Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura
səviyyələrində
təhsilalanların köçürülməsi, xaric edilməsi,
bərpa
olunması və akademik məzuniyyət götürülməsinə
dair
MÜVƏQQƏTİ QAYDALAR
1. Ümumi müddəalar
1.1. Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura
səviyyələrində təhsilalanların (bundan sonra - tələbələrin)
köçürülməsi, tələbələr
sırasından xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti
Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq
olunmuş "Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin
3.9-cu bəndinə uyğun
hazırlanmış və tələbələrin bir ali təhsil
müəssisəsindən və ya təhsil
proqramından (ixtisasdan) digərinə
köçürülməsi, xaric edilməsi,
bərpa olunması və akademik məzuniyyət
götürülməsi məsələlərini tənzimləyir.
1.2. Bu
Qaydalar tabeliyindən, mülkiyyət
növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali
təhsil müəssisələri istisna olmaqla) şamil edilir.
1.3.
Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir
ali təhsil müəssisəsindən və
ya təhsil proqramından (ixtisasdan)
digərinə köçürülməsi, xaric
edilməsi, bərpa olunması və akademik
məzuniyyət götürülməsi məsələləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası
vətəndaşlarının təhsil almaq
üçün xarici
ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının
Azərbaycanın təhsil müəssisələrində təhsil
almaları haqqında Əsasnamə" ilə tənzimlənir.
1.4. Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi,
ixtisasının və (və ya) təhsilalma
formasının dəyişməsi, tələbələr
sırasına bərpası və akademik
məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.
1.5. Ali
təhsilin magistratura səviyyəsində
tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə
köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma
formasını dəyişmək, xaric olunanlar isə öz
ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa
olunmaq hüququna
malikdirlər. Bu prosedurlar
1.4-cü bəndində göstərilən müddətdə
həyata keçirilir.
1.6. Bir ali təhsil
müəssisəsindən digərinə
köçürülən, ixtisasını dəyişən
və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə
köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli
əsaslarla davam etdirirlər.
1.7. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə köçürülməsinə
və ya bərpa olunmasına yol verilmir.
1.8. Tabeliyindən
və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində
tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə
köçürülməsi, bakalavriat və
magistratura səviyyələrində xaric olunmuş şəxslərin
tələbələr sırasına bərpası (əvvəl təhsil aldıqları ali
təhsil müəssisəsinə öz
ixtisasları üzrə bərpası istisna
olmaqla) Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılığı ilə həyata
keçirilir.
1.9. Dövlət
adından təsisçi funksiyalarını həyata
keçirən digər nazirlik, dövlət
komitəsi və ya idarələrin (bundan sonra - dövlət qurumu) tabeliyində olan
dövlət ali təhsil müəssisələrinə
tələbələrin köçürülməsi və
bərpası tabe olduqları
dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata
keçirilir.
1.10. Ali təhsil müəssisəsi
ilə bağlanmış müqaviləyə əsasən tələbənin
təhsil haqqını hər hansı fiziki
və ya hüquqi
şəxs ödədiyi təqdirdə, başqa
ali təhsil müəssisəsinə və
ya ixtisasa
köçürülmə həmin şəxslə
yazılı qaydada
razılaşdırılır.
2. Tələbələrin köçürülməsi
2.1. Ali
təhsilin bakalavriat səviyyəsində
tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi,
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi birinci
semestr başa
çatdıqdan sonra həyata keçirilir.
2.2.
İxtisasın dəyişməsi və ya
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi tələbənin
köçürülmək istədiyi ali
təhsil müəssisəsinə müvafiq
təhsil proqramı (ixtisas) üzrə qəbul
planı (akkreditasiya haqqında sertifikat) ilə müəyyən edilmiş tələbələrin say həddi
gözlənilməklə aparılır.
2.3.
Ölkə daxilində bakalavriat səviyyəsində
tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi o şərtlə
aparıla bilər ki, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası (bundan
sonra - TQDK) tərəfindən
keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə
köçürülmək istədiyi ali
təhsil müəssisəsində müvafiq
ixtisas üzrə minimal
keçid balından az
olmasın. Bu zaman tələbənin
qəbul olunduğu və
köçürülmək istədiyi ixtisaslar
TQDK tərəfindən müəyyən olunmuş
eyni ixtisas qrupu daxilində olmalıdır1.
2.4. Xarici ölkə ali təhsil müəssisələrindən
köçürülmə məsələsinə
baxılarkən tələbənin təhsil aldığı
ali təhsil müəssisəsinin
dünyanın ən yaxşı ali təhsil
müəssisələri reytinqlərində2 yer
alması, TQDK tərəfindən keçirilən qəbul
imtahanlarında iştirak etdiyi halda tələbənin
topladığı balın həmin ildə
köçürülmək istədiyi ali
təhsil müəssisəsində müvafiq
ixtisas üzrə minimal
keçid balından az
olmaması və tələbənin akademik
göstəriciləri nəzərə alınır.
