"Həyata keçməyən iki arzum qalıb"

 

Xalq artisti, professor Arif Məlikovla söhbət

 

Vaxtilə musiqi təhsilinə  Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan Arif Məlikov  Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənib. XXI əsr musiqimizin salnaməsini yaradan sənətkarlar sırasında  Arif Məlikovun yaradıcılığı  bütöv bir mərhələdir. "Azərbaycan müəllimi" qəzetinin 80 illiyi ərəfəsində 80 yaşlı bəstəkar, professor Arif Məlikov redaksiyamızın qonağı oldu. Qəzetimizin bir qrup əməkdaşı ilə qonağımızın söhbətini oxuculara təqdim edirik. 

 

- Arif müəllim, sizin həyatınız hamı üçün maraqlıdır. Uşaqlıq dövrünüzdən, məktəb illərinizdən nələr qalıb yadınızda?

- Mənim uşaqlığım çox normal keçib. Yəni, o dövr üçün normal. O dövrün uşaqlarına nə lazım idi? Bir dənə top! İki dənə daşı qoyub qapı düzəldərək futbol oynayardıq saatlarla...

Çətin illər idi. Talonla çörək verirdilər camaata. Hamısı yadımdadı. 

Maraqlı burasıdır ki, heç kəs vəziyyətindən şikayət etmirdi, uşaqlar yenə də öz oyunlarını oynayırdı. Futbol da  yerində idi.

- Sizin də atanız müharibədə idi?

- Mənim atam hərbiçi olub. Bakıda hərbi məktəbdə müdir müavini idi. Mənə yaxşı tərbiyə verdiyinə görə atama ömrüm boyu minnətdar olmuşam...

Həyat elə gətirdi ki, 1961-ci ildə mən dünya teatrlarına çıxdım. Qazancım da bir az artdı. Və o vaxt mən dedim ki, öz qazancımdan atamın yaşadığı dövrdə hər ay müəyyən miqdarda ona oğul pensiyası yazıram. Özüm Bakıda olmayanda da elə təşkil eləmişdim ki, o pulu gətirirdilər atama. Rəhmətə gedənə qədər mən bu sözümü yerinə yetirdim.

- Sizi musiqiyə kim istiqamətləndirmişdi - ailəniz, yoxsa müəllimləriniz?

- Mənim anam ədəbiyyatçı idi. Özü də zəngin ailədən idi. Əmilərim Oksfordu, Kembrici  qurtarıb.

Evimizdə ədəbiyyat, şeriyyət və musiqi həmişə yaşayıb. Anam  kamançaçı deyildi, amma evdə aləti vardı, gözəl kamança çalırdı. Azərbaycanlı ailəvi dostlarımız vardı. Birinin familiyası Yerevanski idi, gözəl tar çalırdı. Bir gün həmin o Yerevanski bir tar alıb mənə bağışladı. Mən tar çalmağa gec başlasam da bir neçə aydan sonra ağıllı-başlı, özü də çox yaxşı çalmağı öyrəndim. Asəf Zeynallı məktəbinə gəlib Əhməd Bakıxanovun sinfinə girdim. On dörd yaşım vardı, ona qədər mən bir dənə not tanımırdım. Evimizdə piano da yox idi.

Azəf Zeynallıda oxuduğum illərdə hardasa işləyirdim, bir az qazanırdım, ansamblda da tar çalırdım. Sonra həmin tələbəlik dövrümdə nəsə fikrimdə dəyişiklik əmələ gəldi. Başladım axşam saat 8-də, 9-da boş siniflərin birində bir neçə saat royalda məşğul olmağa. Sonra yavaş-yavaş  kiçik pyeslər yazdım. Amma başa düşürdüm ki, konservatoriyaya girmək üçün mənim biliyim çatmır. Bir var ki, dörd il tar  çalıb  konservatoriyaya girəsən, bir də var ki,  Bülbül adına məktəbin fortepiano sinfini bitirib gələsən. Konservatoriyanın bəstəkarlıq şöbəsinə girəndə,  bayaq dediyim kimi, heç evdə fortepianom  da yox idi. Amma evində pianosu olanlardan daha ciddi çalışmağım öz bəhrəsini verdi. O vaxt Asəf Zeynallı məktəbi, konservatoriya və Bülbül adına onillik məktəb hamısı bir binada idi. Musiqiçilər, tələbələr, hamı bir-biri ilə mehriban  ünsiyyətdə idi. Siniflər çox olmadığına görə dərslər adətən  gec qurtarırdı. Mən məcbur idim gözləməyə ki, müəllimlər gedəndən sonra hardasa məşğul olum.

