü problemlərindən biridir. Onun episentrində şagirdlərin koqnitiv
strukturlarına, necə deyərlər, möcüzəli
fikir toxumu səpən qüdrətli müəllimin müasir
obrazı canlanır, başqa sözlə, füsunkar koqnitiv
strukturların sosial-psixoloji problemləri var və bu problemlərin
həllində ilk hörmətli sözü müəllimlər
yazırlar. A.Ekzüperi paradoksu son dərəcə
maraqlıdır. Onu ancaq və ancaq Jan
Piajenin konseptual modeli ilə açıqlaya bilir.
Jan Piaje müəyyən etmişdir ki,
7-8 yaşların arasında uşağın koqnitiv strukturunda
mental aktlar üstünlük kəsb edir. Uşaq bu
dövrdə şeylərin mahiyyətini anlamağa
başlayır: onlar haqqında "fikirləşə"
bilir. Fikirləşə bilməyəndə ritorikaya meyil
edir, dərsdə əzbərçilik edir, sual verə
bilmir...
Bu problem pedaqoji psixologiyanın
köklü problemlərindən biridir.
"Sivilizasiyanın başlıca məqsədi
insanlara, bizim misalımızda fikirləşməyi öyrətməkdir"
(T.Edison) - dünya psixologiyasının başlıca parafrazalarından biri belədir. Bu
problemləri necə həll etmək olar? T.Edisonun
fanatları məktəbdə şahmat dərsləri (və
ya treninqləri) təşkil etməyi məsləhət
görürlər. Şagirdin şahmat dərsləri
ideyası nə qədər maraqlı görünsə də,
hələ eksperimental ölçülərlə təsvir
olunmamışdır.
Bu gün bu sahədə görkəmli
müəllimlərin sınağından keçmiş və
özünü doğrultmuş sual texnologiyasının
müasirləşməsi problemi xüsusilə
aktuallaşır. Dərsdə uşaq (şagird) sualları
öz-özünə azalır - bu faktı müəllimlər
öz müsahibələrində qeyd etsə də, onu
doğuran səbəblər hələ sistemli öyrənilməyib.
Onun monitorinq effektlərini açıqlayanda isə
hər şeydən əvvəl, müəllimlərin sual
texnologiyası problemi ilə rastlaşırıq. Bəzi fundamental faktları xatırlayaq.
Eynşteyn məktəbdə çətinliklə
oxuyurdu. Bəzi müəllimlər onu hətta avara
hesab edirdilər,
o, dərslərdə fikri dağınıq
görünürdü, intizamı da ara-sıra pozurdu. Onun yaxşı oxumamasının səbəblərini
psixoloqlar araşdıranda məlum oldu ki, şagirdin suallara
birbaşa cavab verməməsi müəllimləri hövsələdən
çıxarırdı. O, müəllimlərin
suallarına cavab vermək əvəzinə müəllimlərə
yersiz görünən "əlavə suallar" verirdi. Əgər üçbucağa başqa tərəfdən
baxsaq nə olar? Əgər suya qatsaq nə
olar? və s.
Günlərin bir günündə Pikasso demişdi:
"Mən əvvəl Rafael kimi şəkil çəkirdim,
ancaq uşaqlar kimi şəkil çəkməyi öyrənmək
üçün mənə bir ömürlük həyat
lazım olmuşdur". Uşaqların
özünəməxsus koqnitiv üslubları var. Bu uşaq
üslublarını kəşf edən müəllim,
şübhəsiz ki, əsl praktik psixoloqdur.
U.Kreyn bu paradoksu Russo və Gezelin, Piaje və Montessorinin
araşdırmalarına söykənərək yazır:
"Əgər biz həddindən artıq uşaqlara təsir
göstəririksə, onlara özümüzün vacib hesab
etdiyimiz şeyləri öyrədiriksə, uşaqları
öz kəşflərini etmək imkanından məhrum
edirik".
