"Müstəqillik Azərbaycan

xalqının tarixi nailiyyətidir..."

 

Tanınmış yazıçı Qılman İlkinlə söhbət

 

"Azərbaycan müəllimi",

18-24 oktyabr 2001-ci il, ¹ 42

 

"Azərbaycanın Dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir". Bu sözlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarına məxsusdur. Müstəqillik qazandıqdan sonra yaşadığımız 10 illik bir tarix sübut etdi ki, bizim qazandığımız azadlıq, doğrudan da, əbədi, daha nurlu və işıqlıdır. 10 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Respublikasının Dövlət müstəqilliyi hər birimizdə qürur və fəxarət hissi oyatmaqla yanaşı, həm də onun gələcəyinə daha nikbin baxmağımıza imkan verir. Xalqımızın bayram əhvali-ruhiyyəsində yaşadığı bu günlərdə, təbii ki, hər bir kəsin deməyə sözü var. Xüsusilə yola saldığımız XX əsrdə 2 dəfə dövlət müstəqilliyini qazanmış respublikamızın keçdiyi keşməkeşli həyat yolundan, onun tarixin ağır sınaqlarından şərəflə çıxmasının şahidi olan ağsaqqal ziyalılarımızın söhbətlərini dinləmək, fikrimizcə, daha maraqlıdır. Elə bu məqsədlə Azərbaycan nəsrinin ağsaqqalı, orijinal yaradıcılıq üslubu ilə seçilən yazıçı Qılman İlkinin qonağı olduq, ona bir neçə sualla müraciət etdik:

 

- Qılman  müəllim,  Sizin  üçün  Azərbaycan xalqının müstəqilliyi nə deməkdir?

- Əvvəla onu deyim ki, müstəqillik hər bir xalq kimi Azərbaycan üçün də səadət, dinclik, xoşbəxtlik və şərəfli ömür yaşamaq deməkdir. Sualınızı ətraflı cavablandırmaq üçün mən çox-çox illər uzağa qayıtmaq istərdim. Bildiyiniz kimi, Azərbaycan xalqı öz tarixində 2 dəfə dövlət müstəqilliyinə nail olmuşdur. Əsrin əvvəllərində əldə edilmiş müstəqillik nəticəsində 1918-ci ildə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. Hələ o zamanlar yaşımın az olmasına baxmayaraq, mənə də ilk müstəqilliyimizin sevincini qəlbən duymaq, qürur hissi keçirmək nəsib olmuşdur. Siz bilirsiniz ki, çar Rusiyası bizə həmişə koloniya, müstəmləkə kimi baxıb. Çarizm dövründə müsəlmanları orduya çağırmır, bizə etibar etmirdilər. Özümüzün milli zabit kadrlarımız qonşu xristian respublikaları ilə müqayisədə olduqca az idi. Bax bu cəhətdən çar Rusiyası bizə böyük ziyan vurmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə, demək olar ki, xalqımız öz xoş günlərini yaşamağa başladı. Düzdür, həmin zamanlar həm iqtisadi, həm də dövlətçilik cəhətdən yeni qurulmuş hökumət üçün ağır idi. Ona görə ki, dünyanın imperialist ölkələrinin neftimizə sahib olmaq iddiaları onların bizim müstəqilliyimizə hər vəchlə maneçilik törətmələrinə rəvac verirdi. Nə yaxşı ki, bizim o zamanlar arxamızda Türkiyə vardı. 1918-ci ildə erməni-müsəlman savaşında bizi xilas edən də elə türk əsgərləri oldular. Nuru Paşanın rəhbərlik etdiyi "İslam ordusu" qəhrəmanlıqla vuruşaraq, camaatımızı ermənilərin əlindən xilas etdi. Əlbəttə, Azərbaycan-Türk ordusunda əsgərlik edən bizim gənclər də böyük şücaət göstərdilər. Əgər bu ordu bir az da gec gəlsəydi, respublikanın əksər rayonlarında dəhşətli faciələr törətmiş ermənilər Bakı əhalisinin, demək olar ki, yarısını qıracaqdılar. Türk ordusu həmçinin Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına da böyük yardım göstərdi. Eyni zamanda bu savaşda Bakı qoçularının qəhrəmanlığını xüsusi qeyd etmək lazımdır. Deyim ki, onlar haqqında yanlış təsəvvürlər mövcuddur. Guya qoçular qudurğan olub, camaatı incidiblər. Əslində isə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı Bakı qoçularının igidliyi, mərdliyi nəticəsində paytaxtın bir çox məhəllələrinə bir erməninin belə ayağının dəyməsinə imkan verilməyib. Bunu deməklə mən qoçuları tərifləmirəm. Sadəcə həqiqəti bildirmək istəyirəm ki, Bakı qoçularının yaxşı cəhətlərindən biri o idi ki, onlar dar ayaqda, çətin məqamda, millət üçün təhlükə yaranan anlarda birləşməyi bacarırdılar. Mən niyə bunları yada saldım? Sadəcə istər o dövr, istərsə də 10 ilini yaşadığımız hazırkı müstəqilliyimizdən danışanda ən ağrılı problemimiz olan ermənilərin bizə qarşı haqsız təcavüzündən söhbət açmamaq mümkün deyil. Onlar tərəfindən işğal olunmuş torpaqlarımızdan, başımıza gətirilən fəlakətlərdən ancaq ürəkağrısı ilə danışmaq olar. Tarix göstərdi ki, ermənilər əsrin əvvəlində bizə qarşı törətdikləri haqsızlıqdan, təcavüzdən nəinki əl çəkdilər, əksinə çox-çox illər sonra da bu məkrli niyyətlərinin həyata keçirilməsinə nail oldular. Doğrudan da, bu, bizim xalqımızın tarixində ən dəhşətli və unudulmayan hadisələr kimi öz əksini tapmışdır.