Bir gün konservatoriyanın yeraltı işıq xətti  xarab oldu. Hamı üçün faciə idi, mənimçün bayram. Siniflərdə heç kim yox, özümlə bir lampa şüşəsi, bir dənə də şampan butulkasında gətirmişdim məktəbə. Heç kəs olmayanda lampa işığında məşğul olurdum. Ancaq başa düşdüm ki, konservatoriyaya girmək üçün daha ciddi hazırlıq lazımdı. Getdim öz istəyimlə Şuşaya. Bir il Şuşada, bir il də Ağdamda  dərs dedikdən sonra gəldim, sərbəst imtahan verdim və konservatoriyaya daxil oldum. Tapşırıqla musiqiçi olmur. Musiqiçi  zəhmətlə, Allah vergisi ilə, istedadla olur...

- Nazim Hikmətlə yaxın dostluğunuz olub...

- Nazim Hikmət haqqında danışmaq məni heç vaxt yormayıb. Nazim Hikmət mənə oğul deyib. "Məhəbbət əfsanəsi"nin librettosu onundur. Biz onunla bir yerdə çalışmışıq, həmişə birlikdə olmuşuq. İndi burada sizə Nazim Hikmətdən söhbət etmək dahi adam haqqında bir tərəfdən də öz məhəbbətimi, sevgimi sözlə ifadə etmək deməkdir. Yadıma gəlir, Türkiyədə bir böyük yığıncaq vardı. Orada çox çıxışlar oldu. Sonra kimsə dedi ki, salonda Arif Məlikov var, ona da bir söz verək. Mən tribunaya çıxıb dedim ki, ruslar Şostakoviçlə fəxr etdikləri  kimi, Türkiyə də Nazim Hikmətlə fəxr edə bilər. Mənim çıxışım gedə-gedə zalda çaxnaşma düşdü. İclas qurtardıqdan sonra çıxdıq bayıra. Mənə dedilər ki, Arif müəllim, burada  bəziləri başa düşə-düşə Nazim Hikməti inkar etməyi özü üçün həyat tərzi seçib.

Jurnalistlər bayırda başıma yığışıb dedilər:  "...Müsahibə almaq istəyirik Nazim Hikmətlə bağlı...  Siz neçə illər Moskvada Nazim Hikmətlə bir yerdə olmusunuz".

Yalan olmasın, otuz-qırx  jurnalistdi, əllərində də kamera. Dedim  bu qədər adama bir-bir intervyü verməyə mənim nə vaxtım var, nə də ki  ehtiyacım. Baxın, mən o oteldə yaşayıram.  Orada konfrans zalı var. Gedin kameralarınızı qurun, bir dənə də stul mənim üçün ayırın, orada mən  sizə Nazim Hikmət haqqında söhbət edim. Axşam saat on birə yaxın idi, söhbətimiz başladı. Ertəsi gün saat on ikiyə qədər ardıcıl on üç saat dayanmadan Nazim Hikmət haqqında danışmışam. O gecə mənə bir şey aydın oldu: türklər  öz böyük oğulları haqqında hər şeyi bilmək istəyirdi.

Bilirsiniz, mənim həyatımda iki böyük şəxsiyyət mühüm əhəmiyyət daşıyıb. Dmitri Şostakoviç və Nazim Hikmət.

Nazim Hikmət  Türkiyəyə gedib-gələ bilmirdi deyə, dostları əllərinə keçən türk musiqisini onun üçün tapıb  gətirirdilər. Evdə o musiqilərə necə qulaq asardı!