Bu məsələləri
araşdıranda biz yeni paradoksla - sual paradoksu ilə
rastlaşırıq. Dünya mədəniyyəti tarixində
bu problem vaxtilə Sokrat məktəbində həll
olunmuşdur. Sual problemi üç tərifli
problemdir. Müəllim şagirdə sual
verir və bu onun ənənəvi tərəfidir.
İkinci tərəf: şagird müəllimə sual
verir. Müəllimin şagird suallarına
interpretasiyasının məntiqi xüsusilə önəmlidir.
Şagird suallarını əlavə məntiqi
suallarla açıqlamaq və dərsdə "fikirləşmiş
situasiyası" yaratmaq texnologiyasına əsaslanmaq psixoloji
baxımdan ən adekvat yoludur.
Üçüncü tərəf: şagird (lər)
şagirdə sual verir. Bu mental məqamda müəllimin
missiyası nədən ibarət olmalıdır? O,
maestro Niyazi kimi uşaqların mental simfoniyasını
açıqlamalıdır. Sual nəzəriyyəsi və təcrübəsində
şagirdin
şagirdə sual verməsi əslində yeni hadisədir.
Şagirdlərin inkişafında onun da
özünəməxsus rolu var. Ənənəvi məktəb
sual piramidasında bu maraqlı qatı görə bilməyib,
müasir məktəb isə onu məharətlə kəşf
edib.
Müəllimin sual-cavab texnologiyası son
dərəcə önəmlidir. Bu texnologiyanın şagird təfəkkürünün,
intellektinin və təxəyyülünün
inkişafında töhfələri necə də əlamətdardır.
- Adınız çəkiləndə
işıqlı, xeyirxah əməlləriniz göz
önündə dayanır. Əməkdar elm
xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
"Şöhrət" ordenli, psixologiya elmləri doktoru,
professor Əbdül Əli oğlu Əlizadə
ömrünü həsr etdiyi elm sahəsində daha nələri
etmək istərdi?
- Əsrin fundamental problemlərindən
biri insan münasibətləri problemidir. İnsan bir şəxsiyyət kimi bu münasibətlərdə
mövcuddur, bu münasibətlərdə yaşayır,
onlarla nəfəs alır, insan mehrinin, məhəbbətinin
kökləri elə münasibətlərdədir. Bu problemi sistemli öyrənmək, dəhşətli
psevdoinsan münasibətlərinin psixoloji sirlərini
açmaq istərdim. Müəllim-şagird
münasibətləri bu kontekstdə necə də önəmlidir?
Bu gün məni iki köklü problem də
düşündürür.
1. Azərbaycanda psixologiya fakültələrində
psixologiya tədrisinin müasirləşdirilməsi problemi
xüsusilə aktuallaşıb. Biz necə edə bilərik
ki, Azərbaycan
psixoloqlarının səsi dünya səhnələrində
eşidilsin?! Bu baxımdan psixologiya fakültələrində
müasir dünya psixologiyasının nəzəri-metodoloji və
eksperimental konsepsiyalarının sistemli öyrənilməsi
prioritet problem sayılmalıdır.
2. Məktəb psixoloqları ştatının əmələ
gəlməsi məktəb tarixində önəmli hadisədir.
Onlar məktəbin psixopedaqoji problemlərinin həllində
fundamental rol oynamalıdırlar. Bu gün
isə... məktəbin hətta adi psixopedaqoji problemlərinin
həllində məktəb psixoloqlarının səsi
eşidilmir ki, eşidilmir. Məktəb
psixoloqlarının konseptual modelinin yaradılması bu
gün necə də aktualdır?!
- İnsanın psixoloji kamilliyi daha
çox ailədən asılıdır, yoxsa cəmiyyətdən?