2.5. Bakalavriat səviyyəsində
xarici ölkə ali təhsil
müəssisəsində təhsil alan tələbənin
ailəsi və ya özü
təhsil aldığı müddətdə ailə
qurması ilə əlaqədar Azərbaycan Respublikasına
köçdükdə bu Qaydaların
2.4-cü bəndində qoyulan tələblər,
habelə tələbə akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil
aldığı ali təhsil müəssisəsində
həmin ixtisas üzrə kadr
hazırlığı aparılmadıqda bu
Qaydaların 2.3-cü bəndinin birinci
cümləsində qoyulan tələblər
ali təhsil müəssisəsini və ya ixtisasını dəyişməsi
zamanı nəzərə alınmır.
2.6. Tələbənin
təhsil aldığı ali təhsil
müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını
dəyişməsi onun ərizəsi əsasında
(qiyabi təhsilalma formasından əyaniyə
keçirilərkən çağırış yaşı
çatmış oğlanlar üçün hərbi xidmətdən
möhlət hüququ barədə
arayış əlavə olunmaqla) rektorun əmri ilə həyata
keçirilir. Bu
halda oğlanların hərbi uçot sənədlərində müvafiq qeydlər aparılır.
2.7. Digər ali təhsil müəssisəsinə və ya ixtisasa
köçürülmək istəyən tələbə
aşağıdakı sənədləri təqdim etməklə
köçürülmək istədiyi ali
təhsil müəssisəsinə ərizə ilə
müraciət edir:
2.7.1. tələbənin
təhsil müddətində fənlər üzrə
topladığı kreditləri və qiymətləri (hərf
və balla) özündə əks etdirən
sənəd (bundan sonra
akademik transkript);
2.7.2. ali
təhsil müəssisəsinə qəbul olunarkən
topladığı bal haqqında sənəd;
2.7.3. Bu
Qaydaların 2.5-ci bəndində göstərilən səbəblərə
görə köçürülmək istəyənlər
- müvafiq təsdiqedici sənədlər;
2.7.4.
dövlət xətti ilə təhsil alanlar
istisna olmaqla, xaricdə
öz hesabına təhsil alan
tələbələr - təhsil aldıqları dövlətin
qanunvericiliyinə uyğun leqallaşdırılmış
akademik transkript və
təhsil aldığı müddətdə gediş-gəlişi
təsdiq edən rəsmi sənədlər.
2.8. Tələbənin
köçürülmək istədiyi ali
təhsil müəssisəsində onun təqdim
etdiyi sənədlər "Tələbə-məzun"
dövlət elektron məlumat sistemi ilə tutuşdurulur,
təhsil aldığı xarici ölkə
ali təhsil müəssisəsinin həmin
ölkədə akkreditə olunması və dünya
reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil
aldığı ali təhsil müəssisəsinə
müvafiq sorğular
göndərilməklə köçürülmə üçün əsasların
olub-olmadığı müəyyənləşdirilir.
Köçürülmə üçün
əsas olmadığı hallarda ərizəçiyə
köçürülməkdən imtina
barədə cavab verilir.
Tələbələrin köçürülməsi mümkün sayıldığı hallarda ali təhsil müəssisəsi
onların siyahısını (müvafiq
sənədlər3 əlavə olunmaqla)
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim
edir.
2.9. Təhsil
Nazirliyi təqdim edilmiş
sənədləri yoxlayır və müsbət rəy olduğu halda tələbənin
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi məsələsini
Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiya ilə
razılaşdırır.
2.10. Müsbət
qərar qəbul olunduğu təqdirdə
Təhsil Nazirliyi tələbənin təhsil
aldığı ali təhsil müəssisəsinə
müvafiq məktubla akademik
arayış blankını, köçürülmək istədiyi
ali təhsil müəssisəsinə isə
öz razılıq məktubunu göndərir.
2.11. Tələbənin
təhsil aldığı ali təhsil
müəssisəsinin rektoru Təhsil Nazirliyinin məktubunu aldıqdan sonra 2 (iki) iş
günü müddətində tələbənin
başqa ali təhsil
müəssisəsinə köçürülməsi ilə
bağlı xaric olunması haqqında əmr
verir və akademik
arayışla birlikdə tələbənin
şəxsi işini onun
köçürüldüyü ali təhsil müəssisəsinə göndərir.
Şəxsi iş ali
təhsil müəssisəsi tərəfindən tələbənin
özünə və ya etibarnamə əsasında
onun səlahiyyətli nümayəndəsinə
verilə bilər.
2.12. Tələbənin
köçürüldüyü ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyindən razılıq məktubu
və tələbənin şəxsi işi4 daxil
olduqdan sonra 2 (iki) iş günü
müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın
tədris planındakı fənlər üzrə kreditləri
müqayisə edir və uyğun
olanları nəzərə alaraq, onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.