Nazim Hikmətə Peredelkinoda ikimərtəbəli gözəl bir ev vermişdilər. Pikassonun şəkilləri və digər dəyərli əşyalarla zəngin olan həmin evin pilləkənlərinin keçidləri də müxtəlif  hədiyyələrlə dolu idi.

- Neçənçi ildən pedaqoji fəaliyyətlə məşğulsunuz?

- Mən 1951-ci ildən bu günə qədər ardıcıl dərs deyirəm. 1982-ci ildən də konservatoriyada bəstəkarlıq kafedrasının müdiriyəm. Hər il deyirəm ki, bəsdi, getmək lazımdı, lakin hər dəfə tələbələrim başlayır ağlamağa. Soruşuram, nə üçün ağlayırsız? Arif Məlikovla həyat qurtarmayıb deyirəm. Siz də gələcəkdə mənim yolumu davam etdirəcəksiniz.

Tələbələrimdən professor olanları da var. Beş-altı nəfəri Türkiyədə, üç- dörd nəfəri Almaniyada işləyir.  Getməmişdən qabaq mütləq gəlirlər məsləhətə. Deyirəm ki, sənətdə inkişaf etmək üçün get.

- 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında Dmitri Şostakoviç kimi məşhur bəstəkar  sizin barənizdə xoş sözlər deyib...

- Həmin qurultayda Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri ilə yanaşı, konservatoriya tələbələrinin də proqram çərçivəsində çıxışları oldu. Şostakoviçin dahiliyi və maraqlı  insan olması ondan görünür ki, konsertdən sonra ona deyəndə ki, qurultay haqqında, Fikrət Əmirov haqqında, Qara Qarayev haqqında fikrinizi bildirin, o, deyib ki,  mən onlar haqqında yox, tələbələr haqqında fikir deyəcəm. Şostakoviçin xoşuna gələn əsərlərin, bəstəkarların adı ilə yanaşı mənim də süitam haqqında ilk dəfə  mətbuatda rəsmi söz deməsi mənim üçün xoşbəxtlik idi. Bilirsiniz, indiyə qədər mən o qiyməti  unutmuram, onun sözləri mənə böyük bir təkan verdi. Ona görə qısa müddətdən sonra yazdığım  ikinci simfoniyamı mən Şostakoviçə həsr elədim. Şostakoviç həmin vaxt mənə yazdığı məktubda mənimlə fəxr etdiyini bildirirdi.  Şostakoviç adi adam deyildi. O başqa bir dünyanın adamı idi. Böyük gəldi, böyük də getdi. Şostakoviç kimi dahi sənətkarlar heç vaxt yaddaşlardan silinməyəcək.

- Hansı əsərinizin səhnə yaşı böyükdür?

- "Məhəbbət əfsanəsi"  düz 42 ildir ki, dünya teatrının böyük səhnələrində səslənməkdədir. İki əsrdən artıq yaşı olan  Böyük Teatr 37 ildir ki, müntəzəm surətdə öz repertuarında "Məhəbbət əfsanəsi"nə xüsusi yer ayırır. Bu baletin ilk dirijoru Niyazi olub. 1961-ci ildən Sankt-Peterburqun Marinski teatrının səhnəsində "Məhəbbət əfsanəsi" əsərinin musiqisi səslənir. Bu teatr bu günə qədər tamaşanı repertuarında saxlayır. Nəsillər, orada oynayanlar, iştirak eləyənlər dəyişilib, dekorlar xarab olub, kostyumlar köhnəlib. Tamaşanı qısa müddətdə saxlayırlar, kostyumları, dekorları təzələyirlər. Orkestr məşq eləyir, təzədən hazırlayır, yenidən premyera verirlər. Bir teatrda bir də görürsən ki, dörd dəfə premyera olur. Bu əsər  60-dan çox dünya teatrlarında oynanılıb, 60-a yaxın premyerası olub. Bununla Azərbaycan fəxr etməlidi. Mən dünya bəstəkarları içində əsərləri ən çox səslənən bəstəkarlardan biri olmağımla fəxr edirəm.