- Bu problemin, necə deyərlər, statistikası
sistemli açıqlanmayıb. Onların hər
ikisi həlledici problemdir, ancaq hər birinin köklü təsir
sahəsi var. Bu fundamental sual son dərəcə maraqlı
problemlərin sistemli açıqlanmasını tələb
edir. Aşağıda problem, ailənin
sosiallaşması kontekstində xatırlanır.
Bu problemi araşdıranda, ilk növbədə,
boşanma dalğalarında əmələ gələn ikinci
və ya üçüncü ailələrdə ögey ata
və ögey uşaq(lar) problemi aydın səslənir.
Boşanma girdabına düşmüş
uşaqların tərbiyəsi problemi Azərbaycan
psixopedaqogikasının aktual problemlərindən biri, bəlkə
də birincisidir.
Ailədən kənar sosiallaşma prosesləri
də çoxprofillidir. Bu məsələni
araşdıranda, biz uşaq submədəniyyəti problemi ilə
rastlaşırıq. Uşaq ənənələri
uşaq submədəniyyətinin köklü şərtlərindəndir.
Bu problemin psixopedaqoji açması belədir: uşaqlar
bir-birlərini tərbiyə edirlər. Elə bu dalğalarda
uşaqların yolu haçalanır: sosial davranışı
və anti-sosial davranışlı uşaqlar meydana
çıxır. Uşaqların
qarşılıqlı münasibətlərinin yaş
stixiyası necə də önəmlidir?! Şəxsiyyətin
mixi yazıları kimi sirli-düyünlü olan mənəvi
naxışları bu proseslərdə vurulur. Anti-sosial
qruplara qoşulmuş uşaqla ailənin faciəsi
başlayır. Cəmiyyətin də elə
bu sahədə özünəməxsus problemləri
yaranır.
- Bir mütəxəssis-alim kimi bugünkü gənc nəslin
psixologiyasında Sizi qane edən və etməyən cəhətlər
hansılardır?
- Bu gün Mübariz kimi qüdrətli oğlanların
və potensial qəhrəmanların formalaşması ilə
Azərbaycan mədəniyyətində fundamental səhifələr
açılır. Onlar əzəmətlidirlər,
qüdrətlidirlər, xeyirxahdırlar. Özlərinə
və başqa adamlara hörmətlə yanaşırlar.
Ata və analarına böyük insan qayğıları ilə
yanaşırlar... Qızlarımız da əzəmətli
mənəvi məziyyətlərlə seçilirlər.
Onlarla haqlı olaraq fəxr edirik. Lakin
böyük ailə həsrəti ilə yaşayan bəzi
oğlanlar və qızlar, ailə quranda isə tələsirlər,
bir-birlərini yaxşı tanımırlar və ailə məkanında da səhv
addımlar atırlar.
- İnsanın doğulduğu məkan
ona ana qoynu qədər müqəddəsdir. Şuşa,
Malıbəyli... neçə illər keçib o
ayrılıqdan?
- Şuşa ilə, Malıbəyli ilə
ayrılıqdan 20 ildən çox keçsə də, mən gecə də,
gündüz də onlarla yaşayıram. Şuşanın,
Laçının və ya Kəlbəcərin, dünyaya göz
açdığım Malıbəylinin əzəmətli
dağlarını və füsunkar çəmənlərini
xatırladıqca, onları xalq rəssamı Səttar Bəhlulzadənin
sehirli politrası ilə xəyalımda canlandırıram,
müqəddəs torpaqlarını öpürəm, həmişə
böyük Vətənimin böyük həsrəti ilə
yaşayıram.
- Ömrünüzün bu müdrik çağında
Azərbaycanın hansı guşəsinə səyahət etmək
istərdiniz?
- Ancaq və ancaq Şuşaya, ancaq və
ancaq Malıbəyliyə...
Bu səyahət mənim
üçün taleyin böyük vətəndaşlıq
qisməti olardı. Mən bu qismətə ürəkdən
inanıram.
Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.5.