Bizim hələ o dövrdə müstəqilliyimizi tanıyan ilk xarici dövlət də Türkiyə oldu. Qeyd edim ki, milli hökumət ilk günlərdən başlayaraq torpaq məsələsini həll etdi. Onun kəndlilərə verilməsinə şərait yaratdı. Ordu quruculuğuna başladı, xalqın maariflənməsinə, mədəniyyətinin inkişafına diqqət göstərərək ciddi əməli işlər gördü. Ən əsası, özümüzün bayrağımız, gerbhimnimiz oldu. Bütün bunlar xalqımızın artıq dünyada bir müstəqil dövlət kimi tanınmasında atılan uğurlu addımlar idi. Demək olar ki, biz hər bir cəhətdən azad idik. Ancaq çox təəssüf ki, imperialist ölkələrinin, xüsusilə rus çarizminin təzyiqi nəticəsində bu hökumətin fəaliyyəti 23 ay davam etdi. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.

Bütün bunlara baxmayaraq, 70 il Sovet İttifaqının tərkibində yaşasaq belə, Azərbaycan xalqının birinci müstəqilliyini görmüş, bu haqda yazılanları oxumuş, ziyalıların qəlbində həmişə o nisgil kimi qalmış, əlçatmaz arzuya çevrilmişdi. İllər boyu bizim beynimizə yeridilən "Xalqlar dostluğu", "Bütün ölkələrin proletarları, birləşin" və digər neçə-neçə şüarlar, fikirlər real həyatda öz əksini tapmadı. Buna birtərəfli - ancaq bizim tərəfdən əməl olunurdu. Biz burada "Ura!", "Xalqlar dostluğu", "Yaşasın qardaşlıq" deyirdik, ermənilər isə əl altından öz niyyətlərini həyata keçirmək üçün plan hazırlayırdılar. Bir əhvalatı sizə danışmaq istəyirəm. 3-4 ayın söhbətidir. Köhnə tanışım - milliyyətcə rus olan bir müəllim söhbət əsnasında bildirdi ki, o uzun illər Bakının təlim rus dilində olan orta ümumtəhsil məktəblərinin birində rus dilinin tədrisi ilə məşğul olmuşdur. Hər maaş alanda o görürmüş ki, erməni müəllimlər öz aralarında pul yığırlar. Bunun səbəbini soruşanda deyiblər ki, "Azərbaycanlılar bizə basqın edəcəklər. Onun qabağını almaq üçün tədbir görürük. Sən də gəl bizə qoşul". Bizim başımıza gətirilən bütün bu fəlakətlərin bünövrəsi məhz o zamandan qoyulmuşdu. Onlar uşaqlarına lap körpəlikdən müsəlmanlara, türklərə nifrət hissini aşılayırlar. Guya vətənpərvərlik, əslində isə terror, qisasçılıq ruhunda tərbiyə edirlər. Bizdə isə bunun tamamilə əksi olmuşdur. Bizim ən mənfi xüsusiyyətlərimizdən biri unutqanlıq hissinin güclü olmasıdır. Ürəyiyumşaqlıq, humanistlik göstərib, yeri gəldikdə düşmənimizi də bağışlamışıq. Mənim fikrimcə, artıq belə münasibət dəyişməlidir. Uşaqlarımıza 1-ci sinifdən düşmənlərimizi tanıtdırmaq lazımdır. Mənimlə yəqin hamı razılaşar ki, XX əsrin sonunda ikinci dəfə müstəqilliyimizin əldə olunması bizim üçün ən qiymətli, əvəzsiz bir nemət, səadətdir. Bu tarixi yenidən yaşamaq məncə, böyük fəxarətdir. Artıq 10 ildir ki, müstəqilliyimizi qoruyub saxlamağa nail olmuşuq. Respublikamızın üçrəngli bayrağı dünyanın ən inkişaf etmiş ölkələrinin bayraqları ilə birlikdə dalğalanır. Haqq sözümüzü, işimizi bütün dünyada deyə bilirik. Məhz ölkəmizin başçısı cənab Heydər Əliyevin apardığı daxilixarici siyasət nəticəsində respublikamız artıq dünyada tanınır, ona hörmət və ehtiram bəslənilir. Məgər bütün bunlar ürəyi illər boyu müstəqillik arzusu ilə çırpınan ziyalıların, şairlərin, yazıçıların, bütövlükdə xalqımızın arzusu deyildimi? Dövlətimizin günbəgün qüdrətlənməsi, möhkəmlənməsi, hər bir sahədə gedən islahatlar, dəyişikliklər, abadlıq, tikinti işləri, iqtisadiyyatın inkişafı və digər neçə-neçə qazanılmış uğurlar öz respublikasını, millətini sevən hər bir kəs üçün əvəzsiz səadət və xoşbəxtlikdir. Hörmətli Prezidentimizin bəyan etdiyi kimi "Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir...".

