Təhsil Problemləri İnstitutunda

ABŞ səfirinin xanımı ilə görüş keçirilib

 

Fevralın 7-də Təhsil Problemləri İnstitutunda ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Feys Pirs Morninqstar ilə görüş keçirildi.

Görüşdə  Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov tədbir iştirakçılarını salamladı, onlara görüşün məqsədi barədə məlumat verdi. O, xanım F.P.Morninqstarın təhsilalanların reproduktiv, psixolojifiziki sağlamlığı, qidalanma mədəniyyəti, təhlükəsizliyi, eləcə də qızların təhsildən yayınma halları, qadın və qızların başqaları tərəfindən lider kimi qəbul olunması barədə məsələlərin fənn kurikulumlarında əks olunma vəziyyəti ilə maraqlandığını bildirdi. Natiq müzakirəyə çıxarılan mövzunun Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş bir sıra məsələlərin həyata keçirilməsində əhəmiyyət daşıdığını  ifadə etdi.

Daha sonra  xanım F.P.Morninqstar qeyd olunan məsələlərlə bağlı "Sağlam bədəndə sağlam ruh olar" mesajını insanlara çatdırmaq üçün videoçarxların hazırlanaraq Bakıda və regionlarda vətəndaşlarla görüşdə təqdim olunmasının məqsədəmüvafiqliyini qeyd etdi. O, bu işin daha geniş miqyas alması üçün məktəb şagirdləri və onların valideynləri ilə işgüzar söhbətlərin aparılmasının əhəmiyyətindən danışdı.

İnstitutun əməkdaşları müzakirə olunan məsələlərə münasibət bildirdilər. Müzakirələr zamanı xanım F.P.Morninqstarın təklif etdiyi məsələlərin həyat bilgisi fənn kurikulumunda öz əksini tapdığı qeyd edildi. Psixoloji sağlamlıqla bağlı məsələlərin isə əsasən təlim prosesində reallaşdığı iştirakçıların nəzərinə çatdırıldı.

Görüşdə qızların təhsildən yayınması halları, qadınların cəmiyyət tərəfindən lider kimi qəbul olunması, təhsil hüququ və digər məsələlərlə bağlı müzakirələr aparıldı.

 

İlham CAVADOV,

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin koordinatoru,

pedaqogika üzrə fəlsəfə doktoru

  

Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.6.