- Ötən ilin sentyabrında 80 yaşınız tamam oldu.

- Sentyabrın 13-də, ad günümdə, səhər saat 10-da mənə telefon zəngi gəldi: "Saat on bir üçün Prezident Aparatına gələ bilərsən?" Heç soruşmadım nə üçün. Dedim, gələ bilərəm. Saat 11-ə on dəqiqə qalmış getdim. Məni qarşılayıb apardılar. Qarşıdan İlham Əliyev gəlib məni qucaqladı. Oturduq otaqda, söhbət etdik. Sonra  Prezident "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Çox nüfuzlu və qiymətli bir mükafatdır. Mənim eşitdiyimə görə, Azərbaycanda bu mükafat  məndən başqa, deyəsən, bircə Tahir Salahova verilib. Əcnəbi ölkə başçılarından da bir neçə nəfər alıb. Türkiyədən İhsan Doğramacı da  bu ordenə layiq görülüb. İhsan Doğramacı Bakıya gələndə deyibmiş ki, Arif Məlikovla görüşmək istəyirəm. Özü də Arif müəllim harada istəyir, nə vaxt istəyir o vaxt görüşək. Mən də konservatoriyada sinfimdə oturmuşdum. Dedim istəyirsə, gəlsin konservatoriyaya mənim sinfimə. Gəldi və mənə təklif etdi ki, ona simfoniya yazım, kontrakt da təklif etdi. Sonra da məni dəvət elədi Türkiyəyə.

O söhbətin davamı Türkiyədə oldu. İhsan Doğramacının  özünün şəxsi simfonik orkestri var, yüksək səviyyədədi. Mənə dedi ki, istəyirəm bu orkestr üçün bir böyük əsər yazasan. Dedim, İhsan Doğramacı, sən istəyirsən ki, mən sizə əsər həsr eləyim. Baxmayaraq ki, o əsərin hələ bir notu da yazılmayıb, hesab elə ki, indidən mən o əsəri sizə həsr etdim.

İhsan Doğramacı Hacəttəpə Universitetini  öz pulu ilə tikdirib millətinə  bağışlayan şəxsiyyətdi.  Ankaranın mərkəzində də beşmərtəbəli xəstəxana tikdirib əhalinin  istifadəsinə verib. Camaat orada  Doğramacının sayəsində pulsuz müalicə olunur. 

Doğramacı mənə dedi ki, gedək həm bir az yemək yeyək, həm də bir az gəzişək. Çıxdıq. Bir çöl vardı, başdan-başa ot idi. Bir az hündürdə də təpə vardı. İhsan Doğramacı məndən soruşdu ki, simfoniyanı neçə vaxta yazarsan? Dedim yaxşı işləsəm, bir ilə. Dedi ki, düz bir ildən sonra bu təpədə  konsert salonu tikdirəcəm sənin şərəfinə. O konsert salonunda o yazacağın simfoniya çalınacaq. Mən bir ilə simfoniyanı yazdım,  o da bir ilə  o konsert salonunu tikdirdi. Mən orada həmin simfoniyanı çaldım. Sonra qonorar sənədlərimi mənə təqdim edəndə,  dedim bunun yarısını mən də bağışlayıram Bilkənd Universitetinə. Bu da mənim hədiyyəm olsun sənə.  Onlar ki, mənim əsərimin şərəfinə konsert salonu tikdi, dünya musiqi praktikasında bu ikinci dəfə olan bir şeydir. Birinci  dəfə Vaqnerin şərəfinə Avstriya kansleri teatr tikdirmişdi. Bunu bütün dünya bilir. İkinci dəfə mənim - Arif Məlikovun şərəfinə Türkiyədə konsert salonu tikilib. Sizə deyim ki, bütün xarici mətbuat, Amerika jurnalları, qəzetlər bu haqda yazmışdı.