- Qılman müəllim, doğrudanmı Sovet İttifaqının tərkibində olduğumuz dövrlərdə azadlıq hissindən məhrum idik? Axı, bəzən sovet dövrünün xiffətini çəkənlərə də rast gəlirik. Hətta belə fikirlər də səslənir ki, nə əldə etmişiksə, bunun üçün Sovet İttifaqına borcluyuq.

- Düz deyirsən. O dövrdən danışanda bəziləri qeyd edirlər ki, yaxşı, firavan yaşamışıq. Ali təhsilimizi Moskva verib. Mən də bununla razıyam. Doğrudan da, bizim o zaman ali təhsillilərimizin çoxu Moskvada oxumuşdur. Bunun üçün, oxumaq həvəsinə, intellektual səviyyəmizə görə ilk növbədə özümüzə minnətdar olmalıyıq. Şəxsən yazıçılar, şairlər üçün indiki dövr ona görə yaxşıdır ki, ürəyimizdəki sözü deyə bilirik. İstədiyimizi, düşündüyümüzü yazırıq. Vaxtilə kitablarımızda müəyyən yazılara, hətta müəyyən cümlələrin belə işlədilməsinə qadağa qoyulurdu. Şairlər şeirlərini redaksiyaya aparanda, onun əsərlərini çap etmirdilər ki, sən Stalinin adını çəkməmisən. Və yaxud da mütləq kommunist partiyasını vəsf etməlisən. Yazıçı ancaq zahiri görünüşdən yazırdı, əslində isə öz dünyasında yaşayırdı. Düşündüklərini açıq yazmaq mümkün deyildi. Sovet dövrünün ən neqativ cəhətlərindən biri bu idi ki, sərbəst fikir standart bir qəlibə salınmışdı. İnsana qiymət qoyulmurdu. Yazıçıya, şairə isə sərbəst olmağa imkan verilmirdi. Necə ki, bülbülü qəfəsə salırsan oxuyur, ancaq onun səsi kədərli olur. Düzdür, bəzən nə demək istədiyimizi öz əsərlərimizdə eyhamla bildirirdik. Lakin bizim üçün bunlar olduqca az idi.

- Yazıçı Qılman İlkin o dövrün gəncliyi ilə bugünkü gənclik arasında nə kimi fərqlər görür? Ümumiyyətlə, bugünkü gənclərdə hansı xüsusiyyətlərin olmasını istərdiniz?

- Bir yazıçı kimi bizim bəzi gənclərimizdə laqeydlik, məsələlərə dərindən yanaşmamaq, mütaliə ilə məşğul olmamaq kimi hallara rast gəlməyim məni ən çox narahat edən məsələlərdən biridir. Təəssüf ki, belə gənclərlə söhbət edəndə görürsən ki, çox dayazdır, hər hansı məsələlərlə bağlı anlayışları, təsəvvürləri dar çərçivədədir. Mən bütövlükdə bunu bütün gənclərə şamil etmirəm. Ancaq belə xoşagəlməz keyfiyyətlərin heç bir Azərbaycan gəncində olmasını istəməzdim. Bizim intellektual səviyyəli, düşünməyi bacaran, öz millətini, xalqını sevən gənclərimiz kifayət qədər çoxdur. Azərbaycan həm də istedadlar ölkəsidir. Hörmətli Prezidentimiz cənab Heydər Əliyev haqlı olaraq qeyd edir ki, müstəqil respublikamızın gələcəyi Azərbaycan gəncliyinin əlindədir. Mən də bir yazıçı kimi öz dövrümün gənclərindən fərqli olaraq, bugünkü gəncliyi daha çevik, yüksək elmi potensiala malik mütəxəssislər kimi görmək istərdim. Ümid edirəm ki, bizə çətinliklər, qanımız bahasına başa gəlmiş Azərbaycanın dövlət müstəqilliyi etibarlı əllərdədir və o, əsrlər boyu layiqincə qorunub saxlanılacaq.

 

Söhbəti qələmə aldı:

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.4.