3. Tələbələr sırasından xaric edilmə
3.1. Tələbə
aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:
- öz
arzusu ilə;
- başqa
ali təhsil müəssisəsinə
köçürüldükdə;
- ali
təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud
şəkildə pozduqda;
- müəyyən kateqoriya xəstəliklərlə əlaqədar
səhhətinə görə (həkim-məsləhət
komissiyasının arayışına əsasən);
- növbəti tədris
ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə
saxlamadıqda.
3.2. Ali
təhsil müəssisələrindən xaric
edilmiş şəxslər hərbi xidmətə
çağırışdan möhlət hüququnu
itirirlər. Ali təhsil müəssisəsinin
rektoru tərəfindən həmin şəxslərin
xaric olunması barədə onların hərbi
uçotda olduqları dövlət qurumlarına
bir həftə müddətində rəsmi
məlumat verilir.
3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.
4. Tələbələr sırasına bərpa
4.1. Ali
təhsil pilləsinin hər iki səviyyəsində
tələbələr sırasından xaric
olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən
sonra ali təhsil
müəssisəsinə bərpa olunmaq hüququna malikdir.
4.2. Azərbaycan
Respublikasının ali təhsil müəssisəsindən
xaric olunmuş şəxsin
həmin ali təhsil müəssisəsinə
öz ixtisası üzrə bərpası
onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən
müddətdə ali təhsil müəssisəsinin
rektorunun əmri ilə həyata keçirilir. Bütün
digər hallarda bu
Qaydaların 1.7 - 1.10-cu və 2.2 - 2.8-ci bəndlərinin tələbləri
gözlənilməklə tələbənin bərpası Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
razılığı ilə həyata keçirilir.
Bərpa barədə ərizəyə akademik
arayış və əvvəlki təhsil haqqında sənədin
əsli (əgər xaric edildiyi
ali təhsil müəssisəsinə bərpa
olunmursa) əlavə edilir.
4.3. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil
alıb sonradan səhhətinə görə
xaric olunan, eləcə
də hər hansı bir səbəbdən
xarici ölkə ali təhsil
müəssisələrindən tələbələr
sırasından xaric edilmiş
şəxslər ixtisasına uyğun
olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa
oluna bilərlər. Onların
bərpası bu Qaydaların 1.4-cü bəndində
göstərilən müddətdə bu
Qaydaların 2.7-ci bəndində göstərilən sənədləri
müvafiq mülki ali təhsil müəssisəsinə təqdim
etməklə, ali təhsil müəssisəsinin
müraciəti əsasında Azərbaycan Respublikası
Təhsil Nazirliyinin razılığı
ilə həyata keçirilir.
4.4. Bərpa olunmuş tələbələrin şəxsi
işi bərpa edilir.
Bu şəxsi işə rektorun
adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən
çıxarış, digər ali təhsil
müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi
işinə isə habelə akademik
arayış və xaric olunma
haqqında əmrdən çıxarış əlavə edilir.
5. Akademik məzuniyyətin verilməsi
5.1. Tələbəyə
akademik məzuniyyət
aşağıdakı hallarda və
müddətə verilir:
5.1.1. müddətli həqiqi
hərbi xidmətə çağırıldıqda - xidmət
müddətinə;
5.1.2. ailə vəziyyətinə
görə - 2 il müddətinədək;
5.1.3. səhhətinə
görə - həkim-məsləhət komissiyasının
arayışında göstərilən müddətə;
5.1.4. sosial
məzuniyyətə çıxdıqda - qanunvericiliklə
müəyyən olunmuş müddətə;
5.1.5. müxtəlif proqramlar əsasında xarici
ölkələrə təhsil almağa
getdikdə - proqramda göstərilən
müddətə.
5.2. Akademik
məzuniyyətdən qayıdan şəxslər tədris
prosesinə növbəti semestrdən buraxılırlar.
Qeyd:
1. Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş
"tarix və coğrafiya
müəllimliyi", "tarix müəllimliyi"
və "tarix" ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş
"beynəlxalq münasibətlər" və
"regionşünaslıq" ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət
ixtisasları istisna olmaqla)
uyğun hesab edilir.
2. Times Higher Education World University Rankings
(http://www.timeshighereducation.co.uk/world-university-rankings/2013-14/world-ranking
Quacquarelli Symonds - QS World
University Rankings (http://www.topuniversities.com/university-rankings),
Academic Ranking of World Universities - Shanghai Ranking
(http://www.shanghairanking.com/ARWU2013.html)
3. Tələbənin köçürülməsini
əsaslandırdığı sənədlər (nikah şəhadətnaməsi, xəstəlik
haqqında arayış və
s.) və fənlər
üzrə topladığı
kreditlər barədə
arayış (akademik transkript).
4. Əvvəlki təhsil səviyyəsi barədə
sənəd, qəbul
və xaric olunma, təhsili barədə əmrlərdən
çıxarışlar və
blankı Təhsil Nazirliyi tərəfindən
verilən dövlət
nümunəli akademik
arayış.
Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.2.