- Arif müəllim, 20 yanvar hadisələrində xüsusi fəallıq  göstərmisiniz...

- Bu mövzu ilə  bağlı mən hələ 1994-cü ildə "Ya obvinyayu" adlı kitab yazmışam. 20 yanvar hadisələrində gəlirdim o rus generallarına ağzıma gələni deyirdim. Bir dəfə avtomat darağı buraxdılar başımın üstündən.

Mən Qorbaçovla görüşəndə qorxmadan ona dedim ki, "nə vaxtsa sizi çarmıxa çəkəcəklər. Çünki siz öz xalqınızı güllələdiniz". Çünki onda hamı SSRİ xalqı sayılırdı.

20 yanvar hadisələrindən sonra mən düz dörd ilə yaxın  öz sənətimə dair heç bir şeylə məşğul ola bilmədim. 1200 nəfərə yaxın azərbaycanlını həbsxanadan  çıxartdırdım. Yazdığım "Ya obvinyayu" adlı kitabımda onların bir-bir hamısının ad- familiyası var. Bu gün mən fəxrlə deyirəm ki, bir də görürsən bir yaşlı kişi "Arif müəllim sizsiz" deyib əlimi tutur və öpür. Deyir, qurban olum sənə, mənim oğlumu  o vaxt sən mənə qaytarmısan. Qorbaçov deyirdi ki, "iki mindən çox SSRİ Ali Sovetinin deputatı var, hamısı ilə dil tapa bilərəm, bir nəfər adam var ki, mən onunla danışa bilmirəm. O da "bəstəkar Arif Məlikovdu".  

- Ümummilli liderimizlə nə vaxtdan tanış idiniz? 

- Biz Heydər Əliyevlə  lap 60-cı illərin əvvəllərindən tanışıq. Heç onda hələ o, Mərkəzi Komitəyə gəlməmişdi. Zuğulbada pansionat var idi, hər il ora putyovka alırdım və ailəvi orada qalırdıq. Mən özüm çalışırdım, ailəm də istirahət edirdi. Onda Heydər Əliyevin şəxsi bağı o pansionatnan üzbəüz idi. O, hər axşamüstü yoldaşı Zərifə xanımla gələrdi pansionata, camaatla söhbət eləyərdi, gəzişərdi. Söhbətimiz tuturdu, o mənimlə maraqlanırdı. Heydər Əliyev fəxrlə danışırdı ki, "Məhəbbət əfsanəsi"nə tamaşa edəndə mənimlə yanaşı oturanlar məni təbrik edirdilər, mən də səni onlara tərifləyirdim.

- Arif müəllim, bu gün hansısa bir əsər üzərində işləyirsinizmi və ya ürəyinizdə qalan hansısa bir mövzu varmı?

- Mövzu çoxdur, hamısını işləmək istəyərdim. İnsan həyatı o qədər də uzun deyil. Amma ola bilər ki, mən yaşıma görə planı doldurmuşam. Həyata keçirmək istədiyim iki arzum qalıb. Əgər Allah ömür versə, "Yusif və Züleyxa" baletini, bir də 9-cu simfoniyamı bitirəcəm. Bunların üzərində çalışıram.

- Arif müəllim, asudə vaxtlarınızda hansı musiqiyə qulaq asırsınız?

- Bütün musiqilərə.

- Amma zövq aldığınız bir musiqi də var  yəqin?

- Zövq aldığım musiqilər var, amma zövq almadığım onlardan daha çoxdur (gülümsəyir).

- Arif müəllim, bizdə musiqi təhsili düz istiqamətdədirmi? Bəlkə nələrisə dəyişmək lazımdır? 

- Musiqi təhsilində onu xarab eləməmək məsələsi durur, düzəltmək yox. Tarix boyu bütün dünya, bu gün də Moskva Konservatoriyası, Leninqrad Konservatoriyası 5 illikdir, sonra kim  istəyir aspiranturada da oxuyur, kim istəmir yox. Bunu elədilər 4 il. Bir ili bəstəkarın əlindən alandan sonra onun iki qolun da qısaltdılar. 4 ilə bəstəkar hazırlamaq, çox çətindir. O bir il çatmır. Mən oranın kafedra müdiri, müəllimiyəm, nə qədər çalışıram bu 5 illik proqramı birtəhər 4 ilə yerləşdirim, mümkün olmur. Sənətdə kiçik bir itki də olmamalıdır.

 

Söhbəti yazdı:

Ellada UMUDLU

 

 

* Sentyabrın 13-də ad günümdə səhər saat 10-da mənə telefon zəngi gəldi: "Saat on bir üçün Prezident Aparatına gələ bilərsən?" Heç soruşmadım nə üçün. Dedim, gələ bilərəm. Saat 11-ə on dəqiqə qalmış getdim. Məni qarşılayıb apardılar. Qarşıdan İlham Əliyev gəlib məni qucaqladı. Oturduq otaqda, söhbət etdik. Sonra  Prezident "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Çox nüfuzlu və qiymətli bir mükafatdır. Mənim eşitdiyimə görə, Azərbaycanda bu mükafat  məndən başqa, deyəsən, bircə Tahir Salahova verilib... 

 

* Heydər Əliyev fəxrlə danışırdı ki, "Məhəbbət əfsanəsi"nə tamaşa edəndə mənimlə yanaşı oturanlar məni təbrik edirdilər, mən də səni onlara tərifləyirdim.

 

* İhsan Doğramacı məndən soruşdu ki, simfoniyanı neçə vaxta yazarsan? Dedim yaxşı işləsəm, bir ilə. Dedi ki, düz bir ildən sonra bu təpədə  konsert salonu tikdirəcəm sənin şərəfinə. O konsert salonunda o yazacağın simfoniya çalınacaq. Mən bir ilə simfoniyanı yazdım,  o da bir ilə  o konsert salonunu tikdirdi.

 

* Mənim atam hərbiçi olub. Bakıda hərbi məktəbdə müdir müavini idi. Mənə yaxşı tərbiyə verdiyinə görə atama ömrüm boyu minnətdar olmuşam...

 

* Mənim anam ədəbiyyatçı idi. Özü də zəngin ailədən idi. Əmilərim Oksfordu, Kembrici  qurtarıb. Evimizdə ədəbiyyat, şeriyyət və musiqi həmişə yaşayıb. Anam  kamançaçı deyildi, amma evdə aləti vardı, gözəl kamança çalırdı.

 

* Konservatoriyanın bəstəkarlıq şöbəsinə girəndə,  mənim heç evdə fortepianom  da yox idi. Amma evində pianosu olanlardan daha ciddi çalışmağım öz bəhrəsini verdi.

 

* Bir il Şuşada, bir il də Ağdamda  dərs dedikdən sonra gəldim, sərbəst imtahan verdim və konservatoriyaya daxil oldum. Tapşırıqla musiqiçi olmur. Musiqiçi  zəhmətlə, Allah vergisi ilə, istedadla olur...

 

* Türkiyədə  jurnalistlərə  on  üç  saat  dayanmadan Nazim Hikmət haqqında danışmışam.

 

* 1951-ci ildən bu günə qədər ardıcıl dərs deyirəm. 1982-ci ildən də konservatoriyada bəstəkarlıq kafedrasının müdiriyəm. Hər il deyirəm ki, bəsdi, getmək lazımdı, lakin hər dəfə tələbələrim başlayır ağlamağa.

 

* Şostakoviçin mənim süitam haqqında ilk dəfə  mətbuatda rəsmi söz deməsi mənim üçün xoşbəxtlik idi.

 

* Mən Qorbaçovla görüşəndə qorxmadan ona dedim ki, "nə vaxtsa sizi çarmıxa çəkəcəklər. Çünki siz öz xalqınızı güllələdiniz". Çünki onda hamı SSRİ xalqı sayılırdı.

 

* Dünya bəstəkarları içində əsərləri ən çox səslənən bəstəkarlardan biri olmağımla fəxr edirəm.

 

 

  Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.3.